Məhkəmə qərarları › İş №2(011)-452/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-452/2023

17.01.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-452/2023 17.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, X1 qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 18 saylı evin 50 saylı mənzilindən istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 18 saylı evin 50 saylı mənzili alğı-satqı müqaviləsi ilə Nizami Kurbanovdan almışdır. Cavabdeh orada yaşamasa da hal-hazırda iddiaçının mənzilində qeydiyyatdadır. Bu da bir mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olur. Tərəflərin izahatları: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılıb yekun qərar qəbul edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehin faktiki olduğu yer məlum olmadığından, o, məlum olan axırıncı yaşayış yeri üzrə xəbərdar edilmiş, lakin cavabdehin həmin ünvanda yaşamamasına dair qeyd yazılmış bildiriş məhkəməyə qaytarılmışdır. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşin faktiki halları: Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı 24 iyun 2020-ci il tarixdə Nizami Kurbanov ilə arasında bağlanmış alğı-satqı və ipoteka müqaviləsinə əsasən istinad edilən mənzili almışdır. Mənzil hal-hazırda İddiaçı mülkiyyətindədir. Müqavilənin 2.2.2-ci bəndinə əsasən alıcı-ipoteka qoyana üçüncü şəxslərin hüquqlarından azad ipoteka predmetini təhvil verməlidir. Cavabdeh mənzilin keçmiş mülkiyyətçisi olmuş, mənzili Nizami Kurbanova satmışdır. Alğı-satqı müqaviləsinə əsasən cavabdeh mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürsə də, hələ də qeydiyyatdan çıxmamışdır. O, hazırda həmin mənzildə yaşamır, mübahisəli mənzildə formal olaraq qeydiyyatdadır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 1 nömrəli protokolu: 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şəxslər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iclasında müəyyən olundu ki, 24 iyun 2020-ci il tarixli alğı-satqı və ipoteka müqaviləsinə əsasən, İddiaçı Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 18 saylı evin 50 saylı mənzili (Yeni qaydalarla: AZ 1129, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 192, M7, m2) tam olaraq mülkiyyətinə qəbul etmişdir. Cavabdeh mənzilin keçmiş mülkiyyətçisi olmaqla, mənzilin alğı-satqısından sonra köçərək başqa yaşayış sahəsinə getmişdir və hazırda həmin mənzildə yaşamır, iddiaçının ailə üzvü deyildir. Bunlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi mənzilə cavabdehin istifadə hüquqlarına xitam verilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan vəsiqədən görünür ki, iddiaçı Füzuli rayonundan məcburi köçkündür. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azaddırlar. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçı məcburi köçkün olduğundan dövlət rüsumu ödəməkdən azad edilmişdir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 18 saylı evin 50 saylı mənzilindən (Yeni qaydalarla: AZ 1129, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 192, M7, m2) istifadə hüququ itirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar