Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3675/2024 25.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil2, Cavabdeh1 MTK-nın vəkili Vəkil1, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsi və onun dəlilləri: İddiaçı Cavabdeh1 MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaranmış vəziyyəti nəzərə alaraq cavabdehin üzərinə maddi və mənəvi, əlavə olaraq təmir üçün ödədiyi və kommunal adı ilə aldıqları əlavə pul vəsaitini, ümumilikdə 5.000 manatın ödənməsi, eləcə də mənzilin sayğacına müdaxilə etməmələri üçün sayğacın mənzilə çəkilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının yaşadığı mənzil cənab Prezident tərəfindən şəhid anası və 1-ci qrup əlil olan anası X1 verilmişdir və iddiaçı anası ilə bir yerdə yaşamışdır (mənzildə qeydiyyatdadır və hazırda həmin mənzildə yaşayır). Anası 1ci qrup əlil olduğu üçün ona qulluq etmiş və qulluğa görə Prezident təqaüdü almışdır. X8 iyun 2023-cü ildə vəziyyəti ağırlaşmış və Xətai Sağlamlıq Mərkəzində müalicə almış, lakin 15 avqust 2023-cü ildə rəhmətə getmişdir. İddiaçı uzun illər qulluq etdiyi ən yaxın adamını itirmiş və bütün maliyyə gəlirlərindən məhrum olmuşdur. Ali iqtisad təhsillidir və hər yana CV göndərsə də iş təklifi almamışdır, hazırda Bakı Regional Məşğulluq Mərkəzində rəsmi işsiz statusundadır. Yaşadığı mənzilə dair ƏƏSMN tərəfindən onlara öncə qəbul aktı verilmiş, sonra mənzilin açarları MTK tərəfindən 26 manat ödənildikdən sonra verilmişdir, mənzilə aktın qəbulundan öncə baxmağa Cavabdeh1 tərəfindən icazə verilməmişdir. İddiaçı açarları aldıqdan sonra mənzilin çox keyfiyyətsiz və ekoloji təmiz olmayan ucuz materiallarla natamam “təmir” edildiyini və hamamın tavanının dağıldığını, pəncərələrin sınıq olduğunu, standartlara uyğun olmadığını (külək, qar, yağış, soyuq mənzilə daxil olur, külək asanlıqla pəncərəni açır), mənzilin giriş qapısının açarının ilişdiyini və qapının altdan külək buraxdığını, mənzilin mətbəxinin və yataq otağının divar kağızlarının göy kifləndiyini (kiflənmiş divar kağızlarını çıxarıb emulsiya etmiş, lakin dəhlizi imkan olmadığı üçün çıxarmamışdır) və qabardığını, tualet baçokunun işləmədiyini, kombinin (altına baxanda yeni və paslı köhnələr aydın görünür) və radiatorun birinin su buraxdığını görüb ƏƏSMNnə və MTK-ya bildirsə də heç bir tədbir görülməyib və heç bir kömək edilməyib. Belə ki, mənzilin hamam tavanı 2 dəfə dağılıb, 2-ci dəfədə usta tavanda böyük hava buraxan dəliyi tapmış və oranı bağlamış və imkan olmadığı üçün yalnız sınmış tavanlar dəyişdirilmişdir ki, hazırda hamam tavanı yamaq-qurama şəklində (tam uyğunsuz) görünür. Mərtəbə 13-cü mərtəbədir və çox güclü şimal və şimal-qərb küləkləri əsib (2021-ci il noyabrın 9-dan 12-ə qədər burda güclü qasırğa olub 74 km/saat sürətlə dağıdıcı) binanın qərbində bina tikmək üçün hündür kranı külək yerində hərəkətə gətirmişdi, sakinlərin şikayətindən sonra kranı sökdülər. Güclü külək mətbəxin pəncərəsini, qapısını (mətbəxin qapısı təmir edilsə də partlaq yerlər aydın görünür) güldanları, şamdanları qırıb. Balkon və mətbəxin pəncərəsindən yağış axıb evə daxil olmuş və laminatları zədələmişdir, laminatlar birbaşa betonun üzərinə vurulub. Yerin döşəməsi nə mənzildə, nə də hamamda isti döşəmə edilmədiyi üçün qışda əsə-əsə xəstə anasını (ayaqları tutulmuş, əlil arabasında və ağır yataq yaraları ilə evdə gəzdirirdi) özü çimizdirmək məcburiyyətində qalırdı, hazırda da eyni vəziyyətdir. Gecə yatanda başına şal bağlayıb yatmasa səhər burnu axır. İddiaçı yenidən birtəhər mənzilin bəzi yerlərini düzəltsə də tam təmir edə bilmir. Dəhlizin divar kağızları şişib və altındakı üzlüklər ovulub yerə tökülür, iddiaçı süpürməkdən yorulur, divar plintusları keyfiyyətsiz plastik, sınıq materiallar vurulub, hətta mənzil şitinin üstünü belə açıq qoymuşdular ki, onları düzəltməli olmuşdur. Qapılar yüngül və keyfiyyətsizdir, bir balaca külək olsa qapılar çırpılır. Burda çox güclü şimal küləkləri olur, belə ki, 16 mərtəbəli bina dəniz səviyyəsindən çox yüksəkdə yerləşib və güclü küləklərin təzyiq mərkəzinə çevrilib. Küləyin sürəti 25 km/s. mətbəxdə oturmaq mümkün olmur, bu üzdən dəfələrlə güclü xəstələnmişdir ("Diaqnoz" tibb mərkəzində və 7 saylı şəhər poliklinikasında müalicə olunmuşdur). Binaya şimal-qərb tərəfdən güclü mobil telesiqnal qülləsi radiasiya təhlükəsi yaradır və gecələr onun qırmızı işığı yuxuya getməyə imkan vermir. Şəhid və qazi ailələrinə verilmiş mənzillərin giriş qapıları belə ikili standartla "B" blokunun 14-cü və 12-ci mərtəbələrdə dizaynlı, yaxşı materiallardan, digərlərinə isə ucuz və keyfiyyətsiz materialdan düzəldilib, 14-cü mərtəbədə hətta liftlə mənzillər arasında da keyfiyyətli qapı qoyulmuşdur ki, bu da blokdan gələn küləyin təzyiqini mənzillərdə azaldır (cənab Prezidentə məhz həmin mərtəbədəki mənzillər göstərilmişdir). Mərtəbələrin qapılarının çoxsu sınıb, keyfiyyətsizdir və bloklanıb, yanğın və zəlzələ təhlükəsindən qaçmağa yer yoxdur, eləcə də mərtəbələr arası pilləkənlərin çoxunda işıqlar yanmır, dəfələrlə müraciət etsə də lampa taxılmır. Binanın ofisi şəhid ailəsindən mənzildə yaşamadığı dövrə görə pul tələb etmiş, (yazıb divara da yapışdırıblar, mənzildə yaşyış olmamasından asılı olmayaraq, pul ödənilməlidir) lakin iddiaçı 26 manat verdikdən sonra mənzilin açarları ona verilib və sənəd verməyiblər. Sonralar isə mənzilin ümumi yaşayış sahəsi faktiki 74,5 kv.m olsa da (ASAN xidmətdə 81.5 kvm ümumi yaşayış sahəsi göstərildiyi halda) MTK 86 kv.m ümumi yaşayış sahəsi kimi göstərib, buna görə lift pulu və.s tələb ediblər. Eləcə də hesablama qaydasını mənzilin yaşayış sahəsinə yox ümumi mənzil sahəsinə görə edirlər ki, bu da bina sakinlərin hüququnu pozmuşdur. Anası imkan olduqca pensiyasından verib, iddiaçı da onlara ödəmişdir və onlar iddiaçıya möhürsüz qəbzlər veriblər. Şirkətin əməkdaşı olan və şəhid ailəsi olmayan, bina sakini heç bir ödəniş etmir, binadan pul qazanır, halbuki iddiaçının heç bir gəlir yeri yoxdur. İddiaçı ilə lift və ya heç bir xidmət müqaviləsi bağlamadan, "havadan" ikiqat artım edərək noyabr ayında lift pulu tələb edəndə iddiaçı qanun və sənəd tələb etsə də heç bir şey təqdim etməyiblər və israrlarına davam ediblər. Dəfələrlə işıq söndürülüb və su kəsilib, lakin iddiaçı heç vaxt buna görə münaqişə yaratmamış, dözmüşdür. Lakin 30 yanvar 2024-cü il səhər tezdən zirzəmidə yerləşən sayğaca "X10"in əməkdaşı səlahiyyətini aşaraq, müdaxilə edib söndürüblər. İddiaçı dəfələrlə müraciət etsə də işığa borcu olmasa da yandırmayıblar və iddiaçı soyuq şəraitdə yatmalı olmuşdur, nəzərə alsaq ki, iddiaçının böyrəklərində pleonefrit var və ona soyuq olmaz, eləcə də pəncərələr güclü külək buraxır, qaz itkisi olduğu üçün mənzil hədsiz soyuq olur. İddiaçıya mənzilin sayğacına yaxınlaşmağına icazə verməyiblər və "xxxx" ASC-nin əməkdaşı gəlmək istəsə də yalanla onu (guya yüklənmə olub) da gəlməyə qoymayıblar. Nəhayət iddiaçı çarəsiz qalaraq 31 yanvar 2024-cü il Daxili İşlər Nazirliyinə müraciət etmişdir (3-13-55-2/l-N-638/l 1/2024 nömrəsi ilə müraciəti qeydə alınıb) və onlar 35-ci polis bölməsinin 2 əməkdaşını göndərib işıqları yandırıblar. Eləcə də "xxxx" ASC-yə məlumat vermişdir (30 yanvarda 936422 və 03 fevralda 939157 nömrələri ilə müraciəti qeydə alınıb) onlar bildiriblər ki, MTK-larla "bacarmırlar" və 35-ci polis bölməsinə verdikləri məlumat "qısaqapanma" olub ki, onlar bu cür məlumat verə bilməzdilər, çünki bu sahənin eksperti deyillər (bu hüquq onlara verilməyib) və mənzildə heç bir elektrik istilik cihazı və kondisioner yoxdur və polislərə mənzilin vəziyyətini göstərmişəm. MTK işıq sayğaclarını əhaliyə qarşı təzyiq vasitəsi kimi açarlarını əllərində saxlayırlar və mənzillərə çəkilməsinə qoymurlar. Mənzil Məcəlləsinin 109.5 maddəsi binanın tikintisi başa çatsa da, MTK ləğv olunmayıb və idarəetmədə diğər mənzil sahibləri iştirak edə bilmir, nə qədər pul vəsaiti və kimlərdən yığıldığı haqda dəqiq məlumata malik deyil və pul vəsaitlərinin hara xərcləndiyi barədə də heç bir hesabat vermirlər. MTK sahibləri binanı gəlir mənbəyinə çeviriblər, bina sakinlərinin razılaşmadığı aylıq ödəniş tarifi təyin edə bilməzlər, xüsusən də dövlət mənzil fonduna aid olan sosial mənzillərə MTK-nın hesablama qaydası tətbiq edilə biməz və iddiçı MTK-ya artıq pullar ödəmişdir. Binad heç bir istixana və diğər təssərrüfat sahəsi yoxdur, mənzillər kombi ilə qızdırılır. MTK və ya müştərək cəmiyyətlər yalnız xidmət müqaviləsi əsasında (evlərə) mənzillərə xidmət göstərə bilərlər. Eləcə də tarifləri yalnız sakinlər müyyən edə bilər, şəhid və əlililərə güzəşt tətbiq edilə bilər. Hesab edir ki, iddiaçının Konistitutsiya hüquqları 41-ci və 31-ci maddə ilə İnsan azadlıqları hüququ pozulub, iddiaçının həyatına, sağlamlığıma bu soyuqda və mənzildə küləklərin olduğu halda təhlükə yaradıblar. MTK binanın qərbində yeni bir bina tikib yaşadığı binaya yeni təhlükə yaratmaq istəyirlər (Bakı şəhərinin Yeni baş plana əsasən binaların bir-birinə sıx yerləşməsi qadağandır və yaşayış binaların yanında kiçik parklar salınmalıdır (nəzərə alsaq ki, binada əlil, qazi və şəhid ailələri var) həmin yer hazırda hasarlanıb və torpaq böyük miqdarda tikinti materiallarının qalıqları ilə çirklənib və bu materiallar arasında radioktiv tikinti materialları qalıqlarının olması mümkündür (Maddə 39. Sağlam ətraf mühitdə yaşamaq hüququ)bu tikinti materialları tullantılarının mini poliqonu binanın təhvil verilməsinə baxmayaraq neçə illərdir binanın yaxınlığında tikinti materiallarından ayrılan müxtəlif təhlükəli qazlar, tozlar havaya qarışaraq pəncərələrdən mənzillərə keçir, pəncərələr qatı toz, palçıq tutur ki, tez-tez təmizləməli olur. Yay vaxtı mənzildəki plastik material və yapışqanların iyi hiss olunur buna görə mənzilin pəncərələrini açıq qoyur. Hasara alınmış ərazidə qoca ağaclara su verilmir,ağaclardan biri isə tam quruyub və diğər ağclar üçün də quruma təhlükəsi var və onlara su verilmir. Bina sürüşmə zonasında və hündürdədir, həyətində çatlar var və üstü doldurulub, asfaltlanıb. Anası qeyd etdiyim kimi şəhid anası və 1-ci qrup yatağa məhkum əlil olub, iddiaçı onun pensiyasından binaya heç bir müqavilə öhdəliyi olmadığı halda qeydiyyata salınmayan və düzgün hesablanmayan, artıq pullar ödəmişdir, nəzərə alsaq ki, xəstəxanada yatdığı zaman da evdə heç kim qalmayıb. Qanunun analogiyası var, əgər Qarabağda erməni əhali bütün kommunal xərclərdən azad olunursa "Azərbaycan respublikasının suverenliyi və ərazi bütövlüyü" üçün canını vermiş bir əsgərin ailəsi də eyni hüquqa malik olmalıdır və ya yaşadığı binada MTK əməkdaşı lift pulu ödəmirsə, şəhid anası və 1-ci qrup əlilin daha yüksək imtiyazı var. “Şəhid ailələrinin müdafiəsi” cəmiyyəti Xətai Rayon İcra hakimiyyətinə məktub ünvanlasa da yardım üçün maliyyə vəsaitləri yoxdur. Bakı Reqional Məşğulluq Mərkəzi iddiaçını işsiz kimi qeydiyyata alıb. DOST mərkəzi sosial yardımın yalnız işləyən şəxslərə şamil edildiyi üçün heç bir sosial yardım ayrılmayıb və hazırda yaşayış imkanları çox aşağıdır. “Kaspian Vista” şirkəti iddiaçının və anasının həyatına maddi və mənəvi zərər vurmuşlar. Dəfələrlə iddiaçını əsəbləşdirmiş, işıqla şantaj etmişlər, binada yaşamadığı zaman üçün belə pul tələb etmişlər. Daha sonra iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini cavabdeh kimi cəlb etməklə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, mənzilində yaranmış problemin aradan qaldırılması üçün 4.000 manat, həkim müayinələrinə görə ödənilmiş 150 manat, dərmanlara görə ödənilmiş 850 manat, həmçinin cavabdehlərin hərəkəti nəticəsində iddiaçıya dəymiş mənəvi ziyana görə 3.000 manat və mülki işin məhkəmədə baxılması üçün ödənilmiş 105 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada, liftə görə Cavabdeh1 MTK-ya ödənilmiş 395 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı və onun vəkili iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişlər. Məhkəmə iclasında Cavabdeh1 MTK-nın vəkili Vəkil1 iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X7 iddia tələbinə etiraz edərək bildirmişdir ki, şəhid ailələrinə mənzillərin verilməsi ilə bağlı müqavilənin forması Nazirlər Kabineti tərəfindən təsdiqlənmədiyindən hazırda iddiaçı ilə müqavilə bağlanmamışdır. O, izahatında bildirmişdir ki, qanunvericiliyə əsasən iddiaçı şəhid ailəsinin üzvü sayılmadığından onun hazırkı iddianı da qaldırmağa subyektiv hüququ yoxdur. Odur ki, iddia tələbi rədd edilməlidir. İşin faktiki halları: İşin mübahisə edilməyən halı ondan ibarətdir ki, iddiaçının anası X3 şəhid ailəsinin üzvü olmuşdur. O, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 20 iyun 2014-cü il tarixli 569 nömrəli Sərəncamına əsasən Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətində mənzil növbəsinə dayanmış, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxs və şəhid ailələri olaraq imtiyazlı şəxs statusu qazanmışdır. ünvan 3 ünvanında yerləşən yaşayış sahəsi 07 aprel 2020-ci il tarixli alğı-satqı müqaviləsi əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Cavabdeh1 MTK-ya satılmışdır. Sözügedən mənzil 14 dekabr 2020-ci il tarixli akt əsasında imtiyazlı şəxs olaraq iddiaçının anası X2 verilmişdir. İddiaçı anası ilə birlikdə sözügedən mənzildə yaşamış, kommunal ödənişlər edərək öz yaşayışını təmin etmişdir. İddiaçı ona təhvil verilən evin yaşamaq üçün yararlı vəziyyətdə olmadığını, yağış yağarkən evə su daxil olduğunu, küləkli havada pəncərələrin düzgün quraşdırılmadığına görə küləyin səsindən evdə oturmağın mümkün olmadığını, evdə nəmişlik və digər problemlərin olduğunu bildirmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21-ci maddəsinə görə hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 135.2.1-ci maddəsinə əsasən, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçi üçün – belə müqavilə bağlandığı andan yaranmış hesab edilir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər” haqqında Azərbaycan Respublikasının Qanunu: 1-ci maddəsinə əsasən, şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində təhsil alanlar isə həmin təhsil müəssisələrini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı: Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”: 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenum qərarında həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008- ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hazırkı mübahisə üzrə hər iki cavabdeh iddiaçının belə bir iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olmadığını bildirmişlər. İstinad olunan hala qiymət verərək məhkəmə hesab edir ki, cavabdehlərin mövqeyi yanlışdır. Belə ki, sözügedən mənzil şəhid ailəsinin üzvlərinə imtiyazlı şəxs kimi akt əsasında verilmişdir. Mənzil iddiaçının anasına verilsə də onun ailə üzvlərinin sayı nəzərə alınmaqla verilmişdir. İddiaçının özü şəhid ailəsi statusunda olmamışdır. Mənzil iddiaçının anasına təhvil verilərkən qanunun tələblərinə əsasən onunla sosial kirayə müqaviləsi bağlanmalı idi. Araşdırma zamanı cavabdehin nümayəndəsinin verdiyi izahatdan görünür ki, sosial kirayə müqaviləsinin forması Nazirlər Kabineti tərəfindən təsdiq edilmədiyindən iddiaçının anası ilə belə bir müqavilə bağlanmamışdır. Halbuki belə bir müqavilə bağlanmış olsaydı, iddiaçının, imtiyazlı şəxsə verilmiş mənzil sahibinin ailə üzvü olaraq həmin mənzilə dair istifadə hüququ yaranmış olardı. Beləliklə, iddiaçının anası ilə belə bir müqavilənin bağlanmaması iddiaçının təqsiri sayıla bilməz. İstinad olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ vardır. Məhkəmə iddia tələbinin mənzilində yaranmış problemin aradan qaldırılması üçün 4.000 manat pulun cavabdehlərdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə əsassızdır. İş üzrə iddiada tələbində qeyd edilmiş mənzil dövlət tərəfindən vətəndaşa əvəzsiz şəkildə təqdim edilmişdir. Belə ki, iddiaçının anasına təhvil verilən mənzilin təyinatı sosial mənzildir. Sosial mənzil ümumi olaraq mənzilə ehtiyacı olan şəxslərin mənzil ehtiyaclarının təmin edilməsi üçün nəzərdə tutulmuş mənzildir. Eyni zamanda, iş üzrə tələb edilən vəsaitin müştərək qaydada cavabdeh olan MTKdan da tutulması tələbinə münasibətdə məhkəmə qeyd edir ki, MTK öz mülkiyyətində olan evləri nazirliyə əvəzli şəkildə satmışdır. Nazirlik tərəfindən istinad olunan yaşayış sahələri mülkiyyətə qəbul edilmiş, əldə edilən mənzillərin tikintisi ilə və ya qüsuru ilə bağlı tərəflər arasında hər-hansı mübahisə olmamışdır. Dövlət tərəfindən keçirilən sosialyönümlü tədbirlər çərçivəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən əldə edilmiş mənzillər ehtiyacı olan imtiyazlı şəxslərə təqdim edilmişdir. İddia ərizəsində qeyd edilən mənzil də keçirilmiş püşkatma nəticəsində imtiyazlı şəxs olan iddiaçının anasına təklif edilmiş və o da sözügedən mənzili 14 dekabr 2020-ci il tarixli akt əsasında könüllü şəkildə təhvil almışdır. Lakin, məhkəmə araşdırması zamanı iddiaçının anasının mənzili təhvil alarkən hər hansı narazılığının olması aşkar edilməmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh MTK-nın nümayəndəsinin verdiyi suala cavab olaraq iddiaçı bildirmişdir ki, onun yaşadığı mənzilə üç dəfə yuxarı mərtəbədən su sızmışdır. İddiaçı məhkəmə araşdırması zamanı bildirsə də ki, mənzilin divarları nəmişlik çəkir, hamam otağında tikintinin düzgün aparılmaması nəticəsində problemlər yaranır, məhkəmə araşdırması zamanı mənzilin divarlarının nəmişlik çəkməsinin tikintinin düzgün aparılmaması və ya su sızma nəticəsində olması halı müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, mənzilin yaşayış üçün yararlı olmadığını əsas gətirməklə iddiaçının mənzildən istifadə etməmək, bundan imtina etmək hüququ vardır. Eyni zamanda da iddiaçı 4.000 manatın nə üçün, hansı işlərin görülməsi üçün tələb edildiyini də iddiasında əsaslandırmamışdır. Məhkəmə iddia tələbinin həkim müayinələrinə görə ödənilmiş 150 manat, dərmanlara görə ödənilmiş 850 manat pulun cavabdehlərdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı xəstəliyi ilə bağlı sübutları məhkəməyə təqdim etsə də, xəstəliyin yaranmasının həmin mənzildə olan problemlərlə bağlı olmasını sübut edəcək dəlilləri məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə araşdırması zamanı da iddiaçının xəstəliyi ilə cavabdehin hərəkətləri (hərəkətsizliyi) arasında səbəbli-əlaqəni müəyyən etmək mümkün olmamışdır. Odur ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Məhkəmə iddia tələbinin cavabdehlərin hərəkəti nəticəsində iddiaçıya dəymiş mənəvi ziyana görə 3.000 manat pulun tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə də iddia tələbi rədd edilməlidir. Belə ki, mülki işin araşdırması zamanı cavabdehlərin qanunsuz hərəkətlərinin nədən ibarət olması və bunun nəticəsində iddiaçının səhhətinə ziyan dəyməsi, iztirab çəkməsi halı məhkəmədə aşkar edilməmişdir. Məhkəmə iddia tələbinin liftə görə Cavabdeh1 MTK-ya ödənilmiş 395 manat pulun iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə də rədd edilməlidir. Belə ki, iddiaçı ödənişləri məhz lift üçün ödədiyini qeyd etsə də, iş materiallarında onun kommunal xidmətlərin göstərilməsi üçün ödəniş etdiyi aşkar edilmişdir. İddiaçı ondan kommunal haqlarının tutulmasının qanunsuz hesab edildiyini və müqaviləsiz ondan vəsait tutulduğunu bildirmişdir. Məhkəmə qeyd edir ki, kommunal xidmətlər üçün vəsaitin tələb olunması üçün mütləq şəkildə müqavilənin mövcud olması zəruri deyil. Belə ki, məhkəmə cavabdehin tərəflər arasında müqavilənin olmaması barədə dəlili ilə bağlı bildirir ki, Mülki Məcəllənin 386.1-ci maddəsinə öhdəliyin yaranması əsasları və ümumi şəkildə dairəsi müəyyən edilmişdir. Adı çəkilən müddəanın məzmunundan göründüyü kimi, öhdəliyin yaranması üçün ilk növbədə onun iştirakçıları (tərəfləri) arasında hüquq münasibətləri yaranmalı və bu münasibətlər qanunla müəyyən edilmiş qeyd edilən əsaslara söykənməlidir. Yaranma formasına görə öhdəliklər müqavilədən əmələ gələn, müqavilədən kənar öhdəliklər (deliktlər) və qanundan irəli gələn öhdəliklərə (əsassız varlanma) bölünür. Mənzil Məcəlləsinin 135.2.1-ci maddəsində isə çoxmənzilli yaşayış evlərində yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçi üçün kommunal xidmətlərə görə haqqın ödənilməsi öhdəliyinin yaranmasını qanun– belə müqavilə bağlanması anı ilə müəyyən etmişdir. İş materiallarından görünür ki, iddiaçı ilə cavabdeh olan dövlət orqanı arasında sosial kirayə müqaviləsi bağlanmamışdır. Mənzil təhvil-təslim aktına əsasən iddiaçının anasına 14 dekabr 2020-ci il tarixdə təhvil verilmişdir. Bu isə o deməkdir ki, iddiaçının anasının və elə özünün də mənzildən istifadə etməyə başladığı tarixdən cavabdeh MTK ilə arasında kommunal xidmətlərin göstərilməsi ilə bağlı hüquq münasibətləri yaranmışdır. Mənzil Məcəlləsinin müddəalarına əsasən belə münasibətlərin yaranması üçün müqavilənin mütləq bağlanması tələb edilmir, bunun üçün mənzilə istifadə və sahiblik hüququ verilmiş şəxsin, şəxslərin evdə yaşaması onu kommunal xidmətlərlə bağlı münasibətlərin subyektinə çevirir. İşin faktiki hallarından da bəlli olur ki, iddiaçı müqavilə bağlanmadan anasının adından 2022-2023-cü illərdə istifadə etdiyi kommunal xidmətlərə görə ödənişlər etməklə (iş materialllarında mövcud olan qəbzlərə istinadən) özünün bu münasibətlərin subyekti olmasını bir daha təsdiq etmişdir. Həmçinin, “R.Məhərrəmovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 yanvar 2020-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 22 sentyabr 2020-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “Mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq şəkildə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü tələb etmir. Belə ki, Mənzil Məcəlləsinin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Bununla belə çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onu ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsindən azad etmir”. Eləcə də, V.Ələsgərovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 2015ci il 29 dekabr tarixli Qərarında ifadə olunan hüquqi mövqeyə görə isə, “...yuxarıda göstərilən vəzifə çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən Mənzil Məcəlləsində (126.9 və 44-47-ci maddələr) nəzərdə tutulan qaydada qərar qəbul edilməsi nəticəsində yarana bilər. Bu, xüsusilə kommunal xidmət haqqının müəyyən edilməsinə aiddir. Mənzil Məcəlləsinin 128.0.3-cü maddəsinə əsasən, müvafiq il üçün cəmiyyətin xərclər və gəlirlər smetasını və maliyyə fəaliyyəti haqqında hesabat tərtib etmək, onları təsdiq olunmaq üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim etmək mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyətinin vəzifəsidir. Nəzərə almaq lazımdır ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır, cəmiyyətin idarə heyətinin səlahiyyətlərinə aid olan məsələləri həll etmək hüququna malikdir (Mənzil Məcəlləsinin 125.1 və 125.4-cü maddələri). Həmin Məcəllənin 125.2.4-cü maddəsinə müvafiq olaraq isə cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək ümumi yığıncağın müstəsna səlahiyyətidir”. Məhkəmə cavabdeh MTK tərəfindən MMMC-nin yaradaraq idarəçiliyin həmin Cəmiyyətə ötürülməməsi barədə iddiaçının dəlilinə münasibətdə bildirir ki, Mənzil Məcəlləsinin 120.1-ci maddəsində MMMC-nin yaradılması qaydası nəzərdə tutulmuşdur. Həmin müddəaya əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin yaradılması haqqında qərar çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən onların ümumi yığıncağında qəbul edilir. Bu qərar onun lehinə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi səslərinin sayının əlli faizindən çoxuna malik olan sahə mülkiyyətçiləri səs verdikdə qəbul edilmiş hesab edilir. Göründüyü kimi, MMMC-nin yaradılması vəzifəsi bina mülkiyyətçisinin deyil, binadakı mənzillərin mülkiyyətçilərinə aiddir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının cavabdeh MTK ilə aralarında müqavilənin olmaması, habelə cavabdeh MTK tərəfindən MMMC-nin yaradılmaması əsas gətirilərək kommunal ödənişləri etməkdən boyun qaçırması və bu günə qədər də ödənilmiş vəsaitin geri tələb edilməsi qeyd edilən qanunvericilik müddəalarına ziddir. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən, belə qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarından görünür ki, iddiaçı 103.95 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş 103.95 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı - mənzilində yaranmış problemin aradan qaldırılması üçün 4.000 manat, həkim müayinələrinə görə ödənilmiş 150 manat, dərmanlara görə ödənilmiş 850 manat, həmçinin cavabdehlərin hərəkəti nəticəsində iddiaçıya dəymiş mənəvi ziyana görə 3.000 manat və mülki işin məhkəmədə baxılması üçün ödənilmiş 105 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada, liftə görə Cavabdeh1 MTK-ya ödənilmiş 395 manat pulun iddiaçının xeyrinə tutulması barədə iddia tələbi rədd edilsin. Ödənilmiş 103.95 (bir yüz üç manat doxsan beş qəpik) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-3675/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3675/2024
25.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver