Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4116/2021 17.07.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ X9 Rauf qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərzadə Kənan Muxtar oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili X1 Cavabdeh1 Cavabdeh X3 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh1 və Cavabdeh2 Cavabdeh1 iddiaçıya vurulmuş maddi ziyana görə 10000 manat, mənəvi ziyana görə 5000 manat, Cavabdeh2 iddiaçıya vurulmuş maddi ziyana görə 10000 manat, mənəvi ziyana görə 5000 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı X6 ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 23.12.2019-cu il tarixdə saat 19:00 radələrində Cavabdeh1 məxsus “Kia Sportage” markalı, **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan idarə edən Cavabdeh2 tərəfindən idarə edilməsi zamanı avtomobil tərəfindən vurularaq qəzada ağır xəsarət almış və hazırda sərbəst hərəkət edə bilmədiyindən əmək qabiliyyəti məhduddur. Hazırda həm davam edən müəlicə, həç də işləyə bilmədiyinə görə maddi ziyana düşüb. O, aldığı fiziki və mənəvi iztirab çəkir. Odur ki, cavabdehlər tərəfindən ona mənəvi ziyan da yetirilmişdir. Hadisəni birbaşa törədən Cavabdeh2 olsa da, digər səbəbkar və əsl cavabdeh ona avtomobili vermiş Cavabdeh1dır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. O, məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, iddiaçı hadisə nəticəsində ağır xəsarət almışdır. Hadisədən sonra o, əməliyyat keçirmiş, əvvəl yataq xəstəsi olaraq stasionar, sonra 1 ildən çox müddət ərzində ambulator müəlicə almışdır. İddiaçının ayağında 9 ay ərzində İlizarov aparatı olmuşdur və bu günədək hərəkət etmək qabiliyyəti tam bərpa edilməmişdir. Onun öhdəsində həyat yoldaşı və azyaşlı övladı da var. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanuna əsasən əhalinin əsas sosialdemoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği, 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat, 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Beləliklə də, cavabdehlərin törətdiyi delikt nəticəsində iddiaçını əmək qabiliyyəti 2020-ci ilin ilk 9 ayı üçün tam, daha sonrakı dövr üçün isə qismən məhdud olmaqla, ailəsi üçün əldən çıxmış gəliri, 2020-ci il üçün 6864 manat, 2021-ci ilin ilk ayı üçün isə 3534 manat olmuşdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. O, məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Cavabdeh1 tərəfindən ilk gündən iddiaçıya və ailəsinə heç bir maddi yardım göstərilməmiş, Cavabdeh2 ailəsi tərəfindən ilk günlərdə əməliyyat ilə bağlı xərclər və dərmanlar üçün 3200 manat məbləğində pul ödənilmişdir. Cavabdeh2 məhkəmə iclasında iddiaya etiraz edərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə mülki iş üzrə tərəflərin izahatlarını və mülki iş materiallarında olan sübutları araşdıraraq belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02.09.2020-ci il tarixli, 1(006)-181/2020 nömrəli Hökmün surətindən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 03 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Qeyd edilən hökmdə göstərilmişdir ki, Cavabdeh2 23.12.2019-cu il tarixdə saat `19 radələrində “Yol hərəkət haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin İ hissəsinin 1-ci bəndinin tələblərinə (mexaniki nəqliyyat vasitəsinin sürücüsü sürücülük vəsiqəsini və digər sənədləri özündə saxlamalıdır) riayət etməyərək nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Kia Sportage” markalı, **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 1 ünvanda 20 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Qanunun 36-cı maddəsinin İ hissəsinin 3-cü bəndinin (Yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar) tələblərinə riayət etməklə hadisənin qarşısını almaq texniki cəhətdən imkanı olduğu halda, bu tələblərə riayət etməmiş və həmin ünvanda yerləşən “X-Small” geyim mağazasının qarşısında avtomobilin ön hissəsi ilə səkidən piyada keçən İddiaçı vuraraq ehtiyatsızlıqdan ona sağ dirsək sümüyünün bizvari çıxıntısının qapalı yerdəyişmiş sınığı, sağ qamış sümüyünün oynaq daxili qapalı çoxqəlpəli yerdəyişən sınıqları, sağ diz və sağ bud nahiyyələrinin qançırları kimi xəsarət ilə nəticələnən, dərəcəsinə görə ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla (35 faiz) uzun müddətə itirilməsinə səbəb olan, sağlamlığına ağır zərər vurmaya aid edilən zərər vurmuşdur. Mülki iş materiallarında olan Azərbaycan Tibb Universitetinin X2 Epikrizindən görünür ki, İddiaçı politravma, sağ tərəfli qamış sümüyün oynaq səthinin və diafizin qapalı çoxparçalı və sağ dirsək sümüyünün bizvari çıxıntısının qapalı yerdəyişmiş sınığı diaqnozu qoyulmuşdur. Xəstənin deməsinə görə 23.12.2019-cu il tarixdə avtoqəza nəticəsində travma almışdır. İlkin tibbi yardım 1 saylı KTM-də göstərilmiş, sağ diz oynağının rentgen müayinəsində tibia plato sınığı diaqnozuna görə sağ aşağı ətrafa skelet dartması ilə yük asılmışdır və sağ yuxarı ətraf gips longetilə immobilizasiya olunmuşdur. Daha sonra xəstə 24.12.2019 tarixində müayinə və müalicə üçün ATU TCK-na köçürülmüşdür. Xəstə 01.01.2020-ci il tarixində ümumi anesteziya altın qoyulmuş diaqnozuna görə sağ qamış sümüyünün “İlizarov” üsulu ilə osteisintezi cərrahi əməliyyatı icra edildi. Xəstəyə 6 həftə sağ aşağı ətrafa yük salmaq məsləhət görülmür. Mülki iş materiallarında olan “X5” MMC tərəfindən təqdim edilmiş arayışdan görünür ki, 04.09.2020-ci il tarixində İddiaçı cərrahi əməliyyat olunmuşdur. Xəstəyə sağ qamış sümüyü kondilusunun çoxqəlpəli, oynaq daxili, bitişmiş sınığı, sağ diz oynağının açıcı kontrakturası diaqnozu qoyulmuşdur. İlizarov aparatı xaric edildi. Mülki iş materiallarında olan Azərbaycan Tibb Universitetinin X4 01.01.2020-ci il tarixli, 11.01.2020-ci il tarixli, 16.01.2020-ci il tarixli qəbzlərin surətlərindən görünür ki, İddiaçı tərəfindən, müvafiq olaraq, 84 manat, 200 manat, 299 manat məbləğində ödənişlər edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 16.09.2020-ci il tarixli qəbzindən görünür ki, İddiaçı diz MRT (sağ tərəf) müayinəsi üçün 140 manat məbləğində pul ödəmişdir. Beləliklə mülki işin məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, H.B. Əliyev küçəsində yerləşən “X-Small” geyim dükanında satıcı işləyirdi. Həmin dükanda yerləşən kosmetika şöbəsində Cavabdeh1 fəaliyyət göstərirdi. 23.12.2019-cu il tarixində Cavabdeh1 ona məxsus olan “Kia Sportage” markalı, **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobili düzgün yerdə saxlamaq üçün avtomobilin açarını nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan Cavabdeh2 vermişdir. Cavabdeh2 riayət etməyərək nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Kia Sportage” markalı, **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 1 ünvanda 20 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Qanunun 36-cı maddəsinin İ hissəsinin 3-cü bəndinin (Yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar) tələblərinə riayət etməklə hadisənin qarşısını almaq texniki cəhətdən imkanı olduğu halda, bu tələblərə riayət etməmiş və həmin ünvanda yerləşən “X-Small” geyim mağazasının qarşısında avtomobilin ön hissəsi ilə səkidən piyada keçən İddiaçı vuraraq ehtiyatsızlıqdan ona sağ dirsək sümüyünün bizvari çıxıntısının qapalı yerdəyişmiş sınığı, sağ qamış sümüyünün oynaq daxili qapalı çoxqəlpəli yerdəyişən sınıqları, sağ diz və sağ bud nahiyyələrinin qançırları kimi xəsarət ilə nəticələnən, dərəcəsinə görə ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla (35 faiz) uzun müddətə itirilməsinə səbəb olan, sağlamlığına ağır zərər vurmaya aid edilən zərər vurmuşdur. Hadisə nəticəsində aldığı xəsarətlərlə bağlı iddiaçı X8 01.01.2020-ci il tarixdə “İlizarov” üsulu ilə cərrahi əməliyyat olunmuşdur, “İlizarov” aparatı 04.09.2020-ci il tarixində çıxarılmışdır. Əməliyyat və digər xərcləri qarşılamaq məqsədi ilə Cavabdeh2 tərəfindən iddiaçıya 3200 manat məbləğində pul ödənilmişdir. Aldığı müalicə ilə əlaqədar iddiaçı tərəfində 716 manat məbləğində pul xərclənmişdir. Göstərilən hadisə nəticəsində iddiaçının sağ ayağına İlizarov aparatı bərkidilmişdir və o, 10 ay müddətinə hərəkət etmək və əmək fəaliyyəti ilə məşğul olmaq iqtidarında olmamışdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (MM 21.1-ci maddəsi). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (MM 21.1-ci maddəsi). Həmin Məcəlləyə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (MM 1096.1-ci maddəsi).. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (MM 1096.2-ci maddəsi). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir (MM 1097.1-ci maddəsi). Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur (MM 1108.1-ci maddəsi). Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər (MM 1108.2-ci maddəsi). Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, baş vermiş nəqliyyat hadisəsi nəticəsində iddiaçıya dəymiş maddi və mənəvi ziyana görə nəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdeh1 (nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə özünə məxsus nəqliyyat vasitəsinin açarlarını verərək, avtomobili başqa yerdə saxlamaq tapşırığını vermiş) və həmin nəqliyyat vasitəsini sonuncunun tapşırığı ilə hüququ olmadan idarə edən şəxs Cavabdeh2 (nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan avtomobillə ünvan 1 ünvanda 20 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Qanunun tələblərinə riayət etməmiş və avtomobilin ön hissəsi ilə səkidən piyada keçən İddiaçı vuraraq ehtiyatsızlıqdan ona dərəcəsinə görə ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla (35 faiz) uzun müddətə itirilməsinə səbəb olan, sağlamlığına ağır zərər vurmaya aid edilən zərər vurmuşdur) məsuliyyət daşıyırlar. Belə ki, hər iki cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçının sağlamlığına zərər yetirilmiş, sağlamlığını itirdiyinə görə iddiaçı maddi və mənəvi ziyan çəkmişdir. Məhkəmə zərərin məbləğinə qiymət verərək belə qənaətə gəlir ki, iddiaçı tərəfindən müalicəsi ilə bağlı ödənilmiş 716 manat məbləğ nəzərə alınmaqla, əmək fəaliyyəti ilə məşğul ola bilmədiyi dövr üzrə, yəni 23.12.2019-cu il tarixdən 04.09.2020-ci il tarixədək olan dövr üzrə, Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum əmək haqqı məbləği əsas götürülməklə (250 manat) dəymiş ziyan 3216 (250x10+716=3216) manat məbləğində müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçıya vurulmuş maddi ziyanın əvəzi olaraq Cavabdeh1 1608 manat, Cavabdeh2 1608 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iddianın mənəvi ziyanın ödənilməsi hissəsində qiymət verərək belə qənaətə gəlir ki, iddiaçıya vurulmuş mənəvi ziyanın məbləği 2000 manat məbləğində müəyyən edilməklə, Cavabdeh1 1000 manat, Cavabdeh2 1000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”-nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqa zidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərin təqsiri üzündən mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və o, bu hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı stressləri, əzab və əziyyətləri ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Lakin, mənəvi zərərin həcmi 10000 manat məbləğində deyil, işin faktiki halları nəzərə alınmaqla 2000 manat məbləğində müəyyən edilməklə, Cavabdeh1 1000 manat, Cavabdeh2 1000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı vurulmuş maddi ziyanının əvəzi olaraq Cavabdeh1 1608 manat, mənəvi ziyanın əvəzi olaraq 1000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddiaçı vurulmuş maddi ziyanının əvəzi olaraq Cavabdeh2 1608 manat, mənəvi ziyanın əvəzi olaraq 1000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-4116/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4116/2021
17.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver