Məhkəmə qərarları › İş №2(011)-3676/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3676/2024

20.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3676/2024 20.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Eyvazova Samirə Əli qızının sədrliyi Hüseynli Mehriban Qalib qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:

1. İddiaçı xx.xx.2023-cü il tarixində saat 14 radələrində Bakı şəhəri Xətai rayonu G.Mehmandarov küçəsi “50 qəpik” avtoyuma məntəqəsində iddiaçıya məxsus **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobili yumaq üçün getmişdir.

2. Məntəqədə iddiaçı Cavabdeh “qəbikləri bütöv 50 qəpik etməsini” xahiş etdiyi zaman aralarında mübahisə olmuşdur. Cavabdeh Bakı şəhəri Xətai Rayon Polis idarəsi 35-ci PB-nə ərizə ilə müraciət etmişdi. Şikayət ərizəsi ilə bağlı iddiaçı barəsində Cinayət Məcəlləsinin 221.1ci maddəsi ilə cinayət işi başlanmışdır.

3. Cavabdeh iddiaçıya dəymiş zərərii, 800 manatı ödədikdə şikayətçi olmayacağını və ərizəsini geri çəkəcəyini bildirmişdir. Bundan sonra iddiaçı Cavabdeh 500 manat pul vermiş və 300 manatı 35 PB-nə gedib ərizəsini yazdıqdan sonra 300 verəcəyini bildirmişdir. Daha sonra iddiaçı yenə də Cavabdeh 100 manat pul vermişdir.

4. Lakin, iddiaçıya Bakı şəhər Xətai rayon Məhkəməsindən bildiriş gələndə o başa düşmüşdür ki, Cavabdeh ondan 600 manat pul alaraq onu aldatmışdır. Məhkəmə zamanı Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək ona 06 ay müddətdə azadlığın məhdutlaşdırılması cəzası təyin edilmişdir.

İddiaçının tələbi:

5. Cavabdeh 600 manat pulun geri qaytarılması ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir.

Cavabdehin etirazı:

6. Cavabdeh tərəfindən ərizəçinin tələbinə qarşı yazılı etiraz, o cümlədən, hər hansı sənəd daxil olmamışdır.

Tərəflərin izahatı:

7. İddiaçıya məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmişdir. xx.xx.2024-cü il tarixində məhkəməyə ərizə ilə müraciət edərək xəstəliyi ilə əlaqədar olaraq işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.

8. Məhkəmə iclasında iştirak edən Cavabdeh öz izahatında bildirmişdir ki, iddiaçı onun sağlamlığına xəsarət yetirmişdir, daha sonra cinayət işinin gedişində söz vermiş, ərizə yazaraq, ona dəyən zərəri ödəyəcəyini bildirmişdir. Buna görə də ona 500 manat pul vermiş, qalan 300 manatı da 2 ay sonra ödəyəcəyini bildirmişdir. Lakin 1 il 6 ay vaxt keçmiş və heç bir ödəniş edilməmişdir. Ona görə də o, şikayət ərizəsini geri götürməmişdir. İddiaçı onun burnunu sındırmışdır, bu cinayət işinin materiallarında da var. Burnunun sınması ilə əlaqədar müalicə, dava-dərman almışdır, dəymiş ümumi ziyanın məbləği 1480 manat məbləğindədir. "Əslində iddiaçının ona vurduğu ziyana görə borcu var, onun iddiaçıya yox." Cavabdeh məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

İş materiallarına əlavə edilmiş sənədlər:

9. AR Daxili İşlər Nazirliyi Bakı Şəhəri Xətai RPİ-nin 35-ci Polis Bölməsi tərəfindən verilmiş xx.xx.2024-cüil tarixli, 3-13-55-2/2-7-206/11 nömrəli məlumata əsasən, Cavabdeh tərəfindən İddiaçı 600 manat pulun geri qaytarılmaması ilə bağlı araşdırılma aparılmış, lakin göstərilən xüsusatların məhkəmə səlahiyyətlərinə aid olduğu üçün aidiyyatı üçün məhkəmə orqanlarına müraciət etməyi tövsiyyə olunmuşdur.

10. Bakı şəhər 6 saylı "Asan Xidmət" mərkəzində verilmiş xx.xx.2023-cü il tarixli, **********923 nömrəli ərizəyə əsasən, Cavabdeh təsdiq etmişdir ki, İddiaçı tərəfindən ona dəyən ziyan tamamilə ödənilmişdir və onlar barışmışdır. İddiaçı qarşı heç bir şikayəti və tələbi yoxdur.

11. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-429/2023 №-li, xx.xx.2023-cü il tarixli Hökmünə əsasən, İddiaçı Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, İddiaçı yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi, İddiaçı üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsinin qoyulması qət edilmişdir.

12. AR Dövlət Miqrasiya Xidməti X1 və İnformasiya Təminatı Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 05/3428/di №-li məlumata əsasən, Gürcüstan vətəndaşı Cavabdeh pasport məlumatları təqdim olunmadığı üçün sorğunun cavablandırılması mümkün olmamışdır.

13. Digər materiallar.

Tətbiq edilən hüquq:

14. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89.1. Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 89.2. Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

147. Cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. 191.3. cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

16.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarı: “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...”

Məhkəmənin mövqeyi:

17. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəfin izahını, əlavə edilmiş sənədləri nəzərdən keçirib təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir.

18. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Məhkəmə qeyd edir ki, tərəflərin öz iddia tələblərinin hüquqi əsası kimi hansı dəlilləri irəli sürmələrindən asılı olmayaraq məhkəmə müstəqil şəkildə iddia tələbinin düzgün hüquqi əsasını müəyyənləşdirməyə haqlıdır.

19. İşin mübahisəsiz halıdır ki, iddiaçı 22 yanvar 2023-cü ildə cavabdehin yumruqla bir neçə dəfə sifət nayihəsinə vuraraq ona sol gözaltı nahiyənin qançırı, burun sümüyünün yerdəyişməyən sınığı ilə müşayiət olunmuş burun nahiyəsinin şişkinliyi və sıyrığından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmuşdur. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-429/2023 №-li, xx.xx.2023-cü il tarixli Hökmünə əsasən, İddiaçı Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsişdir. Həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində hazırki iş üzrə Cavabdeh tanınmışdır. (§11)

20. Məhkəmə araşdırması zamanı tərəflərin verdiyi izahdan və işə əlavə edilmiş materiallardan məlum olmuşdur ki, iddiaçı yuxarıda qeyd edilən cinayət işinin gedişatı zamanı cavabdehə dəymiş zərərə görə 500 manat ödəmiş, 300 manat ödəyəcəyini söz vermiş, cavabdeh isə əvəzində şikayətindən imtina edəcəyi ilə bağlı razılığa rəlmişlər. Lakin iddiaçı qalan 300 manatı ödəməmiş, cavabdeh isə şikayətindən imtina etməmişdir.

21. Məhkəmə qeyd edir ki, iddia tələbinin hüquqi əsası mülki hüquq pozuntusu nəticəsində dəymiş maddi ziyandır. Yuxarıda qeyd edilən müddəalardan göründüyü kimi, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərər vuran şəxsin təqsirli (qəsd və ya ehtiyatsızlığı) olması, zərərçəkənə ziyan və zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu olmasını şərtləndirən əsaslardır. Göstərilən şərtlərin hər birinin (tam) mövcud olması mülki hüquq pozuntusu üçün məsuliyyətin yaranmasına səbəb olur.

22. Əməlin delikt olmasını şərtləndirən birinci addım həmin əməlin qanuna zidd olubolmamasının müəyyən edilməsindən ibarətdir. Cavabdehin əməlinin qanuna zidd olmasının müəyyən edilməsi üçün tərəflər arasında konkret şərtləri, öhdəlikləri göstərilən müqavilənin bağlanması və cavabdehin öhdəliyini pozması, yaxud cavabdehin qanuna zidd əməli ilə bağlı iddiaçı tərəfindən mötəbər sübutların məhkəməyə təqdim edilməsi ilə müəyyən edilə bilərdi. Lakin işin mübahisəsiz halıdır ki, tərəflər arasında heç bir yazılı müqavilə bağlanmamışdır. Eyni zamanda, iddiaçı tərəfindən cavabdehin ona maddi zərər vurmasını təsdiq edən sübutlar da məhkəməyə təqdim edilməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən cavabdehə ödənilmiş pul ona vurulmuş zərərin əvəzi olmuşdur, iddiaçının cavabdehin sağlamlığına yüngül xəsarət yetriməsi məhkəmə qərarı ilə öz təsdiqini tapırş Məhkəmə qeyd edir ki, deliktin yaranması üçün əməlin qanuna ziddi olması müəyyən edilmirsə, yaxud müəyyən edilməsi mümkün deyildirsə, bu halda digər şərtlərin araşdırılmasına və hüquqi qiymət verilməsinə zərurət aradan qalxır.

23. İddiaçı cavabdehə 600 manat verdiyini iddia etsə də məhkəmə araşdırması zamanı 500 manatın cavabdehə dəymiş ziyanın əvəzi olaraq ödəndiyi müəyyən edilmiş, qalan 100 manatın ödənməsi ilə bağlı hər hansı mötəbər sübut təqdim edilməmişdir.

24. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçıya maddi ziyanın dəyməsində cavabdehin təqsiri sübuta yetirilmədiyindən həmin dəymiş zərərin əvəzinin cavabdehdən tutulması barədə iddia tələbi təmin edilə bilməz. Məhkəmə xərcləri:

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

26. İddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

27. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ:

1. İddia rədd edilsin. 2.İddia verilərkən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin.

3. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar