Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3648/2021 07.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 oğluna qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan qanunsuz yolla əldə etdikləri 24500 manat əsas məbləğ, 3675 manat əsas məbləğə hesablanan faiz, ona vurduqları mənəvi zərərə görə 10000 manat, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat, cəmi 38205 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 oğlundan və Cavabdeh2 müştərək qaydada alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddiaçı 2018-ci ilin avqust ayında yaşayış şəraitini yaxşılaşdırmaq məqsədilə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq istəmişdir, bu məqsədlə bir neçə alqı-satqı ofislərinə müraciət etmiş, sonunda Xətai rayonu ərazisində yerləşən alqı-satqı ofisində işləyən Əfqan adlı vasitəçi ona məktəbin yanında 0,15 ha torpaq sahəsi göstərərək 25000 manata satıldığını bildirmişdir, torpaq sahəsi ona uyğun olduğu üçün onu almaq qərarına gəlmişdir, bununla əlaqədar vasitəçi Cavabdeh1 onu həmin torpağın sahibi Cavabdeh2la görüşdürmüşdür, Zöhrabla aralarında razılaşmışlar və həmin torpaq sahəsini 24.000 manata satacağını bildirmişdir, razılaşmalarını sənədləşdirmək üçün 11.08.2018-ci il tarixdə şifahi müqavilə bağlamışlar, həmin müqaviləyə əsasən iddiaçı 24000 manat məbləğində pulu Cavabdeh2, 500 manatı isə Cavabdeh1 vermişdir, torpağın heç bir sənədi olmamışdır, İddiaçı bir müddət sonra həmin torpaq sahəsində tikintiyə başlamaq istəmiş, lakin Fövqəladə Hallar Nazirliyi ona tikintini davam etdirməyə icazə verməmişdir, o bu barədə cavabdehlərə məlumat verəndə, onlar narahatçılığa əsas olmadığını, məsələyə aydınlıq gətirəcəklərini bildirmişlər, lakin sonra cavabdehlər nə məsələni həll etmişlər, nə də 24.500 manat pulu qaytarmışlar, tərəfindən cavabdehlərdən hüquq-mühafizə orqanlarına şikayətlər etsə də, qeyd edilən məsələnin mülki xarakterli olduğu bildirilərək cinayət işinin başlanılması rədd edilmişdir, üç ilə yaxındır ki, cavabdehlər ona qarşı etdiyi hərəkətləri ilə ona mənəvi zərər vurublar, o, cavabdehlərin hərəkətləri nəticəsində əsəb, stres, mənəvi sarsıntı və iztirab keçirtmişdir, neçə müddət müalicə almışdır, iddiaçı mənəvi zərəri 10000 manat məbləğində dəyərləndirir, həmçinin cavabdehlər 3 ildir ki, iddiaçının 24500 manat məbləğində pulunu əsassız olaraq özlərində saxlayıblar və həmin puldan istifadə edirlər, həmin pulun illik beş faizi 1225 manat pul edir, üç il üçün bu məbləğ 3675 manat təşkil edir. Sonda Vəkil1 iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini rədd edərək izahatında bildirdi ki, Cavabdeh2 Xətai rayonu, İ.İsmayılov küçəsi 13 nömrəli binanın arxasında yaşadığı mənzilin balkonunun qarşısında 1983-cü ildə atasına məxsus olmuşdur və atası 0,15 ha torpaq sahəsində baxça salmışdır, daha sonra həmin ərazini daş hasarla bağlamışdır və dəmir qapı qoymuşdur, cavabdeh qeyd olunan torpaq sahəsini satmaq qərarına gəlmişdir və ona görə də ev alqı-satqısı ilə məşğul olan Əfqan adlı şəxsə bu barədə bildirmişdir, 2018-ci ilin yay ayında Əfqan ona zəng edərək Hüsaməddin adlı şəxsin həmin torpaq sahəsini almaq istədiyini bildirmiş və birlikdə görüşməyi təklif etmişdir, görüş zamanı Hüsaməddin ona bildirmişdir ki, torpaq sahəsi xoşuna gəlib və almaq istəyir, torpağın 24000 manata satılması barədə razılığa gəlmişlər, Zöhrab rəsmi olaraq torpaq sahəsinin heç bir sənədinin olmamasını bildirmiş, Hüsaməddin də sənədsiz torpaq almağa razılaşmışdır, bir neçə gün sonra Hüsaməddin onunla əlaqə saxlayaraq pulu düzəltdiyini və torpaq sahəsini almaq üçün notariat qaydada sənədləşmənin aparılmasını bildirmişdir, o Əfqanla və Hüsaməddinlə birlikdə notariat kontoruna getmiş, lakin torpağa aid sənəd olmadığından notarial qaydada sənədləşməni aparmaq mümkün olmamışdır, sonra Əfqan müqavilə tərtib etmiş və həmin müqavilədə Hüsaməddinin sənədsiz torpaq sahəsini almasını və əvəzində 24.000 manat pulun ona verilməsini qeyd etmişdir, Cavabdeh2 24000 manat pulun Hüsaməddindən almasını etiraf edir, Hüsaməddin həmin torpaq sahəsində tikintiyə başlamış, lakin müvafiq icazələri olmadığı üçün dövlət orqanları tərəfindən tikinti dayandırılmışdır, daha sonra Hüsaməddin ondan verdiyi pulu geri tələb etmiş, o isə həmin pulu ehtiyacları üçün xərclədiyindən qaytara bilməmişdir, iddia tələbinin “əsas məbləğə hesablanan faiz məbləği və mənəvi zərərə görə kompensasiya ödənilməsi” hissəsində qəbul etmir və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Sonda Vəkil2 qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Polis İdarəsinin İddiaçı ünvanlanan 23.10.2020-ci il tarixli 101-33999 saylı məktubundan görünür ki, Xətai RPİ-nin TŞ-də müraciəti əsasında toplanmış material AR CPM-nin 39.1.7-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan 23.10.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərardan görünür ki, araşdırma zamanı Cavabdeh2 izahatında sənədsiz torpaq alqı-satqısına görə İddiaçı 24000 manat pul aldığını, həmin torpaq sahəsində tikintiyə icazə verilmədiyindən İddiaçı ondan verdiyi pulu geri tələb etdiyini, o isə həmin pulu ehtiyacları üçün xərclədiyindən qaytara bilmədiyini bildirmişdir. Həmin Qərardan görünür ki, iş üzrə izahatı alınmış Cavabdeh1 bildirmişdir ki, 2018ci il tarixdə bərbər işləməklə yanaşı alqı-satqı fəaliyyətini də həyat keçirmişdir, lakin İddiaçı mübahisəli torpaq sahəsini o satmamış, nə də onun vasitəsilə satılmamışdır, həmin vaxt tərəflər öz aralarında razılığa gəlmiş və Hüsaməddinlə Zöhrab onun işlədiyi ofisə gələrək ondan aralarında bağlamaq üçün müqavilə istəmişdir, o yalnız müqavilədə onların dediklərini qeyd etmiş və təsdiqlətmək üçün notariusa aparmışdır, lakin torpağın rəsmi sənədi olmadığından notariusda müqaviləni təsdiqləməmişlər, buna baxmayaraq Hüsaməddin həmin torpaq sahəsini sənədsiz olduğu halda satın almışdır. İş materiallarında olan İddiaçı və Cavabdeh2 arasında bağlanmış 11.08.2018-ci il tarixli şifahi müqavilədən görünür ki, sənədsiz torpağın satış qiyməti 24000 manat, alıcı tərəfindən verilən behin məbləği 500 manat təşkil edir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında torpaq alqı-satqısı barədə şifahi razılığa gəlmişlər, iddiaçı bu məqsədlə Cavabdeh2 24000 manat, Cavabdeh1 isə 500 manat pul vermişdir, iddiaçı öz üzərinə düşən öhdəliyi yerinə yetirsə də, cavabdehlər öz üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, həmçinin iddiaçıdan aldıqları pulu ona geri qaytarmamaqla özlərində saxlamışlar, Cavabdeh2 iddiaçıdan 24000 manat məbləğində pul aldığını etiraf edir. Bununla belə, cavabdehlərin varlanmasına haqq qazandıran hər hansı hüququ əsas məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, Cavabdeh2 və Ə.Abdullayevin hüquqi əsas olmadan torpağın alqı-satqısına görə iddiaçıdan 24500 manat pul almaları, onlar əsassız varlanmasına səbəb olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərə qarşı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Həmçinin məhkəmə cavabdehlərin məsuliyyəti məsələsinə münasibətdə hesab edir ki, Cavabdeh2 24000 manat məbləğdə, Ə.Abdullayev isə 500 manat məbləğdə cavabdehlik daşıyır. Məhkəmə, “mənəvi zərər” hissəsinə münasibətdə hesab edir ki, bunu təsdiq edən hallar sübutetmə yükü ilə bağlıdır və iddiaçı, bu hallara dair sübutetmə vəzifəsi daşıyır, lakin iş materiallarına belə sübutlar əlavə edilməmiş, belə hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, qeyd edilənlər iddia tələbinin “mənəvi zərər” hissəsində təmin edilməməsi üçün yetərlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya şamil edilir. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən, öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Həmin Qərarda formalaşdırılan hüquqi mövqeyə görə, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyə görə “mənəvi zərər” anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 24000 manat, Cavabdeh1 500 manat alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, cavabdehlərin dövlət rüsumunu ödəməkdən azad olunması halları məhkəmə tərəfindən müəyyən olunmadığından, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 24000 (iyirmi dörd min) manat, Cavabdeh1 500 (beş yüz) manat alınaraq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat İddiaçı xeyrinə cavabdehlərdən müştərək qaydada tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-3648/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3648/2021
07.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver