Məhkəmə qərarları › İş №2(011)-4149/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4149/2023

31.08.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4149/2023 31.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı istifadə hüququnun itirilməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. İddiaçı ilə X2 arasında Bakı şəhəri, Xətai rayonu, P.Həşimov (Naximov) küçəsi, 15a saylı evin 14 saylı mənzilinin (bundan sonra - Mənzil) alqı-satqısına dair xx.xx.2023cü il tarixdə alqı-satqı müqaviləsi bağlanmış. İddiaçının Mənzilə dair mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə dövlət qeydiyyatına (qeydiyyat nömrəsi: **********) alınmış və bu barədə ona Dövlət reyestrindən Çıxarış verilmişdir.

2. Cavabdeh hazırda iddiaçıya məxsus Mənzildə pasport qeydiyyatındadır.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

3. İddiaçı cavabdehin Mənzildən istifadə hüququnun itirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, alqı-satqı müqaviləsinə əsasən Mənzili keçmiş mülkiyyətçi X1 almışdır. Alqı-satqı zamanı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (yaşayış yeri üzrə qeydiyyat haqqında) xx.xx.2023-cü il tarixli ******* №-li arayış təqdim olunmuşdur. Cavabdeh yaşamağa hüququ olmadan yanlız qeydiyyatdadır və bu günədək qeydiyyatdan çıxmayıb. Mənzil xüsusi mülkiyyətidir. Buna baxmayaraq cavabdehin günahı üzündən mənzil üzərindəki sahib olmaq, istifadə etmək və sərancam vermək hüquqlarını tam həyata keçirə bilmir. Belə ki, cavabdeh alqı-satqı müqaviləsi bağlanıqdan əvvəl və sonra göstərilən ünvandakı mənzildə yaşamasa da, formal olaraq orada qalmışdır. Bunun nəticəsində mənzil və komunal xidmətlər haqqını artıq məbləğdə ödəməyə məcburdur.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

5. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

6. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi

7. Cavabdehin faktiki yaşayış yeri məlum olmadığından, onun məlum olan axırıncı yaşayış yeri olan mübahisəli mənzildən məhkəmə iclasına çağırılmış, lakin bildiriş məhkəməyə qaytarıldığından, məhkəmə Azərbaycan Respublikası MPM–nin 147-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

9. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

10. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

11. Maddə 228.5 Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

12. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

13. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

14. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

15. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

16. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir.

17. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

18. İşin mübahisəsiz hallarından göründüyü kimi, keçmiş Mülkiyyətçinin Mənzilin üzərində mülkiyyət hüquqları xx.xx.2004-cü il tarixdə qeydə alınmışdır. Ona görə də, tərəflər arasındakı mövcud mübahisəyə 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəllənin 228-ci maddəsinin müddəaları tətbiq edilməlidir.

19. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 228.1 və 228.5-ci maddələrində mülkiyyətçi ilə bərabər digər şəxslərin yaşayış binasının tərkib hissələrindən istifadə hüquqlarının yarnmasının əsasları müəyyən edilmişdir.

20. Həm Mülki Məcəllənin adı çəkilən müddəlarının mənası, həm də Mülki Məcəllənin 228.5-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarında formalaşdırdığı hüquqi praktika baxımından mülkiyyətçi ilə bərabər yaşayış sahəsindən istifadə edən şəxsləri 2 kateqoriyaya ayırmaq olar: birincisi, mülkiyyətçinin ailə üzvləri. Bunlara Mülki Məcəllənin 228.5-ci maddəsndə göstərilən şəxslər, yəni mülkiyyətçinin əri, arvadı, valideynləri və uşaqları aiddir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə həmin şəxslərin istifadə hüquqlarının yaranması üçün mülkiyyətçi ilə ayrıca müqavilənin bağlanmasına zərurət yoxdur, bu halda istifadə hüququnun yaranması etibarlı ailə münasibətlərinə əsaslanır; ikincisi, digər şəxlər. Bu kateqoriya şəxslərin istifadə hüquqlarının yaranması əsasları isə Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulmuşdur. Bu halda isə digər şəxslərin istifadə hüquqlarının yaranması üçün onlar mülkiyyətçi ilə müvafiq müqavilə bağlamalı, həmin müqavilə notarial qaydada təsdiq edildikdən sonra istifadə hüququ dövlət reyestrində qeydiyyata alınmalıdır.

21. Hazırkı mübahisəyə gəldikdə, işin faktiki halları ilə müəyyən edilir ki, cavabdeh nə iddiaçının, nə də Mənzilin əvvəlki mülkiyyətçisinin, MM-nin 228.5-ci maddəsinin mənası baxımından, ailə üzvünə daxil deyil, o, həm iddiaçıya, həm də keçmiş mülkiyyətçiyə münasibətdə istifadə hüququ yaranmalı olan digər şəxslər kateqoriyasına aiddir. Bu halda isə onun istifadə hüququnun yaranması üçün ikinci qaydanın, yəni ayrıca istifadə hüququ ilə bağlı notarial qaydada təsdiq edilməklə müqavilənin bağlanması və istifadə hüququnun dövlət reyestirndə qeydiyyata alınması gərəkdir.

22. Lakin iş materiallarında cavabdehin nə iddiaçı, nə də Mənzilin əvvəlki mülkiyyətçisi ilə belə bir müqavilənin bağlanması mövcud deyil. Ona görə də bu sonuncu şəxslərin Mənzilə dair istifadə hüquqlarının yaranması iş materialları ilə müəyyən edilmir. Bu səbəbdən iddia tələbi təmin edilə bilməz.

23. Lakin məhkəmə hesab edir ki, hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehin Mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır.

24. Məhkəmənin qeyd etdiyi bu qayda müvafiq dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və müvafiq dövlət orqanına izah edilməsidir.

25. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia təmin edilməsin. Bu qətnamə qanuni qüvvəyə mindikdən sonra Cavabdeh Bakı şəhəri, Xətai rayonu, P.Həşimov (Naximov) küçəsi, 15a saylı evin 14 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar