Məhkəmə qərarları › İş №2(011)-3603/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-3603/2025

19.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-3603/2025 19.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Eyvazova Samirə Əli qızı İddiaçı cavabdeh Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinə qarşı “icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi” tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək icra məmurunun hərəkətlərini qanunsuz hesab edilməsini, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qoyulmuş məhdudiyyətin götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq:

2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. 5.2. Qanunda nəzərdə tutulmuş hallarda başqa şəxsin, yaxud şəxslərin hüquq və mənafelərinin, yaxud dövlətin mənafeyinin müdafiəsi üçün şəxsin və ya orqanların ərizəsinə əsasən də iş başlana bilər. 31.1. aidiyyət qaydalarının pozulmasına yol verilmir. 153.2. hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə. 153.4. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər.

3. İcra Haqqında Azərbaycan Respublikası Qanunu 87.1. İcra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. 87.3. İcra hərəkətinin yerinə yetirilməsi vaxtı və yeri haqqında xəbərdar edilməmiş şəxslər üçün bu Qanunun 87.1-ci maddəsində maddələrində nəzərdə tutulmuş müddətin axımı həmin şəxslərin müvafiq hərəkət barəsində məlumat aldıqları gündən başlayır. 87.4. İcra məmuru tərəfindən fiziki və hüquqi şəxslərə vurulmuş ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada ödənilir.

İşə baxan məhkəmənin mövqeyi:

4. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə ərizənin qəbulundan imtina edilməlidir.

5. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı icra məmurunun hərəkətlərini qanunsuz hesab edilməsini, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qoyulmuş məhdudiyyətin götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının qeyd edilən tələbi birbaşa olaraq icra məmurunun hərəkətindən verilmiş şikayət olduğundan qeyd edilən tələbə iddia icraatı qaydasında deyil, icra icraatı qaydasında baxılmalıdır.

6. Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim ərizəni qəbul etməkdən imtina edir.

7. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 153.2.1, 263-264, 268-ci maddəsini rəhbər tutaraq,

QƏRARA ALDİ:

1. İddiaçı cavabdeh Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinə qarşı “icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin.

2. İddiaçı hazırkı iddia ərizəsi ilə bağlı məhkəməyə ikinci dəfə müraciət etmək hüququnun olması izah olunsun.

3. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar