Məhkəmə qərarları › İş №2(011)-3798/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3798/2023

22.08.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3798/2023 22.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin halları:

1. İddiaçı xx.xx.2018-ci ildə Xətai rayonu, Köhnə Günəşli qəsəbəsi, General Şıxlinskiy küçəsi 47, 55 saylı mənzili alaraq hal-hazırda həmin ünvanda yaşayır və qeydiyyatdadır. İddiaçı ilə mənzili satan şəxs X13 arasında AN-İ № ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanmışdır.

2. İddiaçı mənzili aldığı zaman mənzildə qeydiyyatda olan ailə üzvləri ilə birlikdə söz versə də bu günə qədər mülkiyyəti satan şəxsin nəvəsi Cavabdeh (Rusiya vətəndaşı) qeydiyyatdan çıxmamışdır. Bu isə iddiaçının konstitusion hüquqlarını məhdudlaşdırır.

İddiaçının tələbi:

3. Cavabdeh ünvan 1 ünvanındakı mənzilə yaşayış hüquqlarının itirilməsi barədə qətnamə edilməsi xahiş edilmişdir.

4. İddiaçı tərəfindən məhkəməyə verilmiş xx.xx.2023-cü il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə əsasən, iddiaçı məhkəmədən Cavabdeh mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Cavabdehin etirazı:

5. Cavabdehlər tərəfindən ərizəçinin tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır.

İşdə iştirak edən şəxslərin izahatları:

6. Məhkəmə iclasında iştirak edən İddiaçı öz izahatında qeyd etmişdir ki, cavabdeh sözügedən mənzilin əvvəlki mülkiyyətçisinin nəvəsidir və ev satılan zaman cavabdeh könüllü olaraq mənzilin satılmasına razılıq vermişdir. Satıcı ilə hamı qeydiyyatdan çıxdıqdan sonra tam ödəniş ediləcəyi barədə razılığa gəlmişdilər, alıcı ona bütün ailə üzvlərinin qeydiyyatdan çıxdığını dedikdən sonra ödənişi tam etmişdir. Lakin bir müddət sonra keçmiş mülkiyyətçinin nəvəsi olan cavabdehin hələ də qeydiyyatda qaldığını öyrənmişdir.

7. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:

8. xx.xx.2018-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən, satıcı X13 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 48.35 kv/m, yaşayış sahəsi 30.15 kv/m olan 2 otaqlı mənzili alıcı İddiaçı tam mülkiyyətinə verməyi, alıcı isə 51000 manat məbləğində evin dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür.

9. ÖM seriyalı 216789 nömrəli qeydiyyat vəsiqəsinə əsasən, Xətai rayonu, Şıxlinski küçəsi, ev 47, mənzil 55 ünvanında yerləşən 2 otaqlı mənzil X3 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 337 saylı reyestr kitabında 30/29153 nömrəli xx.xx.2004-cü il tarixdə qeydiyyat aparılmışdır.

10. xx.xx.2018-ci il tarixli “Elektron notariat” X1 çıxarışa əsasən, ünvan 2 ünvanında Cavabdeh, X6, X2, X5, X7, X8, X10, X13, X4 qeydiyyatdadırlar.

11. xx.xx.2018-ci il tarixli ** AB ***7272 saylı razılığa əsasən, Cavabdeh mülkiyyət hüququ ilə X9 məxsus olan və Azərbaycan Respublikası, ünvan 3 ünvanında yerləşən mənzili şəxsi mülahizəsinə uyğun olaraq şərtlər və qiymət əsasında satmağına öz razılığını vermişdir.

12. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ******* saylı çıxarışa əsasən, xx.xx.2018-ci il tarixli ********** saylı qeydiyyat nömrəsi ilə Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 47 ünvanında yerləşən 55 saylı mənzilin ümumi sahəsi 50.75 kv.metr olmaqla, İddiaçı tam paylı mülkiyyətindədir.

13. 050202 saylı vəsiqəyə əsasən, İddiaçı müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir.

14. xx.xx.2019-cu il tarixli, MK261 saylı məktuba əsasən, X16 Miqrasiya Xidməti tərəfindən yaşayış yeri üzrə qeydiyyata alınmamışdır.

15. xx.xx.2023-cü il tarixli, ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 47 ünvanında yerləşən 55 saylı mənzildə X11, Cavabdeh, X12, X14 qeydiyyatdadırlar.

Tətbiq edilən hüquq:

16. Azərbaycan Respublikasının Konstitusiyası: 13.İ.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

17. «İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokol:

1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 158.3 Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 203.1. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5 Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

22. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir. 9.1.20. Məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumunu ödəməkdən azad olunurlar.

Məhkəmənin mövqeyi:

23. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəfin izahını, əlavə edilmiş sənədləri, nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir.

24. İşin mübahisəsiz hallarından göründüyü kimi, iddiaçı X14 ilə X13 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alğı-satqısı müqaviləsi əsasında ünvan 4 ünvanında yerləşən mənzil iddiaçının mülkiyyətinə keçmiş və mənzilə dair onun mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə dövlət qeydiyyatından keçmişdir. Evə dair əvvəlki mülkiyyətçinin mülkiyyət hüququ isə xx.xx.2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. Cavabdeh əvvəlki mülkiyyətçinin nəvəsidir (keçmiş mülkiyyətçinin ailə üzvü). Ona görə də, məhkəmənin qənaətinə görə həmin cavabdehə AR MM-in 228.5-ci maddəsində qeyd olunmuş müddəlar tətbiq olunmalıdır (§18).

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır(§19) . Göründüyü kimi, mülkiyyətçi ilə bərabər həmin yaşayış sahəsində yaşayan şəxslərin istifadə hüquqlarının yaranması üçün onların mülkiyyətçinin ailə üzvü, yəni arvadı (əri), uşaqları və valideynləri olması və həmin şəxslərin mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşamaları əsas şərtdir. Cavabdehlər Mənzilin əvvəlki mülkiyyətçisinin ailə üzvü (övladları) olduğundan onların da Mənzildən istifadə hüquqları yaranmışdır. Lakin onlar da Mənzil satıldıqdan sonra əvvəlki mülkiyyətçi ilə birlikdə daimi olaraq köçüb başqa yaşayış yerinə getməklə, Mənzildən istifadə hüquqları ilə bağlılıqlarını daimi olaraq kəsmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir.

25. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı keçmiş mülkiyyətçinin və onun ailə üzvlərinin mənzili ona təhvil vermələrinə və onların qeydiyyatdan çıxmalarına əmin olaraq mənzili əldə etmişdir. Lakin alğı-satqı müqaviləsinin tərəfi olmuş satıcının yaxın qohumu Cavabdeh hal-hazırda həmin ünvanda qeydiyyatdadır. İddiaçı ilə cavabdeh arasında hər hansı yaxın qohumluq əlaqələri mövcud deyil, habelə o iddiaçının ailə üzvü də deyil. Cavabdehin həmin mənzildə qeydiyyatda qalmaqda davam etməsi iddiaçının mülkiyyət hüquqlarını həyata keçirməsinə maneələrə və həmçinin əlavə kommunal xərclərə səbəb olur. Eyni zamanda cavabdehin qeydiyyatı formal xarakter daşıdığından, onun həmin mənzildə qeydiyyatda qalması iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırdığından, həmçinin mənzildən istifadə hüquqlarının yaranması üçün tərəflər arasında hər hansı bir müqavilə olmadığından, cavabdehin həmin mənzildən istifadə hüququna xitam verilməlidir. Belə ki, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (§18).

26. Məhkəmə qeyd edir ki, xx.xx.2018-ci il tarixli notarial qaydada verilmiş 77AB9147272 saylı razlığa əsasən, Cavabdeh sözügedən mənzilin X3 şəxsi mülahizəsinə uyğun olaraq şərtlər və qiymət əsasında satılmasına etiraz etmədiyini bildirmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir.

27. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 47, 55 saylı mənzilə istifadə hüququ itirilmiş hesab edilməlidir.

Məhkəmə xərcləri:

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddiaçı müharibə veteranı olması ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olduğundan qanunvericiliklə qiymətləndirilməyən iddialar üçün müəyyən edilmiş məbləğə mütənasib olaraq, yəni 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır.

29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ:

1. İddia tələbi təmin edilsin.

2. Cavabdeh ünvan 4 ünvanında yerləşən mənzilə istifadə hüququ itirilmiş hesab edilsin.

3. Cavabdeh 100 (yüz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin.

4. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar