Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-364/2023 20.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Elbrus qızının cavabdeh X1 qarşı istifadə hüququnun itirilmiş hesab olunması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. Bakı şəhəri, Xətai rayonu, A.Məmmədov küçəsi, 13 saylı evin, 2 saylı mənzili (bundan sonra – Mənzil) V.İ.Lenin adına toxuculuq kombinantının xx.xx.1987-ci il tarixli, 04 saylı protokol qərarı əsasında iddiaçıya verilmiş, qərarda onunla birlikdə ailə üzvləri - əri Əmircan Sədullayev, övladları Zenfira Sədullayeva (cavabdeh), Oqtay Sədullayev, Natavan Sədullayeva və gəlini Fəridə Sədullayevanın adları göstərilmişdir.
2. Mənzil 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in (82)-2231/2012 saylı, xx.xx.2012-ci il tarixli qərarı əsasında iddiaçının adına özəlləşdirilmiş və iddiaçının Mənzilə dair mülkiyyət hüququ xx.xx.2013-cü il tarixdə dövlət qeydiyyatına (qeydiyyat nömrəsi: **********) alınmış və bu barədə ona Dövlət reyestrindən Çıxarış verilmişdir.
3. Cavabdeh iddiaçının övladıdır, o, Mənzilin iddiaçının adına özələşdirilməsinə notarial qaydada ərizə vermişdir. Cavabdeh hazırda iddiaçıya məxsus Mənzildə pasport qeydiyyatında olsa da, uzun müddətdir ki, orada yaşamır.
4. İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
5. İddiaçı cavabdehin Mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdir ki, Mənzili keçmiş Lenin adına toxuculuq kombinatı, indiki Tağıyev adına kombinatda işlədiyinə görə mənzil növbəsi əsasında əldə etmişdir. Mənzil ƏMDK yanında DƏDRX-nin seriya nömrəsi 0214927, qeydiyyat nömrəsi ********** olan Çıxarış əsasında onun adına qeydiyyatdan keçmişdir. Ona məxsus olan mənzildə özü, oğlu, gəlini, nəvəsi qeydiyyatda olmaqla yaşayırlar. Lakin cavabdeh uzun illərdir ki, yəni ən azı 25 ildən də çox müddətdir ki, ona məxsus olan bu mənzildən ailə həyatı quraraq köçüb getmişdir. Uzun illərdir hazırki mənzildə yaşamır, mübahisəli mənzili tərk etmiş, onlarla birgə təsərrüfat aparmamış, kommunal xərclərin ödənilməsində iştirak etməmişdir.
7. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
8. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı etirazında qeyd etmişdir ki, iddiaçıya ailə üzvü kimi 1987-ci ildən ailə tərkibi, yəni cavabdeh də nəzərə alınmaqla hazırkı mənzil verilmişdir. Cavabdeh 2015-ci il tarixədək həmin mənzildə yaşamış, həmin mənzilin kommunal xidmətlərindn istifadə etmiş, həmin mənzilin arxa hissəsində istifadəsində olan mənzilə bitişik əlavə otaq tikdirərək həmin hissədə yaşamışdır. Sonradan kommunal xidmətləri ayıraraq mübahisəli mənzilə bitişik otağı müəyyən fasilələrlə kirayəyə vermişdir. Mənzilin özəlləşdirilməsinə dair sənədlərdən də göründüyü kimi, cavabdehin istifadə hüququna hazırkı tələblə xitam verilməsi əsassızdır.
9. Məhkəmə iclasında verilən izahatlar:
10. İddiaçının vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi.
11. Cavabdeh məhkəmə iclasında iştirak edə bilməsə də, cavabdehin vəkili və nümayəndəsi telefonla əlaqə saxlayaraq mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir.
12. Mülki işə tətbiq edilən hüquq:
13. 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:
14. Maddə 53 1-ci hissə. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər.
15. Maddə 53 3-cü hissə. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri) onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.
16. Maddə 60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır.
17. Maddə 87, 2-ci hissə. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
18. Maddə 123, 1-ci hissə. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
19. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
22. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşə baxan məhkəmənin mövqeyi:
23. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin izahatını, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır.
24. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
25. İşin mübahisəsiz halıdır ki, Mənzil iddiaçının sahibliyinə xx.xx.1987-ci il tarixdə Mənzilin verilməsinə dair qərar əsasında keçmişdir və həmin qərarda onunla bərabər ailə üzvləri kimi əri, övladları və gəlinin də adları qeyd edilmişdir. Bu baxımdan, mübahisəyə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – Mənzil Məcəlləsi) müddəaları tətbiq edilməlidir (§ 21).
26. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi 27 iyul 2001-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
27. Eyni zamanda, o da işin mübahisəsiz halıdır ki, iddiaçıya xx.xx.1987-ci il tarixdə Mənzilə dair verilmiş qərarda onunla birlikdə Mənzildə yaşayan şəxlər (ailə üzvləri) arasında cavabdehin də adı göstərilmişdir. Hazırda qüvvədən düşmüş Mənzil Məcəlləsinin yuxarıda qeyd edilən müddəaları əsasında cavabdehin Mənzildən istifadə hüququ yaranmışdır.
28. Lakin məhkəmə hesab edir ki, cavabdehin Mənzildən istifadə hüququ saxlanıla bilməz. Belə ki, cavabdeh uzun müddətdir ki, Mənzildə yaşamır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh uzun müddətdir ki, (cavabdehin vəkili və nümayəndəsinin etirazda qeyd etdiyi məlumata görə 2015-ci il tarixdən) mənzildə yaşamır. İşin bu halı həm iş materiallarında olan sənədlər, həm də cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş etirazda qeyd edilənlərlə öz təsdiqini tapır.
29. Belə ki, iş materiallarında olan 133 saylı MKİS tərəfindən verilmiş xx.xx.2022ci il tarixli 173 saylı arayışda qeyd olunur ki, cavabdeh mənzildə qeydiyyatdadır, lakin qonşuların aktına əsasən 1997-ci ildən etibarən mənzildə yaşamır.
30. Mənzildə iddiaçı ilə qonşuluqda yaşayan şəxslər – X3 və X4 notarial qaydada təsdiq edilmiş ərizələrində iddiaçının 1997-ci ildən etibarən Mənzildə yaşamadıqlarını bildirmişlər.
31. İş materiallarında olan AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdərəsi tərəfindən Bakı İnzibati Məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli cavab məhktubunda qeyd edilmişdir ki, cavabdehin Mənzilə dair istifadə hüququnun qeydiyyata alınmasına dair İdarənin arxivində məlumat aşkar edilməmişdir.
32. Eləcə də, nümayəndəsi və vəkili etirazında göstərmişdir ki, cavabdeh 2015-ci ilədək Mənzildə yaşamış, həmin tarixdən sonra Mənzilin arxa hissəsində ona bitişik otaq tikdirərək orada yaşamış, daha sonra kommunal xidmətləri ayıraraq yaşadığı həmin otağı kirayəyə vermişdir. Göründüyü kimi, nümayəndəsi cavabdehin 2015-ci ildən sonra yenidən Mənzilə köçərək orada yaşaması barədə etrazında bir söz belə qeyd etməmişdir.
33. 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin yuxarıda göstərilən 60-cı maddəsinin 1-ci hissəsində icarədar və ya onun ailə üzvlərinin müvəqqəti başqa yerə getdikləri halda istifadə hüquqularının saxlanılması müddəti dəqiq göstərilmişdir ki, bu müddət altı ayla məhdudlaşdırılmışdır. Qeyd edilən müddəanın mənasından belə nəticə əldə olunur ki, icarədar və ya onun ailə üzvləri həmin müddətdən artıq yaşayış sahəsindən getdikdə, əgər onlar yaşayış sahəsini iradələrindən kənar tərk etməmişlərsə, yaxud bu müddət keçdikdən sonra onların yaşayış sahəsinə qayıtması özlərindən asılı deyildirsə, istifadə hüquqları qeyd-şərtsiz itirilir.
34. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1 hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən, altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində 6 ay və daha uzun müddətdə yaşamamağının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır.
35. Şərh edilənlər əsasında məhkəmə cavabdehin Mənzildə yaşamama səbəblərini araşdıraraq belə nəticəyə gəlir ki, uzun bir müddət ərzində mübahisəli mənzildə yaşamaması cavbadehin istəyi ilə bağlıdır. İş materialları ilə təsdiq olunur ki, cavabdeh Mənzildə qeydiyyatda olsa da, uzun müddətdir orada yaşamamaqla və özünə başqa yaşayış yeri seçməklə, mübahisəli mənzildən istifadə hüququ ilə bağlı əlaqələrini kəsmişdir. Odur ki, onun uzun bir müddət ərzində, hətta 2015-ci il tarixdən sonra belə, Mənzildə yaşamaması hər hansı üzrlü səbəblə əlaqədar deyil. Cavabdehin uzun müddət ərzində Mənzildə yaşamaması və Mənzillə bağlı bütün əlaqələrinin kəsilməsi isə onun qanunla müəyyən edilmiş müddətdən (6 aydan) sonra istifadə hüquqlarının itməsinə səbəb olmuşdur. Odur ki, mövcud olmayan istifadə hüququnun itirilməsinə dair iddia tələbi də təmin edilə bilməz.
36. Bundan başqa, iddiaçının Bakı şəhəri Xətai Rayonu Polis İdarəsinə qarşı cavabdehin (cavabdeh həmin iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir) Mənzildən qeydiyyatdan çıxarılması barədə iddiası Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə təmin edilmişdir. Həmin qərarda məhkəmə qeyd etmişdir ki, iddiaçı mülkiyyətində olan Mənzildən faktiki olaraq orada yaşamayan şəxsin qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlıdır. Qeydiyyatda olan şəxs (yəni cavabdeh) sözügedən Mənzildə yaşamadığından, eləcə də onun həmin mənzildə istifadə hüququnun mövcudluğuna dair cavabdeh tərəfindən hər hansı sübut təqdim edilmədiyindən həmin şəxsin iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılmaması qanuna zidd və mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir.
37. Göründüyü kimi, göstərilən iddia tələbi üzrə mübahisəyə Bakı İnzibati Məhkəməsində baxılarkən də cavabdehin Mənzildə yaşamadığı və formal olaraq pasport qeydiyyatında olması müəyyən edilmişdir.
38. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı