Məhkəmə qərarları › İş №2(011)-3895/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3895/2025

04.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3895/2025 04.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçının, iddiaçının vəkili Vəkil1 və cavabdehin vəkili-nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı X1 Cavabdeh MMC-yə qarşı işə bərpa və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 Cavabdeh MMC-yə qarşı qarşı iddia ərizəsi, daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-də işə bərpa olunması, işləmədiyi ayların əmək haqqının ödənilməsi, 2023-cü ilin iyul ayı üzrə az hesablanmış 81 manatın, bulletenə görə az hesablanmış 61 manatın, məzuniyyətə görə az hesablanmış 14 manatın, kargüzarlıq xərclərinə görə çəkdiyi 15 manatın, normadan artıq işlədiyi hər saat üçün ikiqat əmək haqqının( iş günlərinin sayına uyğun olaraq), əmək haqqından artıq tutulmuş 1483,76 manat pulun, mənəvi ziyana görə 2000 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2023-c il tarixdə Cavabdeh MMC ilə əmək müqaviləsi bağlayaraq MMC-yə quraşdırıcı çilingər vəzifəsinə işə qəbul olunmuşdur. Əmək müqaviləsi xx.xx.2025-ci il tarixinədək, 1 il 6 ay müdətinə bağlanmış, o həmin tarixədək Cavabdeh MMC-də quraşdırıcı- çilingər vəzifəsində işləmişdir. İş elanlarında əmək haqqı 1000 manatdan hesablanacağı bildirilsə də MMC onunla 400 manata müqavilə bağlamışdır. xx.xx.2024-cü il tarixdə o məzuniyyətə çıxmışdır. Məzuniyyətə çıxmamışdan əvvəl iyul ayında onun 27 iş günü olmuş, hər iş günü 40 manatdan hesablanmalı olduğu halda 37 manatdan hesablanmışdır. Belə olan halda ona 27*40=980 manat əmək haqqı hesablanmalı olduğu halda, ona 27*37=899 manat hesablanmışdır ki, bu da ona 81 manat ziyan vurulması ilə nəticələnib. 5 günlük iş həftəsində maksimum iş günü 22 gün olmalı olduğu halda MMC onu hər həftə 6 gün işlətmiş, ona görə hər ayda onun 27 iş günü olmuş, bununla da onun hüquqları kobud şəkildə pozulmuşdur. Həmçinin o bundan əvvəl xəstə olduğuna görə 3 gün Bülletendə olmuş və xx.xx.2023-cü il atrixdə həmin 3 günə görə ona 49,29 manat pul ödənilmişdir ki, bu da düzgün hesablanmamış, MMC tərəfindən onun hüquqları pozulmuşdur. Xəstəliyə görə hesablanmış pul sosial arayışda əks olunmamışdlr. Əmək müqaviləsinə əsasən o hər gün 8 saat işləməli olduğu halda hər gün 9 saat işlədilib, həmçinin, hər həftə 5 gün işləməli olduğu halda hər həftə 6 gün işləyib. Qanunvericiliyə əsasən artıq işlədiyi saatlara görə ona iki qat əmək haqqı hesablanmalı olduğu halda ümumiyyətlə əmək haqqı hesablanmaylb. Həmçinin, əmək müqaviləsinin 6.1 bəndinə əsasən işçinin məcburi dövlət social sığortası üçün qanunvericilkilə müəyyən olunmuş qaydada hər ay əmək haqqının 3 %-i miqdarında sığorta haqqı tutulmalı olduğu halda onun əmək haqqından tutulmalar düzgün hesablanmayıb və o iddia ərizəsinə əlavədə cədvəl şəklində tutulmaları məhkəməyə təqdim edib. Cədvəldə artıq tutulmalar öz əksini tapmışdır. O işdən azad olunduğu gün son hesabını, işdən azad olunması barədə əmrin surətini və əmək kitabçaslını almalı olduğu halda əmək kitabçasını xx.xx.2025-ci il tarixdə ala bilib. O, Cavabdeh MMC-də işldiyi müddətdə əmək haqqı düzgün hesablanmayıb, bununla bağlı daim rəhbərliklə aralarında mübahisələr olub, müxtəlif instansiyalara get-gəl edib, əsəb gərginliyi ilə yaşayıb, mənəvi sarsıntılar keçirib. O düzgün olaraq hesab edir ki, cavabdeh tərəfin qanunsuz hərəkətləri nəticəsində keçirdiyi mənəvi sarsıntılara, çəkdiyi iztirablara görə Cavabdeh MMC ona vurduğu mənəvi zərərin əvəzini ödəmlidir. Həmçinin onun işdığən azad ediləcəyi barədə edilmiş xəbərdarlıq düzgün olmayıb, ona görə o yenidən əvvəlki işinə bərpa olunmaq istəyir. Cavabdehin vəkili nümayəndəsi iddia müddətinin tətbiqi ilə bağlı məhkəməyə ərizə ünvanlanmışdır. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı oğlıunun Cavabdeh MMC-yə qarşı əmək mübahisəsinə dair Xətai rayon Məhkəməsində iddia qaldırmışdır. İddia tələbinə əsasən iddiaçı məhkəmədən “ işə bərpa olunması, 2023-cü ilin iyul ayı üçün az hesablanmış 87 manat, bülletenə görə az hesablanmış 61 manat, məzuniyyətə görə az hesablanmış 14 manat, kargüzarlıq xərclərinə görə çəkdiyi 15 manat pulun, həmçinin mənəvi zərərə görə 2000 manat pulun Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia müddətini ötürməklə cavabdeh qarşı iddia qaldırmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən “bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.” Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən “pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. “ İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixində xitam verilib. İddiaçı mediasiya təşkilatına müraciət edib. Müvafiq arayışı xx.xx.2025-ci il tarixində əldə edib. Lakin məhkəməyə xx.xx.2025-ci il tarixində iddia ərizəsi ilə müraciət edib. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 35.1.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.” “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 35.2.-ci maddəsinə “Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur.” Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinə əsasən “Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.” İddiaçının müddətli əmək müqaviləsinə xx.xx.2025-ci il tarixində xitam verilib. İddiaçı cəmiyyətə mediasiya prosesinin tətbiqinə dair təklifi xx.xx.2025-ci il tarixində göndərib. Deməli işçi əmək hüquqlarının pozulduğunu bildiyi tarix xx.xx.2025-ci ildir. Belə olduğu təqdirdə işçinin iddia tələbindən işə bərpa ilə bağlı hissəsində iddia müddətinin ötürüldüyü açıq aydın görünür. Həmçinin iddia tələbinin digər hissəsi 2023-cü ilin iyul ayı üçün az hesablanmış 87 manat, bülletenə görə az hesablanmış 61 manat, məzuniyyətə görə az hesablanmış 14 manatın, kargüzarlıq xərclərinə görə çəkdiyi 15 manat pulun, həmçinin mənəvi zərərə görə 2000 manat ödənilməsidir. Əmək haqqı ilə bağlı tələbi 2023cü ilin iyul ayını, xx.xx.2023-xx.xx.2023-cü il üzrə xəstəlik vərəqəsi üzrə pul tələbi, məzuniyyətlə bağlı tələbi də 2024-cü ili əhatə edir. Kargüzarlıq xərclərinə görə çəkdiyi 15 manat pulun, həmçinin mənəvi zərərə görə 2000 manatın da əsas tələbi üzrə iddia müddəti keçdiyindən o hissədə tələbi rədd edilməlidir. İddia tələbi Əmək Məcəlləsi ilə müəyyən edilmiş 1 aylıq və 1 illik müddət keçəndən sonra irəli sürməklə iddia müddətini ötürmüşdür Məhkəmə iclasında iştirak etmiş iddiaçı, iddiaçının vəkili iddia ərizəsini müdafiə edərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin vəkili-nümayəndəsi iddiaya etiraz edərək, məhkəmədən iddia müddətinin tətbiqi barədə ərizəni tətbiq edərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan: Əmək müqaviləsindən görünür ki, Cavabdeh MMC ilə X3 arasında xx.xx.2023-cü il tarixdə 1 il 6 ay müddətinə müddətli əmək müqaviləsi bağlanmış, işçinin əmək haqqı 400 manat, məzuniyyət günlərinin saylı 21 gün olmuşdur. İşçilərin gündəlik davamiyyətinin qeydiyyatı vərəqindən görünür ki, işçilərin işə başlama vaxtı 08:00, işi bitirmə vaxtı qrafaların birində 18:00, digərində 17:15 qeyd edilmişdir. ƏƏSMN-nin Mərkəzləşdirilmiş elektron informasiya sistemindən çıxarışda X1 şəxsi hesabı barədə məlumatlar əks olunmuşdur. Ödəniş kartı üzrə çıxarışlarda X1 aylıq ödənilən əmək haqqları əks olunmuşdur. Məzuniyyət pulunun hesablanmasına dair arayışdan görünür ki, 2023-cü ilin avqust ayından 2024-cü ilin iyul ayınadək 1 iş ili üçün X2 889,80 manat məzuniyyət pulu hesablanmışdır. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanmasına dair məlumatdan görünür ki, X2 xx.xx.2023 - xx.xx.2023-cü il tarixlərinə görə 49,29 manat müavinət hesablanmışdır. Ay ərzində işlənilmiş günlər və saatlar barədə tabel cədvəllərindən görünür ki, X1 həftəlik iş günü 5 gün, gündəlik işlədiyi saat norması 8 saat olmuşdur. Əmək haqqının ödənilməsi cədvəllərindən görünür ki, X2 aylıq vaxtamuzd ödənişdən əlavə işəmuzd əmək haqqı ödənilmişdir. Son haqq-hesaba dair arayışdan görünür ki, X2 952,79 manat son haqq-hesab ödənilmişdir. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, X3 xx.xx.2014-cü il tarixdə əmək müqaviləsinin müddəti bitdiyi halda müddətin artırılmayacağı barədə xəbərdar edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən görünür ki, X3 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə xitam verilmişdir. Mediasiya prosesinin tətbiqi barədə təklifdən görünür ki, təklifin göndərildiyi tarix xx.xx.2025-dir. İMS sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, arayış xx.xx.2025-ci il tarixində verilmişdir. ƏƏSMN-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X1 müraciəti əsasında inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 140.1 1. Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. 140.3. Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. 157.1. İşçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər. 296.1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 296.4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. 296.6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarı: Mülki Məcəllənin 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Sosial sığorta haqqında” xx.xx.1997-ci il tarixli Qanun: 14.4. Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən sığortaolunanların muzdlu işdən aylıq gəlirlərindən məcburi dövlət sosial sığorta haqqı 2019-cu il yanvarın 1-dən 7 il müddətində aşağıdakı dərəcələrlə ödənilir: sığortaolunanın 200 manatadək gəlirindən 3 faiz, 200 manatdan çox olduqda 6 manat + 200 manatdan çox olan hissənin 10 faizi. “İşsizlikdən sığorta haqqında” xx.xx.2017-ci il tarixli Qanun: 9.0. İşsizlikdən sığorta üzrə sığorta tarifləri aşağıdakı faiz dərəcələri ilə müəyyən edilir: 9.0.2. sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə – işçinin əmək haqqının 0,5 faizi. “Tibbi sığorta” haqqında xx.xx.1999-cu il tarixli Qanun: 15-10.1. İcbari tibbi sığorta üzrə sığorta haqları aşağıdakı məbləğlərdə və dərəcələrdə müəyyən edilir: 15-10.1.2. muzdla işləyən fiziki şəxslər, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikasının Milli Məclisi və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslər üzrə – sığortalı tərəfindən işçinin əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz, sığortaolunan tərəfindən əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz; Məhkəmənin mövqeyi: Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdehin vəkili-nümayəndəsi məhkəməyə iddia müddətinin tətbiqi ilə bağlı ərizə vermişdir. İş materialları ilə təsdiq olunmuşdur ki, iddiaçı həqiqətən də iddia tələbinin bəzi hissələrində iddia müddətini ötürmüşdür. Belə ki, iddiaçı xx.xx.2025-ci il tarixdə, yəni, işdən azad edildiyi gün bu barədə məlumatlı olmuş və həmin günün səhəri, xx.xx.2025-ci il tarixdə işəgötürənə mediasiya təklifi göndərmişdir. xx.xx.2025-ci il tarixdə ilkin mediasiya təklifinin göndərilməsi ilə iddia müddətinin axımının dayanması, xx.xx.2025-ci ildə “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə arayışın verilməsi ilə iddia müddətinin axımının bərpa olunması və iddiaçının məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etdiyi nəzərə alındığında iddiaçının iddia tələbinin işə bərpa hissəsində 1 aylıq, 2023-cü ilin iyul ayı üzrə az hesablanmış 81 manatın, bülletenə (xx.xx.2023-cü il tarixli) görə az hesablanmış 61 manatın ödənilməsi hissələrində isə 1 illik iddia müddətini ötürdüyü təsdiq olunur. İddia tələbinin əmək haqqından artıq tutulmuş 1483,76 manat pulun ödənilməsi hissəsində 1 illik iddia müddətinin ötürülmədiyi aylara münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı əmək haqqından tutulmalarını hesablayarkən əmək haqqından hər ay 3 faiz tutulmalı olduğunu qeyd edərək hesablamanı bu qaydada aparmışdır. Lakin, yuxarıda qeyd edilən qanunvericilik normalarının tələblərindən görünür ki, iddiaçının əmək haqqından əmək haqqının 200 manatadək hissəsindən tutulan 3 faiz sosial sığorta haqqından başqa, 200 manatdan çox hissənin 10 faizi sosial sığorta haqqı, əmək haqqının 0,5 faizi işsizlikdən sığorta haqqı və əmək haqqının 2 faizi icbari tibbi sığorta haqqı tutulmalıdır. İşəgötürən tərəfindən iddiaçının əmək haqqı məhz qeyd edilən tutulmalar aparılmaqla ödənildiyi üçün əmək haqqının ödənilməsində hər hansı artıq tutulmaya yol verilməmişdir, odur ki, bu hissədə iddia tələbi təmin edilə bilməz. İddia tələbinin normadan artıq işlədiyi günlər və saatlar üçün ikiqat əmək haqqının (iş günlərinin sayına uyğun olaraq) ödənilməsi hissəsində 1 illik iddia müddətinin ötürülmədiyi aylara münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının bununla bağlı təqdim etdiyi yeganə sübut işçilərin gündəlik davamiyyətinin qeydiyyatı vərəqi adlanan sənəd olmuşdur. Məhkəmə ilk növbədə qeyd edir ki, həmin sənəddə işəgötürənin möhürü və səlahiyyətli şəxsinin imzası yoxdur. Digər tərəfdən, həmin sənəddə işçilərin işə başlama vaxtı 08:00, işi bitirmə vaxtı qrafaların birində 18:00, digərində 17:15 qeyd edilmişdir ki, bununla da işin başlama və bitmə vaxtı dəqiq müəyyən oluna bilməz. Bundan başqa cavabdeh tərəfindən təqdim olunmuş tabellərdən görünür ki, iddiaçının həftəlik iş günü 5 gündən, gündəlik iş saatları 8 saatdan artıq olmamışdır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının iş vaxtından artıq işlədiyi sübut edilmədiyi üçün bu hissədə də iddia əsassızdır. İddia tələbinin məzuniyyətə görə az hesablanmış 14 manatın ödənilməsi hissəsində məhkəmə qeyd edir ki, məzuniyyət pulunun hesablanmasına dair arayışdan görünür ki, 2023-cü ilin avqust ayından 2024-cü ilin iyul ayınadək 1 iş ili üçün X2 889,80 manat məzuniyyət pulu hesablanmışdır. Arayışdan görünür ki, məzuniyyət pulu Əmək Məcəlləsinin 140-cı maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq düzgün hesablanmış və məcburi tutulmalar çıxıldıqdan sonra iddiaçıya ödənilmişdir. Məzuniyyət pulunun hesablanmasında və ödənilməsində hər hansı pozuntuya yol verilmədiyi üçün bu hissədə də iddia təmin edilməməlidir. Məhkəmə belə qənaətə gəlir ki, işə bərpa və digər hissələrdə iddia təmin edilmədiyindən, məcburi işburaxma üçün əmək haqqının ödənilməsi, kargüzarlıq xərclərinin və mənəvi ziyanın ödənilməsi hissəsində də iddia təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. X2 26 saat ərzində hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Vəkil1 əmək haqqı hesablanaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Leyla Şövkətli-Mənsimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar