Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4564/2023 28.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, X1 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin ünvan 1 mənzilinə istifadə hüququnun itirilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, ev 44, mənzil 46 ünvanında yerləşən mənzili keçmiş mülkiyyətçisi Cavabdeh Bakı şəhəri 52 saylı Notariat kontorunda bağlanmış 04 iyun 2021-ci il AN-1 nömrəli ******* saylı yaşayış sahəsinin alqı-satqı müqaviləsinə əsasən almışdır. Həmin sahə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi dairəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ********** nömrəli çıxarışa əsasən onun adına mülkiyyətçi kimi qeydiyyatdan keçmişdir. Alqı-satqı müqaviləsinin 13-cü maddəsinə əsasən Cavabdeh həmin mənzildən qeydiyyatdan çıxarılmasını öhdəlik kimi götürsə də, yaşayış sahəsini ona satdığı müddətdən köçüb getməsinə baxmayaraq qeydiyyatdan çıxmamışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, onlar məhkəməyə gəlməmiş və gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən olan çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, ev 44, mənzil 46 ünvanında yerləşən daşınmaz əmlakın ümumi sahəsi 51.55 kv.m olmaqla, xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, həmin ünvanda X4, X2, X6, X3 və Cavabdeh qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş məhkəmənin 07 iyul 2023-cü il tarixli məhkəmə sorğusuna Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 52 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 1402/23 saylı cavab məktubuna əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizə verərək ünvan 1 ünvanında yerləşən mənzilin satılmasına etiraz etmədiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş 03 aprel 2021-ci il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil X7 tərəfindən İddiaçı satılmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə X7 arasında ünvan 1 mənzilinə dair 03 aprel 2021-ci ildə alqı-satqı müqaviləsi bağlanmış, həmin mənzilə dair iddiaçının adına qeydiyyatın aparılması ilə mübahisəli mənzil üzərində X5 mülkiyyət hüququ və mülkiyyət hüquqları ilə bağlı bütün hüquqları itirilmiş, iddiaçının isə bu mənzil üzərində mülkiyyət hüququ əmələ gəlmişdir. İddiaçı mənzili alarkən üçüncü şəxslərin mənzildə qeydiyyatdan çıxmalarını güman etmiş, lakin sonradan Cavabdeh həmin mənzilə qeydiyyatda qalması ona məlum olmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Göstərilən Qanunun 5-ci maddəsinə əsasən vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Qeyd edilən Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Hazırki iddia üzrə cavabdeh iddiaçıya məxsus mənzilin onun keçmiş mülkiyyətçisinin mülkiyyətində olduğu dövrdə həmin mənzildə qeydiyyatda olsa da iddiaçı mənzili daşınmaz əmlakın dövlət reyestri məlumatına əsasən, yüksüz əldə etmiş və hazırda onun mülkiyyətçisidir. Cavabdeh mənzildə yaşamadığından və daimi yaşamaq üçün başqa yerə getdiyindən, onun iddiada göstərilən mənzildən istifadə hüquqları aradan qalxmışdır. Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli qərarında da göstərilmişdir ki, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi istifadə hüququ sahibinin yaşayış sahəsinə ehtiyacının və mənzildən istifadə (şəxsi servitut) hüququnun qalxdığı hallara aiddir. Beləliklə, məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, iş üzrə Cavabdeh iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, ev 44, mənzil 46 ünvanında yerləşən yaşayış sahəsində qeydiyyatda olsa da, faktiki olaraq həmin ünvanda yaşamır və onun mübahisəli yaşayış sahəsinə qeydiyyatı formal xarakter daşımaqla hər hansı bir hüquqi nəticəyə səbəb olmur. Məhkəmə hesab edir ki, cavabdehin mübahisəli Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, ev 44, mənzil 46 ünvanında yerləşən yaşayış sahəsində qeydiyyatı formal xarakter daşıdığından, onun həmin mənzildə qeydiyyatda qalmaqla iddiaçının mülkiyyət hüquqları məhdudlaşdırıldığından, mənzildən istifadə hüquqlarının yaranması üçün tərəflər arasında hər hansı bir müqavilə olmadığından, iddia tələbi təmin edilməli, cavabdehin göstərilən yaşayış sahəsindən istifadə hüququ itirilmiş hesab edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, ev 44, mənzil 46 ünvanında yerləşən mənzildən istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-4564/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4564/2023
28.08.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver