Məhkəmə qərarları › İş №2(011)-453/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-453/2022

19.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-453/2022 19.01.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iştirakı ilə, "xxxx" ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mercedes Benz markalı 90KV772 dövlət qeydiyyat nişanlı və Toyota Prius markalı 99ZT221 dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə "xxxx" ASC tərəfindən ödənilmiş 320 manat və məhkəmənin hesabına köçürülmüş 20 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq "xxxx" ASC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi C.M.Seyfullayeva iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, X20 markalı 99NT480 qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC-də 11.07.2020-ci il tarixdən 11.07.2021-ci il tarixədək Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında PAZ ********** nömrəli şəhadətnamə ilə sığortalanmışdır, Cavabdeh1 13.08.2020-ci il tarixdə həmin avtomobili icarəyə verən şirkətdən icarəyə götürüb nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük hüququ olmayan Cavabdeh2 vermiş, axırıncı isə həmin günü avtomobili idarə edərək, Bakı şəhəri, Yasamal rayonu ərazisində yol nəqliyyat hadisəsi törədib, iki avtomobilə X2 olmuş “Mercedes Benz E240” markalı 90KV772 dövlət qeydiyyat nişanlı avtomobilə və X1 olmuş “Toyota Prius” markalı 99ZT221 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, həmin avtomobillərə maddi ziyan vurmuşdur, cavabdeh hadisə yerindən yayınmışdır, hadisə Yasamal RPİ-nin DYPŞ tərəfindən araşdırılmış, Cavabdeh1 barəsində AR İXM-nin 335.3-cü maddəsi ilə protokol tərtib olunmuş, o 180 manat cərimə olunmuşdur, Cavabdeh2 barəsində isə AR İXM-nin 327.1, 332.1, 327.6 və 332.4-cü maddələri ilə protokol tərtib edilmiş, həmçinin Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 3(004)- 1920/2020 saylı 17.08.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə təqsirli bilinərək cərimələnmişdir, iddiaçı tərəfindən avtomobillərə dəymiş ziyan müəyyən edilərək, Mercedes Benz E240 markalı 90KV772 dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə 200 manat, Toyota Prius markalı 99ZT221 dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə 120 manat ödənilmişdir, sürücülük hüququ olmadan Cavabdeh2 avtomobili idarə edərək yol nəqliyyat hadisəsi törədiyindən və hadisə yerindən yayındığından üçüncü şəxslərin əmlakına vurulmuş ziyana görə ödənilən məbləği iddiaçıya qaytarmalıdır, həmçinin Cavabdeh1 sahibliyində olmuş avtomobili sürücülük hüququ olmayan Cavabdeh2 verdiyindən, müştərək qaydada onunla birgə iddiaçı qarşısından mülki məsuliyyət daşıyır. Sonda C.M.Seyfullayeva iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdır. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasına gəlməmişlər, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan AD № 287791 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, X20 markalı 99NT480 qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X9r. İş materiallarında olan 10.07.2020-ci il tarixli PAZ********** saylı AVSMMİS növlü icbari sığorta müqaviləsinə dair məlumatın surətindən görünür ki, sığortalı X5 99NT480 dövlət qeydiyyat nişanlı X20 markalı nəqliyyat vasitəsi 12 ay müddətinə əmlaka vurulan zərərə görə 5000, sağlamlığa vurulan zərərə görə bir şəxs üçün 5000, bir hadisə üzrə 50.000 azn həddində sığortalanmışdır. İş materiallarında olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayışdan görünür ki, 2020-08-23 tarixdə saat 05:30 da Yasamal, Ə.Əhmədov küçəsi 45 də yol nəqliyyat hadisəsi baş vermişdir, yol nəqliyyat hadisəsinin növü toqquşmadır, hadisənin baş verməsində təqsiri olan şəxsin idarə etdiyi avtonəqliyyat vasitəsi X20 markalı 99NT480 dövlət qeydiyyat nişanlı avtomobil, mülkiyyətçisi X13, hadisə zamanı sürücüsü X6 olmuşdur. İş materiallarında olan Yasamal RPİ DYPŞ tərəfindən verilmiş arayışdan görünür ki, 13.08.2020-ci il tarixdə sürücü Cavabdeh2 sürücülük hüququnun olmadığı aşkar edilmişdir. İş materiallarında olan Yasamal RPİ DYPŞ-nin İXP ******* saylı 17.08.2020-cİ il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, 13.08.2020-ci il tarixdə X20 markalı 99NT480 qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh2 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1, 327.6 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-1920/2020 saylı 17.08.2020-ci il tarixli Qərarı ilə işin müəyyən olunmuş hallarından görünür ki, Cavabdeh2 13.08.2019-cu il tarixdə saat 05:30 da X20 markalı 99NT480 qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan və avtomobili idarə etmək üçün etibarnaməsi olmadan idarə etmişdir, həmçinin hadisə yerindən yayınmışdır. İş materiallarında olan Yasamal RPİ DYPŞ-nin İXP ******* saylı 18.08.2020-cİ il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, 13.08.2020-ci il tarixdə X20 markalı 99NT480 qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh1 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 335.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan Yasaml RPİ DYPŞ-nin 28.08.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, Cavabdeh1 13.08.2019-cu il tarixdə saat 05:30 da X20 markalı 99NT480 qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 335.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, 180 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan Toyota Prius markalı 99ZT221 dövlət qeydiyyat nişanlı maşına Dəymiş zərərin hesabatından görünür ki, ümumi zərər 120 manatdır. İş materiallarında olan Mercedes E markalı 99KV772 dövlət qeydiyyat nişanlı maşına Dəymiş zərərin hesabatından görünür ki, ümumi zərər 200 manatdır. İş materiallarında olan 09.09.2020-ci il tarixli CML-2177/2020-AKT2613 saylı “Sığorta aktı”-ından görünür ki, "xxxx" ASC tərəfindən 120 manat zərər müəyyən edilmiş, eyni məbləğdə sığorta ödənişi hesablanmışdır, zərərə uğramış əmlakın sahibi X12, zərərə uğramış NV-nin markası Toyota Prius, 99ZT221 dövlət qeydiyyat nişanlı maşındır. İş materiallarında olan **********47 saylı 15.09.2020-ci il tarixli ödəniş tağşırığından görünür ki, "xxxx" ASC tərəfindən X7 AKT2613-12154 saylı akt əsasında 120 manat sığorta ödənişi ödənilmişdir. İş materiallarında olan 24.09.2020-ci il tarixli CML-2177/2020-AKT2845 saylı “Sığorta aktı”-ından görünür ki, "xxxx" ASC tərəfindən 200 manat zərər müəyyən edilmiş, eyni məbləğdə sığorta ödənişi hesablanmışdır, zərərə uğramış əmlakın sahibi X16, zərərə uğramış NV-nin markası Mercedes Benz E240, 90KV772 dövlət qeydiyyat nişanlı maşındır. İş materiallarında olan **********41 saylı 25.09.2020-ci il tarixli ödəniş tağşırığından görünür ki, "xxxx" ASC tərəfindən X14 AKT2845 saylı akt əsasında 200 manat sığorta ödənişi ödənilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdehlərə avtomobillərə vurulmuş zərərə görə 320 manat məbləği 15.08.2021-ci il tarixədək "xxxx" ASC-nin bank hesabına ödənilməsi təklif edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı qeyd edilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, X10 məxsus X20 markalı 99NT480 dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən 10.07.2020-ci il tarixdə sığortalanmış və Cavabdeh1 icarəyə verilmişdir, Cavabdeh1 avtomobilə sahiblik hüququ olmuşdur, digər Cavabdeh2 13.08.2020-ci il tarixdə həmin avtomobili idarə edərkən A.Alxazova və G.Əliyevaya məxsus avtomobillərə maddi ziyan vurmuşdur, hadisə zamanı Cavabdeh2 sürücülük hüququ və avtomobili idarə etmək üçün qüvvədə olan etibarnaməsi olmamışdır, Cavabdeh1 nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verdiyinə görə AR İXM-nin 335.3-cü maddəsi ilə, Cavabdeh2 isə 327.1, 327.6, 332.1, 332.4-cü maddələri ilə təqsirli bilinmiş, barələrində inzibati xəta haqqında protokollar tərtib olunmuşdur, sığortaçı tərəfindən zərərçəkmiş şəxslərə cəmi 320 manat (A.Alxazova 200 manat, G.Əliyevaya 120 manat olmaqla) məbləğində sığorta ödənişi edilmişdir. Bununla belə cavabdehlərin mülki hüquqi məsuliyyətini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-cü maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə, iş üzrə təqdim edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, 320 manat məbləğində pul vəsaiti müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehin məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, dövlət rüsumu qismində ödənilmiş 30 manat, cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimiistinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada subroqasiya qaydasında sığorta ödənişinin əvəzi olaraq 320 (üç yüz iyirmi) manat və dövlət rüsumun qismində ödənilmiş 30 (otuz) manat məbləğində pul alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar