Məhkəmə qərarları › İş №2(011)-3538/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3538/2023

11.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3538/2023 11.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclası katibi Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı maddi zərərinin əvəzinin ödənilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı Cavabdehnə qarşı dəymiş maddi ziyana görə 14000 manat məbləğində pul vəsaitinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddiaçı tərəfin dəlilləri ondan ibarət olmuşdur ki, Sumqait şəh Corat qəsəbəsindəki 0.06 torpaq sahəsindəki fərdi yaşayış evi, iddiaçıya məxsus olub xx.xx.2012 ci ildə bəri ailəsiylə birlikdə bu evdə yaşayırlar. Həmin ildən bu yana iddiaçıya məxsus olan mülkün həyət yanı sahəsindən hasarına bitişik Azəriqaz istehsalat birliyinə məxsus 30 m uzunluğunda ana xətt olan qaz borusu keçərək diger sakinlərə paylaşım edilmişdir. 11 il 8 ay bu boru istər təhlükə istərsədə təmir işləri ilə bağlı ailəsinə maddi və mənəvi ziyan dəymişdir. Bu haqda dəfələrcə Sumqayıt şəhər Azəriqaz istehsalat birliyinə müraciət etməklərinə baxmayaraq onlara cavab verilmişdir ki, hələki materal verilməyib verilincə təzminat ödənəcək. xx.xx.2023 il tarixində Azəriqazın Əməkdaşları ana borunu iddiaçının həyətyanı sahəsindən çıxarmaq qərarına gəlsədə cavabdehə dəfələrlə edilmiş xəbərdarlığa baxmayaraq o iddiaçıya dəyən maddi və mənəvi zərərin könüllü olaraq təzminatını ödəməkdən imtina etmişdir. Ona görə də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin etirazının dəlilləri Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları - Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 165B nömrəli mənzil İddiaçı məxsusdur (RX seriyalı, ******* saylı çıxarış) - Məhkəmə tərəfindən mübahisəli fərdi yaşayış evində keçirilmiş yerində müayinə zamanı müəyyən edilmişdir ki, mübahisəli ünvan həyətyanı sahədən ibarətdir. Həyətyanı sahədə iki fərdi yaşayış evi var. Azəriqaz” İstehsalat Birliyinə məxsus qaz xəttinin iddiaçının həyətyanı sahəsindən keçdiyi müəyyən edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatları və mülki iş üzrə sübutları araşdıraraq belə qənaətə gəlir ki, iddia əsassız hesab edilərək rədd edilməlidir. Belə ki, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə əmlakına dəyən zərərin bərpa edilməsi üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, dəymiş ziyanın məbləği ilə bağlı hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı iddiasında mübahisəli ərazidə yerləşən fərdi yaşayış evini kirayə verərək əldə edə biləcəyi gəlirdən məhrum olduğunu iddia edir, halbuki Azərbaycan Respublikası qanunvericiliyi dəymiş maddi zərər dedikdə, iddiaçıya dəymiş real zərər nəzərdə tutulur. İddiaçı sözü gedən mənzili kirayə verməyə hazırlaşdığı, bununla bağlı hər hansı bir şəxslə danışıqların aparıldığı və ya müqavilələrin bağlanıldığına dair hər hansı bir dəlil və ya sübut məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, formal mülahizələrə əsaslanan maddi zərərin ödənilməsi ilə bağlı hazırkı iddia əsassız hesab edilərək təmin edilməməlidir Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdehnə qarşı dəymiş maddi ziyana görə 14000 manat məbləğində pul vəsaitinin ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar