Məhkəmə qərarları › İş №2(011)-436/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-436/2022

25.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-436/2022 25.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh, onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı “avtomobilin geri qaytarılması” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan “Mercedes Benz C240” markalı, 2003-cü il buraxılışlı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehdən alınaraq iddiaçıya təhvil verilməsi və ödənilmiş 120 manat dövlət rüsumunun qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə iddiaçının arasında bağlanmış 19 yanvar 2012-ci il tarixli 001553 saylı ipoteka müqaviləsinə əsasən “Mercedes Benz C240” markalı, 2003-cü il buraxılışlı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobil yüklü edilmişdir. İpoteka iddiaçının adına rəsmiləşdirilmiş, lakin avtomobilə sahibliyi cavabdeh etmişdir. İddiaçı "xxxx" ASC-yə olan borcu ödəməyi öz üzərinə götürmüşdür. Sonra onun ödənişlərdən məlumatı olmamışdır. İddiaçıdan 11.653,55 ABŞ dolları faiz, 1900 ABŞ dolları cərimə borcu, cəmi 20.681,35 ABŞ dolları məbləğində pulun və 30 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-nin ləğvedicisi "xxxx" MMC-yə ödənilməsi barədə məhkəmə qətnaməsi qəbul edilmişdir. Həmin borcun "xxxx" ASC ilə iddiaçının arasında 19 yanvar 2012-ci il tarixli 001553 saylı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş iddiaçıya məxsus “Mercedes Benz C240” markalı, 2003-cü il buraxılışlı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracda satışından əldə olunmuş pul vəsaitinə yönəldilməsi qət edilmişdir. İddiaçının bundan Yasamal rayon İcra və Probasiya şöbəsinin icraata başlamaq haqqında qərarı qəbul edib onun ünvanına göndərdikdən sonra məlumatı olmuşdur. İddiaçı cavabdehə 25 aprel 2012-ci il tarixdə etibarnamə vermişdir. Hadisə ona məlum olduqdan sonra iddiaçı maşını axtarıb tapıb banka təhvil vermək istəmiş, lakin cavabdeh onun zənglərinə cavab verməmiş, avtomobili iddiaçıya geri qaytarmamışdır. Həmin etibarnamə 01 fevral 2021-ci il tarixdə ləğv edilmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh, onun vəkili və etibarnamə üzrə nümayəndəsi iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etdilər. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Zahid Oruclu iddiaçının atasıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 69.1-1-ci maddəsinə əsasən, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 19.3-cü maddəsinə əsasən, yaxın qohumlara babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr aiddirlər. Məhkəmə iclasında şahid qismində çıxış edən Şahid8 öz izahatında bildirdi ki, sözügedən avtomobil onun istifadəsində olmuşdur. Daha sonra o, avtomobili satmışdır. Lakin avtomobili kimə və hansı məbləğə satdığını xatırlamır. Cavabdehi ilk dəfə məhkəmə iclasında görüb, onunla tanışlığı yoxdur. Hətta o, iddiaçını və atasını belə tanımamışdır. Öncəki məhkəmə iclasında şahid qismində çıxış edən Şahid5 öz izahatında bildirmişdir ki, o, cavabdehin dostudur. Onlar birlikdə işləyirlər. Cavabdeh avtomobili əldə etdikdən qısa müddət sonra avtomobildə nasazlıqlar yaranmış, buna görə də cavabdeh banka ödənişlər etməkdən imtina etmiş, avtomobili aldığı alverçilərdən pulu geri tələb etməklə avtomobili geri götürmələrini xahiş etmişdir. Bu müddət ərzində avtomobili banka verməmək üçün avtomobili cavabdehin həyətində gizlətdiklərini və idarə etmədiklərini bildirmişdir. Daha sonra cavabdeh avtomobili satmaq istədiyi üçün ona müştəri kimi baxmağa gələn iki nəfər oğlana təqdim etmiş, oğlanlardan biri avtomobili yoxlamaq üçün sükan arxasına əyləşmiş və onların odluğu yerdən uzaqlaşmışdır. Daha sonra onların yanında olan digər oğlan telefona vəsait qoyub gedən yoldaşına zəng etmək üçün ondan aralanmış və onlar onu bir daha görməmişlər. Cavabdeh bu hadisədən sonra polisə müraciət etmiş, araşdırma nəticəsində avtomobilin bankın problemli kredit işçiləri tərəfindən götürüldüyü məlum olmuşdur. Öncəki məhkəmə iclasında şahid qismində çıxış edən Şahid3 öz izahatında bildirmişdir ki, o, iddiaçının əmisinə müraciət edərək avtomobilin alınmasında ona köməklik göstərilməsini və Bakı qeydiyyatı olan bir nəfərə ehtiyac olduğunu bildirmişdir. İddiaçının əmisi onu iddiaçı ilə tanış etmiş və bundan sonra onlar bankdan kredit götürməklə avtomobili əldə etmiş və onunla birlikdə işləyən Seymura satmışlar. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia rədd olunmalıdır. Hazırkı iş üzrə iddiaçı iddia tələbində mübahisə predmeti olan avtomobilin hazırda cavabdehin qanunsuz sahibliyində olmasına istinad edərək, avtomobilin ondan alınıb geri qaytarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə görə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Mahiyyət etibarilə iddiaçı vindikasiya (özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb etmə) iddiası ilə məhkəməyə müraciət etmişdir. Qüvvədə olan qanunvericiliyə görə vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir. Bu şərtlərə aiddir-əmlakın mövcud olması; əmlakın mülkiyyətçinin istifadəsindən çıxması; əmlakın mülkiyyətçi olmayan şəxsin qanunsuz istifadəsində olması. Qanunun normasının mənasına görə baxılan iş üzrə iddia tələbinin təmin olunması üçün iddiaçının tələb etdiyi əmlakların mövcudluğu, ona mənsub olduğu və hal-hazırda cavabdehin qanunsuz sahibliyində olduğu sübuta yetirilməlidir. İlkin olaraq məhkəmə qeyd edir ki, avtomobilin iddiaçının mülkiyyətində olması işin mübahisəsiz halıdır. İddiaçı avtomobili etibarnamə əsasında cavabdehin sahibliyinə vermişdir. Hal-hazırda iddiaçı bank qarşısında olan öhdəliyini icra etmək üçün cavabdehdən avtomobili geri tələb edir. Belə ki, razılaşmaya əsasən cavabdeh avtomobilə dair ödənişləri etməyi öhdəsinə götürmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh ilkin olaraq bir neçə ay ərzində banka ödənişlər etmiş, daha sonra avtomobil nasaz olduğundan o, ödəniş etməyi dayandırmışdır. Yuxarıda istinad edilənlərə əsasən hazırkı iş üzrə iddia tələbinin təmin olunması üçün avtomobilin cavabdehin sahibliyində olması da sübuta yetirilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, avtomobil cavabdehə təhvil veriləndən sonra o, 11 yanvar 2013-cü il tarixdə Yasamal RPİ-nin 29-cu PB-nə ərizə ilə müraciət edərək, özünə məxsus olan “Mercedes C klass” markalı avtomobilinin **-CU-*** qabaq nömrəsini Yasamal rayonu Yeni Yasamal 1 ünvanında naməlum şəraitdə itirdiyini bildirmişdir, daha sonra Cavabdeh Yasamal RPİ-nin 29-cu PB-nə ərizə ilə müraciət edərək, sahibliyində olan “Mercedes Benz C240” markalı **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2012-ci ilin sentyabr-oktyabr aylarında naməlum şəxslər tərəfindən qaçırılmasını bildirmiş, araşdırma nəticəsində həmin şəxslərin "xxxx" ASC-nin əməkdaşları olduğu və avtomobilin kredit borcunun ödənilmədiyinə görə bank tərəfindən saxlanıldığı müəyyən edilmişdir. İddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatlardan görünür ki, o, 2017-2019-cu illərdə (vaxtını dəqiq xatırlamadığını bildirmişdir) istinad edilən avtomobili üçüncü şəxslərin istifadəsində görərək bu barədə 102 polis xidmətinə müraciət etmişdir. İlkin məhkəmə proseslərində iddiaçının nümayəndəsi avtomobilin onun tərəfindən görüldüyü zaman Şahid8 istifadəsində olduğunu bildirmişdir. Sonuncu məhkəmə iclasında isə o, izahat verərək məhkəmə iclasında dindirilən Seymuru tanımadığını, avtomobilin bankın problemli kredit işçiləri tərəfindən idarə olunmasını qeyd etmişdir. Daha sonra iddiaçı iki fotoşəkil təqdim edərək, şəkillərdən birində avtomobilin içərisində cavabdehin olduğuna istinad edərək bu günkü gün avtomobilin cavabdehdə olmasına və ondan geri alınmasına istinad etmişdir. Məhkəmə təqdim edilmiş fotoşəkillərlə bağlı qeyd edir ki, fotoşəkillərin nə vaxt, harada və hansı şəraitdə çəkilməsi ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən, eyni zamanda cavabdehin də fotoşəkillərdəki adamın o olmasını inkar etməsinə əsaslanaraq, hazırkı sübutun mötəbərliliyini qəbul etmir. Beləliklə, hər iki tərəfin verdiyi izahatlarla, eyni zamanda məhkəmədə araşdırılmış digər sübutlarla təsdiq olunur ki, avtomobil bu günkü gün cavabdehin sahibliyində deyil. Belə olan halda iddia tələbinin təmin edilməsinin qanuni əsası mövcud deyildir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən avtomobilin cavabdehin sahibliyinə verilməsinə dair etibarnamə 01 fevral 2021-ci il tarixdə ləğv edilmişdir. İddiaçı DİN BDYPİ-nə müraciət ünvanlamış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsinin 07 iyul 2020-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, müraciətlə bağlı qeyd olunan “Mercedes Benz C240” markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobilin etibarnaməsiz idarə edilməsi barədə Bakı şəhəri BPİ DYPİ-nin şəxsi heyəti təlimatlandırılmışdır. Beləliklə, yuxarıda sadalananlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 120 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi rədd olunduğundan ödənilmiş 120 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı - mülkiyyətində olan “Mercedes Benz C240” markalı, 2003-cü il buraxılışlı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi və ödənilmiş 120 manat dövlət rüsumunun qaytarılması barədə iddia tələbi rədd edilsin. Ödənilmiş 120 (bir yüz iyirmi) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar