Məhkəmə qərarları › İş №2(011)-4091/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4091/2022

21.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4091/2022 21.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən maddi ziyan olan 26.600 ABŞ dolları pul vəsaitinin (pulun ödənəcəyi günün məzənnəsinə uyğun olaraq) və mənəvi zərər olan 5.000 manatın müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı vicdanlı alıcı olmuş və “Mitsubishi- Pikap” markalı, **-TH-*** qeydiyyat nişanlı avtomobili Cavabdeh1 mülkiyyətində olarkən 04 noyabr 2015-ci il tarixdə ondan 7E-18738 reyestr nömrəsi ilə qeydiyyata alınmış mülki etibarnamə əsasında əldə etmiş, daha sonra 25 iyun 2020-ci il tarixinə qədər “Mitsubishi- Pikap” markalı, **-TH-*** qeydiyyat nişanlı avtomobil üzrə "xxxx" ASC-yə ilkin olaraq 5500 ABŞ dolları, daha sonra hər ay mütəmadi banka ödəniş etməklə ümumilikdə 21.100 ABŞ dolları pul vəsaiti ödəmişdir. Cavabdeh1 avtomobili üçüncü şəxsə satarkən bankda girov olduğu üçün alğı-satqı edə bilməmiş, lakin aralarında şifahi alğı-satqı müqaviləsi bağlanmış və bankın borcu bitdikdən sonra avtomobili üçüncü şəxs İddiaçı adına rəsmi alğı-satqı edəcəyinə söz vermişdir. Bu hadisədən iddiaçı X2 xəbərdar olmuş, həmin ərəfə cavabdehlə evli olduğu müddətə təsadüf etmiş, sözügedən alğı-satqıya razı olmuşdur. Lakin borc bitdikdən sonra iddiaçıya məlum olmuşdur ki, sözügedən avtomobil onun istifadə və sahibliyində olduğu, şifahi alğı-satqı və mülki etibarnamə əsasında ona satıldığı halda Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə cavabdehlər iddiaçıya satılan avtomobili ələ keçirərək onun avtomobil üçün ödənilmiş pul əmlakını mənimsəmişlər. Daha sonra iddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən maddi ziyan olan 26.600 ABŞ dolları pul vəsaitinin (pulun ödənəcəyi günün məzənnəsinə uyğun olaraq), mənəvi zərər olan 5.000 manatın və 240 manat məbləğində dövlət rüsumunun müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 ilə "xxxx" İKB ASC (indiki "xxxx" ASC) arasında olan 30 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi və eyni tarixli ipoteka müqaviləsinə əsasən, cavabdeh bankdan 21.100 ABŞ dolları məbləğində kredit götürmüş, öz mülkiyyətində olan “Mitsubishi-Pikap” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobili banka ipotekaya qoymuşdur. Cavabdeh1 öz mülkiyyətində olan “Mitsubishi-Pikap” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobili 04 dekabr 2015-ci il tarixli etibarnamə əsasında İddiaçı vermişdir. Etibarnamə verilərkən iddiaçı cavabdehə 5.500 ABŞ dolları məbləğində ilkin ödəniş etmişdir. Daha sonra iddiaçı Cavabdeh1 adından "xxxx" ASC-yə ümumilikdə 21.100 ABŞ dolları ödəniş etmiş və heç bir borcu qalmamışdır. Borc ödənildikdən sonra isə Cavabdeh1 iddiaçı ilə aralarında razılaşma olmasına baxmayaraq avtomobili iddiaçıya təhvil verməkdən imtina etmişdir. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 noyabr 2019-cu il tarixli, 2(011)-7022/2019 saylı qətnaməsi ilə “Toyota-Corolla" markalı **-UC-*** qeydiyyat nişanlı avtomobilin alğı-satqısına dair X1 ilə Cavabdeh1 arasında bağlanmış 26 yanvar 2018-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, “Toyota-Corolla" markalı **-UC-*** qeydiyyat nişanlı, "Mitsubishi-Pikap" markalı **-TH-*** qeydiyyat nişanlı və "Kamaz” markalı **-SN-*** qeydiyyat nişanlı nəqliyyat vasitələrində ½ hissədə Cavabdeh2, ½ hissədə Cavabdeh1 paylarının müəyyən edilməsi qət edilmişdir. Cavabdeh1 tərəfindən məhkəməyə ünvanlanmış 07 iyun 2022-ci il tarixli izahat məktubundan görünür ki, o, 04 dekabr 2015-ci ildə İddiaçı 5.500 ABŞ dolları nağd pul olaraq “Mitsubishi L200” markalı **-TH-*** nömrə nişanlı avtomobili İddiaçı mülki etibarnamə ilə satmış, buna keçmiş həyat yoldaşı iş üzrə digər Cavabdeh2 heç bir narazılığı olmamışdır. O, İddiaçı aldığı pulları ailəsinin ehtiyaclarını ödəmək üçün xərcləmişdir. 30 iyun 2020-ci il tarixədək İddiaçı həmin maşın üçün banka cavabdehin adından 21.100 ABŞ dolları pul ödəmişdir. Həmin ödənişlər hər iki cavabdehin razılığı ilə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə iclasında işin faktiki hallarına əsasən müəyyən olundu ki, Cavabdeh1 mülkiyyətində olan “Mitsubishi L200” minik markalı, **-TH-*** dövlət nömrə nişanlı avtomobil mülki etibarnamə əsasında İddiaçı satılmış, avtomobilə görə iddiaçı tərəfindən Cavabdeh1 ilkin olaraq 5.500 ABŞ dolları, "xxxx" ASC-yə isə cavabdehin adından cəmi 21.100 ABŞ dolları məbləğində ödəniş edilmişdir. Lakin ödəniş bitdikdən sonra sözügedən avtomobil cavabdeh tərəfindən iddiaçıya təhvil verilməmişdir. Odur ki, məhkəmə qətnaməsinə əsasən avtomobil hal-hazırda hər iki cavabdehin mülkiyyətində olduğundan, iddia tələbi həmin hissədə təmin edilməli, cavabdehlərdən müştərək qaydada 26.600 ABŞ dolları pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin 5000 manat mənəvi ziyanın tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin hissədə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin Qərarda qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, “mənəvi zərər” anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə iclaslarında iştirak edən iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi sarsıntı və iztirablar keçirməsi ilə əlaqədar məhkəməyə sübut təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iş materiallarından göründüyü kimi iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən 240 manat dövlət rüsumu ödəmişdir, iddia tələbi qismən təmin edildiyindən cavabdehdən 240 manatın 120 manatı iddiaçının özünə aid edilməli, qalan 120 manatı isə cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada vurulmuş maddi zərərin əvəzi kimi 26.600 (iyirmi altı min altı yüz) ABŞ dolları pul vəsaiti ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası manatı ilə və 120 (bir yüz iyirmi) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qalan 120 (bir yüz iyirmi) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar