Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4659/2022 18.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının qəyyumu X1, Cavabdeh iştirakları ilə, İddiaçı cavabdeh Əhmədova (Hüseyinova) Afət Müsləddin qızına qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” barədə iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı qəyyumu X2 cavabdeh Əhmədova (Hüseyinova) Afət Müsləddin qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 10, 29 saylı mənzilə istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 13 dekabr 2012-ci il tarixli Çıxarışa əsasən, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsində yerləşən 10 saylı evin 29 saylı mənzilinin tam mülkiyyətçisidir. İddiaçı ilə Cavabdeh nikaha daxil olmuş, birgə nikahdan iki övladı dünyaya gəlmişdir. Tərəflər arasında bağlanmış nikah Xətai Rayon Məhkəməsinin 20 sentyabr 2019-cu il tarixli, 2(011)-5570/2019 saylı qətnaməsi ilə pozulmuşdur. Cavabdeh iddiaçının mülkiyyətində olan mənzildə yaşamadığı halda pasport qeydiyyatında qalmışdır. Onun mənzildə qeydiyyatda qalması iddiaçının mülkiyyətçi kimi hüquqlarını pozur. Məhkəmə iclasında İddiaçı qəyyumu iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. O, izahatında qardaşı ilə cavabdehin 2005-ci ildə ailə qurduqlarını, 2019-cu ildə boşandıqlarını, cavabdehin 2019-cu ildən həmin mənzildə yaşamadığını bildirdi. Məhkəmə iclasında cavabdeh Əhmədova (Hüseyinova) Afət Müsləddin qızı iddia tələbinin qəbul edərək onun təmin edilməsini xahiş etdi. O, izahatında iddia tələbini qəbul etdiyini, etirazının olmadığını bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə ilk öncə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 10, 29 saylı mənzil 13 dekabr 2012-ci il tarixli Çıxarışa əsasən İddiaçı mülkiyyətindədir. İddiaçı ilə cavabdeh Əhmədova (Hüseyinova) Afət Müsləddin qızı 17 avqust 2006-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar. Onların arasındakı nikah Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 sentyabr 2019-cu il tarixli, 2(011)-5570/2019 saylı qətnaməsi ilə pozulmuşdur. Cavabdeh hal-hazırda həmin mənzildə yaşamasa da, orada pasport qeydiyyatındadır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 10 saylı evin 29 saylı mənzilini 13 dekabr 2012-ci il tarixdə mülkiyyətinə qəbul etmişdir. Mənzil İddiaçı anası tərəfindən hədiyyə edilmiş, bağışlama müqaviləsi əsasında sonuncunun mülkiyyətinə keçmişdir. Məhkəmə hesab edir ki, mübahisəli mənzil 2012-ci ildən iddiaçının mülkiyyətinə keçdiyindən hazırkı mübahisəli hüquq münasibətinə həmin dövrdə qüvvədə olan maddi hüquq normalarının tələblərinə uyğun olaraq hüquqi qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hazırkı iş üzrə hüquq münasibətləri 2012-ci ildən yaranmasına istinad edərək məhkəmə hesab edir ki, sözü gedən münasibətlərinin tənzimlənməsi üçün 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Məhkəmə sadalanan maddi hüquq normalarının tələblərini hazırkı mənzil hüquq münasibətinə tətbiq edib, işə əlavə edilmiş sübutları nəzərə alıb hesab edir ki, hazırkı mülki iş üzrə cavabdeh iddiaçının keçmiş ailə üzvü olduğundan, onların arasındakı nikah məhkəmə qaydasında pozulduğundan, cavabdehin iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüququ itirilməlidir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, cavabdeh Əhmədova (Hüseyinova) Afət Müsləddin qızının Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 10, mənzil 29 saylı mənzildən istifadə hüququ itirilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 50 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən 50 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh Əhmədova (Hüseyinova) Afət Müsləddin qızının Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 10, mənzil 29 saylı mənzildən istifadə hüququ itirilsin. İddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-4659/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4659/2022
18.08.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver