Məhkəmə qərarları › İş №2(011)-3975/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3975/2021

14.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3975/2021 14.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, X4 qızının katibliyi, İddiaçı, Cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul tələbi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 8.236 manat məbləğində pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının qızı Lətifə Qəribova hamiləlik dövrünün yeddi aylığında olarkən doğuş vaxtından iki ay əvvəl səhhətində baş vermiş ağrılar nəticəsində 24 oktyabr 2020-ci il tarixdə Cavabdeh klinikasında onun iki əkiz uşağı anadan olmuşdur. Doğuş üçün tələb olunan vəsait 1500 manat əvvəlcədən klinikanın xəzinəsinə nağd şəkildə ödənilmişdir. Əkiz körpələr vaxtından iki ay əvvəl və qüsurlu doğulduqlarına görə klinikanın “Neotalogiya Stasionar” şöbəsində həkim nəzarəti altında küvəz adlanan xüsusi aparata yerləşdirilmişlər. Cavabdeh klinikasında doğulmuş əkiz uşaqların müayinə və müalicələri üçün laboratoriya analizləri, rentgenoloji, USM, yataq və sair göstərilən xidmətlərə görə gündəlik olaraq 24 oktyabr 2020-ci il tarixdən 30 oktyabr 2020-ci il tarixinədək ondan tələb olunan müxtəlif məbləğlər, faktura hesabı 7.625 manat, ümumilikdə 8.236 manat nağd pul klinikanın xəzinəsinə ödənilmişdir. Koronavirus pandemiyası dövründə xüsusi karantin rejimi tətbiq olunması ilə əlaqədar olaraq iddiaçının qızının əkiz uşaqlarını görməsi bir daha mümkün olmamışdır. Əkiz uşaqları müalicə edən həkimin onlara verdiyi məlumatdan aydın olmuşdur ki, əkizlərin biri oğlan uşağı doğuşdan altı gün sonra 30 oktyabr 2020-ci il tarixdə klinikada vəfat etmiş və digər uşaq isə 30 oktyabr 2020-ci il tarixdə K.Fərəcova adına Elmi-Tədqiqat-Pediatriya İnstitutu, OMD uşaq xəstəxanasına köçürülmüş, iki gün sonra 01 noyabr 2020-ci il tarixində xəstəxanada vəfat etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz edərək, onun rədd olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 21 sentyabr 2021-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, Cavabdehdə Lətifə Qəribovanın adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, 24 oktyabr 2020-ci il tarixdə klinikanın doğum şöbəsinə daxil olmuş və aparılmış müvafiq müayinələr əsasında ona “30-31 həftəlik hamiləlik, əkiz döl, fəsadlı mamalıq anamnezi, uşaqlıqda 2 çapıq, 1 dölün bətndaxili inkişaf ləngiməsi” diaqnozu təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq hamilənin üzərində “kesar kəsiyi” cərrahiyyə əməliyyatı icra edilmiş və diri döllər xaric edilmişdir. Doğulduqdan sonra yeni doğulmuş uşağa (İ) “vaxtından əvvəl doğulmuş uşaq, qidalanma pozğunluğu” diaqnozu təyin edilmiş, yeni doğulmuş uşaq vəziyyətinin ağırlığı ilə əlaqədar küvez aparatına yerləşdirilmiş və müvafiq təyinat üzrə müalicə tədbirləri göstərilmişdir. 02 noyabr 2020-ci il tarixdə yeni doğulmuş uşaq ailəsinin istəyi ilə X1 köçürülmüşdür. Cavabdeh də tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, yeni doğulmuş uşağın (İİ) vəziyyəti doğularkən ağır olmuş və aparılmış müayinələrdən sonra onda “ tənəffüs pozğunluğu, qeyri-travmatik kəllədaxili qansızma, pnevmotoraks”ın olduğu müəyyən edilmişdir. Vəziyyətinin ağırlığı ilə əlaqədar yeni doğulmuş uşağa tənəffüs dəstəyinə başlanılmış, müvafiq təyinat üzrə müalicə tədbirləri göstərilmişdir. Göstərilən tibbi yardımlara baxmayaraq yeni doğulmuş uşağın vəziyyəti kəskin pisləşmiş və 30 oktyabr 2020-ci il tarixdə saat 04:15-də onda bioloji ölüm baş vermişdir. Tibbi sənədlərdə qeyd olunanlara əsasən, pnevmotoraks, ağciyər hipertenziyası kimi ağır patalogiya yenidoğulmuş uşağın vəziyyətini daha da ağırlaşdırmış və dərin respirator asidoz damar daxili laxtalanma sindromu kimi ağırlaşmalar uşağın ölümünə gətirib çıxarmışdır. Yeni doğulmuş uşaqlara göstərilmiş tibbi yardımlar onların vəziyyətlərinə uyğun olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 41-ci maddəsinə əsasən hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. İnsanların həyatı və sağlamlığı üçün təhlükə törədən faktları və halları gizlədən vəzifəli şəxslər qanun əsasında məsuliyyətə cəlb edilirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliy-yatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Həmin Məcəllənin 1115-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Qeyd edilən Məcəllənin 1117-ci maddəsinə əsasən, müqavilə öhdəliklərinin icrası zamanı, habelə hərbi qulluq, polisdə qulluq vəzifələrinin və digər müvafiq vəzifələrin icrası zamanı fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzi, əgər qanunda və ya müqavilədə daha yüksək məsuliyyət ölçüsü nəzərdə tutulmayıbsa, bu Məcəllənin bu fəslində nəzərdə tutulmuş qaydalar üzrə ödənilir. Məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, iddiaçı tibbi xidmət göstərilməsi məqsədilə Cavabdeh MMC-yə müraciət etmiş, razılaşdırılmış məbləğdə vəsait ödəmiş, klinikanın müqavilə öhdəlikləri üzrə icradan yayınması və ya lazımınca icra etməməsi faktı iş materialları, habelə məhkəmə baxışında keçirilmiş məhkəmə ekspertiza rəyi ilə müəyyən edilməmişdir. Odur ki, məhkəmənin qənaətinə əsasən, İddiaçı Cavabdeh MMC-yə qarşı cavabdehdən 8.236 manat məbləğində pulun alınıb iddiaçıya verilməsi tələbi əsassızdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı cavabdehdən 8.236 manat məbləğində pulun alınıb iddiaçıya verilməsi iddia tələbi rədd edilsin. Cavabdeh İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar