Məhkəmə qərarları › İş №2(011)-4377/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4377/2024

05.09.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4377/2024 05.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaç İddiaçı qzının iştirakı ilə, İddiaçı cavabdeh Şəxəliyev Fəzair HArun oğluna və DİN Baş Dövlət Yol Polisi İdarəsinə (X5 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “nəqliyyat vasitəsi üzərində mülkiyyət hüququnun tanınması və nəqliyyat vasitələrinin dövlət qeydiyyatında dəyişiklik edilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. İddiaçı ilə X6 xx.xx.2003-cü il tarixdə nikaha daxil olmuşlar. İddiaçı Zaur Əliyevlə aralarında bağlanmış nikahın pozulması barədə iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir.

2. Buraxılış ili 2008-ci il olan “Kia Carens” minik markalı, ** RY *** dövlət qeydiyyat nişanlı avtomobil (bundan sonra - Avtomobil) cavabdehin mülkiyyətindədir və bu hüquqa dair qeydiyyat xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmaqla müvafiq şəhadətnamə verilmişdir.

3. Avtmobilə dair cavabdeh tərəfindən iddiaçıya xx.xx.2021-ci il tarixdə 8 il 5 ay 10 gün müddətinə, yəni xx.xx.2029-cu il tarixədək etibarnamə verilmişdir. Etibarnamə üzrə verilmiş səlahiyyətlər nəqliyyat vasitəsini idarə etmək barədə olmuşdur. İddiaçı Avtomobili idarə edəkən yol hərəkəti qaydalarının pozulmasına görə xx.xx.2023-cü il tarixli qərarla 36 manat (yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi), xx.xx.2024-cü il tarixli qərarla isə 10 manat (nəqliyyat vasitəsinin parklanmasına görə ödəniş edilmiş müddətdən artıq parKlanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən sürücünün parKlanma yerinin tərk etməsi) inzibati qaydada cərimə edilmişdir.

İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri

4. İddiaçı Kia Carens” minik markalı, ** RY *** dövlət qeydiyyat nişanlı avtomobilin dövlət qeydiyyatında mülkiyyətçi barədə dəyişiklik edilərək, X1 əvəzinə onun adının qeydiyyata alınması vəzifəsinin DİN Baş Dövlət Yol Polisi İdarəsinin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, 9 mart 2021-ci il tarixdə özünə Avtomobil almışdır. Onun avtomobili əri X2 qohumu cavabdehin adına qeydiyyata alınmışdır və həmin şəxs avtomobilin yalnız formal mülkiyyətçisidir. Səbəb o olub ki, iddiaçı və əri Ağdaş rayonunda qeydiyyatda olduqları üçün o, özünə avtomobil aldığı zaman onu öz adına və ya ərinin adına rəsmiləşdirsə, Avtomobili Bakı şəhərində istifadə edə bilməyəcəkdi. Ona görə o, öz puluyla aldığı avtomobilinin ərinin təşəbbüsü ilə onun Bakı şəhəri, Xətai rayonunda qeydiyyatda olan qohumunun adına rəsmiləşdirilməsinə razılaşmaq məcburiyyətində qalmışdır. Həmin vaxtlar əri ilə münasibətləri yaxşı olmasa da, boşanma həddinə çatmamışdı. Ona görə avtomobili ərinin qohumunun adına alınarkən etiraz etməmişdir. Hal-hazırda onun Zaur Əliyevə qarşı "nikahın pozulması və aliment tələbi’nə dair mülki işi Sabunçu Rayon Məhkəməsinin icraatındadır. X10 boşanacaqları təqdirdə avtomobilindən ona heç bir pay düşməsin deyə onu cavabdehin əri ilə satmağa çalışmışdır. Onun avtomobili üçün müştəri axtarışında idi. Bunu uşaqlarına özü dəfələrlə demişdir. Avtomobil xx.xx.2021-ci il tarixdə alğı-satqı müqaviləsi ilə cavabdehin adına alınmış, dərhal sonra xx.xx.2021-ci il tarixdə cavabdeh tərəfindən ona həmin avtomobili idarə etmək hüququ verən və 2029-cu ilədək (sürücülük vəsiqəsinin etibarlı olduğu müddətdə) qüvvədə olan etibarnamə verilmişdir. Alındığı gündən bəri avtomobil onun sahıbliyində və istifadəsindədir. (müxtəlif tarixlərdə həmin avtomobili idarə edərkən çəkilmiş fotoşəkilləri də ərizəmə əlavə edirəm). F.Şıxəliyev həmin avtomobili alınandan bəri bir gün belə sürməyib Bu şəxsin mənim avtomobilim üzərində heç bir həqiqi hüququ yoxdur. Avtomobilin istifadəsi ilə əlaqədar cərimə protokolları da onun adına rəsmiləşdirilmişdir. Cavabdehin isə həmin avtomobilə dair yalnız sərəncam vermək hüququ formal olaraq mövcuddur.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

6. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

7. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, cavabdehlə mobil telefon vasitəsilə əlaqə saxlanılmış və cavabdeh bildirmişdir ki, o, məhkəmə iclasına gəlməyəcək. X10 isə bildirmişdir ki, Avtomobilə görə 6500 manat məbləğində ödəniş etsə, Avtomobili onun adına keçirəcək.

8. Cavabdeh məhkəmə iclasının vaxtı yeri barədə məlumatlandırılsa da, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü olması barədə əvvəlcədən məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəlləsi

9. Maddə 139.1 mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

10. Maddə 139.2 Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır.

11. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

12. Maddə 152.8 Mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir.

13. Maddə 324.4 Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

14. Maddə 362.1 Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.

15. Maddə 390.1 Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

16. Maddə 390.3 Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir.

17. Maddə 646.1 Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.

18. Maddə 648.1 Daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir.

19. Maddə 650 Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

20. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

23. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

24. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir.

25. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Avtomobil xx.xx.2021-ci il tarixdə cavabdehin adına qeydiyyata alınmışdır, cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə iddiaçıya həmin avtomobili idarə etmək səlahiyyəti verilməsini nəzərdə tutan etibarnamə verilmişdir. Bununla belə, tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanmasına əsas verən, habelə cavabdehi müqavilə bağlamağa məcburetməyə yol verən hallar məhkəmə tərəfindən müəyyən olunmadı.

26. Məhkəmə, iddia tələbinə münasibətdə hesab edir ki, əvvəla, iddiaçı Avtomobilə dair mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etsə də, iddiaçı ilə cavabdeh və ya Avtomobilin cavabdehdən əvvəl mülkiyyətçisi olan X3 arasında belə bir müqavilə (şifahi və ya yazılı) bağlanması iş materialları və tərəflərin izahatları ilə sübut olunmur. İkincisi, mülki qanunvericiliyə əsasən, müqavilə azadlığı prinsipi müqavilələrin hər iki tərəfin razılaşdırılmış iradə ifadəsi ilə azad surətdə bağlanmasını nəzərdə tutduğundan, həmçinin avtomobil rəsmi reyestrdə qeydiyyata alınan daşınar əmlak növlərinə aid olduğundan ona dair alqı-satqının yalnız daşınmaz əmlakın alqı-satqısı tələblərə uyğun həyata keçirilməsi nəzərdə tutulduğundan, bundan başqa etibarnamə mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmamaqla, yalnız üçüncü şəxslər qarşısında təmsilçiliyi nəzərdə tutduğundan, tərəflər arasında avtomobilə dair alqı-satqının məhkəmə qaydasında məcburi formada tanınması mümkün deyil.

27. Məhkəmə həmçinin qeyd edir ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutetmə məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.

28. Məhkəmə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş foto-şəkillərə münasibətdə isə qeyd edir ki, sözügedən foto-şəkillərdə iddiaçının mübahisəli Avtomobili idarə etdiyi görünsə də, qeyd edilənlər Avtomobil üzərində iddiaçının mülkiyyət hüququnun tanınmasına əsas vermir. Belə ki, yuxarıda da qeyd edildiyi kimi cavabdeh tərəfindən iddiaçıya Avtmobilin idarə edilməsi məqsədilə etibarnamə verilmişdir.

29. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar