Məhkəmə qərarları › İş №2(011)-3854/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3854/2021

12.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3854/2021 12.07.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Cavabdeh, onun nümayəndəsi X9 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh maddi zərərin əvəzi olaraq 10000 manat və 5000 manat mənəvi zərərin və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 05.07.2021-ci il tarixli məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, tərəflər bir-birlərini uzun illərdir ki, tanıyır, onlar həmyerlidirlər, Cavabdeh oğlu Elnur İddiaçı qızı Nuranə ilə ailə qurmaq istəmiş, bunun üçün onlar iddiaçının evinə elçi gəlmiş və onlar hər iki gəncin ailə qurmasına xeyirdua vermiş, 09.09.2018-ci il tarixdə isə onların toyu olmuşdur, Cavabdeh iddiaçı ilə söhbət zamanı oğlu Elnurla Nuranənin burada yaşamayaclarını, onların Moskva şəhərinə gedəcəklərini, onlara Moskva şəhərində ev almaq istədiyini və ev alacaqlarına söz verərək bunun üçün pulun bir hissəsini özü verəcəyini, digər hissəsini isə İddiaçıdan istəmişdir, iddiaçı da qohumluq münasibətlərində narazılıq olmasın deyə 13.09.2018-ci ildə qızı Nuranənin ad günündə yaşadığı Sumqayıt şəhəri, Xəzər bağları massivi, H.Aslanov küçəsində yerləşən fərdi yaşayış evində ailə üzvlərinin iştirakı ilə cavabdehə 10.000 manat pul vermişdir, cavabdehin oğlu X18 Federasiyasının vətəndaşı olduğu üçün onlar burada nikaha daxil olmamış, toydan sonra hər ikisi Moskva şəhərinə getmiş və 05.12.2018-ci il tarixdə Moskva şəhərində nikaha daxil olmuşlar, ilk əvvəl iddiaçı ilə cavabdeh razılaşmışlar ki, qıza cehiz əşyaları Moskva şəhərində alınsın, sonradan isə belə qərara gəlmişlər ki, cehiz əşyalarının müqabilində mənzil alınsın və bu məqsədlə də iddiaçı Moskva şəhərində ev almaq üçün 10000 manat pulu öz evində cavabdehə vermişdir. Vəkil həmçinin izahatında bildirdi ki, cavabdeh Moskva şəhərində ev alacağına söz versə də, sözünün üstündə durmamış, Moskva şəhərində heç bir ev alınmamış, iddiaçı tərəfindən verilən 10000 manat pulu da ona geri qaytarmamaqla öz şəxsi istifadəsində saxlamışdır, 2019-cu ilin dekabr ayına kimi Nuranə ilə Elnur Moskva şəhərində yaşasalar da həmin ilin dekabr ayının sonlarında onlar Azərbaycana qayıdaraq cavabdehin mənzilində yaşamışlar, lakin sonradan münasibətləri pozulmuş və ayrılmaq qərarına gəlmişlər, tərəflər 29.02.2020-ci il tarixdən etibarən faktiki olaraq ayrılmış və Nuranə öz ata evinə qayıtmışdır, 03.12.2020-ci il tarixdə isə Xətai rayon Məhkəməsinin qətnaməsi ilə aralarındakı nikaha xitam verilmişdir, iddiaçı dəfələrlə cavabdehdən ona verdiyi 10000 manatın qaytarılmasını tələb etsə də, cavabdeh pulu qaytarmamış və pulu qaytarmaqdan imtina etmişdir, iddiaçı pul tələbi ilə bağlı 15.10.2020-ci ildə DİN-ə şikayət ərizəsi ilə müraciət etmiş, şikayət baxılması üçün aidiyyəti üzrə Sumqayıt şəhər Polis İdarəsinə göndərilmiş, Sumqayıt ŞPİ-nin 10.11.2020ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir, lakin cavabehin ondan 10.000 manat pul almasını Sumqayıt şəhər Polis İdarəsinin qərarı da təsdiqləyir, belə ki, həmin qərarla ilkin yoxlama zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdehə 10000 manat pul vermişdir, bununla belə fakt təsdiqlənsə də, cavabdehin əməlində cinayət tərkibi aşkar olunmadığından iddiaçıya pul tələbi ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah edilmişdir, həmçinin həmin pul məbləğinin hazırda Elnur Ağayevdə olması Sumqayıt şəhər Polis idarəsinin mobil telefona baxış keçirilməsi barədə protokolunda da öz əksini tapmışdır, belə ki, iddiaçının qızı Nuranə ilə cavabdehin oğlu Elnur arasında olan “Watsapp” yazışmalarında Nuranənin “Atamın verdiyi 10.000 manatı xərcləmisiz?” sualına Elnur “Məndədi xərcləməmişəm” deyə cavab yazmış, həmçinin Elnur “...sənin atanın verdiyi 10 min bu günki kursla 6 min dollardı, mənim bu dəqiqə 15 min dollarım var, bilirsən mənim atam mənə nə edib, mənə o pulu verib ki, get özünə gün ağla, ailəni saxla, mən nə sənin atanın verdiyi pulu yemişəm, nə də öz atamın, mən çalışıram artıram" deyə cavab vermişdir, buradan da görünür ki, hətta cavabdehin oğlu da həmin pulun onda olmasını təsdiq edir. Sonda Vəkil iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçını uzun müddətdir ki, tanıyır, onun oğlu ilə iddiaçının qızı ailə həyatı qurmuş və toyları 09.09.2018-ci il tarixdə Bakıda olmuşdur, gəlin onun evinə gələrkən özü ilə heç bir cehiz gətirməmişdir, daha sonra onlar yaşamaq üçün Moskva şəhərinə getmişlər, 2019-cu ilin dekabrında isə onlar Azərbaycana qayıdaraq onların yaşadıqları Bakı şəhəri, Xətai rayonu, M.Davud küçəsi ev 102 saylı mənzildə yaşamışlar, bir müddət burada yaşadıqdan sonra onlar arasındakı ailə münasibətləri pozulmuş və 03.12.2020-ci il tarixdən Xətai rayon Məhkəməsinin qərarı ilə nikahları ləğv edilmişdir, gəlin evdən gedərkən əşyalarını özü ilə aparmışdır, evdə yalnız Nuranəyə məxsus az sayda paltarlar var idi ki, onları da o gedəndən uzun müddət sonra atmışdır, iddiaçı bir ata olaraq qızının ailə münasibətlərinin pozulması ilə bağlı ona heç vaxt zəng etməmiş, özü dəfələrlə ona müraciət etmişdir ki, bu məsələni qarşılıqlı şəkildə aydınlaşdırsınlar. Cavabdeh həmçinin izahatında bildirdi ki, cehiz və pulla bağlı iddiaçı ilə arasında heç bir söhbət olmayıb, iddiaçı ona heç vaxt 10.000 manat məbləğində pul verməmişdir, o da həmin məbləğdə ondan pul almamışdır, düzdür, Sumqayıt şəhər Polis İdarəsinin qərarı onun 10.000 manat pulu götürdüyünü təsdiq etsə belə bu qərar qanunsuzdur, onun pulu götürdüyünü təsdiq edə biləcək şahidlər yoxdur, iddiaçının şahidləri yalnız onun ailə üzvləridir ki, onların da verdiyi izahatlar gerçəyə uyğun deyildir, oğlunun Watsapp yazışmaları barədə də bir söz deyə bilməz. Sonda Cavabdeh qeyd olunanların nəzərə alınaraq iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X12 cavabdehin izahatına uyğun izahat verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsinin məhkəməyə ünvanlanan 08.07.2021-ci il tarixli 123-26284-1221 saylı məktubuna əlavə edilmiş İddiaçı DİN-ə şikayət ərizəsindən görünür ki, o, qızına cehiz əşyaları alınması üçün Cavabdeh 10000 manat pul vermiş, sonuncu da Moskva şəhərində cehiz əşyaları alacağına söz verərək ondan həmin məbləği götürməsinə baxmayaq heç bir cehiz əşyası almamış və bu yolla onu aldatmışdır, hal-hazırda onun qızı ilə Cavabdeh oğlu arasında nikah münasibətlərinə xitam verilməsi barədə məhkəmədə iddia qaldırılmışdır, o, ailə üzvlərinin iştirakı ilə Cavabdeh verdiyi 10000 manat pul məbləğinin ona geri qaytarılması barədə göstəriş verilməsini xahiş edir. Həmin məktuba əlavə edilmiş 10.11.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərardan görünür ki, İddiaçı məlumatı əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, İddiaçı 10.000 manat pul tələbi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Həmin Qərardan görünür ki, X2, X1, X4 və X5 izahat alınmış, onlar İddiaçı izahatında göstərdiyi xüsusatları təsdiq etmiş və onların iştirakı ilə İddiaçı Cavabdeh 10000 manat pul verdiklərini təsdiqləmişlər, iş üzrə izahatı alınmış X3 Quliyev tərəfindən atası Cavabdeh pul vermədiyini bildirmişdir. Həmin qərar ilə müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh 10000 manat pul vermişdir. Həmin qərarla ilkin yoxlama zamanı X6 məxsus “Samsung A8+” markalı mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, telefonun +994 55 *** ** ** saylı mobil nömrəsi “Watsapp” prqramından qeydiyyatdan keçirilmiş və həmin nömrə ilə +994 55 *** ** ** mobil telefon nömrəsinin istifadəçisi arasında saat 19:44 radələri sms yazışması olmuşdur, SMS yazışması zamanı +994 55 *** ** ** saylı mobil nömrə istifadəçisi +“Atamın verdiyi 10.000 manatı xərcləmisiz???” sualına +994 55 *** ** ** saylı mobil telefon nömrə yazılmış istifadəçi “Məndədi xerclememishem” deyə cavab yazmış, buna cavab olaraq +994 55 *** ** ** saylı mobil nömrə istifadəçisi "He şükür boynuna aldın, niyə o boyda pulumu dilinə gətirmirsən, o qızılı o dəqiqə deyirsən” sualına +994 55 *** ** ** saylı mobil telefon nömrə yazılmış istifadəçi “Mən oradan gələndə bilirsən nə qədər pulla gəldim” deyə cavab vermiş, +994 55 *** ** ** saylı mobil nömrə istifadəçisinin “indi bildin pulu fikirləşən kimdi, pulu aldın qoydun cibinə, sonra da bir dənə şkaf aldınız, dəqiqə başı başıma vurdun ki, sən almalıydın”, +994 55 *** ** ** mobil telefon nömrəsinin istifadəçisi “Pul adını çəkən ilk gündən bizə gələndə siz olmusuz, bizim pulda, parada gözümüz yoxdur, sənin ailən dağılıb, atan isə qızıl dərdindədi” sözlərini yazmış, “Sən elə düşünürsən, amma mən gələcək düşünürdüm, mən oradan gələndə 10 min dollarım var idi, 5 min də atam söz vermişdi verəcək, elədi, bu 15 min nə qədərdi, sən fikirləşə bilmərsən mən nə üçün hər şeyi, sənin düşüncən o qədərdi, mənim pulum ay tupoy sənindir də, sənin atanın verdiyi 10 min bu günki kursla 6 min dollardı, mənim bu dəqiqə 15 min dollarım var, bilirsən mənim atam mənə nə edib, Mənə o pulu verib ki, get özünə gün ağla, ailəni saxla, Mən nə sənin atanın verdiyi pulu yemişəm, nə də öz atamın, Mən çalışıram artıram" deyə cavab vermişdir. İş materiallarında olan Bakı şəhər Xətai rayon Məhkəməsinin 03.12.2020-ci il tarixli 2(011)-3761/2021 saylı qətnaməsindən görünür ki, X8 ilə X16 arasında 05.12.2018-ci il tarixdə Rusiya Federasiyası Moskva Vilayəti Baş VVAQ İdarəsinin Kotelniki VVAQ şöbəsi tərəfindən ******************** nömrə ilə qeydiyyata alınmış nikah pozulmuşdur. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, iddiaçı qızı üçün cehiz əmlak əvəzinə mənzil alınması məqsədilə cavabdehə 10000 manat pul vermiş, cavabdeh aldığı pulun müqabilində gözlənilən məqsədə uyğun olan hər hansı bir hərəkət etməyərək və həmin məbləğdə pulu qaytarmayaraq iddiaçını əmlakından məhrum etmişdir, iddiaçının məhrum olduğu pul vəsaitinin geri alınması barədə müraciəti əsasında Sumqayıt şəhər Polis İdarəsi 10.11.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərar qəbul etmiş, qüvvədə olan həmin qərar ilə müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh 10000 manat pul vermişdir. Bununla belə, cavabdeh tərəfindən mübahisəli əmlakın (pul vəsaitinin) qaytarılmamasının hüquqi və müqavilə əsasları məhkəmə tərəfindən müəyyən olunmur. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh iddiaçıdan aldığı 10000 manat pulu özündə saxlaması onun əsassız varlanmasına səbəb olmuşdur ki, bu da iddiaçının cavabdehə qarşı hazırkı tələblə məhkəməyə müraciət etməsi üçün əsasdır. Məhkəmə, cavabdehin dəlillərinə münasibətdə qeyd edir ki, bu, özünümüdafiə xarakterlidir və belə əsaslar iddia tələbinin rədd olunması barədə nəticəyə gəlmək üçün əsas kimi nəzərə alına bilməz. Belə ki, ailə münasibətləri pozulduqddan sonra iddiaçının qızı Nuranə Quliyeva ilə cavabdehin oğlu Elnur Ağayevlə olan “Watsapp” yazışmalarında “Atamın verdiyi 10.000 manatı xərcləmisiz” sualına sonuncunun cavabı kimi qeyd edilmiş “Məndədi xerclememishem; sənin atanın verdiyi 10 min bu günki kursla 6 min dollardı, mənim bu dəqiqə 15 min dollarım var, bilirsən mənim atam mənə nə edib, Mənə o pulu verib ki, get özünə gün ağla, ailəni saxla; Mən nə sənin atanın verdiyi pulu yemişəm, nə də öz atamın, Mən çalışıram artıram" kimi etirafı, həmçinin “cehiz verilməməsi” barədə cavabdehin etirafı və qüvvədə olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 10.11.2020-ci il tarixli Qərarla da mübahisəli məbləğin cavabdehə verilməsinin müəyyən olunması, həmçinin cavabdehin dəlillərini təsdiq edən hallara dair hər hansı bir sübutun məhkəməyə təqdim edilməməsi, iddia tələbinin mübahisələndirilən 10000 manat hissədə təmin olunması üçün kifayət edir. Məhkəmə, “cavabdehdən 5000 manat mənəvi zərərin ödənilməsi” hissəsinə münasibətdə hesab edir ki, bunu təsdiq edən hallar sübutetmə yükü ilə bağlıdır və iddiaçı, bu hallara dair sübutetmə vəzifəsi daşıyır, lakin iş materiallarına belə sübutlar əlavə edilməmiş, belə hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, qeyd edilənlər iddia tələbinin “mənəvi zərər” hissəsində təmin edilməməsi üçün yetərlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1.-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən, öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Həmin Qərarda formalaşdırılan hüquqi mövqeyə görə, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyə görə “mənəvi zərər” anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 10000 manat məbləğində pul alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad olunması halları məhkəmə tərəfindən müəyyən olunmadığından, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh maddi zərərin əvəzi kimi 10000 (on min) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar