Məhkəmə qərarları › İş №2(011)-4298/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4298/2023

31.08.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4298/2023 31.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “mənzilə istifadə hüququnun itirilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 49 saylı evin, 53 saylı mənzilinə (bundan sonra – Mənzil) dair iddiaçı, "xxxx" ASC və X1 (bundan sonra – keçmiş mülkiyyətçi) arasında xx.xx.2023-cü il tarixli İPK40/31032023 saylı alqı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. İddiaçının Mənzilə dair mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə dövlət qeydiyyatına (qeydiyyat nömrəsi: **********) alınmış və bu barədə ona Dövlət reyestrindən Çıxarış verilmişdir.

2. Keçmiş mülkiyyətçisinin Mənzilə dair mülkiyyət hüququ xx.xx.2011-ci il tarixdə dövlət qeydiyyatına (qeydiyyat nömrəsi: **********) alınmışdır. Cavabdeh1 Mənzilin keçmiş mülkiyyətçisinin arvadı, digər cavabdehlər isə övladlarıdır. Cavabdehlər hal-hazırda mübahisəli mənzildə pasport qeydiyyatındadırlar.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

3. İddiaçı cavabdehlərin Mənzildən istifadə hüququnun itirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, Mənzili alqı-satqı müqaviləsi əsasında Keçmiş mülkiyyətçidən almışdır. Keçmiş mülkiyyətçi alqı-satqı müqaviləsinin 2.2.4-cü maddəsinə əsasən bu müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən 30 gün müddətində ipoteka predmeti üzrə qeydiyyatda olan şəxslərlə birlikdə çıxmaları barədə öhdəlik götürsə də, bugünədək öhdəliyi icra etməmişlər. Mənzil xx.xx.2023-cü il tarixdə mülkiyyət hüququ üzrə adına qeydiyyata alınmışdır və mülkiyyətindir. Cavabdehlərin Mənzildə qeydiyyatda olmaları mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir və Mənzil üzərində sərbəst sərəncam vermək hüquqlarını pozur. Dəfələrlə cavabdehlərə mənzildən qeydiyyatdan çıxması barədə etdiyi müraciətlər nəticəsiz qalmış və heç bir əsas olmadan cavabdehlər mənzildən qeydiyyatdan könülü surətdə çıxmaq istəmir. Bu hal isə onun mənzil üzərində mülkiyyət hüquqlarını pozur. Belə ki, bu müddət ərzində cavabdehlərin pasport qeydiyyatında formal olaraq qalması nəticəsində o, mənzil və kommunal xidmətlər haqqını artıq məbləğdə ödəmək məcburiyyətində qalır.

b. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

5. Cavabdehlər iddia ərizəsinə etirazlarını yazılı şəkildə təqdim etməmişlər. Məhkəmə iclasında verilən izahatlar:

6. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

7. Cavabdehlərin faktiki yaşayış yeri məlum olmadığından, onlar məlum olan axırıncı yaşayış yeri olan mübahisəli mənzildən məhkəmə iclasına çağırılmış, lakin cavabdehlərin məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanının onların həmin mənzildə yaşamamalarna dair qeyd yazılmış bildiriş məhkəməyə qaytarıldığından, məhkəmə Azərbaycan Respublikası MPM–nin 147-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

8. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

9. Maddə 178.1 Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.

10. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

11. Maddə 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun.

12. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir.

13. Maddə 203.1. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir.

14. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:

15. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

16. Maddə: 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

17. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

20. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

21. Məhkəmə iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.

22. Belə ki, işin mübahisəsiz hallarından müəyyən olunur ki, Cavabdeh1 Mənzilin keçmiş mülkiyyətçisinin arvadı, digərləri isə övladlarıdır. Mənzilə dair keçmiş mülkiyyətçinin mülkiyyət hüququ isə xx.xx.2011-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Bu halda, cavabdehlərin Mənzildən istifadə hüququ yaranmışdır.

23. Mülkiyyətçi ilə bərabər həmin yaşayış sahəsində yaşayan şəxslərin istifadə hüquqlarının yaranması əsaslarını müəyyən edən MM-nin 30.1-ci maddəsinin mənası baxımından mülkiyyətçinin ailə üzvləri 2 qrupa bölünür. Birincisi, mülkiyyətçi ilə birlikdə yaşayan onun arvadı (əri), uşaqları və valideynləri, ikincisi, mülkiyyətçinin himayəsində olmaqla əmək qabiliyyəti olmayan və mülkiyyətçi tərəfindən ailə üzvü kimi köçürüldükdə digər qohumlar. Digər cavabdehlər Mənzilin keçmiş mülkiyyətçisinin ailə üzvü olduqlarından onların da Mənzildən istifadə hüquqları yaranmışdır. Lakin onlar da Mənzil satıldıqdan sonra keçmiş mülkiyyətçi ilə birlikdə köçüb başqa yaşayış yerinə getdiklərindən onlar Mənzildən istifadə hüquqları ilə bağlılığını daimi olaraq kəsmişlər. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi digər cavabdehlərə aid hissədə də təmin edilməlidir.

24. Məhkəmə qeyd edir ki, iddiaçı həmin şəxslərin Mənzili ona təhvil vermələrinə və onların qeydiyyatdan çıxmalarına əmin olaraq Mənzili əldə etmişdir. İddiaçı ilə cavabdehlər arasında hər hansı yaxın qohumluq əlaqələri mövcud deyil, habelə onlar iddiaçının ailə üzvləri deyil. Ona görə də, məhkəmə işin faktiki hallarını müqayisəli şəkildə təhlil edərək hesab edir ki, iddiaçı Mənzili alarkən digər şəxslərin hüquqları ilə yüklü olan Mənzilin əldə edilməsini arzu etməmişdir və o, Mənzilin cavabdehlərin hüquqları ilə yüklülüyünün olmamasına münasibətdə vicdanlı olmuşdur.

25. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qızının, Cavabdeh4 və Cavabdeh5 Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 49 saylı evin, 53 saylı mənzilinə dair istifadə hüquqları itirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar