Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-407/2024 08.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilə istifadə hüququnun itirilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilə istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, ünvan 1 iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hal-hazırda da mülkiyyətindədir. Həmin mənzili iddiaçı 2017-ci il tarixdə alqı-satqı müqaviləsi ilə almışdır. Cavabdehlər onunla həmin mənzildə yaşamış və qeydiyyata düşmüşlər. Sonradan həmin mənzildə yaşamadıqları halda hal-hazıradək könüllü qeydiyyatdan çıxmamışlar. Bu hal onun mənzil üzərində mülkiyyət hüquqlarını pozur. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hal-hazırda cavabdehlər həmin mənzildə yaşamır və istifadə hüquqları yoxdur. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1-yə istifadə hüququnun itirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ünvan 1-yə istifadə hüququnun itirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclası barədə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, müvafiq qeyd aparılaraq bildirişlər məhkəməyə geri qaytarılmış, məhkəmə bildirişləri Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə göndərilmişdir. MPM-nin 147-ci maddəsinə əsasən məhkəmə cavabdehlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının çıxışını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan satıcı X1 ilə alıcı İddiaçı arasında bağlanılmış 14 may 2017-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 97.79 kv.m. olan mənzili 90000 manata alıcının mülkiyyətinə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın surətindən məlum olur ki, Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 14 ünvanında yerləşən ümumi sahəsi 97.79 kv.m olan 22 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 17 may 2017-ci il tarixdə 1878 nömrəli reyestr kitabının 173178 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li, 01 sentyabr 2023-cü il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında Cavabdeh2 və Cavabdeh3 qeydiyyatdadırlar. Məhkəmə qeyd edir ki, xüsusi mülkiyyətdə olan mənzildə yerləşən yaşayış sahəsinə istifadə hüququnun əmələ gəlməsi üçün 2000-ci il 01 sentyabr tarixinədək Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsində və ya 2000-ci il 01 sentyabr tarixindən sonra Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsində müəyyən edilmiş əsaslar mövcud olmalıdır.(Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarı). Mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədən kənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alqı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Yaşayış sahəsinin mülkiyyətçisi olmayan istifadəçilərin hüquqi statusunu müəyyən edərkən «yaşayış sahəsi üzərində mülkiyyət hüququ» ilə «yaşayış sahəsindən istifadə hüququ» arasında olan fərq nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsi ilə bağlı Qərarlarında verdiyi şərhlərdə dəfələrlə vurğulamışdır ki, Mənzil Məcəlləsi müddəalarının mülkiyyət hüququnun ziddinə təfsir olunması Konstitusiyanın 13 (mülkiyyətin toxunulmazlığı), 29 (mülkiyyət hüququ), 71 (insan və vətəndaş hüquq və azadlıqlarının təminatı), 147 (Konstitusiyanın birbaşa hüquqi qüvvəsi), 149-cu (qanunların Konstitusiyaya zidd olmasının yolverilməzliyi) maddələrinin, habelə Konstitusiyanın Keçid müddəalarının 8-ci bəndinin (Konstitusiyadan əvvəl qəbul olunmuş qanunların Konstitusiyaya zidd olmayan hissədə öz qüvvəsini saxlaması) müddəaları ilə uyğunsuzluq təşkil edə bilər. Qanunverici mülkiyyətin toxunulmazlığı və onun dövlət tərəfindən qorunmasına dair konstitusiya prinsipindən çıxış edərək, qüvvədə olan MM-in 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna dair qaydaları müəyyən etmişdir. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. MM-in 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: - mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; - həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; - istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Belə qaydaların müəyyən edilməsi ondan irəli gəlir ki, «mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Ayrıca olaraq vurğulanmalıdır ki, mülkiyyət barəsində sərəncam verilməsi əqdlərin bağlanması yolu ilə və ya digər hüquqi aktların qüvvəsinə görə mümkündür» (R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun qərarı). Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mənzil qanunvericiliyi mülki hüququn tərkib hissələrindən biridir. Yaşayış sahələri yalnız mülki dövriyyənin predmeti olduqda mülki qanunvericilik onlara sahiblik, onlardan istifadə və onlara dair sərəncam verməklə bağlı məsələləri tənzimləyir. Yaşayış sahəsindən istifadə, onun istismarı və bir sıra başqa məsələlər mənzil qanunvericiliyi ilə tənzimlənməlidir. Başqa hallarda isə, Mülki Məcəllənin mənzil sahəsində mövcud münasibətlərinə yönələn normaları, o cümlədən MM-in 228-ci maddəsi əsas rol oynayır. Yaşayış sahəsinin mülkiyyətçisi olmayan istifadəçilərin hüquqi statusunu müəyyən edərkən «yaşayış sahəsi üzərində mülkiyyət hüququ» ilə «yaşayış sahəsindən istifadə hüququ» arasında olan fərq nəzərə alınmalıdır. «Mülkiyyət hüququ»nun anlayışı MM-in 152.1-ci maddəsində verilir. Bu maddəyə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Yaşayış sahəsi üzrə mülkiyyət hüququnun birinci xüsusiyyəti mülkiyyətçiyə məxsus olan yaşayış sahəsi üzrə onun hüquqlarının əmlakın təyinatına uyğun olaraq, yəni müstəsna olaraq mülkiyyətçinin və onun ailə üzvlərinin şəxsi yaşaması, eləcə də ona məxsus yaşayış sahəsinin başqa şəxslərin yaşaması məqsədi ilə əvəzli və ya əvəzsiz verilməsi və s. üçün həyata keçirilməsindən ibarətdir. Yaşayış sahəsi başqa məqsədlər üçün istifadə edilə bilməz. Yaşayış sahəsi üzrə mülkiyyət hüququnun ikinci xüsusiyyəti ondan ibarətdir ki, çox mənzilli binada mənzil əldə edərkən mülkiyyətçi yalnız yaşayış sahəsinə deyil, həm də, binanın ümumi mülkiyyətinə payı əldə edir. Yaşayış sahəsi üzrə mülkiyyət hüququnun üçüncü xüsusiyyətini mülkiyyətçidən başqa ona məxsus olan yaşayış sahəsində yaşayan digər şəxslərin hüquqlarının mövcudluğu təşkil edir. Məhz bu məqamda «yaşayış binasının tərkib hissəsindən istifadə hüququ» meydana gəlir. Qeyd edilməlidir ki, obyekti yaşayış sahəsi olan mülkiyyəti tənzimləyən hüquqi normaların düzgün tətbiqi üçün qanunvericiliyin mülki hüquq və mənzil hüququ sahələri arasında xətt keçirilməlidir. Mülkiyyətçinin ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mənzil hüququnun (obyekti) predmeti kimi nəzərdən keçirilməli və ailə üzvlərinin bu hüququ onlardan birinin mülkiyyətində mövcud olan yaşayış sahəsində onunla bərabər istifadə etməyi ehtiva edən kimi qiymətləndirilməlidir. Həmin əmlakın özgəninkiləşdirilməsinə və ya mülkiyyətçi tərəfindən sərəncam hüququnun başqa yolla həyata keçirilməsinə isə bu hüququn mövcudluğu təsir etmir, ona görə ki, yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin onunla bərabər istifadə etmək hüququ mülkiyyət hüququnun Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan elementlərindən biri olan istifadə hüququnu təşkil etmir. Yaşayış binasının tərkib hissəsindən (mülkiyyət hüququnun tərkib hissəsi olan) istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb olunur. Azərbaycan Respublikasında isə mülkiyyət və yaşayış sahəsindən istifadə etmək hüquqlarının həyata keçirilməsi ilə bağlı yaranmış mübahisələrin həlli zamanı həm beynəlxalq hüquq normaları, həm də milli qanunvericiliyin müddəaları nəzərə alınmalıdır. X2 Məhkəməsi plenumunun mövqeyi ondan ibarət olmuşdur ki, mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır. Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiya və beynəlxalq müqavilələrin normalarından irəli gələn və onu inkişaf etdirən mülki qanunvericilik mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akimova Azərbaycana qarşı” işi üzrə qərarında göstərilmişdir ki, “1 saylı Protokolun 1-ci maddəsinin başlıca və ən əsas tələbi mülkiyyətdən istifadə hüququna dövlət tərəfindən hər hansı bir müdaxilənin qanun çərçivəsində olmasından ibarətdir. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Bundan əlavə, qanunun aliliyi demokratik cəmiyyətin fundamental prinsiplərindən biridir və Konvensiyanın bütün maddələrindən ayrılmazdır. Bundan irəli gəlir ki, cəmiyyətin mühüm maraqlarının qorunması və müdafiəsi arasında tarazlığın əldə edilməsi artıq müəyyən edildiyi kimi qanunauyğun olmalı və özbaşına xarakteri daşımamalıdır”. Beləliklə, mülki işdə olan sübutlarla təsdiq edilir ki, Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 14 ünvanında yerləşən 22 saylı mənzili iddiaçı 14 may 2017-ci il tarixli alqı-satqı müqaviləsi əsasında almış və 17 may 2017-ci il tarixdə həmin mənzil daşınmaz əmılakın dövlət reyestr xidmətində qeydiyyata alınmışdır. Cavabdehlər iddiaçıya məxsus mənzildə bir müddət yaşamış və həmin mənzilə qeydiyyata düşmüşlər. Məhkəmə yuxarıda qeyd edilmiş maddi-hüquq normalarına və işin faktiki hallarına əsaslanaraq, belə qənaətə gəlir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iddiaçının xüsusi mülkiyyətində qeydiyyata alınsa da, mənzilin mülkiyyətçisi ilə istifadə hüququna dair notarial qaydada təsdiq olunmuş müqavilə bağlamadığından, onların istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, onların mübahisəli mənzil üzərində istifadə hüquqları yaranmamışdır. Məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqları yaranmadığından iddia təmin edilməməli, hazırki mülki iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin cavabdehlərin müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas olduğu tərəflərə izah edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilə istifadə hüququnun itirilməsi” tələbinə dair iddiası təmin edilməsin. Hazırki mülki iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-407/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-407/2024
08.02.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver