Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3869/2021 16.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi” barədə iddiaya dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 43 manat 20 qəpik məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 manat, iddia ərizəsi verilərkən ödənilmiş 20 manat dövlət rüsumunun və 40 qəpik məbləğində bank xidməti haqqının, ümumilikdə 213 manat 60 qəpik məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətlərin göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və Radio yayımı haqqında” Qanununa uyğun olaraq 22 avqust 2005-ci il tarixdə və 22 avqust 2011ci il tarixdə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının TR 057 saylı və TR 066 saylı teleradio yayımı üçün lisenziyalar almışdır. Bu məqsədlə Bakı şəhəri ərazisində kabel şəbəkəsini qurmaqla yaşayış və qeyri-yaşayış sahələrə kabel televiziyasının yayımlanması üçün müqavilə əsasında kabel xətləri çəkir. Lakin son zamanlar bir çox vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulur. Belə qanunsuzluqların qarşısının alınması məqsədilə İddiaçı MMC tərəfindən “xxxx” hüquq firması ilə 15 may 2008-ci il, 15 mart 2011-ci il, 01 oktyabr 2014-cü il, 29 mart 2015-ci il və 04 yanvar 2018-ci il tarixdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır. DİN BPQMİ-nin MAPS şöbəsinin arayışına əsasən cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır və 96 saylı MKİS tərəfindən verilmiş arayışa əsasən həmin ünvanda yerləşən yaşayış sahəsidə cavabdehə məxsusdur. 14.09.2012-ci il tarixdə “xxxx” hüquq firmasının və “K@TV1” kabel televiziyasının əməkdaşları Rabitə Nazirliyinin mütəxəssisinin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 1863 K saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Beləliklə də, yuxarıda qeyd olunmuş qanunsuz qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan vurulmuşdur. Belə ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31.08.2015-ci il tarixədək 9 manat, 01.09.2015-ci il tarixdən isə 10 manat təşkil edir. Eyni zamanda, qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keçirilməsə idi, cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Sözügedən ünvanın kabel şəbəkəsindən ayrıldığı 23.04.2012-ci il tarixdən qanunsuz qoşulma barədə akt tərtib edildiyi 14.09.2012-ci il tarixədək olan müddət 144 gün təşkil edir. Bu isə həmin dövrdə hər gün üçün 30 qəpik maddi ziyan hesablamaq şərtilə cavabdehin iddiaçıya kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində vurduğu zərər 43 manat 20 qəpik təşkil edir. Həmçinin İddiaçı MMC ilə “xxxx” hüquq firması ilə bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 manat pul ödəyir. Pul tələbinin könüllü ödənilməsi üçün cavabdehə pretenziya məktubları göndərilmiş, lakin cavabdeh tərəfindən bugünədək dəymiş zərərin əvəzi ödənilməmişdir. İddiaçı MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianı müdafiə etdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclası zamanı İddiaçı MMC-nin iddiasını qəbul etməmiş, və məhkəmədən iddiaçının iddiasının təmin edilməməsini xahiş etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhər Xətai rayon Mənzil-Kommunal İstismar Sahəsinin verdiyi 14.06.2016-cı il tarixli arayışdan görünür ki, Cavabdeh 18.09.1984-ci il tarixindən göstərilən General Mehmandarov küçəsi, ev 94, mənzil 63 ünvanda qeydiyyatdadır. İş materiallarında olan “xxxx” hüquq şirkəti tərəfindən həmin şirkətin, İddiaçıun və Rabitə Nazirliyinin nümayəndəsinin iştirakı ilə tərtib olunmuş 14.09.2012-ci il tarixli 1863 K nömrəli aktın surətindən görünür ki, Bakı şəhəri Xətai rayonu, General Mehmandarov 94 ünvanında kabel şəbəkəsinə baxış keçirilən zaman həmin binanın 63 saylı mənzilin sakini tərəfindən “KATV1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar edilmişdir. Aktın tərtib edilməsi zamanı mənzilin qapısını açan olmamışdır. İş materialarında olan “xxxx” ASC-nin 17.02.2021-ci il tarixli ödəniş sənədindən görünür ki, İddiaçı MMC tərəfindən 150 manat məbləğində vəsait “xxxx” MMC-yə ödənilmişdir. İş materiallarında olan “xxxx” MMC tərəfindən təqdim edilmiş 21.05.2021-ci il tarixli Arayışın surətindən görünür ki, ünvan 3 ünvanında şəbəkədən ayrıldığı 23.04.2012-ci il tarixdən qanunsuz qoşulma fakti barədə aktın tərtib olunduğu 14.09.2012-ci il tarixədək olan müddət 144 gün təşkil edir, bu isə həmin dövrdə hər gün üçün 30 qəpik maddi ziyan hesablamaq şərti ilə, müvafiq müqavilə bağlamaq kabelə şəbəkəsində qanunsuz olaraq qoşulma nəticəsində “xxxx” MMC-yə dəymiş zərərin məbləği 43,20 manat təşkil edir. Bundan əlavə olaraq, İddiaçı MMC-nin nümayəndəsi X1 məhkəməyə təqdim etdiyi diskdə, Cavabdeh yaşadığı evin “KATV1” kabel televiziyasına məxsus kabel şəbəkəsinə qeyri-qanuni qoşulduğu faktı öz əksini tapmışdır. Beləliklə, məhkəmə iclası zamanı işin həqiqi halları ilə müəyyən edilmişdir ki, ünvan 3 ünvanında yerləşən mənzil kabel şəbəkəsindən ayırdıqdan sonra, mənzilin sakini və iş üzrə cavabdeh iddiaçı ilə heç bir müqavilə bağlamadan, qanunsuz olaraq kabel şəbəkəsinə qoşulmuş və bununla da nəzərdə tutulan abunə haqqını ödəmədən iddiaçının göstərdiyi xidmətlərdən yararlanmışdır. İddiaçı yuxarıda qeyd edilən lisenziyaya əsasən kabel və efir kabel vasitəsi ilə televiziya yayımı kimi fəaliyyət göstərmək hüququnu qanuni əsaslarla əldə etmiş və həmin xidmətlərin həyata keçirilmisinə görə abunəçilərdən abunə haqqı qismində gəlir əldə etmək imkanını qazanmışdır. Cavabdeh isə şəbəkəyə qanunsuz qoşulmaqla iddiaçıya maddi zərər vurmuşdur. Belə ki, kabel televizyasının xidmətindən istifadə üçün aylıq abunə haqqı 10 manat, gündəlik abunə haqqı isə 30 qəpik təşkil edir. Cavabdehin şəbəkədən ayrıldığı 23.04.2012-ci il tarixdən qanunsuz qoşulma barədə akt tərtib edildiyi 14.09.2012-ci il tarixədək olan müddət 144 gün təşkil edir. Bu isə hər gün 30 qəpik (144 gün x 0,30 manat = 43,20 manat) və maddi ziyan hesablanmaq şərti ilə 43,20 manat məbləğində təşkil edir. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 35.3-cü maddəsində əsasən, telekommunikasiya şəbəkələrinə, vasitələrinə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 227 saylı, 14.12.2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının mühafizə Qaydaları”nın 6.3-cü maddəsinə əsasən dəymiş ziyan təqsirkar fiziki və hüquqi şəxs tərəfindən könüllü şəkildə ödənilir, tərəflərin razılığa gəlməməsi halında isə ödəmə məhkəmə yolu ilə təmin edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin məcəllənin 1096.2. bəndində qeyd edilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-nin 1097-ci maddəsinə istinadən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh “KATV 1” əmtəə nişanı ilə fəaliyyət göstərən “xxxx” MMC-nin kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində 43,20 manat abunə haqqı qismində vurulmuş zərərin əvəzinin tutulmasına dair tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Məhkəmə iddia tələbinin iddiaçı tərəfindən 150 manat məbləğində hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması əvəzinin cavabdehdən tutulmasına dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsi tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsi sübut etmə vəzifəsindən danışır və oraqda qeyd edilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinadən, məhkəmə qeyd edir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Yuxarıda istinad edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və mülki prosesdə mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı “xxxx” MMC-yə 150 manat məbləğində ödəniş etdiyi iddia etsə də, məhkəməyə təqdim edilmiş ödəniş sənədi istinad etdiyi halı sübut etmə üçün yetərsizdir. Belə ki, “xxxx” MMC ilə iddiaçı “xxxx” MMC arasında hüquqi xidmətlərin göstərilməsinə dair münasibətlər, həmçinin, göstərilən xidmətlərin həcmi və qiyməti onlar arasında bağlanılmış müqavilə ilə tənzimlənir. Lakin iddiaçı tərəfindən qeyd edilən müqavilə məhkəməyə təqdim edilməmişdir. Odur ki, iddia 150 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində sübuta yetirilmədiyindən təmin edilməməlidir. Məhkəmə həmçinin iddianın iddia ərizəsi verilərkən ödənilmiş 20 manat dövlət rüsumunun və 40, qəpik məbləğində bank xidmət haqqının alınmasına dair hissəsini araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdeh kabel şəbəkəsinə qanunsuz qoşulması nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kabel şəbəkəsinə qanunsuz qoşulma nəticəsində vurulmuş zərərin əvəzi cavabdehdən alınmaqla yanaşı eyni zamanda, cavabdehdən ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən edilsin. Cavabdeh “xxxx” MMC-nin kabel şəbəkəsinə qanunsuz qoşulma nəticəsində vurulmuş zərərin əvəzi olaraq 43 manat 20 qəpik (qırx üç manat, iyirmi qəpik) manat məbləğində pul vəsaiti alınaraq “xxxx” MMC-yə (KATV1) ödənilsin. Dövlət rüsumu və bank xidmət haqqına görə 20,40 (iyirmi manat qırx qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq “xxxx” MMC-yə (KATV 1) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-3869/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3869/2021
16.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver