Məhkəmə qərarları › İş №2(011)-3868/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-3868/2024

19.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-3868/2024 19.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Zamanlı Pərviz Mirsiyaf oğlu - İddiaçı Azərbaycan Respublikasının Ali Məhkəməsinə qarşı iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ali Məhkəmənin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdir müavini Vəsilə Əsədova tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli məktubun etibarsız hesab edilməsi, İcra Başçısı Taleh Qardaşov barəsində xüsusi qərardadın qəbul edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə ərizənin qəbulundan imtina edilməlidir. Məhkəmə qeyd edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (MPM-nin 4.1-ci maddəsi). Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır (MPM-nin 5.1-ci maddəsi). Prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər (MPM-nin 50.1-ci maddəsi). Özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, habelə dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər (MPM-nin 50.2-ci maddəsi). Sadalanan qanunvericilik normalarından da göründüyü kimi, ümumi yurisdiksiyalı məhkəmələr bütün hüquqi və fiziki şəxslərin hüquqlarının qanunvericiliklə müəyyən olunmuş qaydada müdafiəsi ilə bağlı mülki məhkəmə icraatı qaydasında işlərin baxılmasında səlahiyyətlidir. Azərbaycan Respublikası MPM-in müddəalarına müvafiq olaraq ümumi məhkəmələr tərəfindən tərəflər arasında mülki hüquq münasibətlərindən, habelə ailə, əmək, əmlak və s. mübahisələrlə bağlı olan, eləcə də mülki prosessual qanunvericiliklə nəzərdə tutulmuş qaydada xüsusi icraat qaydasında işlərə baxılır. İddiaçının iddia ərizəsində sadaladığı qeyri-müəyyən tələblər məhkəmə mübahisələri gedişində hüquqlarının təmin edilməsi ilə bağlı tələbləri isə öz hüquqi təbiətinə görə müvafiq məhkəmə icraatında tələb ediləcək prosessual hüquq və azadlıqlardır ki, qeyd edilən tələblərin müstəqil olaraq iddia icraatında mübahisə predmeti qismində tələb edilməsi yolverilməzdir. İddiaçı iddia ərizəsində Ali Məhkəmənin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdir müavininin hərəkət və ya hərəkətsizliyi ilə bağlı tələbləri, eləcə də müvafiq şöbənin işçisi tərəfindən imzalanmış məktubunun etibarsız hesab edilməsi barədə tələblərə mahiyyət etibarı ilə müstəqil mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. İddiaçının həmin tələbi müvafiq məhkəmə orqanında intizam icraatı çərçivəsində həyata keçirilməli olan məsələlərə aiddir. İddiaçının digər bir tələbindən belə məlum olur ki, o, Şirvan Apellyasiya Məhkəməsində və AR Ali Məhkəməsində hüquqlarının pozulmasının qarşısının alınması üçün müvafiq Palata yaradılmaqla AR Ali Məhkəməsinin üzərinə həmin Palataya təqdimat verilməsi öhdəlyinin qoyulmasını xahiş edir. İddiaçının həmin tələbi ilə bağlı məhkəmə bir daha qeyd etməyi zəruri hesab edir ki, mülki mühakimə icraatı qaydasında rayon (şəhər) məhkəmələrinin baxdığı işlərin dairəsi MPM-nin 3-cü fəslində əks olunmuşdur. MPM-nin 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Həmin Məcəllənin 25.1. və 25.2-ci maddələrində isə göstərilir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Qeyd edilən müddəlardan da göründüyü kimi, ümumi məhkəmələr (rayon (şəhər) məhkəmələri) AR Mülki Prosessual Məcəlləsi ilə ona verilən səlahiyyətlər həddində fiziki və hüquqi şəxslər arasında yaranmış, sahibkarlıq fəaliyyətinə aid olmayan mübahislərə baxmaq və həmin mübahisələrin həlli barədə müvafiq qərarlar qəbul etmək səlahiyyətinə malikdirlər. Ümumiyyətlə, məhkəmələrin mübahisələrin həllini nizamlayan hər hansı bir palata, qurum və s. yaratmaq, habelə AR Ali Məhkəməsinin üzərinə yaradılmış belə qurumlara təqdimat vermək öhdəliyi qoymaq kimi bir səlahiyyəti yoxdur. Bundan başqa, məhkəmə xüsusilə qeyd edir ki, iddiaçı iddia tələbinin konkret olaraq nədən ibarət olmasını aydın və dəqiq göstərməmişdir. İddia ərizəsinin məzmunu, habelə xahiş hissəsi daha çox bir-biri ilə əlaqəsiz söz və ifadələrdən ibarət olmaqla, iddiaçının nəyi tələb edilməsini müəyyənləşdirməkdə kifaəy tqədər çətinlik yaradır. Şərh edilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından, ərizənin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim ərizəni qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 153.2.1, 263-264, 268ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikasının Ali Məhkəməsinə qarşı iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar