Məhkəmə qərarları › İş №2(011)-412/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-412/2022

08.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-412/2022 08.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi X3, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh "xxxx" MMC-nin ("xxxx") nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı cavabdehlər "xxxx" MMC ("xxxx") və X2 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər "xxxx" MMC və X2 qarşı dəymiş maddi ziyanın əvəzi olaraq 25.000 manat və mənəvi ziyanın əvəzi olaraq 50.000 manat məbləğində pul vəsaitinin müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə prosessində “Medika Hospitalın” "xxxx" MMC-nin tərkibində eyni VOEN altında (**********) fəaliyyət göstərdiyi müəyyən edildiyindən, cavabdeh "xxxx" "xxxx" MMC ilə əvəz edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı son 4-5 ildir ki, babasil xəstəliyindən əziyyət çəkib. 2017-ci ildə müalicə olunmaq üçün Medika Hospitala müraciət etmiş və həkim Cavabdeh2 qəbulunda olmuşdur. Müəyyən yoxlamalardan sonra həkim ona bildirmişdir ki, onun xəstəliyi müalicə ilə keçib-gedən deyil, əməliyyat olunmalıdır. Eləcə də əlavə etmişdir ki, vaxtında əməliyyat olunmasa gələcəkdə ağır fəsadlar yarada bilər. İddiaçı həkimdən bu tip əməliyyatları edib-etməməsi ilə maraqlanmış, cavabdeh X4 belə əməliyyatların onun tərəfindən dəfələrlə keçirildiyini, hər birini də uğurlu əməliyyat etdiyini bildirmiş, bu əməliyyatın da uğurlu olacağı və onun tez bir vaxtda sağlamlığının bərpa olacağı barədə vədlər vermişdir. İddiaçı həkimin boş vədlərinə aldanaraq əməliyyat olunmağı ilə bağlı razılığa gəlmiş və 2017-ci ildə həkim Cavabdeh2 tərəfindən əməliyyat olunmuşdur. Əməliyyatdan sonra 3 gün müddətində Hospitalda saxlanılmış və müalicə almışdır, lakin ağrıları keçməmiş, əksinə daha da şiddətlənmişdir. İddiaçı bu barədə həkimə dedikdə o, hər dəfə ona bildirmişdir ki ağrılar bir müddət olmalıdır. Əməliyyat olunduqdan 3 gün keçdikdən sonra yaxınlarının köməkliyi ilə evə dönmüş, lakin vəziyyətində heç bir yaxşılaşma olmamışdır, əksinə vəziyyəti günü-gündən pisləşmişdir. İddiaçı artıq özünü saxlaya bilmir, bir gündə 100 dəfədən çox tualetə gedirmiş. Dəfələrlə həkimə zəng edərək vəziyyətinin düzəlmədiyini, pisləşdiyini bildirsə də cavabdeh hər dəfə tezliklə yaxşılaşacağını bildirmişdir. Evdə yataq şəraitində müalicəsini davam etdirsə də yaranmış ağrılar keçməmiş, əksinə şiddətlənmişdir. Yaxınlarının köməkliyi ilə xx.xx.2018-ci ildə Medika Hospitala getmiş və həkimə bu xəstəlikdən əməliyyat olunan şəxslərin uzağı 2-3 gündən sonra tam sağalaraq ayağa qalxdığını demiş və əməliyyatını düzgün aparmadığını, yoğun bağırsağının çöldə qaldığını bildirmişdir. Cavabdehdən əməliyyatdan sonra onun səhhətiylə maraqlanmamasının səbəbini soruşmuş, həkim yenə də ona məsləhətlər verərək vəziyyətinin keçirilmiş əməliyyata uyğun olduğunu bildirmiş və tezliklə yaxşılaşacağı barədə boş vədlər vermişdir. İddiaçı müalicə olunmaq üçün bir neçə özəl kilinikalara və bilavasitə babasil xəstəliyi ilə bağlı əməliyyatlar aparmış həkimlərə müraciət etmişdir. Müvafiq müayinələrdən sonra onun əməliyyatının həkim tərəfindən düzgün aparılmaması, eləcə də düzgün müalicə təyin olunmaması təsdiqlənmiş və müraciət etdiyi həkimlərdən heç biri onun müalicəsini boynuna götürməmişdir. O, həkim səhlənkarlığının və həkimin uğursuz əməliyyatının qurbanı olmuşdur. 3 ildən artıq bir müddətdir yataq xəstəsi olaraq əzab-əziyyətlər çəkir, sağlamlığının bərpa olunmasına, müalicəsinə, dərmanlarına xeyli məbləğdə (10.000 manatdan yuxarı) xərci çıxsa da səhhəti düzəlmir. İddiaçı dəfələrlə həkim Cavabdeh2 ilə görüşərək niyə onun əməliyyatını, müalicəsini düzgün aparmaması, onu əzab-əziyyətlərə, əlavə xərclərə salması, onu müalicə edərək sağlamlığını bərpa etməsi ilə bağlı danışmaq istəsə də cavabdeh hər dəfə ondan qaçmış, onunla görüşmək istəməmiş, onun vəziyyəti ilə belə maraqlanmamışdır. Həkim Cavabdeh2 onun üzərində apardığı əməliyyata, müalicəsinə laqeyd münasibət göstərərək öz xidməti vəzifəsini layiqincə yerinə yetirmədiyinə, səhlənkar hərəkətlərinə, ona verdiyi işgəncələrə, çəkdiyi əzablara-əziyyətlərə görə cavabdeh barəsində müvafiq hüquqi tədbirlərin görülməsini, məsuliyyətə cəlb olunmasını və haqq etdiyi cəzanı almasını istəmişdir. İddiaçının şikayəti əsasında Xətai rayon Prokurorluğunda 280c-19 nömrəli material toplanmış, işin icraatı Xətai rayon Prokurorluğunun müstəntiqi X6 icraatında olmuşdur. İş üzrə Məhkəmə Tibbi Ekspertiza təyin olunmuş və bu barədə verilmiş 21.02. 2020-ci il tarixli, 03\keş nömrəli rəydə göstərilir ki , İddiaçı üzərində Medika Hospitalda icra edilmiş Hemorriodektomiya cərrahiyə əməliyyatı taktiki cəhətdən düzgün seçilsə də, texniki cəhətdən düzgün yerinə yetirilməmişdir. Belə ki İddiaçı mütəxəssis müayinəsi zamanı anal stinktorunun tonusunun zəif olduğu, düz bağırsağın tam bağlanmadığı müəyyən edilmişdir. Bu patoloji hal sfinktorun çatışmamazlığı ilə bağlıdır və icra edilmiş Hemorriodektomiya cərrahiyyə əməliyyatı zamanı zədələnməsi nəticəsində əmələ gəlmişdir. Bu da qeyd olunan ağırlaşmanın yaranmasına gətirib çıxarmışdır. İddiaçı üzərində Medika Hospitalda icra edilmiş Hemorriodektomiya cərrahiyə əməliyyatının texniki cəhətdən qüsurlu icra edilməsi anaİ sfinktorun zədələnməsinə və çatışmamazlığına səbəb olmuşdur. İddiaçı üzərində Medika Hospitalda icra edilmiş Hemorriodektomiya cərrahiyə əməliyyatının texniki cəhətdən qüsurlu icra edilməsi Səhiyyə sistemində qüvvədə olan 70-saylı əmrin müvafiq bəndinin pozulması kimi qiymətləndirilir. Lakin sonda Xətai rayon Prokurorluğunun müstəntiqi X8 01 aprel 2020-ci ildə cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul etmiş və qərarda ona dəymiş ziyanla bağlı Xətai rayon Məhkəməsinə müraciət etmək hüququnun olduğu göstərilmişdir. Odur ki, sağlamlığının bərpası və ona vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi üçün Medika Hospitalı və onu uğursuz əməliyyat edən həkim Cavabdeh2 məhkəməyə vermək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 və iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. O, məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, “Medika Hospitalın” "xxxx" MMC-nin tərkibində eyni VOEN altında (**********) fəaliyyət göstərir. Cavabdeh2 "xxxx" MMC-də xx.xx.2017-ci il tarixli Əmək Müqaviləsinə əsasən baş həkim vəzifəsində qəbul edilmişdir. Həkim ilə əmək müqaviləsinə xx.xx.2019-cu il tarixində xitam verilmişdir. İddiaçı üzərində icra edilmiş xx.xx.2017-ci il tarixdə “Liqasu” üsulu ilə Hemerroidektomoya” cərrahi əməliyyatı zamanı həkim tərəfindən yol verilmiş səhv nəticəsində xəstənin səhhətində ağırlaşmalar müəyyən edilmişdir. Əməliyyatın dəyəri 1200 manat təşkil etmişdir. Ödənişlər ilə bağlı sənədləri təqdim etmək mümkün olmamışdır. Hesab edir ki, iddiaçının səhhətində ağırlaşmalar həkimin səhvi nəticəsində baş vermiş, buna görə də "xxxx" (Medika Hospital) məsuliyyət daşımamalıdır. Odur ki, məhkəmədən xahiş edir ki, maddi və mənəvi ziyanın ödənilməsi həkimə münasibətdə təmin edilməli, hüquqi şəxsə münasibətdə isə rədd edilməlidir. Məhkəmə tərəflərin izahatları və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xətai rayon Prokurorluğunun 01 aprel 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Cavabdeh2 əməlində cinayət əməlinin tərkibi olmadığından cinayət təqibinin başlanması rədd edilmiş və İddiaçı cavabdehlə bağlı maddi ziyan tələbi ilə Xətai Rayon Məhkəməsinə müraciət edilməsi izah edilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, ekspertiza rəyinə əsasən İddiaçı "xxxx" da göstərilmiş qüsurlu tibbi xidmət Səhiyyə sistemində qüvvədə olan 70 saylı əmirn mövcud təlimat qaydalarına uyğun olmamışdır. Belə ki, xəstənin üzərində icra edilmiş “Hemorroidektamiya” cərahiyyə əməliyyatı taktiki cəhətdən düzgün icra edilsə də, texniki olaraq düzgün yerinə yetirilməmişdir. Bu da sonradan qeyd olunan ağırlaşmaların yaranmasına gətirib çıxarmışdır. Buna məsul şəxs həkim cərrahdır. "xxxx"da İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2017-ci il tarixdə anal nahiyyədə olan ağrılar və şişkinlik şikayətləri ilə klinikaya daxil olduqdan sonra ona ilkin baxış keçirilmiş və lazımı müayinələr aparılmışdır. "xxxx" da İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, ona aparılmış müayinə və müalicə zaman tətbiqinə icazə verilməyən dərman preparatlarından, diaqnostika, müalicə metodlarından istifadə olunması haqqında hər hansı bir qeydiyyat aparılmamışdır. "xxxx"da İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən xx.xx.2017-ci il tarixində onun üzərində “Hemorroidektomiya” cərrahiyyə əməliyyatı icra olunmuş və xəstə xx.xx.2017-ci il tarixdə kafi vəziyyətdə evə yazılmışdır. “X1”da İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən o, xx.xx.2017-ci il tarixdə anal nahiyyədə olan agrılar, nəcisin saxlamaması şikayətləri ilə klinikaya daxil olmuşdur. Aparılmış müvafiq müayinələr əsasında ona “Hemerroidektomiyadan sonrakı vəziyyət. Anal inkontinesiya İİ dərəcə” diaqnozu qoyulmuş və təyinat verilmişdir. İddiaçı mütəxəssis müayinəsi zamanı onda anal sfinktorun tonusun zəif olduğu, düz bağırsağın tam bağlanmadığı müəyyən edilmişdir ki, bu da anal sfinktorun çatmamazlığı ilə əlaqədardır. Qeyd olunan patoloji dəyişikliklər icra edilmiş “Hemerroidektomiya” cərrahiyyə əməliyyatı zamanı sfinktorun zədələnməsi nəticəsində əmələ gəlmişdir. Məhkəmə Tibbi Ekspertizasının xx.xx.2020-ci il tarixli 03/keş nömrəli rəyinə əsasən, İddiaçı üzərində "xxxx"da icra edilmiş cərahiyyə əməliyyatı taktiki cəhətdən düzgün secilsə də, texniki cəhətdən düzgün yerinə yetirilməmişdir. Belə ki, İddiaçı mütəxəssis müayinəsi zamanı onda olan anal sfinktorun tonusun zəif olduğu, düz bağırsağın tam bağlanmadığı müəyyən edilmişdir. Bu patoloji hal anal sfinktorun çatışmamazlığı ilə əlaqədardır və icra edilmiş “Hemorroidektomiya” cərrahiyyə əməliyyatı zamanı sfinktorun zədələnməsi nəticəsində əmələ gəlmişdir. Bu da sonradan qeyd olunan ağırlaşmaların yaranmasına gətirib çıxarmışdır. Buna məsul şəxs həkim-cərrahdır. "xxxx"da İddiaçı üzərində icra edilmiş “Hemorroidektomoya” cərrahiyyə əməliyyatı texniki cəhətdən qüsurlu icra edilməsi onda anal sfinktorun zədələnməsinə və çatmamazlığına səbəb olmuşdur. "xxxx" da İddiaçı üzərində icra edilmiş “Hemorroidektomiya” cərahiyyə əməliyyatının texniki cəhətdən qüsurlu icra edilməsi Səhiyyə Sistemində qüvvədə olan 70 saylı əmrin müvafiq bəndinin pozulması kimi qiymətləndirilir. Buna məsul şəxs həkimcərrahdır. “X1”da İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və özünün məhkəmə-tibbi müayinəsinə əsasən, onda anal sfinktorun çatmamazlığı olduğu müəyyən edilmişdir. Tibbi manipulisiyalarda sağlamlığa zərərvurmanın dərəcəsinin təyini nəzərə alınmır. İş materiallarında olan Medika Hospitalın ******* saylı xəstəlik tarixindən çıxarış epikrizindən görünür ki, xəstə İddiaçı xx.xx.2017-ci il tarixində "xxxx"a defeksiya aktı zamanı anal nahiyyədə olan ağrılardan və şişkinlikdən şikayətləri ilə daxil olmuş, ona kombinə olunmuş hemorroy diaqnozu qoyulmuş, xəstəyə xx.xx.2017-ci il tarixdə “Liqasu” üsulu ilə Hemerroidektomoya” cərrahi əməliyyatı icra edilmiş, xəstə kafi vəziyyətdə cərrahın nəzarəti altında ambulator maşahidə və müalicəyə evə yazılmışdır. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2017-ci il tarixli kolonoskpopiya protokolundan görünür ki, İddiaçı həmin tarixdə kolonoskopik müayinədən keçirilmiş və ona dolixosiqma, internal hemorroy, anal çat diaqnozu qoyulmuşdur. İş materiallarında olan "xxxx" MMC-nin 220 saylı, xx.xx.2019-cu il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixində Medika Hospitala anal nahiyyə ağrısı ilə daxil olmuş, əməliyyat zonası reviziya olunmuş, xəstənin vəziyyətinin keçirdiyi əməliyyatların aparılmasına uyğun olduğu, plaseba testinin pozitiv olduğu bildirilmiş və xəstə konstruktiv müalicə üçün stasionara yerləşdirilmişdir. Xəstənin əməliyyatdan sonrakı vəziyyətinə kombinə olunmuş hemaroy diaqnozu qoyulmuş və ambulator müalicə alması tövsiyə olunmuşdur. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2017-ci il tarixli tam qarın boşluğu üzvlərinin nativ KT müayinəsi kağızından görünür ki, pasiyent İddiaçı həmin tarixdə müayinədən keçmiş və xəstəyə nativ olaraq bağırsaqların proyeksiyasında həcmli patologiyanın aşkarlanmaması, sidik kisəsi divarlarının normal olması və sümük sistemində travmatik və litik-destruktiv prosesin qeyd edilməməsi diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə edilmiş İddiaçı adına olan xx.xx.2017-ci il tarixli, xx.xx.2017ci il tarixli, xx.xx.2017- ci il tarixli, xx.xx.2017- ci il tarixli, xx.xx.2017- ci il tarixli, xx.xx.2019cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli tövsiyə reseptlərindən görünür ki, İddiaçı medikamendoz müalicə təyin olunmuşdur. İş materiallarında olan xx.xx.2017-ci il tarixli əmək müqaviləsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh2 arasında həmin tarixdə əmək müqaviləsi bağlanmış və işçi həmin müəssisənin baş həkimi vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, 25 saylı, xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmrlə "xxxx" MMC tərəfindən işçi Cavabdeh2 əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X5” X11 tərəfindən verilmiş 275/KEŞ saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, İddiaçı Medika Hospitalda qoyulmuş “kombinə olunmuş hemorroy İV st” diaqnozu düzgün təyin edilmişdir. İddiaçı üzərində Medika Hospitalda icra edilmiş “Hemorroiedektomiya” cərrahiyyə əməliyyatı taktiki cəhətdən düzgün seçilsə də, texniki olaraq düzgün yerinə yetirilməmişdir. Belə ki, İddiaçı mütəxəssis müayinəsi zamanı onda anal sfinktorun tonusunun zəif olduğu, düz bağırsağın tam bağlanmadığı müəyyən edilmişdir. Bu patoloji hal anal sfinktorun çatmamazlığı ilə əlaqədardır və icra edilmiş “Hemorroiedektomiya” cərrahiyyə əməliyyatı zamanı sfinktorun zədələnməsi nəticəsində əmələ gəlmişdir. Bu da sonradan qeyd olunan ağırlaşmaların yaranmasına gətirib çıxarmışdır. Buna məsul şəxs həkim-cərrahdır. İddiaçı anal sfinktorun çatmamazlığı çapıq dəyişiklikləri ilə əlaqədar müalicəni çətinləşdirir, qeyd edilən patologiya konservativ terapiya və ya cərrahiyyə əməliyyatı yolu ilə aradan qaldırıla bilər. “Hemorroiedektomiya” cərrahiyyə əməliyyatı zamanı “LigaSure” cihazının texniki qüsurlu icrası sfinktorun zədələnməsinə səbəb ola bilər. İddiaçı mütəxəssis müayinəsi zamanı aparılmış barmaqla rektal müayinədə onda anal sfinktorun tonusunun zəif olduğu və düz bağırsağın tam bağlanmadığı müəyyən edilmişdir. Məhkəmə iddiaya dəymiş maddi ziyanın əvəzi olaraq 25.000 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması hissəsində qiymət verərək belə qənaətə gəlir ki, iddia bu hissədə qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, iddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəllənin 1096.1-ci və 1097.1-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1112-ci maddəsinə əsasən, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi MM-in 1096.1-ci, 1097.1-ci və 1112-ci maddələrinin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Beləliklə, mülki hüquq pozuntusundan (o cümlədən tibb müəssisəsinin vurduğu zərərdən) irəli gələn tələblərin təmin edilməsi üçün yuxarıda sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Qeyd edilən ünsürlərdən biri olmadığı halda delikt öhdəliyinin yaranması istisna edilir. Məhkəmə yuxarıda istinad edilən normaların tələblərini hazırkı işin faktiki hallarına tətbiq edərək, belə qənaətə gəlir ki, "xxxx"da İddiaçı üzərində həkim-cərrah Cavabdeh2 tərəfindən icra edilmiş “Hemorroiedektomiya” cərrahiyyə əməliyyatı taktiki cəhətdən düzgün seçilsə də, texniki olaraq düzgün yerinə yetirilməmişdir. “Hemorroiedektomiya” cərrahiyyə əməliyyatı zamanı sfinktorun zədələnməsi nəticəsində İddiaçı anal sfinktorun tonusunun zəif olduğu, düz bağırsağın tam bağlanmadığı müəyyən edilmişdir. Bu patoloji hal anal sfinktorun çatmamazlığı ilə əlaqədardır. Buna məsul şəxs həkim-cərrahdır. İddiaçı onun səhhətində yaranmış ağırlaşmalar nəticəsində gündəlik həyatında normal qidalanmaq, sərbəst hərəkət etmək kimi məhdudiyyətlər ilə qarşılaşır. Onun vəziyyəti ona fiziki olaraq da iztirablar yaşadır. Odur ki, iddiaçı iddia maddi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Lakin məhkəmə iddiaçı tərəfindən tələb edilən maddi ziyanın məbləği ilə bağlı qeyd edir ki, maddi ziyan cavabdeh "xxxx" MMC-dən ("xxxx") nümayəndəsi və vəkilinin verdiyi izahatları nəzərə alınmaqla icra edilmiş əməliyyatının dəyəri, yəni 1200 manat məbləğində müəyyən edilməlidir. Maddi ziyanın ödənilməsinə dair iddia tələbi qalan hissədə sübuta yetirilmədiyindən rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinadən, məhkəmə qeyd edir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Yuxarıda istinadə edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və mülki prosesdə mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə iddiaya mənəvi ziyanın əvəzi olaraq 50.000 manat məbləğində pul vəsaitinin iddiaçıya ödənilməsi tələbinə qiymət verərək belə qənaətə gəlir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”-nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehin işçisi olan həkim-cərrahın təqsiri üzündən iddiaçının sağlamlığına zərərin vurulması, onun halhazırda da əməliyyatın nəticəsində yaranmış ağırlaşmalara görə gündəlik həyatını məhdudiyyətsiz yaşamaq, sərbəst hərəkət etmək imkanından məhrum edildiyi ilə bağlı iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və o, bu hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı mənəvi sarsıntı və fiziki iztirabları ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Lakin, mənəvi zərərin həcmi 50000 manat məbləğində deyil, iddiaçının keçiridiyi stres, narahatlıq, məyusluq, sarsıntı və sair kimi halları nəzərə alınaraq 20000 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1099.1-ci və 1099.2-ci maddələrinə görə, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 "xxxx" MMC-nın ("xxxx"ın) işçisi olduğundan və həmin qurumun tapşırığı ilə onun fəaliyyət istiqaməti çərçivəsində fəaliyyət göstərdiyindən, onun hərəkət və ya hərəkətsizliyi üçün məsuliyyəti "xxxx" MMC-nın ("xxxx") daşıyır və qulluq vəzifəsinin icrası zamanı onun vurduğu zərərin əvəzini məhz həmin hüquqi şəxs ödəməlidir. Odur ki, yuxarıda göstərilən kimi, İddiaçı vurulmuş maddi ziyana görə 1200 manat, mənəvi ziyana görə isə 20000 manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" MMC-dən (Medika Hospital”dan tutularaq iddiaçıya ödənilməldir. İddia Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Mənəvi ziyana görə 20000 (iyirmi min) manat, maddi ziyana görə 1200 manat (bir min iki yüz) manat, cəmi 21200 manat (iyirmi bir min iki yüz manat) manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" MMC-dən ("xxxx") tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar