Məhkəmə qərarları › İş №2(011)-4137/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4137/2023

05.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4137/2023 05.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Baş Polis İdarəsinin X1 İdarəsinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsində qeyd edilmiş işin halları:

1. İddiaçı iddia ərizəsində qeyd etmişdir: AR İXM-nin 61.3-cü maddəsinə əsasən onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollar üzrə Qərarın çıxarılması zamanı şəxsin iştirakı təmin edilməmiş, yeri və vaxtı barədə xəbərdar edilməməklə onun hüquqları pozulmuş, ilkin olaraq müdafiə hüquqları pozulmuş, digər bir hal isə çıxarılmış Qərarların surətləri rəsmi qaydada göndərilməməklə şəxsin həmin Qərarlardan şikayət vermə hüququ məhdudlaşdırılmışdır.

İddiaçının tələbi:

2. Azərbaycan Respublikası DİN-in Bakı şəhər Baş Polis İdarəsinin X2 İdarəsinin davamlı şəkildə qanunların icra edilməməsi nəticəsində və qanunsuz olaraq çıxarılmış inzibati xəta haqqında qərarlar üzrə vurulmuş ən azı 250 manat maddi ziyanın və 2000 manatdan az olmamaqla mənəvi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

3. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək vurulmuş ən azı 250 manat maddi ziyanın və 2000 manatdan az olmamaqla mənəvi ziyanın ödənilməsi Azərbaycan Respublikası DİN-in Bakı şəhər Baş Polis İdarəsinin X2 İdarəsindən və Azərbaycan Respublikası Maliyyə Nazirliyindən müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Cavabdehin etirazı: 4.Cavabdeh tərəfindən ərizəçinin tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır.

İşdə iştirak edən şəxslərin izahatları:

5. İddiaçı iddia ərizəsinə uyğun izahat verərək qeyd etmişdir ki, dəfələrlə evindən çıxıb gedəndə eyni yerdə ona inzibati tənbeh kimi cərimələr yazılmış, bu cür cərimələr başqa vaxtlarda da yazılmışdır. O bu məsələni mübahisələndirmək üçün məhkəməyə müraciət etdikdə, sənədlər ona təqdim edilmədiyinə görə məhkəmə müdafiəsi hüququ məhdudlaşdırılmışdır. Halbuki, qanunvericiliyin tələbinə görə inzibati təhbehlə bağlı sənədlər ona vaxtında təqdim edilməli, hətta tərtib olunan zaman onun iştirakı təmin olunmalı idi. O, qeyd etmişdir ki, inzibati orqan qərəzli şəkildə qanunauyğun hərəkət etmir, inzibati orqandan sənədləri, qərarları vaxtında ala bilmədiyi üçün artıq neçənci dəfədir ki, İnzibati Məhkəmə vasitəsilə əldə etmək məcburiyyətində qalmışdır. İddiaçı bildirmişdir ki, hər dəfə stress keçirir, əlavə xərclər çəkməli olur. İnzibati orqanın qanuna riayət etməməsi nəticəsində onun hüquqları, məhkəmə müdafiəsi hüququ pozulmuşdur. Bunun nəticəsində iddiaçıya həm maddi ziyan, həm də mənəvi zərər vurulmuşdur. İddiaçı ona maddi ziyan vurulduğunu məhkəmələrə, müxtəlif orqanlara müraciət etdiyi zaman yol xərci, müəyyən sənədlərin surətinin çıxarılması və sair ilə əsaslandırmışdır. Maliyyə Nazirliyinin cavabdeh qismində mülki işə cəlb edilməsi ilə bağlı iddiaçı qeyd etmişdir ki, faktiki olaraq cərimə dövlət büdcəsinə ödənilir, digər cavabdehlə yanaşı Maliyyə Nazirliyindən də müştərək qaydada pul tələb edir.

6. Cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Baş Polis İdarəsinin X1 İdarəsinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndələri iştirak etməmiş və iştirak etməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən, cavabdehlərin iştirakı olmadan mülki işə baxmağı mümkün hesab etmişdir.

İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:

7. İddiaçı tərəfindən AR DİN-in Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizəyə əsasən, 15 avqust 2019-cu il tarixdə tərtib edilmiş İXP2763283 saylı, 17 sentyabr 2020-ci il tarixdə tərtib edilmiş İXP3535597 saylı və 04 dekabr 2020-ci il tarixdə tərtib edilmiş İXP3659950 saylı İnzibati Xəta üzrə Protokollarla habelə Binəqədi Rayon Məhkəməsinin Qərarının icrası və bu icra ilə əlaqədar qəbul olunmuş Qərarların AR İXM-nin tələblərinə uyğun olaraq barəsində Qərar çıxarılmış şəxsə çatdırılmaması şəxsin hüquqlarının pozulması ilə nəticələnmişdir. AR DİN-in Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsindən 250 manat maddi ziyanın və 2000 manatdan az olmamaqla mənəvi ziyanın ödənilməsi xahiş edilmişdir.

8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-2840/2023 nömrəli xx.xx.2020-ci il tarixli Qərardadına əsasən, İddiaçı Bakı şəhər DYPİ-nin İXP3535597 saylı xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokoldan verdiyi şikayət icraata qəbul edilmədən geri qaytarılmışdır.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-386/2020 nömrəli xx.xx.2020-ci il tarixli Qərardadına əsasən, İddiaçı cavabdeh AR DİN-ə qarşı müraciətlərin cavablandırılması tələbinə dair inzibati iş üzrə icraata xitam verilmişdir. Qərardadda qeyd edilmişdir ki, İddiaçı barəsində tərtib edilmiş xx.xx.2019-cu il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərar iddiaçıya göndərilmişdir. Eyni zamanda məhkəmə iclasları zamanı sorğular əsasında toplanmış digər sənədlərin surətləri də iddiaçıya təqdim olunmuşdur.

10. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-977/2020 nömrəli xx.xx.2020-ci il tarixli Qərarına əsasən, xx.xx.2019-cu il tarixli TP3201657 nömrəli inzibati tənbeh vermə haqqında qərardadın verdiyi şikayət və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair Binəqədi Rayon Məhkəməsinin 05 mart 2020-ci il tarixli 3(001)-883/2020 saylı qərardadı ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

11. Binəqədi Rayon Məhkəməsinin 3(001)-2266/2020 nömrəli xx.xx.2020-ci il tarixli Qərarına əsasən, xx.xx.2019-cu il tarixli TP3201657 nömrəli qərardan şikayəti təmin edilmiş və xx.xx.2019-cu il tarixli TP3201657 nömrəli qərar ləğv edilmişdir.

12. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(001)-82/2022 nömrəli Qərarına əsasən, xx.xx.2021-ci il tarixli EQ7520370 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilmişdir və iş üzrə icraata xitam verilmişdir.

13. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-807/2020 nömrəli xx.xx.2020-ci il tarixli Qərardadına əsasən, İddiaçı Bakı şəhər DYPİ-nin xx.xx.2019-cu il tarixli İXP2763283 saylı qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılmışdır.

14. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3267/2020 nömrəli xx.xx.2020-ci il tarixli Qərardadına əsasən, İddiaçı cavabdeh AR DİN-in Bakı şəhər Baş Polis İdarəsinə qarşı İXP2763283 saylı inzibati xəta protokolunun surətinin, bu protokolla əlaqədar qərarın və həmin protokolun tərtib tərtib olunması üçün əsas olan sübutların rəsmi şəkildə verilməsi tələbinə dair iddiası geri götürülmüş hesab edilmiş və iş üzrə icraata xitam verilmişdir.

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-338/2020 nömrəli xx.xx.2020-ci il tarixli Qərardadına əsasən, İddiaçı cavabdeh AR DİN-in Bakı şəhər Baş Polis İdarəsi X2 İdarəsinə qarşı “inzibati xəta protokolunun surətinin və.s iddiaçıya çatdırılması” tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4781/2019 saylı iş üzrə 20 noyabr 2019-cu il tarixli qərardadından verilmiş apellyasiya şikayəti təmin edilmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4781/2019 saylı iş üzrə 20 noyabr 2019-cu il tarixli qərardadı ləğv edilmişdir, inzibati iş növbəti prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilmişdir.

16. Bakı İnzbati Məhkəməsinin 2-1(112)-2460/2021 nömrəli xx.xx.2021-ci il tarixli Qərardadına əsasən, “inzibati xəta protokol ilə əlaqədar maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə ərizəsi təmin edilmiş, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.

17. AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2253/2022 saylı xx.xx.2022-ci il tarixli Qərarına əsasən, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 sentyabr 2022-ci il tarixli, 2-1(103)- 1261/2022 saylı qərardadından kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 sentyabr 2022-ci il tarixli, 2-1(103)-1261/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdı

Tətbiq edilən hüquq: 18.Azərbaycan Respublikasının Konstitusiyası:

60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

68. İ. Hər kəsin dövlət orqanlarının ona münasibətdə özbaşınalığı istisna edən vicdanlı davranışına hüququ vardır. 68.İİ. Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır.

68. İİİ. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.

68. İV. Dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır.

19. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya: 6.1 Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik maraqları naminə, həmçinin, yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. 6.2. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. 6.3. Cinayət törətməkdə ittiham olunan hər kəs, ən azı aşağıdakı hüquqlara malikdir: (a) ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə məlumatlandırılmaq; (b) öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq; (c) şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiədən pulsuz istifadə etmək; (d) onun əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsinə nail olmaq və onun əleyhinə ifadə vermiş şahidlər üçün eyni olan şərtlərlə onun lehinə olan şahidlər çağırmaq və dindirməyə nail olmaq; (e) məhkəmədə istifadə olunan dili başa düşmürsə və ya bu dildə danışa bilmirsə tərcüməçinin pulsuz köməyindən istifadə etmək.

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (MM): 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. 1101.2. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

22.Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi (İXM): 46.1. Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsə informasiya ehtiyatında onun haqqında olan məlumatı əks etdirən çıxarış həmin şəxsin yazılı və ya elektron müraciəti əsasında bir iş günü müddətində verilir. 46.2. Qanunda nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar dövlət orqanlarına (qurumlarına) informasiya ehtiyatının məlumatları əsaslandırılmış yazılı sorğular əsasında verilir. 57.1. İnzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. 57.2. Sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. 57.3. Sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. 57.4. Sənədi çatdırmalı olan rabitə orqanı, yaxud sənədin çatdırılması tapşırılmış şəxs bu işi sənədi aldığı tarixdən sonrakı gündən gec olmayaraq yerinə yetirməli və sənədi çatdırdığı barədə bir gün müddətində müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verməlidir. 57.5. İnzibati xəta haqqında iş üzrə sənəd aşağıdakı hallarda rəsmi qaydada verilmiş hesab edilir: 57.5.1. bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan; 57.5.2. bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş hallarda: 57.5.2.1. ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan; 57.5.2.2. sənədin çatdırılması tapşırılmış digər şəxslər sənədin çatdırılması barədə müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verdiyi vaxtdan. 57.6. Bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən inzibati xəta haqqında iş üzrə qərar aşağıdakı hallarda da rəsmi qaydada verilmiş hesab olunur: 57.6.1. nəqliyyat vasitəsinin istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta haqqında bu Məcəllənin 125.2.2-ci maddəsində nəzərdə tutulan qaydada SMS məlumat çatdırıldığı vaxtdan; 57.6.2. nəqliyyat vasitəsinin istifadəçisi bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş inzibati xəta haqqında iş üzrə qərarla və onun əlavələri ilə tanış olduğu vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda); 57.6.3. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi, yaxud nəqliyyat vasitəsinə texniki baxışın keçirilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsi zamanı barəsində inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilmiş şəxsə həmin qərarın verildiyi vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda); 57.6.4. bu Məcəllənin 97.4-cü maddəsində nəzərdə tutulmuş halda barəsində inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilmiş şəxsə həmin qərar verildiyi vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda). 57.7. Bu Məcəllənin 127-4-cü maddəsində nəzərdə tutulmuş qaydada müvafiq informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edilən inzibati xəta haqqında elektron protokol və ya inzibati tənbeh vermə haqqında elektron qərar aşağıdakı hallarda da rəsmi qaydada verilmiş hesab olunur: 57.7.1. inzibati xəta törətmiş şəxsin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta haqqında bu Məcəllənin 127-5.1.2-ci maddəsində nəzərdə tutulan qaydada SMS məlumat çatdırıldığı vaxtdan; 57.7.2. inzibati xəta törətmiş şəxs bu Məcəllənin 127-5.1.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş inzibati xəta haqqında elektron protokol və ya inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavələri ilə tanış olduğu vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) 61.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aşağıdakı hüquqları vardır: 61.1.6. inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək; 100.3. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır.

23.Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli Qərarı.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarı

25. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Qərarı.

26. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 7 saylı Qərarı.

27. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında Azərbaycan Respublikasının Qanunu:

1. Bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində: ... 8) şəxsin barəsində ictimai işlər, inzibati həbs və ya cərimə növündə inzibati tənbeh tətbiq edilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir.

4. Vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ: ... 3) inzibati xəta haqqında işə xitam verildikdə yaranır.

5. Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə: ... 5) vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir.

12. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir.

28. Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikasının Qanunu: 10.1. Bu Qanunun 9.2-ci, 9.6-cı və 10.2-10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır.

Məhkəmənin mövqeyi: 29 .Məhkəmə, tərəfin izahatını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslıdır.

30. Belə ki, iddiaçının tələbi maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlıdır. Məhkəmə mənəvi tələblə bağlı qeyd edir ki, Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər.

31. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir.

33. Mülki iş materiallarına əlavə edilmiş sənədlərə əsasən, müəyyən edilmişdir ki, İddiaçı barəsində müxtəlif tarixlərdə tərtib edilmiş inzibati xəta haqqında protokollar və inzibati tənbeh tətbiq etmə barədə qərarların surəti qanunvericiliklə müəyyən edilmiş qaydada və müəyyən edilmiş müddət ərzində ona təqdim edilməmişdir. Bunu mülki iş materiallarına əlavə edilmiş müvafiq məhkəmə qərarları təsdiq edir. (§9, 14, 15) Belə ki, İddiaçı onun barəsində tərtib edilmiş protokol və qərarların surətinin alınması üçün müvafiq ardıcıllıqla rayon (şəhər) məhkəmələrinə, apellyasiya instansiyası məhkəməsinə və qanuna müvafiq şəkildə İnzibati Məhkəməyə müraciət etmişdir. İddiaçının özü barəsində tərtib edilmiş müvafiq sənədləri əldə etməsi məhdudlaşdırılmışdır, bununla şəxsin Azərbaycan Respublikası Konstitusiyasında təsbitini tapmış məlumat azadlığı, özünü müdafiə hüququ, məhkəməyə çatımlılıq hüququ məhdudlaşdırılmış, pozulmuşdur.

34. Belə ki, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur.

35. Məhz həmin sənədlərin surətlərinin iddiaçıya vaxtında, lazımi qaydada təqdim edilməməsi onun məhkəmə müdafiəsi hüquqununun əsassız olaraq məhdudlaşdırılması ilə nəticələnmişdir. Odur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-2840/2023 nömrəli xx.xx.2020-ci il tarixli Qərardadına əsasən, İddiaçı Bakı şəhər DYPİ-nin İXP3535597 saylı xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokoldan verdiyi şikayət və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-807/2020 nömrəli xx.xx.2020-ci il tarixli Qərardadına əsasən, İddiaçı Bakı şəhər DYPİ-nin xx.xx.2019-cu il tarixli İXP2763283 saylı qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılmışdır (§8, 10, 13). İddiaçı həmin səədlərin əldə edilməsi üçün müvafiq inzibati məhkəməyə şikayət etmək məcburiyyətində qalışdır (§9, 14, 15). Bu isə şəxsin məhkəməyə əlçatımlılığını məhdudlaşdırmaqla yanaşı, həmçinin onun işinə ədalətli və ağlabatan müddətdə baxılmasına mane olmuşdur.

36. Eyni zamanda iddiaçı ilə bağlı müxtəlif tarixlərdə yazılmış inzibati tənbeh vermə haqqında qərarlar ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir (§10, 11, 12). Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında Azərbaycan Respublikasının Qanuna əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsin barəsində ictimai işlər, inzibati həbs və ya cərimə növündə inzibati tənbeh tətbiq edilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ inzibati xəta haqqında işə xitam verildikdə yaranır və hər bir şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. (§26)

37. Yuxarıda istinad edilən qanunvericilik normalarını müddəalarını və mülki işin faktiki hallarını nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçının qanunsuz inzibati tənbehlər tətbiq edilməsi, qanunun tələbinə uyğun olaraq vaxtında, lazımi qaydada müvafiq sənədlərin verilməməsi nəticəsində məhkəmə müdafiəsinə çatımlılıq hüququnun məhdudlaşdırılması və sairə kimi hallara görə onun mənəvi sarsıntı və iztirab keçirmiş olması mübahisəsizdir və o, bu hadisələr nəticəsində və ondan sonrakı proseslər zamanı stresləri, əzab və əziyyətləri ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Lakin mənəvi zərərin həcmi 2000 manat manat məbləğində deyil, iddiaçının uzun müddət ərzində əsassız inzibati tənbehə cəlb edilməsi, özünümüdafiə, məhkəməyə çatımlılıq hüququnun məhdudlaşdırılması nəticəsində keçiridiyi stress, narahatlıq, məyusluq, sarsıntı və sair kimi halları nəzərə alınaraq 250 manat məbləğində müəyyən edilməlidir.

38. Bundan başqa, məhkəmə hesab edir ki, iddianın 250 (iki yüz əlli) manat məbləğində maddi ziyanın ödənilməsi hissəsində də sübuta yetirilmədiyindən, iddia tələbi həmin hissədə də rədd edilməlidir.

39. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. (§24)

41. İddiaçı ona maddi ziyan vurulduğunu məhkəmələrə, müxtəlif orqanlara müraciət etdiyi zaman yol xərci, müəyyən sənədlərin surətinin çıxarılması və sair ilə əsaslandırsa da, həmin halı təsdiq edəcək hər hansı mötəbər sübut təqdim etməmişdir.

42. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

43. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir.

Məhkəmə xərcləri:

44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddiaçı mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olduğundan iddianın qiymətinə mütənasib olaraq, yəni 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır.

45. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

1. İddia tələbi qismən təmin edilsin.

2. Cavabdehlər Bakı şəhəri Baş Polis İdarəsi və Azərbaycan Respublikası Maliyyə Nazirliyindən müştərək qaydada mənəvi zərərə görə 250 manat tutularaq İddiaçı ödənilsin.

3. İddia tələbi qalan hissədə rədd edilsin.

5. Cavabdehlər Bakı şəhəri Baş Polis İdarəsi və Azərbaycan Respublikası Maliyyə Nazirliyindən müştərək qaydada dövlət rüsumunun əvəzi 30 (otuz) manat tutularaq Dövlət Büdcəsinə ödənilsin.

6. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar