Məhkəmə qərarları › İş №2(011)-4521/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4521/2024

27.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4521/2024 27.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “abonent müqaviləsinin etibarsız hesab edilməsi” barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə müraciət edərək, ünvan 1 ünvanına dair xx.xx.2023-cü il tarixdə X2 ilə Cavabdeh İB arasında bağlanmış abonent müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasənda **********01446 saylı abonent kodu üzrə quraşdırılmış sayğacın sökülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak özbaşına tikilidir. Həmin mənzil uzun illər öncə inşa edilsə də dövlət reyestrində qeydiyyata alınmamışdır. iddiaçı və anası həmin ünvanda daimi qeydiyyatdadırlar. Bir müddət öncə ailə həyatında problemlər yaranmış və iddiaçl ilə X2 arasında olan nikah pozulmuşdur. Adıçəkilən şəxs tərəfindən həmin mənzilə dair istifadə hüququnun tanınması məqsədi ilə iddia qaldırılmış, lakin məhkəmə tərəfindən tələb təmin edilməmişdir. Məhkəmə tərəfindən X1 Sarabski küçəsi ev 11 ünvanına hər hansı bir hüququnun olmaması müəyyən edilmişdir. Lakin tikili dövlət reyestrindən qeydiyyatdan keçmədiyi üçün iddiaçının da onu mənzildən çıxarmaq üçün iddia tələbi təmin edilmir və faktiki olaraq eyni mənzildə yaşayırlar. Bir müddət öncə cavabdeh "Azəriqaz" İB tərəfindən həmin mənzildə qaz sayğacının olmasına baxmayaraq, təkrar X1 zəbt etdiyi otağa ayrıca sayğac quraşdırılmışdır. Bu məqsədlə cavabdeh təşkilatla X2 arasında xx.xx.2023-cü il tarixli müqavilə imzalanmış və **********01446 saylı abonent kodu verilmişdir. Bu səbəbdən iddiaçı cavabdeh təşkilata qanunvericiliyə zidd olaraq, hansı səbəbdən ehtiyac olmadığı haqda ikinci sayğacın quraşdırılması məqsədi barədə dəfələrlə şifahi və ərizə ilə müraciət etmişdir. Adıçəkilən təşkilat ümumiyyətlə ərizəsində qaldırdığı məsələyə aid olmayan cavab vermişdir. Tərəflərin izahatları: İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh İB məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan xx.xx.2023-cü il tarixli 165072 nömrəli müqavilədən görünür ki, qaz paylayıcısı Cavabdeh İB ilə məişət qaz qurğusu istifadəçisi Ayan Kazımova arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmış, istehlakçının ünvanına G-25 markalı ********** nömrəli qaz sayğacı quraşdırılmışdır. Eyni zamanda həmin müqavilədən görünür ki, müqavilənin müddəti tərəflərin qarşılıqlı razılığına əsasən 1 il müəyyən edilmişdir. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, iddiaçı X3 Cavabdeh İB-yə qarşı “sayğacın sökülməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Hüseynqulu Sarabski küçəsi, ev 11 ünvanında qeydiyyatdadır. “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, X4 borclu olduğu və İddiaçı tələbkar olduğu yaşayış(qeyri-yaşayış) sahəsinə köçürülmə barədə icra sənədi üzrə icraata xitam verilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabineti Qərarının 1.3-cü maddəsinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.1-ci maddəsinə əsasən Qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Belə ki, məhkəmə araşdırması zamanı mübahisəli müqavilənin etibarsız əqd kimi tanınması üçün əsaslar mövcud deyildir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı ilə X5 hazırda ünvan 3 ünvana qazın verilməsinə dair həm X6, həm də X2 ilə müqavilə bağlanmış və iki ədəd qaz sayğacı quraşdırılmışdır. Hazırda İddiaçı Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə müraciət edərək, X2 ilə bağlamış abonent müqaviləsinin ləğv edilməsi və sayğacın sökülməsini tələb edir. Məhkəmə qeyd edir ki, hazırkı iddianın təmin edilməməsi üçün əsaslardan biri də, odur ki, tələb X2 ilə Cavabdeh İB arasında bağlanmış müqavilənin etibarsızlığı olsa da, istehlakçı olan X2 cavabdeh kimi qoyulmamış, habelə dəfələrlə keçirilmiş məhkəmə iclaslarında X1 cavabdeh kimi qoyulması iddiaçıya təklif edilsə də, o, bununla razılaşmamışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, iddia icraatı qaydasında həyata keçirilən mülki məhkəmə icraatı yalnız iddiaçının nə isə tələb etməsi əsasında deyil, həm də digər şəxsdən (cavabdehdən) nə isə tələb etməsi əsasında başlanır. Bu zaman iddia tələbinin yönəldiyi şəxsin mövcudluğu və həmin şəxsin ona qarşı yönəlmiş tələb barədə lazımi qaydada məlumatlandırılması həmin prosesin zəruri elementini və həyata keçirilməsinin ayrılmaz prinsipini təşkil edir. AR Mülki Prosessual Məcəlləsinin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunduğundan və əqdlərin etibarsızlığı tələbinə cavab verməklə bağlı müvafiq hüquqi mükəlləfiyyətə həmin müqavilənin bütün tərəfləri malik olduğundan bu cür tələbin əsl cavabdehi müvafiq əqdin tərəfləri birlikdə ola bilərlər. Müqavilə tərəfi olan Cavabdeh İB-nin iş üzrə cavabdeh olması iddianın ərizəsinin icraata götürülüb baxılması üçün əsas olsa da, müqavilənin digər tərəfi olan X1 cavabdeh olmaması onun bir sıra mühüm prosessual hüquqlardan, o cümlədən üç pilləli məhkəmə müdafiəsi hüququndan məhrum etmiş olmaqla, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi prinsiplərini pozmuşdur. Bundan başqa mülki qanunvericilik tərəfindən əqdin etibarlı olması aşağıdakı şərtlər sistemi daxilində müəyyən edilir: 1) məzmunun qanuniliyi; 2) əqdi həyata keçirən hüquqi və fiziki şəxslərin əqddə iştirak etmək qabiliyyətinin olması; 3) iradə və iradə ifadəsinin müvafiqliyi; 4) əqdin formasına riayət edilməsi. Göründüyü kimi əqdlərin etibarlılığı onu təşkil edən elementlərin etibarlılığından asılıdır. Əqdin hansı elementinin qüsurlu olmasından asılı olaraq, etibarsız əqdlər bir neçə qrupa bölünür: subyektiv tərkibinin, iradənin, formanın və məzmunun qüsurlu olduğu etibarsız əqdlər. İradə və iradə ifadəsinin vahidliyi əqdin etibarlılığının zəruri şərtidir. İradənin qüsurlu olduğu əqdlərdə ya tərəfin əqdin bağlanmasına daxili iradəsi olmur, ya da onun daxili iradəsi düzgün formalaşmır. Beləliklə, əqdin etibarlı olub-olmamasını müəyyən etmək üçün ilk növbədə əqdi bağlamış tərəflərin əqddə iştirak etmək qabiliyyətinin olubolmaması aydınlaşdırılmalıdır. Hazırkı mülki işin araşdırması zamanı isə əqdin etibarlı olmasını şərtləndirən yuxarıdakı dörd şərt pozulmamışdır. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə araşdırması zamanı eyni zamanda müəyyən olunmuşdur ki, mübahisəli ünvan olan ünvan 4di yaşayış evi özbaşına tikilidir. Belə olan halda isə nə İddiaçı, nə də Ayan Ağahüseynovanın həmin fərdi yaşayış evinə üstün hüququ yoxdur. Məhkəmə iddia tələbinin “sayğacın sökülməsi”nə dair hissəsinə münasibət olaraq bildirir ki, Ayan Ağahüseynova ilə Cavabdeh İB arasında olan müqavilə etibarsız hesab edilmədiyindən, iddia həmin hissədə də təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh İB-yə qarşı “abonent müqaviləsinin etibarsız hesab edilməsi” barəsində iddiası təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar