Məhkəmə qərarları › İş №2(011)-4364/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4364/2021

17.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4364/2021 17.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi Araz Allahverdiyevin, Cavabdeh2 iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul tələbinı dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 8920 manat məbləğində verilmiş sığorta ödənişinin və ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 Cəfər oğlu 16.07.2013-cü il tarixində idarə etdiyi Cavabdeh1 sahibliyində olan “VAZ-2109” markalı **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Naximov küçəsində hərəkət edərkən mülkiyyətçisi X4 olan etibarnamə əsasında X2 idarə etdiyi “Chevrolet Orlando” markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və nəticədə sonuncuya maddi zərər dəymişdir. İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 25.10. 2013-cü il tarixli 1592/2013 saylı sığorta aktına əsasən “Chevrolet Orlando” markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərərə görə 8920 manat sığorta ödənişi həyata keçirilmişdir. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin 9799 saylı X5 Protokoluna əsasən, Cavabdeh2 “Yol hərəkəti haqqında“ Azərbaycan Respublikası Qanununu, yəni manevr qaydalarını pozduğuna görə Chevrolet Orlando” markalı, 99-ED 562 qeydiyyat nişanlı avtobillə toqquşmuş və onu zədələdiyi üçün AR İXM-nə əsasən cərimə olunmuşdur. Bununla da, Cavabdeh2 etibarnamə olmadan idarə etdiyi “VAZ-2019” markalı, **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla İddiaçı Sığorta Şirkəti ASC tərəfindən sığortalanmış “Chevrolet Orlando” markalı, **-ED-*** dövlət nömrə nişanlı avtomobillə toqquşması nəticəsində sonuncuya zərər vurması faktı öz təsdiqini tapmışdır. Cavabdeh2 iddia tələbinə iddia müddətinin tətbiqi barədə ərizə verərək göstərmişdir ki, iddia tələbinin əsası kimi 16.07.2013-cü ildə Cavabdeh1 məxsus “VAZ-2109” markalı, **-KJ-*** qeydiyyat nişanlı avtomobilin etibarnamə olımadan onun tərəfindən idarə edilərkən X2 idarə etdiyi "Chevrolet Orlando" markalı, **-ED-*** qeydiyyat nişanlı avtomobillə toqquşması və nəticədə sonuncuya zərər dəyməsi göstərilir. İddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, 936.1-ci, 936.2-ci, 1108-ci maddələrinə istinad edilir. İddianı qəbul etmir və iddia ərizəsində göstərilənlərlə əlaqədar bilidrmək istəyir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.3-cü maddəsində deyilir ki, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.4-cü maddəsində deyilir ki, reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır. Azərbaycan Respublikası “İcbari Sığortalar Haqqında” Qanunun 14.03.2013-cü il tarixədək qüvvədə olan 74-cü maddəsinin tələbinə əsasən sağlamlığa və əmlaka vurulan zərərə görə sığorta tələbi, belə tələb hüququ yaranmış sığortalının,sığorta olunanın və ya üçüncü şəxsin sığorta hadisəsinin baş verməsini bildiyi və ya bilməli olduğu tarixdən 3 il müddətində irəli sürülə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27.01.2001-ci il tarixli "Azərbaycan Respublikası Mülki məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair" Qərarına əsasən iddia müddəti hüququ münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir ki, müqavilə və maliyyə intizamının nizamlanmasına könək edir, mülki hüquq-münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanması çətin və ya qeyri- mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Konstitusiyasının 149.Vİİ maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Yuxarıda göstərilənlərə əsasən iddia tələbinin iddia müddətinin keçməsi ilə əlaqədar rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Sığorta Şirkəti ASC iddia tələbinə iddia müddətinin tətbiqi barədə ərizəyə etiraz edərək göstərmişdir ki, ərizə əsassızdır və təmin edilməməlidir. Belə ki, Ali Məhkəmənin 01,02.2013-cüi il tarixli Bülletenin 39-cu səhifəsinə əsasən Subroqasiya hüququna aid iddia müddətləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinin tələbinə uyğun hesablanmalıdır. Həmçinin müvafiq Bülletenə görə iddiaçı ilə cavabdeh arasında hər hansı bir müqavilə münasibətləri olmamışdır və tərəflər arasında münasibətlər müqavilə əsasında deyil, mülki hüquq pozuntusu (delikt) nəticəsində yaranmışdır. Sığorta müqaviləsinə əsasən sığortaçının sığorta hadisəsi baş verdikdə sığorta ödənişini ödəmək öhdəliyi əks olunmuş və belə ödənişdən sonra zərərvurana münasibətdə iddiaçının subroqasiya hüququ yaranmışdır. İddiaçının subroqasiya hüququ müqavilədən deyil, qanun əsasında yaranmışdır. Bu səbəbdən də iddiaçının hazırkı tələbi üzrə iddia müddəti üç il deyil, ümumi iddia müddəti 10 illik tətbiq olunmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmədən Cavabdeh2 iddia müddətinin tədbiq edilməsi barədə verdiyi ərizənin təmin edilməməsini xahiş etmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi Araz Allahverdiyev iddianı müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək iddia tələbinin iddia müddətinin keçməsi ilə əlaqədar rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5 maddəsinə əsasan məhkəmə işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini və Cavabdeh2 dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 15.08.2013-cü il tarixli arayışdan və Xətai rayon DYPŞ-nin 26.08.2013-cü il tarixli, BYP 132469 saylı X5 protokolunun surətindən görünür ki, Cavabdeh2 Cəfər oğlu 16.07.2013-cü il tarixində idarə etdiyi “VAZ-2109” markalı **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Naximov küçəsində hərəkət edərkən mülkiyyətçisi X4 olan etibarnamə əsasında X2 idarə etdiyi “Chevrolet Orlando” markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq ona maddi ziyan yetirmişdir. Yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh2 Cəfər oğlunun avtomobili idarə etmək hüququ olmamışdır və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (qüvvədən düşmüş) 151.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı əməlini törətməkdə təqsirli bilinərək 40 manat cərimə edilmişdir. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin 08.02.2020-ci il tarixli məktubunun surətindən görünür ki, “VAZ-2109” markalı **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobil 08.01.2002-ci il tarixdən X1 adına qeydiyyatdadır. 25.06.2013-cü il tarixindən 02.11.2013-cü il tarixinədək Cavabdeh1 etibar edilmişdir. “xxxx” MMC-nin 19.08.2013-cü il tarixli preyskurantından görünür ki, “Chevrolet Orlando” markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobilə 9420 manat ziyan dəymişdir. 25.10.2013-cü il tarixli, 1592/2013 saylı sığorta aktının və 29.10.2013-cü il tarixli, 3540 saylı məxaric orderinin surətlərindən görünür ki, İddiaçı Sığorta Şirkətində icbari sığorta növündə sığortalanmış “Chevrolet Orlando” markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə sığorta şirkəti tərəfindən avtomobilin sahibi X3 500 manat azdolma məbləği çıxıldıqdan sonra 8920 manat məbləğində sığorta ödənişi edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Məhkəmə yüksək təhlükə mənbəyinin sahibini bu Məcəllənin 1116.2 və 1116.3cü maddələrində nəzərdə tutulan əsaslar üzrə də məsuliyyətdən tamamilə və ya qismən azad edə bilər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. ''Sığorta haqqında'' Azərbaycan Respublikasının Qanununun 37.1-ci maddəsinə əsasən sığortalananın təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “Üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin sığortası Qaydalarının” 12-ci bəndinə əsasən sığortaçı ödəniş verdikdən sonra ödədiyi məbləğ hüdudunda sığorta etdirənin təqsirkara şəxsə qarşı tələb hüquqlarını əldə edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququnun yaranmasının əsaslarından biri kimi təsbit edilmişdir. Məhkəmə Cavabdeh2 Cəfər oğlunun iddia tələbinə iddia müddətinin tətbiqinə dair ərizəsinə münasibətdə hesab edir ki, həmin ərizə əsassız olduğuna görə təmin edilməməlidir. Belə ki, cavabdeh ərizəsini əsaslandırarkən MM-nin vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə üç illik iddia müddəti müəyyən edən 373.3-cü maddəsinə istinad etmişdir. Halbuki, iddiaçının subroqasiya hüququ müqavilədən deyil, qanun əsasında yaranmışdır. Bu səbəbdən də hazırkı tələbə üç illik deyil, 10 illik ümumi iddia müddəti tətbiq olunur.. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, Cavabdeh2 Cəfər oğlunun 16.07.2013-cü il tarixində etibarnamə olmadan idarə etdiyi, Cavabdeh1 sahibliyində olan “VAZ-2109” markalı **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozaraq, X2 idarə etdiyi, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair sığorta müqaviləsinə əsasən icbari sığorta növündə sığortalanmış “Chevrolet Orlando” markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurması, vurulmuş ziyana görə 8920 manat məbləğində sığorta ödənişinin həyata keçirilməsi sübuta yetirilmişdir. Buna görə də, məhkəmə hesab edir ki, 8920 manat məbləğində sığorta ödənişinin əvəzi surroqasiya qaydasında, sığorta hadisəsinin baş verməsinə səbəb olmuş yüksək təhlükə mənbəyi olan “VAZ-2109” markalı **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yol-nəqliyyat hadisəsinin baş verdiyi zaman sahibi olmuş Cavabdeh1 və hadisə zamanı avtomaşını nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan idarə edən Cavabdeh2 Cəfər oğlundan İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1 maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 300, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 8920 (səkkiz min doqquz yüz iyirmi) manat məbləğində sığorta ödənişinin əvəzi və ödənilmiş 30,40 (otuz manat 40 qəpik) manat məbləğində dövlət rüsumu İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar