Məhkəmə qərarları › İş №2(011)-3832/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3832/2023

29.08.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3832/2023 29.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin halları:

1. İddiaçı xx.xx.2022-ci ildə Bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsi, ev 7 ünvanında yerləşən 159 saylı mənzili AN-İ №1086067 saylı daşınmaz əmlakın alqı-satqısı müqaviləsi ilə X2 almışdır. İddiaçı mənzilə tam mülkiyyət hüququ isə xx.xx.2022-ci il tarixində ********** nömrə ilə qeydiyyata alınmışdır.

2. Cavabdeh başqa yerdə yaşasa da, iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsi, ev 7 ünvanında yerləşən 159 saylı mənzildə qeydiyyatdadır. Hal-hazırda Cavabdeh ABŞ-da olduğu üçün qeydiyyatdan çıxması mümkün deyildir.

İddiaçının tələbi:

3. Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsi, ev 7 ünvanında yerləşən 159 saylı mənzildən istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

Cavabdehin etirazı:

4. Cavabdeh tərəfindən ərizəçinin tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır.

İşdə iştirak edən şəxslərin izahatları:

5. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, qeyd etmişdir ki, xx.xx.2022-ci ildə Şabakayeva Yuliyadan sözügedən mənzili alğı-satqı müqaviləsi yolu ilə əldə etmişdir. Cavabdeh şəxs Şabakayeva Yuliyadan əvvəlki mülkiyyətçidir, bu iki xanım rəfiqə olmuşlar, ona görə də əvvəlki mülkiyyətçi Aytən xanımı qeydiyyatdan çıxarmamışdır. Notarial qaydada alğı-satqı edilən zaman cavabdeh Aytən xanım qeydiyyatdan çıxacağını bildirmiş, lakin bu günə kimi qeydiyyatdan çıxmamışdır. İddiaçı işin məhkəmə baxışına təyin olunmasını və iddia tələbinin təmin olunmasının məhkəmədən xahiş etmişdir.

6. Cavabdeh tərəf məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:

7. xx.xx.2022-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən, satıcı X4 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 67.6 kv/m olan mənzili alıcı İddiaçı tam mülkiyyətinə verməyi, alıcı isə 58000 manat məbləğində evin dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür.

8. xx.xx.2022-ci il tarixli arayışa əsasən, xx.xx.2022-ci il tarixli ********** saylı qeydiyyat nömrəsi ilə X3 məxsus mülkdə məhdudiyyət və yüklülük qeydiyyata alınmamışdır.

9. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışa əsasən, xx.xx.2022-ci il tarixli ********** saylı qeydiyyat nömrəsi ilə Bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsi, ev 7 ünvanında yerləşən 159 saylı mənzilin ümumi sahəsi 65.89 kv.metr olmaqla, İddiaçı tam paylı mülkiyyətindədir.

10. xx.xx.2023-cü il tarixli, ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən, Bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsi, ev 7 ünvanında yerləşən 159 saylı mənzildə Cavabdeh qeydiyyatdadır.

11. “Elektron notariat” X1 çıxarışa əsasən, Cavabdeh qeydiyyatda olduğu X3 məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilin satılmasına etiraz etmədiyini, müqavilədə nəzərdə tutulmuş müddətdə yaşayış sahəsini tərk etməyi və yaşayış yeri üzrə qeydiyyatdan çıxmağı öhdəsinə götürdüyünü bildirmişdir.

Tətbiq edilən hüquq:

12. Azərbaycan Respublikasının Konstitusiyası: 13.İ.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

13. «İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokol:

1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 158.3 Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 203.1. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5 Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi:

17. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəfin izahını, əlavə edilmiş sənədləri, nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir.

18. İşin mübahisəsiz hallarından göründüyü kimi, İddiaçı ilə X4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alğı-satqısı müqaviləsi əsasında Bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsi, ev 7 ünvanında yerləşən 159 saylı mənzil iddiaçının mülkiyyətinə keçmiş və mənzilə dair onun mülkiyyət hüququ xx.xx.2022-ci il tarixində ********** nömrə ilə dövlət qeydiyyatından keçmişdir.

19. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Cavabdeh əvəllər həmin mənzilin mülkiyyətçisi olmuş, daha sonra həmin mənzili Y. Şabakayeva satmış, lakin qeydiyyatdan çıxmamışdır və hal-hazırda da həmin ünvanda qeydiyyatdadır.(§5) İddiaçı ilə cavabdeh arasında hər hansı yaxın qohumluq əlaqələri mövcud deyil, habelə o iddiaçının ailə üzvü də deyil. Cavabdehin həmin mənzildə qeydiyyatda qalmaqda davam etməsi iddiaçının mülkiyyət hüquqlarını həyata keçirməsinə maneələrə və həmçinin əlavə kommunal xərclərə səbəb olur. Eyni zamanda cavabdehin qeydiyyatı formal xarakter daşıdığından, onun həmin mənzildə qeydiyyatda qalması iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırdığından, həmçinin mənzildən istifadə hüquqlarının yaranması üçün tərəflər arasında hər hansı bir müqavilə olmadığından, cavabdehin həmin mənzildən istifadə hüququna xitam verilməlidir. Belə ki, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (§18).

20. Məhkəmə qeyd edir ki, xx.xx.2022-ci il tarixli 5272 saylı notariat hərəkətinə əsasən, Cavabdeh qeydiyyatda olduğu X3 məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilin satılmasına etiraz etmədiyini bildirmiş, müqavilədə nəzərdə tutulmuş müddətdə yaşayış sahəsini tərk etməyi və yaşayış yeri üzrə qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. (§11)

21. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsi, ev 7 ünvanında yerləşən 159 saylı mənzilə istifadə hüququ itirilmiş hesab edilməlidir.

Məhkəmə xərcləri:

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Dövlət rüsumunun ödənilməsi ilə bağlı hər hansı tələb olmadığından məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ:

1. İddia tələbi təmin edilsin.

2. Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüququ itirilmiş hesab edilsin.

3. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin.

4. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar