Məhkəmə qərarları › İş №2(011)-4207/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4207/2023

13.07.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4207/2023 13.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 507 saylı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, ünvan 1 ünvanında yerləşən 507 saylı mənzil öz xüsusi mülkiyyətindədir, bu barədə ona dövlət reyestrindən çıxarış da verilmişdir, hazırda cavabdehlər onun mülkiyyətində olan mənzildə qeydiyyatdadırlar, lakin orada yaşamırlar, bağlanmış alqı-satqı müqaviləsinə əsasən keçmiş mülkiyyətçi qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür, lakin öhdəliyini icra etməmişdir, cavabdehlər hələ də həmin mənzildə formal olaraq qeydiyyatdadırlar, cavabdehlərin ona məxsus mənzildən qeydiyyatdan çıxmamaları mülkiyyətçi kimi onun hüquqlarını pozur, bu səbəbdən hazırki tələblə məhkəməyə müraciət etməli olmuşdur. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehlərin faktiki olduğu yer məlum olmadığından, onlar, məlum olan axırıncı yaşayış yeri üzrə xəbərdar edilmiş, cavabdehlərin həmin ünvanda yaşamadığına dair 118 saylı MKİS-in rəisi tərəfindən “ünvanda yaşamadığına görə bildirişi təqdim etmək mümkün olmadı” qeydi aparılmış bildirişlər məhkəməyə qaytarılmışdır. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh1 və İddiaçı arasında bağlanmış AN-İ ******* №-li 03 noyabr 2015-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ndən görünür ki, ünvan 2 ünvanında yerləşən 507 saylı mənzil sonuncuya satılmışdır. Müqavilənin 8-ci bəndinə əsasən, satıcı, alıcıya üçüncü şəxslərin hüquqlarından azad mənzil verməyi öhdəsinə götürmüşdür, həmin müqavilənin 11-ci bəndinə əsasən satıcı xx.xx.2015-ci il tarixinədək mənzili alıcının faktiki sahibliyinə verməyi, müqavilənin 13-cü bəndinə əsasən satıcı, xx.xx.2016-cı il tarixədək mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş elektron Çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, korpus 1, ev 15, mənzil 507 xüsusi mülkiyyət hüququ üzrə tam payla İddiaçı adına xx.xx.2015-ci il tarixdən qeydiyyata alınmışdır. İş materiallarında olan “Elektron notariat” Avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə verilmiş yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatlardan çıxarışdan görünür ki, Cavabdeh1 və Cavabdeh2 ünvan 3 ünvanında qeydiyyatda olan şəxslərdir. İş materiallarında olan 118 saylı MKİS-in rəisi tərəfindən verilmiş 1066 №-li xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi 15 saylı evin 507 saylı mənzilində yaşayır, Cavabdeh1 və Cavabdeh2 Vunq Tau küçəsi 15 saylı evin 507 saylı mənzilində qeydiyyatdadır, ancaq bu ünvanda yaşamırlar. İş materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı oğlu tərəfindən Xətai rayon Məhkəməsi üzrə 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, 03 noyabr 2015-ci tarixli alqı-satqı müqaviləsinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, korpus 1, ev 15, mənzil 507 iddiaçıya satılmışdır, həmin mənzil xüsusi mülkiyyət hüququ əsasında tam payla xx.xx.2015-ci il tarixdən İddiaçı adına dövlət reyestrində qeydiyyata alınmışdır, cavabdehlər həmin mənzildə qeydiyyatda olmalarına baxmayaraq, orada yaşamır və mənzildən istifadə etmirlər, iddiaçının ailə üzvü deyildirlər. Bununla belə, cavabdehlərin iddiaçıya məxsus mənzildən istifadə hüquqlarının itirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özünün sahibliklə əlaqədar olmayan pozulmuş hüquqlarının bərpa olunmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şəxslər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Həmin Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, korpus 1, ev 15, mənzil 507-ə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadə hüquqlarına xitam verilməlidir. Bununla bərabər, məhkəmə qeyd edir ki, iddia tələbinin təmin edilməsi Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, korpus 1, ev 15, mənzil 507dən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Məhkəmə, dövlət rüsumuna münasibətdə isə hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, korpus 1, ev 15, mənzil 507-dən istifadə hüquqlarına xitam verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar