Məhkəmə qərarları › İş №2(011)-396/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-396/2022

05.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-396/2022 05.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Fövqaladə Hallar Nazirliyinin X2rşı əmlak tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı mərhum anası X4 məxsus olmuş qızıldan ibarət alt-üst protez diş qapağının cavabdehdən alınıb ona verilməsi barədə iddia ərizəsi ilə məhkəmyə müraciət etmişdir. İşin fatiki halları ondan ibarətdir ki, X6 05.09.2021-ci il tarixdə Covid-19 diaqnozu ilə FHN X9 Tipli Hospitalına gətirilmiş və həmin gün kəskin tənəffüs çatışmazlığından xəstəxanada ölmüşdür. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət etmiş və iddia ərizəsində göstərmişdir ki, anası 06.03.1945-ci il təvəllüdlü X6 05.09.2021-ci il tarixdə Covid-19 diaqnozu ilə təcili yardımla FHN X9 Tipli Hospitalına gətirilmişdir. X1 3-4 il bundan qabaq Mərdəkan qəsəbəsində özəl klinikada qızıl dişlərdən ibarət qapaq düzəltdirmişdir. Hospitala aparılarkən ona məxsus əşyalar və qızıl dişlərdən ibarət alt-üst qapaq da mərhumun özündə, çantasında olmuşdur və həmin əşyalarla hospitala daxil olmuşdur. Anası xəstəxanaya gətirilən gün saat 17:10-da ölmüşdür. Onlara analarının vəfat etməsi barədə 06.09.2021-ci il tarixdə məlumat verilmiş, həmin gün AR SN Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Nəsimi rayon Şöbəsinin meyitxanasına aparılmışdır. Hospitalda səhvən Cəmilə Behbudova adlı şəxsin əşyaları ona verildiyi üçün həmin əşyaları qaytardıqdan sonra mərhum anasınnın əşyaları qaytarılmış, əşyalara baxarkən yalnız qızıl dişlərdən ibarət protez qapağın olmadığını görmüşdür. Meyidxanaya gedərək məsələni araşdırmaq istəyərkən ona bildirilmişdir ki, cənazə meyidxanaya gətirilərkən heç bir əşya, həmçinin ağzında dişləri də olmamışdır. Yenidən hospitala qayıdaraq qızıl dişlərdən ibarət qapağın qaytarılması tələb etsə də, heç bir tədbir görülməmişdir. Halbu ki, xəstənin üzərində olan əşyalar xəstəxanaya daxil olarkən geri qaytarılmalıdır. Lakin bu nəzərə alınmamış, həmin əşyanın qiymətli olduğunu görən hospital işçiləri onu götürmüşdür. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianı müdafiə etdiyini bildirdi və məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh dəfələrlə məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsa da, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü olması barədə əvvəlcədən məlumat vermədiyindən, habelə iddiaçı işə mahiyyəti üzrə baxılmasını tələb etdiyindən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İddianın məzmunundan da göründüyü kimi, tələb əşyanın özgənin qanunsuz sahibliyindən qeri qaytarılması ilə bağlıdır. Bunun üçün ilk növbədə iddia irəli sürən şəxsin əşyanın mülkiyyətçisi, yaxud qanuni sahibi olması, yəni şəxsin iddia irəli sürməsi üçün subyektiv hüquqa malik olması əhəmiyyətlidir. İşin mübahisəsiz halıdır ki, iddiaçı mərhum X3 oğludur. Bu halda, iddiaçının anasının qanun üzrə vərəsəsi kimi anasına məxsus əmlakı tələb etmək üçün subyektiv hüququ vardır (Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Mülki Məcəllənin 1133.1, 1146 və 1255-ci maddələri). Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən müddəalardan da göründüyü kimi, mülkiyyətçinin öz əmlakının özgəsinin qanunsuz sahibliyindən geri alınması üçün aşağıdakı 3 dispozitiv şərtin olması zəruridir: 1) əmlakın mülkiyyətçiyə məxsus olması; 2) əmlakın başqa şəxsin sahibliyində olması və 3) sahibliyin qanunsuz olması. Qeyd edilən müddəadan da göründüyü kimi, birinci şərt əmlakın onu tələb edən şəxsə məxsus olması ilə bağlıdır. Başqa sözlə, əmlakı tələb edən şəxs əmlakn (əşyanın) ona məxsus olmasını (mülkiyyət hüququnun olmasını) sübut etməlidir. Bu zaman sübut etmə forması daşınar və daşınmaz əşyalara münasibətdə, onların əldə edilmə üsuluna görə, bir-birindən fərqlənir. Belə ki, daşınmaz əmlaka mülkiyyət hüququna malik olma onun rəsmi reyestirdə qeydə alınması ilə şərtləndirildiyi halda (Mülki Məcəllənin 178.1-ci maddəsi), daşınar əşyalara mülkiyyət hüququna malik olma həmin əşyaya həqiqi hüquq əsasında sahiblik etmə ilə şərtləndirilir (Mülki Məcəllənin 181.1-ci maddəsi). Qızıldan ibarət diş qapaqlarının da daşınar əşya kateqoriyasına aid olduğunu və ona mülkiyyət hüququnun rəsmi reyestirdə qeydiyyata alınmasının tələb edilməməsindən çıxış edərək, ehtimal etmək olar ki, iddiaçının mərhum anasına iddiada göstərilən əmlak məxsus olmuşdur. Yuxarıda qeyd edilən ikinci dispozitiv şərtin mövcud olması sübut etmə yükü ilə bağlıdır. Yəni, iddiaçı mərhum anasına məxsus olmuş qızıldan ibarət diş qapaqlarının cavabdehdə olduğunu sübuta yetirməlidir. Lakin iddiaçı bununla bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. İddiaçı məhkəmə baxışı zamanı anasının öldüyü gün hospitalda qeydə alınmış kamera görüntülərindən bu halın təsdiq edilə biləcəyini bildirdiyindən, məhkəmə kamera görüntülərinin təqdim edilməsi üçün cavabdehdə sorğu göndərmişdir. Cavabdehin məhkəməyə təqdim edilmiş 14.12.2021-ci il tarixli yazılı cavabında hospitalda kamera görüntülərinin iki həftədən artıq müddətə saxlanmadığı və arxivləşdirilmədiyi bildirilmişdir. Məhkəmə qeyd edir ki, mülki işin başlaması üçün fiziki və yaxud hüquqi şəxsin öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etməsi kifayətdir (MPM-nin 5.1-ci maddəsi). Lakin mülki işin məhkəmədə hərtəfli araşdırılması və məhkəmənin düzgün nəticəyə gəlməsi sübutlarsız mümkün deyil və MPM-nin 77.1-ci maddəsi tələb edir ki, iddianı irəli sürən, yaxud iddiaya qarşı etiraz edən edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, qızıl diş qapaqların cavabdehin istifadəsində və sahibliyində olmasına dair iddiaçı hər hansı sübut təqdim etmədiyindən onun qaytarılması barədə tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar