Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4294/2022 28.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı – Cavabdeh pasport qeydiyyatından çıxarılmasına əsas üçün ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus mənzildən istifadə hüququna xitam verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı öz tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi, 37 saylı evin, 157 saylı mənzili tam xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur və bu barədə iddiaçıya Azərbaycan Respublikası Əmlak Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2007-ci il tarixli, MH seriyalı, ******* nömrəli, **********86-05101-093021 reyestr nömrəli, ********* qeydiyyat nömrəli çıxarış verilmişdir. Hazırkı iddia tələbi üzrə Cavabdeh iddiaçıya məxsus mənzildə formal olaraq qeydiyyatda olsa da, orada yaşamır. Belə ki, cavabdeh xx.xx.2019-cu il tarixdən etibrən Azərbaycan Respublikasını tərk edərək hazırkı tarixədək Rusiya Federasiyası, Leninqrad vilayəti, Kinqsep rayonu, 1 May kəndi, ev 24 ünvanında qeydiyyatda olmaqla orada yaşayır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ******* nömrəli arayışından görünür ki, Cavabdeh hazıradək Bakı şəhəri, Xətai rayonu G.Şıxlinski küçəsi, 37 saylı evin, 157 saylı mənzilində qeydiyyatda qalmışdır. İddiaçının iddia ərizəsinə sübut kimi əlavə etdiyi Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi, 37 saylı evin, 155 saylı mənzilində qeydiyyatda olan və yaşayan X12, həmin ünvanda qeydiyyatda olan və yaşayan X5 və Xətai rayonu, G.Şıxlinski küçəsi, 37 saylı evin, 158 saylı mənzilində qeydiyyatda olan və yaşayan X2 tərəfindən tərib olunaraq imzalanan aktdan görünür ki, həqiqətəndə cavabdeh iddiaçıya məxsus mənzildə qeydiyyatda olsa da, hazıradək həmin mənzildə yaşamır. Cavabdeh ilə iddiaçı arasında mənzildən istifadə hüququ ilə bağlı hər hansı rəsmi razılaşma, müqavilə bağlanmamış, həmin mənzildən cavabdehin istifadə hüququ daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydiyyatdan keçməmişdir. Həmçinin cavabdeh uzun müddətdir ki, iddiaçının mənzilində yaşamır və nəticə etibarı ilə onun iddiaçının mənzilində qeydiyyatda qalması formal xarakter daşıyır, həmçinin əsassız olaraq iddiaçının həmin mənzil ilə bağlı hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 37 saylı evin 157 saylı mənzili üzərində İddiaçı tam mülkiyyət hüququ xx.xx.2007-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin ******* saylı xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X3, X9, Cavabdeh, X7, Hüseynli lalə Namiq qızı və X1 Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 37 saylı evin 157 saylı mənzilində qeydiyyatdadır. İs materiallarında olan xx.xx.2022-ci il tarixində X5, X13 və X4 tərəfindən imzalanaraq tərtib olunan aktdan görünür ki, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 37 saylı evin 157 saylı mənzilində qeydiyyatda olmağına baxmayaraq, uzun müddətdir ki, həmin ünvanda yaşamır. Beləliklə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisəli Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 37 saylı evin 157 saylı mənzil xx.xx.2007-ci il tarixindən İddiaçı mülkiyyətindədir. Cavabdeh iddiaçının oğlu ilə xx.xx.2016-cı ildə nikaha daxil olmuş, xx.xx.2022-ci il tarixində nikahları ləğv edilmişdir. Göründüyü kimi, iddiaçı ilə Cavabdeh arasında mübahisəli mənzillə bağlı hüquq münasibəti 2016-cı ildə yaranmışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Şərh olunan işin hallarına və ifadə olunmuş hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, tərəflər arasında hüquq münasibətləri 2016-cı il tarixdən əmələ gəldiyindən mövcud mübahisənin həlli zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin müddəaları tətbiq olunmalıdır. Odur ki, məhkəmə işin hallarını araşdıraraq mübahisəsiz qaydada müəyyən etmişdir ki, İddiaçı Cavabdeh münasibətdə qayınatası olmuşdur, yəni cavabdeh həmin mənzildən istifadə hüququnun yaranması üçün iddiaçının ailə üzvü olmamışdır. Belə ki, yaşayış binasının tərkib hissəsindən (mülkiyyət hüququnun tərkib hissəsi olan) istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qeyd olunan Məcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Əgər Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsi yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvlərinin evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüquqlarını onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməməsi halından asılı edirdisə, 2000-ci ilin sentyabrın 1-dən qüvvəyə minmiş MM-in 228.1-ci maddəsi müəyyən etmişdir ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış olsun. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi xx.xx.2008-ci tarixli qərarına əsasən, MM-in 228.5-ci maddəsində əks olunmuş «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələbləri baxımından şərh olunmalı və bu normada nəzərdə tutulmuş «mülkiyyətçinin razılığı» yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmada ifadə edilməlidir. Sadalanan xüsusatlara və qeyd edilən qanunvericilik aktlarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh ilə İddiaçı arasında heç bir notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmadığından və bununla da Cavabdeh qeyd edilən evdən istifadə hüququ yaranmadığından, cavabdeh iddiaçıya münasibətdə ailə üzvü olmadığından, mənzildən istifadə hüququnun itirilməsi barədə iddia tələbi də məhkəmə tərəfindən təmin edilə bilməz. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı – Cavabdeh pasport qeydiyyatından çıxarılmasına əsas üçün ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus mənzildən istifadə hüququna xitam verilməsi barədə iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli
Məhkəmə qərarları › İş №2(011)-4294/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4294/2022
28.09.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver