Məhkəmə qərarları › İş №2(011)-392/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-392/2021

29.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-392/2021 29.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxx” ASC Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Opel Astra” markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə ödənilmiş 2.295 manat sığorta ödənişinin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Mersedes Benz” markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi X3 tərəfindən PAZ ********** nömrəli şəhadətnamə ilə 21 iyun 2017-ci il tarixdən 21 iyun 2018-ci il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” ilə sığortalanmışdır. Cavabdeh X1 məxsus “Mersedes Benz” markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək, 29 avqust 2017ci il tarixdə saat 18:10 radələrində Ə.Rəcəbli küçəsində yol hərəkəti qaydalarını pozub, nəticədə yol-nəqliyyat hadisəsi törədərək, “Opel Astra” markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilin sahibinə maddi ziyan dəymişdir. Cavabdeh hadisə baş verəndən sonra hadisə yerindən yayınmışdır. Hadisə ilə bağlı Qəbələ RPŞ-nin DYPB tərəfindən araşdırma aparılmışdır. Araşdırma nəticəsində cavabdehin avtomobili sürücülük hüququ olmadan idarə etməsi məlum olmuş, cavabdehin barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Fərdi sahibkar X4 tərəfindən “Opel Astra” markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, görüləcək işlər, alınacaq hissələrdə daxil olmaqla avtomobilə dəymiş ziyan 2.295 manat məbləğində təşkil edir. “xxxx” ASC həmin məbləği avtomobilin sahibinə ödəmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılıb yekun qərar qəbul edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddia tələbinə etiraz edərək onun təmin olunmamasını xahiş etdi. Məhkəmə cavabdehin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, “Mersedes Benz” markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi X3 tərəfindən PAZ ********** nömrəli şəhadətnamə ilə 21 iyun 2017-ci il tarixdən 21 iyun 2018-ci il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” ilə sığortalanmışdır. Cavabdeh X1 məxsus “Mersedes Benz” markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək, 29 avqust 2017-ci il tarixdə saat 18:10 radələrində Ə.Rəcəbli küçəsində yol hərəkəti qaydalarını pozub, nəticədə yol-nəqliyyat hadisəsi törədərək, “Opel Astra” markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə ilə bağlı Qəbələ RPŞ-nin DYPB tərəfindən araşdırma aparılmışdır. Araşdırma nəticəsində cavabdehin avtomobili sürücülük hüququ olmadan idarə etməsi məlum olmuş, cavabdehin barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Fərdi sahibkar X4 tərəfindən “Opel Astra” markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, görüləcək işlər, alınacaq hissələrdə daxil olmaqla avtomobilə dəymiş ziyan 2.295 manat məbləğində təşkil edir. “xxxx” ASC həmin məbləği avtomobilin sahibinə ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçının subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə iclasında müəyyən olundu ki, 29 avqust 2017-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı **-FN-*** dövlət qeydiyyat nişanlı, “Opel Astra” markalı avtomaşının zədələnməsi nəticəsində dəymiş zərərə görə iddiaçı tərəfindən həmin avtomobilin təmir xərcləri ödənilmiş, sığorta hadisəsi baş verərkən Cavabdeh təqsirli bilindiyindən, iddiaçının ona qarşı subroqasiya hüququ yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh vurulmuş maddi zərərin əvəzini ödəməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 22 yanvar 2021-ci il tarixdə verilmiş ekspert rəyindən görünür ki, 1999-cu il buraxılışlı, “Opel Astra” markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə 2.075 manat müəyyən edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli 2(011)-392/2021 saylı qərardadı ilə təkrar məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan “xxxx” MMC tərəfindən verilmiş 09 aprel 2021-ci il tarixli ekspert rəyi ilə “Opel Astra” markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin həcmi 1.499 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə dəymiş zərərin miqdarı məsələsini müzakirə edərkən ekspert rəylərinə iş üzrə tədqiq edilmiş digər sübutlarla müqayisəli şəkildə qiymət verərək hesab edir ki, xxxx” MMC tərəfindən verilmiş müvafiq rəy mötəbər sübut kimi qəbul edilməli, cavabdehdən “xxxx” ASC-nin xeyrinə 1.499 manat məbləğində sığorta ödənişi tutulmalıdır. Belə ki, iş üzrə ilk dəfə ekspertiza mərkəzi tərəfindən daxil olmuş ekspert rəyində mübahisənin predmeti olan avtomobilə dəymiş zərər olaraq qeyd edilmiş 2.075 manatın iddia ərizəsində cavabdehdən tələb olunan məbləğə yaxın məbləğ olması məhz həmin ekspert rəyinin mötəbərliyi baxımından məhkəmədə şübhə yaratmışdır. Belə olan halda məhkəmə iş üzrə ekspertizanın keçirilməsini alternativ ekspert təşkilatına həvalə etməyi zəruri hesab etmişdir. Belə ki, qanunvericiliyin tələbinə əsasən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılması məhz məhkəmə baxışının əsas prinsiplərindəndir. “xxxx” MMC tərəfindən verilmiş 09 aprel 2021-ci il tarixli ekspert rəyində avtomobilə dəymiş zərərin həcmi 1.499 manat məbləğində müəyyən edilməsi, həmçinin sözügedən rəyin daha dəqiq və müfəssəl olması özündə məhkəmə tərəfindən ilkin ekspert rəyi ilə bağlı yaranmış şübhənin əsaslı olmasını ehtiva edir. Bu səbəbdən də, “xxxx” MMC tərəfindən verilmiş 09 aprel 2021-ci il tarixli ekspert rəyi mötəbər sübut kimi qəbul edilməli və dəymiş zərərin əvəzi olaraq cavabdehdən “xxxx” ASC-nin xeyrinə 1.499 manat məbləğində sığorta ödənişi tutulmalıdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. İş üzrə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası tərəfindən keçirilmiş ekspertiza xərci 100 manat müəyyən edilmişdir. xxxx” MMC tərəfindən keçirilmiş ekspertizanın aparılması üçün 250 manat xidmət haqqı təyin edilmişdir. Xidmət haqqı Cavabdeh tərəfindən ödənilmişdir. Məhkəmə iddia tələbinin ödənilmiş 30 manat dövlət rüsumunun tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, cavabdehdən 26.20 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməli, 3.80 manat rüsum iddiaçının özünə aid edilməlidir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş ekspertiza xərci 100 manatın 65 manat hissəsi cavabdehdən tutularaq, qalan 35 manat hissəsi isə iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə “xxxx” MMC tərəfindən keçirilmiş ekspertiza xərci 250 manatın 88 manat hissəsi iddiaçıdan alınaraq cavabdehə ödənilməli, qalan 162 manat cavabdehin özünə aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh vurulmuş zərərə görə 1.499 manat məbləğində sığorta ödənişi, ödənilmiş 26.20 manat dövlət rüsumu, cəmi 1.525,20 manat alınaraq iddiaçı “xxxx” ASC-yə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh vurulmuş zərərə görə 1.499 (min dörd yüz doxsan doqquz) manat məbləğində sığorta ödənişi, 26.20 (iyirmi altı manat iyirmi qəpik) manat dövlət rüsumu, cəmi 1.525,20 (min beş yüz iyirmi beş manat iyirmi qəpik) manat alınaraq iddiaçı “xxxx” ASC-yə ödənilsin. 3.80 (üç manat səksən qəpik) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manatın 65 (altmış beş) manatı Cavabdeh, qalan 35 (otuz beş) manatı isə iddiaçı “xxxx” ASC-dən alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İş üzrə “xxxx” MMC tərəfindən keçirilmiş ekspertza dəyəri olan 250 (iki yüz əlli) manatın 88 (səksən səkkiz) manatı iddiaçı “xxxx” ASC-dən alınaraq Cavabdeh ödənilsin, qalan 162 (yüz altmış iki) manatı cavabdehin özünə aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar