Məhkəmə qərarları › İş №2(011)-374/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-374/2022

29.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-374/2022 29.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi Hacı-X4, Cavabdeh X2 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin cavabdeh X5 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC cavabdeh X5 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən ödənilmiş 7.233,30 manat sığorta ödənişinin geri qaytarılmamış 2.233,40 manat məbləği və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 2.263,40 manat pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, sığortalı "xxxx" MMC ilə "xxxx" ASC arasında bağlanmış 01 yanvar 2019-cu il tarixli M0001/19_458 saylı “avtonəqliyyat vasitələrinin kompleks sığortası” şəhadətnaməsinə əsasən “Volkswagen Polo” markalı, **- PR-*** dövlət qeydiyyat nişanlı avtomobil cəmiyyətdə sığortalanmışdır. Cavabdeh X6 26 fevral 2019-cu il tarixdə, saat 13:15 dəqiqədə “Opel Astra G18” markalı, **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Qaraçuxur qəsəbəsində idarə edərkən sığortalanmış “Volkswagen Polo” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq zədələmişdir. Bakı şəhəri Suraxanı rayon DYPŞ-nin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayış”ından və Suraxanı rayon DYPŞ-nin polis baş leytenantı X3 26 fevral 2019-cu il tarixli TP2771111 saylı inzibati tənbeh tətbiq etmə barədə qərardan görünür ki, 2019-cu ilin 26 fevral tarixində saat 13:15 dəqiqədə Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsinin növü toqquşmadır. Cavabdeh AR İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Sığortalanmış “Volkswagen Polo” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı müqavilə üzrə cəmiyyətlə sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxs "xxxx" MMC tərəfindən təsdiqlənərək 7.233,40 manat məbləğində müəyyən edilmişdir. 08 aprel 2019cu il tarixli, MCL-055/19 saylı sığorta ödəniş aktına və 03 iyul 2019-cu il tarixli **********1 saylı ödəniş tapşırığına əsasən 7.233,40 manat sığorta ödənişi faydalanan şəxsin razılığı ilə təmir müəssisəsinin bank hesabına köçürülmüşdür. Zərərvuranın sığortaçısı "xxxx" Sığorta Şirkəti ASC-yə ödənilmiş sığorta ödənişinin 5000 manat hissəsinin geri qaytarılması tələbi ilə bağlı 19/469 saylı, 17 iyul 2019-cu il tarixli məktub göndərilmiş və tələb olunan məbləğ "xxxx" Sığorta Şirkəti ASC tərəfindən ödənilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdeh iddia tələbinə etiraz edərək onun rədd olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, sığortalı "xxxx" MMC ilə "xxxx" ASC arasında bağlanmış 01 yanvar 2019-cu il tarixli M0001/19_458 saylı “avtonəqliyyat vasitələrinin kompleks sığortası” şəhadətnaməsinə əsasən “Volkswagen Polo” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobil cəmiyyətdə sığortalanmışdır. Cavabdeh X6 26 fevral 2019-cu il tarixdə, saat 13:15 dəqiqədə “Opel Astra G18” markalı, **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Qaraçuxur qəsəbəsində idarə edərkən sığortalanmış “Volkswagen Polo” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq zədələmişdir. Cavabdeh AR İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Sığortalanmış “Volkswagen Polo” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı "xxxx" MMC tərəfindən 7.233,40 manat məbləğində müəyyən edilmişdir. 7.233,40 manat sığorta ödənişi faydalanan şəxsin razılığı ilə təmir müəssisəsinin bank hesabına köçürülmüşdür. Zərərvuranın sığortaçısı "xxxx" Sığorta Şirkəti ASC-yə ödənilmiş sığorta ödənişinin 5000 manat hissəsinin geri qaytarılması tələbi ilə bağlı 19/469 saylı, 17 iyul 2019-cu il tarixli məktub göndərilmiş və tələb olunan məbləğ "xxxx" Sığorta Şirkəti ASC tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçının subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə iclasında müəyyən olundu ki, 26 fevral 2019-cu il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı “Volkswagen Polo” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomaşının zədələnməsi nəticəsində dəymiş zərərə görə iddiaçı tərəfindən həmin avtomobilin təmir xərcləri ödənilmiş, sığorta hadisəsi baş verərkən cavabdeh X6 təqsirli bilindiyindən, iddiaçının ona qarşı subroqasiya hüququ yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh X6 vurulmuş maddi zərərin əvəzini ödəməlidir. Məhkəmə tərəfindən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş ziyanın miqdarının müəyyən edilməsi üçün məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 16 fevral 2022-ci il tarixdə verilmiş ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, “Euro Style” LTD-nin 27 fevral 2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2018-ci il buraxılışlı, “Volkswagen Polo” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə 5.946 manat müəyyən edilmişdir. Məhkəmə dəymiş zərərin miqdarı məsələsini müzakirə edərkən ekspert rəyinə iş üzrə tədqiq edilmiş digər sübutlarla müqayisəli şəkildə qiymət verərək hesab edir ki, AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş müvafiq rəy mötəbər sübut kimi qəbul edilməlidir. Sığorta ödənişinin zərərvuranın sığortaçısı "xxxx" Sığorta Şirkəti ASC tərəfindən ödənilmiş 5.000 manat hissəsi ekspert rəyində müəyyən edilmiş məbləğdən çıxılmaqla (5946-5000=946) qalan 946 manat məbləğində vəsait zərərin əvəzi olaraq cavabdehdən "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. İş üzrə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası tərəfindən keçirilmiş ekspertiza xərci 100 manat müəyyən edilmişdir. Məhkəmə iddia tələbinin ödənilmiş 30 manat dövlət rüsumunun tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, cavabdehdən 26.20 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməli, 3.80 manat rüsum iddiaçının özünə aid edilməlidir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş ekspertiza xərci 100 manatın 65 manat hissəsi cavabdehdən tutularaq, qalan 35 manat hissəsi isə iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh X1 vurulmuş zərərə görə 946 manat məbləğində sığorta ödənişi, ödənilmiş 26.20 manat dövlət rüsumu, cəmi 972,20 manat alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh X1 vurulmuş zərərə görə 946 (doqquz yüz qırx altı) manat məbləğində sığorta ödənişi, ödənilmiş 26,20 (iyirmi altı manat iyrimi qəpik) manat dövlət rüsumu, cəmi 972,20 (doqquz yüz yetmiş iki manat iyirmi qəpik) manat pul vəsaiti alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilsin. 3.80 (üç manat səksən qəpik) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manatın 65 (altmış beş) manatı cavabdeh X1, qalan 35 (otuz beş) manatı isə iddiaçı "xxxx" ASC-dən alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar