Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3747/2023 26.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi X6, Azərbaycan Respublikası X7 Bakı Regional Bölməsinin nümayəndəsi X11, X1 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin Respublikaya idxal etdiyi “Semeyniy Budget” əmtəə nişanlı ət konservi məhsulunun müsadirə edilməklə 6000 (altı min) manat cərimə edilməsi, bu müddət ərzində Respublikaya idxal etdiyi “Semeyniy Budget” əmtəə nişanlı ət konservindən əldə etdiyi gəlirin dövlət büdcəsinə ödənilməsi, eyni zamanda İddiaçı dəymiş 10000 (on min) manat mənəvi ziyanın, 196 manat maddi ziyanın və 121 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdeh ”ŞAM-Fİ X12” MMC-dən İddiaçı dəymiş 30000 (otuz min) manat mənəvi, 340 manat maddi ziyanın və 121 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, 19 noyabr 2022-ci il tarixində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 46 ünvanında fəaliyyət göstərən “Bolmart” marketindən aldığı 2 ədət, hər birinin qiyməti 8.1 manat olan, idxalçı ”ŞAM-Fİ” firmasına məxsus “Semeyniy Budget” əmtəə nişanlı ət konservinin içərisində ətin kütlə payının kifayət qədər az olması və eyni zamanda məhsulun üzərində Azərbaycan dilində məlumatların qeyd edilməməsi barədə, Azərbaycan Respublikası X7nin 1003 “Çağrı Mərkəzinə” müraciət etmiş, müraciətə AR QTA tərəfindən 12 yanvar 2023-cü il tarixində rəsmi cavab verilmişdir. Cavab məktubunda, sözügedən ünvanda qanunvericiliyin tələbinə uyğun növbədənkənar yoxlamanın keçirildiyi və yoxlama zamanı marketdə satışa təqdim olunan müxtəlif növdə konservləşdirilmiş ət məhsullarının müəyyən qisminin qablaşdırılması üzərində Azərbaycan dilində məlumatların qeyd olunmadığı bildirilir. Eyni zamanda agentliyin 12 yanvar 2023-cü il tarixli cavab məktubunda “Qost-qovyadina” əmtəə nişanlı ət konservinin tərkibində ətin kütlə payının yoxlanması məqsədi ilə məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnsitutunun nümunə qəbulu məntəqəsinə təhvil verildiyi qeyd edilmişdir. Lakin “Qost-qovyadina” əmtəə nişanı deyil, sikayətinin “Semeyniy Budget” əmtəə nişanlı ət konservindən olduğunu nəzərə alaraq 23 yanvar 2023-cü il tarixində təkrar AQTA-ya rəsmi ərizə ilə müraciət etmiş, müraciətinə 01 mart 2023-cü il tarixində cavab verilmişdir, cavab məktubunda, “Semeyniy Budget” əmtəə nişanlı ət konservinin tərkibində ətin və yağın kütlə payı məhsul istehsalına dair normativ sənədin (ГOCT 3********) tələbinə uyğun olması qeyd edilir. Dövlətin ciddi bir qurumunda “Qost-qovyodina” sozü ilə əmtəə nişanınını ayırd edə bilməyən Agentlikdən bundan artıq nə gözləmək olar. Sınaq nəticələrinin 09 yanvar 2023-cü il tarixində hazır olmasına baxmayaraq, Bakı şəhəri Nizamı rayonu Heydər Əliyev prospekti 185B ünvanında yerləşən AR QTA Bakı Regional Bölməsinə dəfələrlə gedərək sınaq nəticələrinin ona verilməsini tələb etməsinə baxmayaraq, sənədlərin əlbəəl verilməsinin mümkün olmadığını bəhanə edərək ona sözügedən sənəd verilməmişdir. Laboratoroiyaya hansı nümunənin təqdim edilməsindən və sınağın hansı şəraitdə aprılmasından bir şikayətçi kimi onun xəbərinin olmaması, AQTA-nın işində ciddi problemlərin olduğundan xəbər verir. Eyni zamanda Azərbaycan Qıda Təhlükəsizliyi İnsitutunun Milli Referens Laboratoriyasının AZ-20010319/LAB01- 22055-T-055 saylı, 9 yanvar 2023-cü il tarixli Sınaq Protokolu həqiqəti əks etdirmir və bu cavaba görə laboratoriyanın müdiri X9 və laboratoriyanın digər əməkdaşları məsuliyyət daşıyır. Agentliyin nümayəndəsi öz avadanlıqların və texnologiyaların beynəlxalq standartlarını qeyd etsə də, həmin avadanlıqlardan istifadə edən şəxslərin vicdanlılğı və protokolun formal olaraq tərtib edilməsi onda sual doğurur. O, laboratoriyanın rəyi ilə razılaşmır, fakt ondan ibarətdir ki, onun aldığı ət konservində ətin miqdarı qeyd olunandan kifayət qədər az olmuşdur, yəni 114 qram, bu da bir alıcı, istehlakçı kimi onun hüquqlarının pozulmasına, mənafelərinin zərər görməsinə, onun maddi ziyana düşməsinə səbəb olmuşdur. Eləcə də, bu hal onun vaxtını ancaq bu işə sərf edərək əsəbləşməsinə, mənəvi zərər çəkməsinə səbəb olmuşdur. Buna görə də, istehlakçı kimi ona dəymiş mənəvi zərəri tələb etmək onun hüququdur. O, vicdanlı bir vətəndaş kimi həm özünün, həm də digər istehlakçılarım hüquqlarını müdafiə etmək, onların haqqını qorumaq üçün bu iddianı qaldırmışdır. Sonda İddiaçı iddia tələbinin təmin edilməsi və ona dəyən zərərin ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi X10 iddia tələbinə etriaz edərək bildirdi ki, iddiaçı tərəfindən irəli sürülən iddia tələbi qanunsuz və əsassızdır, “Semeyniy Budget” ət konservi Rusiya Federasiyasında istehsal olunur və Cavabdeh MMC tərəfindən oradan idxal olunmaqla müxtəlif pərakəndə satış mağazalarına paylanılır, həmin məmulat X7 ilə razılaşdırılmaqla ölkəyə idxal olunur, idxal olunan bütün məhsullar qida təhlükəsizlik tələblərinə cavab verir. İddiaçı isə kustar üsul ilə məhsuldakı ətin və yağın kütlə payını müəyyənləşdirməyə çalışmışdır, lakin məhsulun keyfiyyətinin müəyyən edilməsi yalnızca müvafiq laboratotiyalarda mümkündür. İddiaçı öz iddia tələbini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir, ancaq kimlərəsə şər, böhtan ataraq nəyəsə nail olmağa çalışır. Sonda cavabdehin nümayəndəsi iddia tələbinin rədd ediməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü tərəf Azərbaycan Respublikası X7 Bakı Regional Bölməsinin nümayəndəsi X15 izahatında bildirdi ki, vətəndaş İddiaçı müraciətinə əsasən “Semeyniy Budget” ət konservindən nümunələr götürərək Agentliyin tabeliyində olan X5 laboratoriyasında yoxlanılmış, yoxlama nəticəsində “Semeyniy Budget” ət konservinin qida təhlükəsizliyi ilə bağlı norma və qaydalara uyğun olduğu müəyyən olunmuşdur. Belə ki, məhsulun istehsalçısı tərəfindən məhsulun üzərində onun standartı göstərilməklə ət konservində ətin və yağın kütlə payının 58.0%-dən az olmadığı qeyd olunmuş, yoxlama nəticəsində isə məhsulda ətin və yağın kütlə payının 60.2%-dən az olmadığı müəyyən edilmişdir ki, bu da məhsulun standartlara uyğun olduğunu göstərir. Məhsulun üzərində ətin və yağın, zülalların, digər yağları kütlə payları ayrıa göstərilmidir. Agentliyin laboratoriyasında məhsulun yoxlanılması beynəlxalq standartlar əsasında müəyyən edilən ən yeni və müasir üsul və texnologiyalar ilə həyata keçirilir ki, bu da həmin yoxlamaların obyektivliyinə hər hansı şübhənin olmaması deməkdir. Həmçinin Nazirlər Kabinetinin Qərarına əsasən məhsulun standartlara uyğun olmasının yoxlanılması ancaq sertifikasıyadan keçmiş laboratoriyalarda aparılmalıdır, həmin laboratoriyalarda xüsusi avadanlıq və texnologiyaların tətbiq edilməsi ilə düzgün nəticəyə gəlmək mümkündür. Sınaq nəticəsində hər hansı qüsur müyyən edildikdə ümumi məhsula geri çağrılma verilir, idxalçıya və istehsalçıya məlumat verilir. Bundan sonra idxalçı tərəfindən payladığı satış məntəqələrindən həmin məhsullar yığılır. Agentliyin nümayəndəsi idxalçının məsuliyyəti ilə bağlı qeyd etdi ki, əgər istehsalçı tərəfindən bütün sertifikatlar təqdim edilmişdirsə, məhsulun keyfiyyətini təsdiq edən digər sənədlər verilmişdirsə, yəni məhsuldakı qüsur ilə bağlı idxalçının təqsiri və məlumatı olmamışdırsa, idxalçının məsuliyyəti istisna olunur. X2 izahatında bildirdi ki, X5 laboratoriyasında işləyir, istehsalçı tərəfindən məhul müəyyən standartlara əsasən istehsal olunur və istehsalçı məhsulun bu standartlara uyğun olmasına görə məsuliyyət daşıyır. Məhsulların üzərində çəkisi ilə yanaşı tərkibindəkilərin kütlə payı da göstərilə bilir. Laboratoriyaya daxil olan məhsullar öncə qabla birlikdə çəkisi ölçülür. Sonra qabdan ayrılır və çəkisi müəyyən edilir. Çəkisi müəyyən edilərkən xüsusi qablar ilə onun suyu kənarlaşdırılır, məhsul əridilmir və ya yağdan ayrılmır, həmin məhsulu ayırmaq üçün deşiklərinin diametri 2 (iki) millimetr olan ələklərdən keçirildikdən sonra məhsul on dəqiqə müddətində saxlanıldıqdan sonra ət hissəsi götürülür və çəkilir. Laboratoriya akkreditasiya olunmuşdur və sınaqları üç nəfər mütəxəssis birlikdə aparır və rəy verir. Məhsulun normativ sənədində yazılıb ki, əla növ məhsulda 58 %-dən, birinci növ məhsulda ətin və yağın kütlə payı 56%-dən az olmasın. Əgər məhsulun tərkibində 58%-dən aşağı olsaydı, onda məhsulun hansı növ olması ilə bağlı idxalçıya müraciət ediləcəkdi. 56%-dən aşağı olduqda məhsul sınaq nəticəsi kimi “uyğun deyil” qeyd olunur və bununla bağlı Agentlik tərəfindən müvafiq tədbirlər görülür. Məhkəmə tərəflərin, üçüncü şəxsin nümayəndəsinin və mütəxəssisin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası X7 Bakı Regional Bölməsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, müraciətlə əlaqədar olaraq qeyd olunan ünvanda fəaliyyət göstərən qida obyektində “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 16.1.3-cü maddəsinə əsasən əməkdaşları tərəfindən plandankənar (növbədənkənar) yoxlama həyata keçirilmişdir. Yoxlama zamanı markedə satışa təqdim olunan müxtəlif növdə konservləşdirilmiş ət məhsullarının müəyyən qisminin qablaşdırması üzərində Azərbaycan dilində məlumatların qeyd olumadığı müəyyən edilmiş və sözügedən məhsullar etiket məlumatlarının yenidən təmin edilməsi məqsədi ilə satış vitrinlərindən kənarlaşdırılmışdır. Bununla yanaşı, müraciətdə qeyd edilən "Qost-qovyadina” əmtəə nişanlı ət konservinin tərkibində ətin kütlə payının yoxlanılması məqsədi ilə məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnistitutunun nümunə qəbulu məntəqəsinə təhvil verilmişdir. Eyni zamanda qeyd olunan məsələ ilə əlaqədar olaraq marketin rəhbərliyinə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə riayət edilməsi barədə İcrası məcburi göstərişlər verilmiş və bu sahədə qanunvericiliyin tələbləri izah edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası X7 Bakı Regional Bölməsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, müraciətlə əlaqədar olaraq qeyd olunan ünvanda fəaliyyət göstərən qida obyektində "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 16.1.3-cü məddəsinə əsasən əməkdaşları tərəfindən plandankənar (növbədənkənar) yoxlama həyəta keçirilmişdir Yoxlama zamanı marketdə satışa təqdim olunan müxtəkf növdə konservləşdirilmiş ət məhsullarının müəyyən qisminin qablaşdırması üzərində Azərbaycan dilində məlumatların qeyd olumadığı müəyyən edilmiş və sözügedən məhsullar etiket məlumatlarının təmin edilməsi məqsədi ilə satışdan kənarlaşdırılmışdır. Bununla yanaşı, müraciətdə qeyd edilən "X18-qovyodina” əmtəə nişanlı ət konservinin tərkibində ətin kütlə payının yoxlanılması məqsədi ilə məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilmiş və AQTİ-nin sınaq protokoluna əsssən “X18-qovyodina” əmtəə nişanlı ət konservinin tərkibində etin və yağın kütlə payı məhsul istehsalına dair normativ sənədin (ГOCT 3********) tələblərinə uyğun olmuşdur. Əlavə olaraq bildiririk ki, müraciətdə qeyd edilmiş məhsulların ticarət şəbəkələrində satışı həmin məhsulların üzərindəki etiketlər və adlar başqa dillərlə yanaşı müvafiq qaydada Azərbaycan dilində də, təmin edilməklə həyata keçirilir. İş materiallarında olan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi İnistitutu Milli Referans Laboratoriyasının AZ-20010319/LAB01-22055-T-055 nömrəli Sınaq protokolundan görünür ki, “Semeyniy Budget” mal əti konservində ətin və yağın kütlə payı normativ (standart) tələb üzrə 58.0%-dən az olmamalıdır və sınaq nəticəsində əldə olunan nəticəyə əsasən ətin və yağın kütlə payının 60.2%-dən az olmadığı müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası X7 AZ-20010166/İD-Q-220284 nomrəli xx.xx.2022-ci il tarixli X3 görünür ki, Cavabdeh MMC tərəfindən idxal edilən “Semeyniy Budget” mal əti konservi təhlükəsizlik götəricilərinə görə qüvvədə olan norma və qaydalara uyğundur. İş materiallarında olan Müqavilədən görünür ki, Cavabdeh MMC Rusiya Federasiyasında yerləşən "xxxx" MMC-dən müxtəlif məhsulları, o cümlədən ət konservlərini alaraq qəbul etmək barədə razılaşmışdır. Həmin Müqavilədən görünür ki, məhsullar Rusiya Federasiyasından Azərbaycan Respublikasına idxal olunmalıdır. İş materiallarında olan qəbzdən görünür ki, “Semeyniy Budget” mal əti konservi üçün alıcı tərəfindən “Bolmart” mağazasına 16,2 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, “Semeyniy Budget” mal əti konservi üçün alıcı tərəfindən “Araz Market”ə 8,09 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, Tushenka qlavpro üçün alıcı tərəfindən “Rahat Market”ə 8,06 manat məbləğində ödəniş edilmişdir İş materiallarında olan satış çeklərindən görünür ki, İddiaçı məhkəməyə gəlməklə bağlı benzinə ümumilikdə 300 manat məbləğində vəsait xərcləmişdir. İş materiallarında olan ********** nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən 121 manat məbləğində dölət rüsumu ödənilmişdir. İş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Azərbaycan Republikasına Rusiya Federasiyasından “Semeyniy Budget” mal əti məmulatı (konserv) Cavabdeh MMC tərəfindən idxal olunur, həmin məhsulun istehsalçısı Rusiya Federasiyasında fəaliyyət göstərən və hüquqi ünvanı Moskva şəhərində olan "xxxx" MMCdir, İddiaçı “Bolmart” və “Araz Market” mağazalarından pərakəndə alqı-satqı əsasında həmin məhsulları əldə etmişdir, qeyd edilənlər işin mübahisəsiz hallarıdır. Bununla belə, mübahisəli konserv məmulatlarının qüsurları, o cümlədən keyfiyyət və digər göstəriciləri (çeşidi, qida və enerji dəyəri, tərkibi, miqdarı, istehsal tarixi, yararlılıq müddəti, tərkibindəki allergenlər, mənşəyi və s.) üzrə cavabdehin hüquqazid əməllərinə dair hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə, iddia tələbinə münasibətdə hesab edir ki, iddiaçı, mübahisələndirilən “Semeyniy Budget” mal əti konservlərini Cavabdeh MMC-dən deyil, pərakəndə satışı həyata keçirən müxtəlif mağazalardan aldığından, istehsalçı Rusiya Federasiyasında fəaliyyət göstərdiyindən, cavabdehin fəaliyyətində isə mübahisə predmeti üzrə hüquqazid hallar müəyyən olunmadığından, bütövlükdə isə tərəflər arasında hər hansı bir hüquq münasibəti yaranmadığından, iddiaçı cavabdehə qarşı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmamışdır (subyektiv hüquq baxımından). Mülki Prosessual Məcəllənin 2.1-ci maddəsinə əsasən, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları dedikdə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları, mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları, qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi, elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması, başqa şəxsə zərər vurulması, əsassız varlanma, fiziki və hüquqi şəxslərin digər hərəkətləri, qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə nəzərdə tutulur. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 387.3-cü maddəsinə əsasən, öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. Həmin Məcəllənin 614-cü maddəsinə əsasən, pərakəndə alğı-satqı müqaviləsinə görə malların pərakəndə satışı üzrə sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan şəxsi, ailə, ev və ya digər istifadə üçün nəzərdə tutulan malı alıcıya verməyi öhdəsinə götürür. Fiziki şəxs olan alıcının iştirakı ilə pərakəndə alğı-satqı müqaviləsi ilə əlaqədar bu Məcəllə ilə tənzimlənməyən münasibətlərə istehlakçıların hüquqlarının qorunması haqqında qanun və ona uyğun qəbul edilmiş digər normativ hüquqi aktlar tətbiq edilir. Həmin Məcəllənin 616-cı maddəsinə əsasən, malın qeyri-müəyyən şəxslər dairəsinə ünvanlanmış reklamda, kataloqlarda və malların təsvirlərində təklif edilməsi, əgər bu, pərakəndə alğı-satqı müqaviləsinin bütün mühüm şərtlərini əhatə edirsə, ümumi oferta (maddə 408.8) sayılır. Satış yerində (piştaxtalarda, vitrinlərdə və i.a.) malların qoyulması, onların nümunələrinin nümayiş etdirilməsi və ya satılan mallara dair məlumatların (malların təsvirlərinin, kataloqlarının, fotoşəkillərinin və i.a.) təqdim edilməsi qiymətin və pərakəndə alğı-satqı müqaviləsinin digər mühüm şərtlərinin göstərilib-göstərilmədiyindən asılı olmayaraq ümumi oferta sayılır, amma satıcının müəyyən malların satış üçün nəzərdə tutulmadığını aşkar müəyyənləşdirdiyi hal istisna təşkil edir. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, istehlakçı — şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs; istehsalçı — mülkiyyət formasından və təşkilati-hüquqi formasından asılı olmayaraq satış üçün mal istehsal edən müəssisə, idarə, təşkilat və ya sahibkar; satıcı — alğı-satqı əməliyyatı aparan, mal satan müəssisə, idarə, təşkilat və ya sahibkardır. Həmin Qanunun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir: malların (işlərin, xidmətlərin) və onların istehsalçısının, icraçısının və satıcısının sərbəst seçilməsinə; istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olmasına; malların (işlərin, xidmətlərin) təhlükəsizliyinə; malların (işlərin, xidmətlərin) miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etməyə; qanunvericilikdə nəzərdə tutulan hallarda, lazımi keyfiyyəti olmayan, habelə insanların sağlamlığına, həyatına təhlükəli olan malların (işlərin, xidmətlərin) vurduğu zərərin ödənilməsinə; öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə; ictimai təşkilatlarda (istehlakçılar birliyində) birləşməyə. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən, istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: lazımi keyfiyyətli mala dəyişdirməyi; satış qiymətini uyğun məbləğdə azaltmağı; malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən, satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (qida məhsulları barəsində isə; həm də qida və enerji dəyəri, tərkibi, miqdarı, keyfiyyət göstəriciləri, istehsal tarixi, yararlılıq müddəti, tərkibindəki allergenlər, mənşəyi), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir. Satıcı (icraçı) istehlakçıya müəssisənin satdığı malların ticarət qaydaları və xidmət növləri barəsində də dolğun və düzgün məlumat verməlidir. Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmalıdır. Satıcı (icraçı) Azərbaycan Respublikasının ərazisində satdığı malların (işlərin, xidmətlərin) qiymətlərini yalnız manatla göstərməlidir. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən, istehsal edilmiş malın üzərində istehsal və ya ticarət markası, əmtəə nişanı və ya coğrafi göstərici olmalıdır. İstehsal markasında istehsalçının (icraçının) adı, mənsubiyyəti, yeri və standartların (normativ sənədlərin) işarəsi göstərilir. Hazırlanmış mal istehsal markasına uyğun gəlməlidir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsin hazırladığı malın (işin, xidmətin) etiketi (yarlığı) olmalıdır. Etiketdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ verən sənədin nömrəsi, onu təsdiq edən orqanın adı, zəruri hallarda onun sertifikatlaşdırılması, xüsusi tələblərə cavab verən mallar (işlər, xidmətlər) üçün isə dövlət standartlarının nömrəsi haqqında məlumat verilməlidir. Qida məhsullarının etiketlənməsinə dair tələblər “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq müəyyən edilir. Həmin Qanunun 13.4-cü maddəsinə əsasən, satılan mal barəsində yanlış məlumatın və ya kifayət qədər dolğun olmayan məlumatın verilməsi, istehlakçının lazımi xassələrə malik olmayan malı (işi, xidməti) almasına səbəb olmuşdursa, onun müqaviləni ləğv etmək və itkilərin ödənilməsini tələb etmək hüququ vardır. Həmin Qanunun 13.8-ci maddəsinə əsasən, dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında aşağıdakılar qeyd edilmişdir: Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı cavabdeh ”ŞAM-Fİ X12” MMC-yə qarşı “dəymiş mənəvi zərərin əvəzi kimi 30000 (otuz min) manat, maddi zərər kimi 340 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 121 manatın alınaraq İddiaçı ödənilməsi barədə” iddia tələbi təmin edilməməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə isə hesab edir ki, iddia tələbi rədd edildiyindən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun xx.xx.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı "cavabdeh ”ŞAM-Fİ X12” MMC-dən dəymiş mənəvi zərər kimi 30000 (otuz min) manat, maddi zərərin əvəzi kimi 340 manat məbləğin və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 121 manatın alınaraq İddiaçı ödənilməsi” barədə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-3747/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3747/2023
26.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver