Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4603/2025 19.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qıızının sədrliyi, Hüseynova Mehri Polad qızının katibliyi ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “cavabdehə öhdəliyin icrasının həvalə edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız olaraq borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Balaxanı Bələdiyyəsi ilə iddiaçı arasında bağlanmış torpaq sahəsinin istifadəyə verilməsi və vergiyə cəlb olunması haqqında xx.xx.2016-cı il tarixli, 008 nömrəli müqaviləyə əsasən, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Balaxanı-Binəqədi şossesinin kənarında, sənaye ərazisi sahəsində istehsalatla məşğul olmaq üçün 1200 kv.metr torpaq sahəsi 15 il müddətinə iddiaçının qanuni istifadəsinə verilmişdir. Sözügedən torpaq sahəsində təyinatı üzrə istifadə edilməsi məqsədi ilə iddiaçı tərəfindən qeyri-yaşayış sahəsi inşa edilmişdir. Qeyri-yaşayış sahəsinin hüquqi qeydiyyata alınması məqsədi ilə iddiaçı tərəfindən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edilmişdir. Həmin məhkəmənin 2-1(82)-1129/2018 saylı qərarı ilə iddia tələbi təmin edilərək Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Balaxanı-Binəqədi şossesinin kənarında iddiaçının istifadəsində olan 1200 kv.metr torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış obyektinin hüquqi qeydiyyata alınması ilə bağlı layihəsinin təsdiq edilməsinə dair sərəncam verilməsi vəzifəsi Sabunçu Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Sözügedən qərarın icrası olaraq Bakı şəhəri Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Balaxanı-Binəqədi şossesinin kənarında iddiaçının istifadəsində olan 1200 kv.metr torpaq sahəsində inşa edilmiş qeyriyaşayış obyektinin layihəsi təsdiq edilmişdir. Bu yaxınlarda qeyri-yaşayış sahəsini təbii qazla təchiz etmək məqsədi ilə iddiaçı Cavabdeh İB-yə müraciət etmişdir. Lakin cavabdeh təşkilat qeyri-yaşayış sahəsinə qaz sayğacının quraşdırılmasından imtina etmişdir. Buna səbəb isə mülkiyyət hüququnu təsdiq edən çıxarışın olmaması qeyd edilmişdir. İddiaçı yuxarıda qeyd edilənləri cavabdeh təşkilatın nəzərinə çatdıraraq və əlavə olaraq sözügedən torpaq sahəsinin dövlətə məxsus olması və yalnız istifadə üçün iddiaçıya verildiyini qeyd etsə də, məhəl qoymamışdırlar. Göründüyü kimi qanunverici tikinti obyektinin qazpaylayıcı şəbəkəyə qoşulması üçün mülkiyyət hüququnu təsdiq edən sənəd olmadıqda digər əşya hüququnu təsdiq edən sənədin təqdim edilməsini nəzərdə tutmuşdur. Cavabdeh təşkilat isə yalnız və yalnız mülkiyyət hüququnu təsdiq edən çıxarışın olmasını tələb edir. Bu isə tam qanunsuzdur. İddiaçı göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Balaxanı-Binəqədi şossesinin kənarında iddiaçının istifadəsində olan 1200 kv.metr torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış obyektinə öz vəsaiti hesabına qaz sayğacının quraşdırılmasının cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə İddiaçı və Cavabdeh İB-yə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onlar hazırki məhkəmə iclasına gəlməmişdirlər və nümayəndələrinin iştirakını təmin edilməmişdir. Lakin iddiaçı məhkəməyə teleqram ilə müraciət edərək, iddia tələbini müdafiə etdiyini, məhkəmə iclasını iştirakının olmadan keçirilməsini, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sübutları, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan istifadəyə verən Balaxanı Bələdiyyəsi ilə istifadəçi İddiaçı arasında bağlanan Torpaq sahəsinin istifadəyə verilməsi və vergiyə cəlb olunması haqqında 008 nömrəli, 01 iyul 2016-cı il tarixli müqavilənin surətindən görünür ki, istifadəyə verən istifadə əsasında sahəsi 1200 kv.m olan torpaq sahəsinin gələcəkdə sahə adlanan istifadəçiyə 15 illik müddətə istifadəyə verir, istifadəçi hər il 120 manat torpaq vergisini ödəməyi öz öhdəsinə götürür. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayonu İcra hakimiyyəti Başçısının 124 nömrəli, 19 aprel 2018-ci il tarixli sərəncamının surətindən görünür ki, vətəndaş Abbasov X2 rayon İcra Hakimiyətinin başçısına ərizə ilə müraciət edərək, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Balaxanı-Binəqədi şossesinin kənarında inşa olunmuş qeyri-yaşayış obyektinin layihəsinin təsdiq edilməsi barədə sərəncam verilməsi ilə bağlı məhkəmə qərarının icra edilməsini xahiş etmiş, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Balaxanı-Binəqədi şossesinin kənarında inşa olunmuş qeyri-yaşayış obyektinin layihəsi təsdiq edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Avropa Məhkəməsinin presedentlərindən məlum olur ki, bir sıra qərarlarında Avropa Məhkəməsi belə qənaətə gəlmişdi ki, şəxslərin hətta dövlətə məxsus torpaq sahəsində heç bir icazə almadan inşa etdikləri tikililərə dövlətdən reaksiya olmursa, Avropa Məhkəməsi dövlətin susmaqla həmin tikiliyə şəxsin mülkiyyət hüququnu tanıması kimi qiymətləndirmişdir. “X1rşı” məhkəmə işində (həmin şikayətin verilməsinə əsas - 1993-cü ilin aprelində Türkiyə Ümraniyə şəhər zibilliyində baş vermiş partlayış nəticəsində torpaq sürüşməsi olub. Ətrafdakı özbaşına tikililər sahiblərindən Önər Yıldızın evi uçub, ailə üzvlərindən doqquz nəfər dünyasını dəyişib. Vətəndaş Avropa Məhkəməsinə üz tutub) Avropa Məhkəməsi şikayətçinin dövlət qeydiyyatına alınmamış qanunsuz tikintiyə mülkiyyət hüququ olduğunu bildirərək, qeyd etmişdir ki, “Əgər dövlət 4 il ərzində ərizəçiyə qarşı qanunsuz tikili ilə bağlı heç bir irad bildirməyibsə, onun sökülməsi tələbi ilə məhkəmədə iddia qaldırmayıbsa, deməli, faktiki olaraq ərizəçinin həmin tikiliyə mülkiyyət hüququnu tanıyıb". X4 Məhkəməsi bir daha xatırlatmışdır ki, 1 saylı Protokolun 1-ci maddəsindəki «mülkiyyət» anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da «mülkiyyət hüquqları» hesab edilə bilər və beləliklə, onlar sözügedən müddəanın məqsədləri baxımından «mülkiyyət» sayıla bilər (bax: İatridis Yunanıstana qarşı iş, b. 54; Beyeler İtaliyaya qarşı iş, b. 100). Bu bir həqiqətdir ki, mülkiyyət hüququnun müəyyən olunması və identifikasiya edilməsi milli hüquq sistemi vasitəsilə tənzimlənir və ərizəçi həm tələb etdiyi hüququn dəqiq xarakterini, həm də həmin hüquqdan sərbəst surətdə istifadə etmək imtiyazını müəyyənləşdirməlidir, lakin buna baxmayaraq, Məhkəmə hesab edir ki, istər daxili qanunlar tərəfindən şəxsi marağın «hüquq» kimi tanınmaması, istərsə də bu qanunlar tərəfindən həmin marağın «mülkiyyət hüququ» hesab edilməməsi faktı heç də bu marağın 1 saylı Protokolun 1-ci maddəsinin mənası baxımından müəyyən hallarda «mülkiyyət» hesab edilməsinin qarşısını almır (bax: Tre Traktörer AB İsveçə qarşı iş, b. 53; Van Marle və b. Niderlanda qarşı iş, b. 40). X4 Məhkəməsi ərizəçinin qurduğu evin şəhərsalma qaydalarının pozduğunu müəyyən etməklə bərabər belə hesab etmişdir ki, şəhərin planlaşdırılması qaydalarının pozulmasına və hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda, ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avadanlıqların sahibi idi və oradakı bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsus idi. 1988-ci ildən bəri o, dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq almadan həmin evdə yaşayırdı (bax: b. 28, 80, 86), bu, o demək idi ki, o, digər ödənişlərlə yanaşı, heç bir icarə haqqı ödəmədən öz qohumlarını orada yerləşdirə bilərdi. Ərizəçi orada sosial mühit, habelə ailə mühiti yaratmışdı və 28 aprel 1993-cü il tarixli bədbəxt hadisəyə qədər özünün və ailəsinin elə həmin yerdə qalacağına ümid etməsinə mane olan heç nə yox idi. Bu amillər və məsələn, qeyd edildiyi kimi, adekvat tədbirlərin görülməməsi (bax: b. 87, 146) Önəryıldızın vəziyyətinə dövlət orqanlarının dolayısı ilə dözümlülük nümayiş etdirməsi demək idi. Məhkəmə hesab etmişdir ki, ərizəçinin tikdiyi ev və onun ailəsi ilə birlikdə oradakı yaşayış yeri onlar üçün mühüm iqtisadi maraq kəsb edirdi. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq isə 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından «mülkiyyətə» bərabərdir (bax: İatridisin işi üzrə qərara, b. 55).” Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 238-ci maddəsinə görə daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir. Başqa məqsədlər üçün istifadəsinə yol verilməyən və ya məhdudiyyət qoyulan kənd təsərrüfatı təyinatlı və digər təyinatlı torpaq sahələri qanunla müəyyənləşdirilir. 180.3-cü maddəsinə görə özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikasmm Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cü il tarixli qərarında qeyd edilir ki, mülki və torpaq qanunvericiliyin müddəalarından da göründüyü kimi tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlaka mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasnın beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəlikləri pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 74.1-ci maddəsinə görə bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. 79.1-ci maddəsinə görə mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur: 79.1.1. hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin; 79.1.2. xüsusi mülkiyyətdə olan torpaq sahələrində həcmi ən çoxu 60 kubmetr və dərinliyi ən çoxu 5 metr olan quyuların, yeraltı su və çirkab su anbarlarının (rezervuarların), habelə həcmi ən çoxu 200 kubmetr olan hovuzların; 79.1.3. hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla); 79.1.4. hündürlüyü ən çoxu 8 metr olan enerji və ya işıqlandırma dirəklərinin, antena qüllələrinin və ya tutumu ən çoxu 10 kubmetr olan su çənləri qüllələrinin; 79.1.5. bu Məcəllənin 81.1-ci maddəsində nəzərdə tutulmuş ölçülərdən az olan reklam qurğularının, habelə kiçik memarlıq formalarının (köşklər, örtüklər və buna bənzər digər obyektlərin), açıq idman və ya oyun meydançalarının, açıq avtomobil dayanacaqlarının; 79.1.6. tutumu 100 nəfərə qədər olan müvəqqəti tikililərin; 79.1.7. fasadının mövcud qabaritləri dəyişdirilmədən təmir edilən tikinti obyektlərinin; 79.1.8. təmir edilən yol və ya mühəndis-kommunikasiya təminatı xətlərinin; 79.1.9. bu Məcəllənin 70.2-ci maddəsinin tələblərinə əməl edilməklə, yaşayış evlərinin həyətyanı sahələrində hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 100 kvadratmetr olan yardımçı tikililərin; 79.1.10. hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 300 kvadratmetr olan istixanaların və oranjereyaların; 79.1.11. mövcud tikinti obyektinin torpaq sahəsində (tikinti sahəsi istisna olmaqla), yaxud fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində elektrik mühərrikli nəqliyyat vasitələri üçün yerləşdirilən elektrik enerjisi doldurucularının. 79.2. Bu Məcəllənin 79.1.1, 79.1.2 və 79.1.9-cu maddələrində nəzərdə tutulan ölçülərin hədlərini keçən obyektlərin tikintisinə məlumatlandırma icraatı şamil olunur. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun: 4.1-ci bəndinə əsasən istehlakçının məişət qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab verməlidir. 4.2-ci bəndinə əsasən istehlakçının məişət qaz qurğusu həmin qurğunun yerləşdiyi tikinti obyektində qaz paylayıcısının mütəxəssisi tərəfindən sınaqdan keçirildikdən sonra qazpaylayıcı şəbəkəyə qoşulur. Sınağın keçirilməsinə görə ödəniş tələb olunmur. 13.1-ci bəndinə əsasən energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və sаtılmаsını təşkil etməlidir. Bu Qanunun 12-ci maddəsinin 1-ci, 2-ci, 4-cü, 5-ci və 6-cı hissələri eyni qaydada qazın paylanmasına da tətbiq edilir. 13.10-1-ci bəndinə əsasən (2023-cü il oktyabr ayının 1-dən qüvvədədir) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır. 80.4-cü maddəsinə görə Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi məlumata əlavə edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində, layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Balaxanı-Binəqədi şossesinin kənarında, sənaye ərazisi sahəsində istehsalatla məşğul olmaq üçün 1200 kv.metr torpaq sahəsi Torpaq sahəsinin istifadəyə verilməsi və vergiyə cəlb olunması haqqında 008 nömrəli, 01 iyul 2016-cı il tarixli müqavilə əsasında Balaxanı Bələdiyyəsi tərəfindən İddiaçı istifadəsinə verilmiş, istifadəçi İddiaçı hər il 120 manat torpaq vergisini ödəməyi öz öhdəsinə götürmüşdür. Eyni zamanda Bakı şəhəri Sabunçu rayonu İcra hakimiyyəti Başçısının 124 nömrəli, 19 aprel 2018-ci il tarixli sərəncamı ilə iddiaçıya Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Balaxanı-Binəqədi şossesinin kənarında inşa olunmuş qeyri-yaşayış obyektinin layihəsi təsdiq edilmişdir. İddiaçı bildirmişdir ki, həmin qeyri-yaşayış sahəsinin qazla təmin olunmasını xahiş etsə də, cavabdeh təşkilat tərəfindən təmin edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının qazlaşdırılmasını tələb etdiyi qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi bələdiyyə tərəfindən iddiaçıya istifadə edilməsi üçün verildiyindən, iddiaçı tərəfindən həmin torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış sahəsinin tikintisinə Sabunçu rayonu İcra hakimiyyəti Başçısının 124 nömrəli, 19 aprel 2018-ci il tarixli sərəncamı ilə müvafiq icazə verildiyindən, həmin qeyri-yaşayış sahəsinin qazla təchiz olunmaması iddiaçının istehlakçı hüquqlarının pozulması ilə nəticələnmişdir. Məhkəmə yuxarıda qeyd edilmiş maddi və prosessual hüquq normalarının tələblərini, həmçinin Avropa Məhkəməsinin presedentlərini nəzərə alaraq, işdə olan sübutları və işin faktiki hallarını qiymətləndirərək belə qənaətə gəlir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Balaxanı- Binəqədi şossesinin kənarında iddiaçının istifadəsində olan 1200 kv.metr torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış obyektinin qazlaşdırılması öhdəliyi Cavabdehnə həvalə edilməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumundan azad olunduğundan, eyni zamanda iddia tələbi təmin edildiyindən dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Balaxanı-Binəqədi şossesinin kənarında iddiaçının istifadəsində olan 1200 kv.metr torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış obyektinin qazlaşdırılması öhdəliyi Cavabdehnə həvalə edilsin. Cavabdehndən 100 manat dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-4603/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4603/2025
19.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver