Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-3707/2024 15.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı Soltan oğlunun iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı Soltan oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Bakı şəhəri Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin və Xətai rayon 90 saylı Mənzil Kommunal İstismar Sahəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi, ona məxsus qarajın sökülməsi ilə bağlı hərəkətlərinə son qoymaları haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsində cavabdehlər kimi Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi və Xətai rayon 90 saylı MKİS-nin rəisi göstərilmiş, lakin cavabdehlərə dair hissədə isə, heç bir məlumat qeyd edilməmişdir. Başqa sözlə, iddia ərizəsindən, cavabdehin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar, həmçinin yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvanı, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı barədə məlumatlar görünmür. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmuna uyğun deyildir. Digər tərəfdən iş materiallarından görünür ki,iddia tələbi “qanunsuz hərəkətlərin dayandırılması” barədədir, iddia tələbi qiymətləndirilməyən iddia olmaqla 100 manat məbləğində dövlət rüsumunun ödənilməsi nəzərdə tutulur ki, iş materiallarından İddiaçı Soltan oğlu tərəfindən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Həmçinin iş materiallarından iddiaçının dövlət rüsumunun ödənilməsindən azad olunmasını təsdiq edən hər hansı bir sənədin olması görünmür. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsindən cavabdehlərin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar, həmçinin yaşayış yeri və ya olduğu yer yazışmaların aparılmasının istənildiyi digər ünvanı, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı barədə məlumatlar görünmədiyindən, eləcə də iddia ərizəsinə qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyindən və iddiaçının dövlət rüsumundan azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstərilməlidir. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən, ərizədə iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 150.1.2-ci maddəsinə əsasən, dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bununla belə məhkəmə qeyd edir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 263, 264, 266-268 maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Soltan oğlunun “cavabdehlər Bakı şəhəri Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin və Xətai rayon 90 saylı Mənzil Kommunal İstismar Sahəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi, ona məxsus qarajın sökülməsi ilə bağlı hərəkətlərinə son qoymaları” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-3707/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-3707/2024
15.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver