Məhkəmə qərarları › İş №2(011)-460/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-460/2023

09.02.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-460/2023 09.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Nəsibova Çinarə Aydın qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı istifadə hüququnun itirilmiş hesab olunması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. İddiaçı ilə X1 arasında Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 79 saylı evin 125 saylı mənzilin (bundan sonra - Mənzil) alqı-satqısına dair xx.xx.2020-ci il tarixdə alqı-satqı və ipoteka müqaviləsi bağlanmış və iddiaçının Mənzilə dair mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə ********** nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Cavabdeh hazırda iddiaçıya məxsus Mənzildə pasport qeydiyyatındadır.

2. İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

3. İddiaçı cavabdehin Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 79 saylı evin, 125 saylı mənzildən istifadə hüququnun itirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, Mənzili keçmiş mülkiyyətçisindən 30 iyun 2020-ci il tarixdə ASC “Xalq” Bankda bağlanmış **********44620/İM №-li daşınmaz əmlakın alqı-satqı və ipoteka müqaviləsinə əsasən almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən onun adına mülkiyyət kimi qeydiyyata keçmişdir. Cavabdeh yaşayış sahəsini satdıqdan sonra satdıqları vaxtdan köçüb getmələrinə baxmayaraq qeydiyyatdan çıxmamışdır. Bu hal onun mənzil üzərində mülkiyyət hüquqlarını pozur.

b. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

5. Cavabdehlər iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişlər.

6. Məhkəmə iclasında verilən izahatlar:

7. İddiaçı məhkəmə iclasında iştirak etməsə də, ötən məhkəmə iclası zamanı verdiyi izahatında dənizdə işləməsi ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini bildirmişdir.

8. Cavabdehlərin faktiki yaşayış yeri məlum olmadığından, onun məlum olan axırıncı yaşayış yeri olan mübahisəli mənzildən məhkəmə iclasına çağırılmış, lakin bildiriş məhkəməyə qaytarıldığından, məhkəmə Azərbaycan Respublikası MPM–nin 147-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

9. Mülki işə tətbiq edilən hüquq:

10. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:

11. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

12. Maddə: 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

13. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

14. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

15. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

16. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

17. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır.

18. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

19. İşin mübahisəsiz hallarından göründüyü kimi, iddiaçı ilə Mənzilin keçmiş mülkiyyətçisi – Əziz Muradov arasında xx.xx.2020-ci il tarixdə Mənzilin alqı-satqısına və ipotekasına dair müqavilə bağlanmışdır. Ona görə də, tərəflər arasındakı mövcud mübahisəyə 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – Mənzil Məcəlləsi) 30.1. və 30.2-ci maddələrinin müddəaları tətbiq edilməlidir. (§ 11, 12)

20. Göründüyü kimi, mülkiyyətçi ilə bərabər həmin yaşayış sahəsində yaşayan şəxslərin istifadə hüquqlarının yaranması əsaslarını müəyyən edən MM-nin 30.1-ci maddəsinin mənası baxımından mülkiyyətçinin ailə üzvləri 2 qrupa bölünür. Birincisi, mülkiyyətçi ilə birlikdə yaşayan onun arvadı (əri), uşaqları və valideynləri, ikincisi, mülkiyyətçinin himayəsində olmaqla əmək qabiliyyəti olmayan və mülkiyyətçi tərəfindən ailə üzvü kimi köçürüldükdə - digər qohumlar.

21. Mülki işin mübahisəsiz hallarından da aydın olur ki, cavabdeh iddiaçının ailə üzvü olmamışdır. Ona görə də cavabdeh Mənzil Məcəlləsinin adı çəkilən müddəalarına nəzərdə tutulan mənada mülkiyyətçinin (iddiaçının) ailə üzvləri tərkibinə daxil deyildir.

22. Həmçinin, iş materialları ilə müəyyən edilir ki, cavabdeh iddiaçının digər qohumu da hesab edilə bilməz.

23. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.

24. İşin hallarından da göründüyü kimi, cavabdeh iddiaçının digər qohumu deyil və o, əmək qabiliyyəti olmayan şəxs kimi iddiaçının himayəsində olmamışdır.

25. Sadalanan qanunvericilik normalarına, eləcə də, Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə hesab edir ki, cavabdeh nə iddiaçının ailə üzvü, nə iddiaçıdan Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən özünün saxlanılmasını tələb etmək hüququna malik olan şəxs nə də keçmiş mülkiyyətçinin ailə üzvləri olmamışdır. Bu halda isə, cavabdehin Mənzildən istifadə hüquqları yaranmır. Odur ki, mövcud olmayan istifadə hüququnun itirilməsinə dair iddia tələbi təmin oluna bilməz.

26. Lakin məhkəmə hesab edir ki, hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehin mənzilindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Məhkəmənin qeyd etdiyi bu qayda müvafiq dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və müvafiq dövlət orqanına izah edilməsidir.

27. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia təmin edilməsin. Bu qətnamə qanuni qüvvəyə mindikdən sonra Cavabdeh Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 79 saylı evin 125 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar