Məhkəmə qərarları › İş №2(011)-366/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-366/2025

08.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-366/2025 08.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, İsmayılov Emin Əli oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh mənzilinə mütəmadi olaraq su axıtması nəticəsində vurduğu maddi zərərə görə 5.000 manat, mənəvi zərərə görə 5.000 manat, məhkəmənin hesabına dövlət rüsumu olaraq ödədiyi 130 manat və məhkəmədə hüquqlarının müdafiəsi üçün vəkilin hesabına ödədiyi 200 manat olmaqla, ümumilikdə 10.330 manat pulun alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, M.Şərifli küçəsi 25 saylı binanın 5 saylı mənzili xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Onun adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət Xidməti Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir. Yaşadığı bina çox mərtəbəli binadır, iddiaçının mənzili binanın 5-ci mərtəbəsində, Cavabdeh mənzili isə, binanın 6-cı mərtəbəsində, iddiaçının mənzilinin üstündə yerləşir. Bakı şəhəri, Nizami rayonu, M.Şərifli küçəsi 25 Saylı binanın 5 saylı mənzili xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh məxsus olması barədə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmək Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, 507/684 nömrəli arayış vermişdir. İki ildən artıqdır ki, cavabdehin mənzilindən iddiaçının mənzilinə mütəmadi olaraq su axır. Həmin su cavabdehin mənzilindən iddiaçının mənzilinin mətbəxinin tavanından, divarlarından axır və su o dərəcədə axır ki, həm mətbəxin iç tərəfindən və həm də mətbəxə bitişik otağın divarları və mətbəx mebeli yararsız vəziyyətə düşmüşdür. Son vaxtlar isə suyun axması mütəmadi xarakter daşıyır. Bu barədə cavabdehə dəfələrlə irad tutaraq narazılığını bildirib, mənzilindən suyun axmasının qarşısını almasını və təqsiri üzündən vurulmuş zərəri ödəməsini xahiş etsə də, cavabdeh sözünə əhəmiyyət vermir, mənzilindən axan suyun qarşısını almır. Cavabdehin mənzilindən iddiaçının mənzilinə mütəmadi olaraq suyun axması nəticəsində mənzilin mətbəxi yararsız vəziyyətə düşmüşdür. Mətbəxin tavanı, divarlarını su uyaraq həm tavanla divarı, bahalı mətbəx mebelini, mətbəxə bitişik otağın divarını və mətbəx mebelini yararsız vəziyyətə salmışdır. Mətbəx mebelinin qapıları şişmiş, açılıb-örtülmür. Bu barədə Mənzil İstismar Sahəsinə Mənzilin Komendantına şikayət edərək, mənzilə baxış keçirib, mənzilə axıdılan suyun və su axıdılması nəticəsində mənzilə vurulan zərər barədə akt tərtib edilməsini xahiş etsə də, Binanın Komendantı mənzilə baxış keçirmir və akt tərtib etmir. Hazırda zərərçəkmişin təqsiri üzündən mənzilə dəymiş zərərin aradan qaldırılması üçün mətbəxin tavanı, divarları təmiri üçün lazımın olan materialı almağa 5.500 manat, mənzilə su axması nəticəsində mətbəx mebeli, dəhlizin bir hissəsinin polu tamamilə yararsız vəziyyətə düşmüş, divarları çürüyüb ovxalanıb tökülmüş, elektrik xətti sıradan çıxmış, su axması nəticəsində mətbəxin qapısı və mətbəx mebelinin qapıları şişmiş, örtülmür, mənzildən üfunət iyi gəlir, mənzildə yaşamaq dözülməz olmuşdur. Evin təmiri üçün material almaq, usta pulu və s. xərclər lazımdır. Cavabdehin təqsiri üzündən iddiaçı ailəliklə mənəvi əzab çəkir, narahatçılıq, əsəbi gərginlik keçirirlər. Cavabdeh isə, mənzilə axan suyun qarşısını almır, vurulmuş zərəri aradan qaldırmır. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh mənzilimə mütəmadi olaraq su axıtmağı nəticəsində maddi zərərə görə 5.000 manat, mənəvi zərərə görə 5.000 manat, ekspert keçirilməsi xərci olaraq 400 manat, məhkəmənin hesabına dövlət rüsumu olaraq ödədiyi 130 manat və məhkəmədə hüquqlarının müdafiəsi üçün Bakı şəhəri 6 Saylı Vəkil Bürosunun hesabına ödədiyi 200 manat olmaqla - cəmi 10.730 manat pulun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə araşdırması zamanı iddiaçının vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Əlavə olaraq bildirmişdir ki, mütəxəssis rəyində qeyd edilən məbləğ hazırkı bazar qiymətlərini özündə əks etdirmir. Məhkəmə araşdırması zamanı Cavabdeh iddia tələbini qismən qəbul edərək göstərmişdir ki, məhkəmənin gedişatında ekspert rəyinə əsasən su sızmanın onun mənzilindən olması müəyyən edildikdən sonra mənzilə yenidən mütəxəssis dəvət edilmiş və su sızmanın mənbəyi aşkar edilərək aradan qaldırılmışdır. Mənzilə dəymiş ziyanın məbləği həddindən artıq şişirdilmiş məbləğdir. O, dəymiş ziyanı özü usta cəlb etməklə aradan qaldırmağa hazırdır. İşin faktiki halları: İş materiallarından görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil iddiaçının, onun üst mərtəbəsində yerləşən Bakı şəhəri, Nizami rayonu, M.Şərifli küçəsi, ev 25, mənzil 9 cavabdehin mülkiyyətindədir. İddiaçı cavabdeh tərəfindən onun mənzilinə suyun axıdılmasını iddia edərək hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının mənzilinə cavabdehin mənzilindən suyun axıdılıbaxıdılmadığını, ziyan vurulmuşsa, ziyanın həcminin müəyyən edilməsi məqsədilə iş üzrə ekspertiza təyin etmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 07 noyabr 2024-cü il tarixli 10/7264 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, M.Şərifli küçəsində yerləşən 25 saylı evin, 5 və 9 saylı mənzillərinin planlı yerləşməsini, yəni iddiaçıya məxsus 5 saylı mənzilin binanın 4-cü mərtəbəsində, cavabdehə məxsus 9 saylı mənzilin isə 5 saylı mənzilin üstündə 5-ci mərtəbədə yerləşdiyini, 5 saylı mənzilin tikililərində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu nəzərə alaraq, Bakı şəhəri, Nizami rayonu, M.Şərifli küçəsində yerləşən 25 saylı evin 5 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 9 mənzilin mətbəxinə ziyan vurulduğu müəyyən olunmuşdur. Bakı şəhəri, Nizami Nizami rayonu, M.Şərifli küçəsində yerləşən 25 saylı evin, 9 saylı mənzilində yerləşən sanitar avadanlıqların və gözlə görünən su, kanalizasiya xətlərinin üzərində hər hansı qüsurlar olmadığını, eləcə də baxış zamanı su sızmasının davam etmədiyini nəzərə alaraq, 5 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 5 saylı mənzilə su sızması 9 saylı mənzilin su, kanalizasiya boru xətlərində qəza yaranması və ya 9 saylı mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Aparılmış hesablamalara əsasən 5 aylı mənzildə yaranmış qüsurların aradan qaldırılması ilə əlaqədar yerinə yetiriləcək təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 1.406 manat məbləğində müəyyən olunmuşdur. İddiaçı ekspert rəyi ilə razı olmadığına görə məhkəmə tərəfindən təkrar məhkəmə ekspertizası təyin edilməsini xahiş etmiş, Məhkəmənin 28 dekabr 2024-cü il tarixli qərardadına əsasən mülki iş üzrə təkrar tikinti-texniki ekspertizası təyin edilmiş və iş materialları yenidən ekspertizaya göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən iş materialları ekspertizanın aparılmasından imtina edilərək rəy verilmədən məhkəməyə qaytarılmışdır. Məhkəmənin 30 iyul 2025-ci i l tarixli qərardadına əsasən iddiaçının mənzilinə dəymiş zərərin məbləğinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin edilmiş və qiymətləndirmənin aparılması "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş qiymətləndirmə rəyindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, M.Şərifli küçəsində yerləşən 5 mənzilə su sızması nəticəsində dəymiş zərər 2160 manat məbləğində müəyyən edilmişdir. Mənzilə dəymiş zərərin aradan qaldırılması üçün sərf edilmiş materialların qiyməti belədir: alçipan – 22 manat, alçipan profili - 45 manat, parket dolğusu – 15 manat, emulsiya – 120 manat, divar kağızı – 216 manat, divar kağızı yapışqanı – 15 manat, parket lakı – 17 manat, usta ləvazimatları – 180 manat. Görülən işlərin qiyməti belədir: alçipanın vurulması – 110 manat, elektrik işləri – 90 manat, parketin cilalanması – 260 manat, parketin dolğulanması və laklanması – 150 manat, tavanın rənglənməsi – 220 manat, divar kağızını vurulması – 230 manat, mətbəx mebelinin sökülüb, yığılması – 320 manat, daşınma xərcləri – 70 manat, fəhlə işi – 80 manat. İş materiallarında olan mədaxil qəbzlərindən görünür ki, iddiaçı hüquqi xidmətlərin göstərilməsi üçün 6 saylı Vəkil bürosunun hesabına 200 manat vəsait ödəmişdir. Məhkəmə tərəfindən mübahisə predmeti olan, iddiaçıya məxsus mənzilə yerində baxış keçirilən zaman, iddiaçıya məxsus mənzildə mətbəxin tavanında və divarlarında su sızma izləri və sarımtıl ləkələrin olduğu müəyyən edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21-ci maddəsinə görə hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 213.6-cı maddəsinə görə ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı iş materialları əsasında müəyyən edilmişdir ki, cavabdehin yaşadığı 9 saylı mənzildən həmin mənzildən aşağı mərtəbədə yerləşən iddiaçının yaşadığı 5-nömrəli mənzilə su axıdılmış və bununla da iddiaçının mənzilinə ziyan dəymişdir. Məhkəmə iddia tələbinin cavabdehdən iddiaçının xeyrinə mənzilinə dəymiş 5.000 manat zərərin tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, araşdırılmış iş materialları ilə müəyyən olunur ki, su sızma nəticəsində iddiaçının evinə ziyan dəymişdir. Məhkəmənin gedişatında cavabdeh suyun onun mənzilindən axıdıldığını və su sızmanın səbəbinin aradan qaldırıldığını bildirmişdir. Şərh edilən halları nəzərə alaraq məhkəmə cavabdehin mənzilindən iddiaçının mənzilinə su axma nəticəsində zərərin dəyməsində cavabdehin təqsirli olması qənaətinə gəlir. Məhkəmə dəymiş maddi ziyanın məbləğinə münasibətdə qeyd edir ki, hazırkı hissədə "xxxx" MMC-nin verdiyi 01/25-529 saylı, xx.xx.2025-ci il tarixli rəy əsas götürülməklə dəymiş maddi ziyanın məbləği rəydə göstərilən həcmdə - 2.160 manat məbləğində müəyyən edilməlidir. Belə ki, ekspertiza mərkəzi tərəfindən verilmiş rəy 2024-cü il tarixdə verildiyindən hazırkı iş üzrə "xxxx" MMC tərəfindən verilmiş rəy 2025-ci il tarixdə bazar qiymətləri nəzərə alınmaqla verilmiş yeni rəy olduğundan, məhkəmə bu rəyi əsas götürməyi ağlabatan hesab edir. Cavabdehin rəydə göstərilən hesablama qaydası ilə razı olmadığı prosesin gedişatında müəyyən edilsə də, cavabdeh rəydəki hesablamanı təkzib edəcək əsaslı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda iddiaçı da cavabdehin özünün gətirdiyi ustalarla evində təmirin aparılmasına razılıq verməmişdir. Məhkəmə iddiaçının mənəvi zərərlə bağlı iddia tələbini isə qismən əsaslı hesab edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında da deyilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Habelə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”-nı 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Əvvəldə də şərh edildiyi kimi, cavabdehin təqsirindən iddiaçının mənzilinə zərər dəymiş, mənzilə zərərin dəyməsində cavabdehin təqsiri olduğu yuxarıda ətraflı şəkildə qeyd edilmişdir. Bütün bunların, yəni iddiaçının mənzilinə, mənzildə yerləşən avadanlıqlara zərər dəyməsinin onun şüurunda mənfi emosiyalara səbəb olması, iztirab çəkməsi isə şübhəsizdir. Lakin məhkəmə hesab edir ki, iddiaçının mənəvi zərərlə bağlı iddiası qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən Qərarında qeyd edilir ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Beləliklə, məhkəmə hesab edir ki, şərh edilən hallar iddiaçının psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkməsi barədə nəticəyə gəlməyə tam əsas verir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək 200 manat məbləğində mənəvi zərərin əvəzinin tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddia tələbinin cavabdehdən iddiaçının xeyrinə vəkil xərci ilə bağlı 200 manatın tutulması hissəsinə münasibətdə bildirir ki, iddiaçı 6 saylı Vəkil bürosunun vəkili Vəkil tərəfindən hüquqlarının müdafiə edilməsi üçün büronun hesabına 200 manat vəkil xərci ödəmişdir. Bu səbəbdən iddia bu hissədə əsaslıdır və təmin edilməlidir. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən, belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh maddi zərərə görə 2.160 manat, hüquqi yardımın əvəzi olaraq vəkilə ödənilən 200 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 130 manat dövlət rüsumu ödənilmişdir. Həmçinin, iş materiallarında olan "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş hesabatda ekspertizanın aparılması üçün 400 manat məbləğində xidmət haqqının iddiaçı X2 tərəfindən ödənildiyi qeyd edilmişdir. Odur ki, məhkəmə, məhkəmə xərclərinin bölüşdürülməsi hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq ödənilmiş 130 manat dövlət rüsumunun 49,60 manatı Cavabdeh tutulub İddiaçı ödənilməli, qalan 80,40 manatı iddiaçının özünə aid edilməli, eyni zamanda ekspert tədqiqatının dəyəri olan 400 manat Cavabdeh alınaraq İddiaçı ödənilməli, eyni zamanda ekspert tədqiqatının dəyəri olan 100 manat Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət xəzinədarlığı Agentliyindəki hesabına ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərə görə 2.160 (iki min yüz altmış) manat, mənəvi zərərə görə 200 (iki yüz) manat, vəkil xərcinə görə 200 (iki yüz) manat, ödənilmiş dövlət rüsumunun 49.60 (qırx doqquz manat altmış qəpik) manatı, "xxxx" MMC-yə ödənilmiş 400 manat xidmət haqqı tutularaq İddiaçı ödənilsin. Keçirilmiş ekspertiza xərci olan 100 (bir yüz) manat Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət xəzinədarlığı Agentliyindəki hesabına (VÖEN: **********, Hesab: AZ34CTRE********************) ödənilsin. Ödənilmiş dövlət rüsumunun 80.40 (səksən manat qırx qəpik) manatı İddiaçı özünə aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar