Məhkəmə qərarları › İş №2(011)-4430/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4430/2021

23.07.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4430/2021 23.07.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi Səfərzadə Kənan Muxtar oğlunun katibliyi İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin nümayəndəsi X3 Cavabdeh iştirakı ilə, İddiaçı AR Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin Cavabdeh və digərlərinə qarşı dövlət mülkiyyətində olan qeyriyaşayış sahəsinin qanunsuz sahiblikdən geri alınmasına və şəxslərin özgəsinin əmlakından çıxarılması iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı AR Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin cavabdehlər Cavabdeh, X6, X4, X7 və X2 qarşı Mərkəzin balansında olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası obyektinin Cavabdeh və ailə üzvlərinin qanunsuz sahibliyindən geri alınmasına və onların bu ünvandan çıxarılmalarına dair qətnamənin qəbul edilməsini xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası dövlət mülkiyyətindəki müəssisə və obyketlər qrupuna daxil olmaqla Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidmətinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mrkəzinin yanında (bundan sonra Mərkəz) balansındadır. ünvan 2 ünvanında qeydiyyatda olan vətəndaş Cavabdeh Əflatun oğlunun adı çəkilən obyekti zəbt edərək, anbar kimi istifadə etməsi və dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, özgəsinin əmlakından qanunsuz istifadəni davam etdirməsi nəzərə alınaraq, Mərkəz tərəfindən adı çəkilən şəxsə qaşı əmlakından qanunsuz istifadənin qadağa edilməsinə dair iddia ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət olunmuş və həmin məhkəmənin 15.05.2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. İş üzrə Cavabdeh bu qətnamədən verdiyi apelyasiya və kassasiya şikayətləri müvafiq olaraq Bakı Apelyasiya Məhkəməsinin 16.08.2017-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 24.01.2018-ci il tarixli qərarı ilə təmin edilmədiyindən, həmin qətnamə qüvvəsini almışdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-66/2017 saylı mülki iş üzrə çıxarılmış 15.05.2017-ci il tarixli qətnaməsi qüvvəsini aldığından, qətnamənin surəti və “icra vərəqəsi” icra olunması üçün məhkəmənin 19.03.2018-ci il tarixli məktubu ilə Bakı Şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Göstərilən qətnamənin icrası prosesində məlum olmuşdur ki, icra sənədi üzrə borclu əmlakdan qanunsuz istifadənin formasını dəyişdirərək, göstərilən qeyri-yaşayış sahəsinə ailə üzvlərini yerləşdirilmişdir və hal-hazırda özü və ailə üzvləri burada heç bir hüququ əsas olmadan yaşayırlar. Xidmətin və Mərkəzin sahəyə xidmət edən işçilərinin dəfələrlə xəbərdarlıqlaraq baxmayaraq, Cavabdeh dövlət əmlakından qanunsuz və əsassız istifadəni davam etdirmiş, qanunvericiliyin tələblərini ona izah edən dövlət qulluqçularına açıq hörmətsizlik əlamətləri ilə müşayiət olunana hərəkətlərə yol vermişdir. Bu hal haqqında bəhs olunan dövlət mülkiyyətindəki əmlakın balanssaxlayıcısı olaraq Mərkəzin qanunla qorunan hüquq və mənafelərinə ciddi zərər vurmaq və hüquqdan istifadə ilə bağlı məhdudiyyətlər yaratmaqla bərabər, həm də obyektin səmərəli istifadəsi, həmçinin özəlləşdirilməsi istiqamətində qanunvericiliklə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsi faktiki mümkünsüz edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh Əflatun oğlu məhkəmə iclasında iddiaya etiraz edərək iddianın rədd edilməsini xahiş etdi. O, izahatında bildirdi ki, əvvəl ailə üzvləri və anası ilə birlikdə yataqxanada yaşamışdırlar, həmin yataqxana sökülən vaxt anasına 30000 manat pul ödənilmişdir. Hal-hazırda anası və digər ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasında məskunlaşmışdırlar. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs AR Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi X10 iştirak etdiyi məhkəmə iclasında iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15.05.2017-ci il tarixli qətnaməsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansında olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binasından istifadə olunması Cavabdeh Əflatun oğluna qadağa edilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhəri Xətai Rayonu İcra Hakimiyyəti Başçısının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavininə ünvanlanmış 199 nömrəli, 15.03.2021-ci il tarixli məktubun surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansında qeyri-yaşayış binasının Cavabdeh Əflatun oğlu ilə ailə üzvləri tərəfindən zəbt edildiyi bildirilmişdir. Müəyyən olunmuşdur ki, vətəndaş Cavabdeh Əflatun oğlu və ailə üzvləri uzun müddətdir ki, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış binasında özbaşına məskünlaşmışdırlar. Beləliklə mülki işin məhkəmə araşdırması zamanı işin həqiqi halları ilə müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi dövlət mülkiyyətində olmaqla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansındadır. Cavabdehlər həmin qeyri-yaşayış binasına özbaşına köçərək orada yaşayırlar. Belə ki, cavabdeh tərəfin mübahisəli qeyriyaşayış binasından istifadə etmək, o cümlədən yaşayış sahəsi kimi istifadə etmək barədə hər hansı hüquqmüəyyənedici sənəd məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Yenə Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə isə istifadə hüququ—əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 23-6 cı bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdehlərin mübahisəli qeyri-yaşayış sahəsindən istifadə etmək, o cümlədən yaşayış sahəsi kimi istifadə etmək barədə hər-hansı hüquqmüəyyənedici sənədləri olmadığından və mübahisəli qeyri-yaşayış sahəsi dövlət mülkiyyətində olmaqla iddiaçının balansında verildiyindən dövlət mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binanın cavabdehlərin sahibliyindən geri alınması və onların həmin binadan çıxarılmasına dair iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidirŞərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. ünvan 5 ünvanında yerləşən “Qeyri-yaşayış binası” obyektinin Cavabdeh və onun ailə üzvləri X6, X4, X7 və X1 qanunsuz sahibliyindən geri qaytarılaraq AR Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinə təhvil verilsin. Cavabdeh və onun ailə üzvləri X6, X4, X7 və X5 ünvan 5 ünvanında yerləşən “Qeyriyaşayış binası” obyektindən çıxarılsınlar. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Abbasova Əminə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar