Məhkəmə qərarları › İş №2(011)-4709/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4709/2024

15.11.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4709/2024 15.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1 ünvanındakı 4 saylı mənzili xx.xx.2015-ci il tarixdə 36 saylı notariat kontorunda bağlanmış AN-1 ******* saylı alqı-satqı müqaviləsi əsasında X2 almışdır. Həmin ünvandakı mənzil xüsusi mülkiyyətindədir. Buna baxmayaraq, cavabdehlərin günahı üzündən mənzil üzərindəki sahib olmaq, istifadə etmək və sərəncam vermək hüquqlarını tam həyata keçirə bilmir. Belə ki, cavabdehlər alqı-satqı müqaviləsi bağlandıqdan sonra göstərilən ünvandaki mənzildə yaşamasalar da, formal olaraq orada qeydiyyatda qalmışlar. Bunun nəticəsində mənzil və kommunal xidmətlərinin haqqı artır və həmin xidmətlərin məbləğlərini ödəməyə məcburdu. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahatlar vermişdir və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, onlar məhkəməyə gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayışından görünür ki, ünvan 6ənzilində X11, X12, Cavabdeh1 və Cavabdeh2 qeydiyyatdadırlar. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən olan çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın ümumi sahəsi 69,53 kv.m olmaqla, xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, ünvan 6ənzil ilkin olaraq xx.xx.2015-ci il tarixdə X3 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 52 saylı DNK-nın 4Ə/526 reyestr nömrəli xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Həmin məktuba əlavə edilmiş Bakı şəhər İcra Hakimiyyəti Xətai rayon Mənzil- Kommunal Təsərrüfat Birliyinin 6 saylı MKİS tərəfindən verilmiş 991 saylı, xx.xx.2015-ci il tarixli arayışdan görünür ki, ünvan 6ənzildə X5, oğlu X16, gəlini X9, nəvəsi X10, nəvəsi X17 daimi qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş 07 dekabr 2015-ci il tarixli ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, “Satıcı” (X5) tərəfindən ünvan 6ənzili “Alıcı”nın (İddiaçı) mülkiyyətinə vermişdir. Həmin müqavilənin 8-ci bəndinə əsasən Satıcı Alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 13-cü bəndinə əsasən Satıcı göstərilən tarixdən (xx.xx.2016-cı tarixinədək) qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1989-cu il təvəllüdlü Cavabdeh1 xx.xx.1989-cu ildə Suraxanı rayon Qeydiyyat şöbəsində qeydə alınmış doğumu haqqında akt qeydi nəzərdən keçirilərkən atasının xx.xx.1959-cu il təvəllüdlü X20, anasının isə xx.xx.1968-ci il təvəllüdlü X1 müəyyən edilmişdir. Həmçinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirələrkən valideynləri xx.xx.1968-ci il təvəllüdlü Marqunova (Quliyeva) Natalya Qriqoryevna ilə xx.xx.1976-cı il təvəllüdlü X15 olan xx.xx.1998-ci il təvəllüdlü Svetlana və xx.xx.2000-ci il təvəllüdlü Marat Quliyevlərin doğumuna dair məlumat aşkarlanmışdır. Eyni zamanda qeyd edirik ki, informasiya sistemində Cavabdeh1 nikahı və övladının doğumuna, Cavabdeh2 isə vətəndaşlıq vəziyyəti haqqında akt qeydlərinə dair məlumat müəyyən edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixdə ünvanlanmış məktubdan görünür ki, Cavabdeh1 26.01,2007-ci il tarixdən, Cavabdeh2 xx.xx.2004-cü il tarixdən ünvan 2 ünvanı üzrə yaşayış yeri üzrə qeydiyyatdadırlar. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Xətai rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 6 saylı MKİS tərəfindən verilmiş 216 nömrəli xx.xx.2024-cü il tarixli araşından görünür ki, Cavabdeh1 və X19 ünvan 6ənzildə yaşamırlar. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Xətai rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 6 saylı MKİS tərəfindən verilmiş 129 nömrəli xx.xx.2024-cü il tarixli araşından görünür ki, Cavabdeh1 və X19 ünvan 6ənzilin əvvəlki sakinləridirlər. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(011)-551/2017 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdehlər X4, X7, X13, X6, X14 qarşı Bakı şəhəri Xətai rayonu Vunq Tau küçəsi 6A saylı evin 4 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi barədə iddia ərizəsi təmin edilmişdir və cavabdehlərin sözügedən mənzildən istifadə hüquqlarına xitam verilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə X3 arasında ünvan 2 ünvanında yerləşən mənzilə dair 07 dekabr 2015-ci ildə alqı-satqı müqaviləsi bağlanılmış, həmin mənzilə dair iddiaçının adına qeydiyyatın aparılması ilə mübahisəli mənzilin üzərində X3 mülkiyyət hüququ və mülkiyyət hüququ ilə bağlı bütün hüquqlar itirilmiş, iddiaçının isə bu mənzil üzərində mülkiyyət hüququ yaranmışdır. İddiaçı mənzili alarkən üçüncü şəxslərin mənzildə qeydiyyatdan çıxmalarını güman etmiş, lakin sonradan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin mənzilə qeydiyyatda qalmaları ona məlum olmuşdur. Məhkəmə araşdırılması zamanı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mənzilin əvvəlki mülkiyyətçisi S.Quliyevanın gəlini Marqunova (Quliyeva) Natalya Qriqoryevnanın övladları olduğu müəyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Göstərilən Qanunun 5-ci maddəsinə əsasən vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Qeyd edilən Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Hazırki iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçıya məxsus mənzilin keçmiş mülkiyyətçisinin qohumları olaraq mənzildə qeydiyyatda qalsalar da iddiaçı mənzili daşınmaz əmlakın dövlət reyestri məlumatına əsasən yüksüz əldə etmişdir və hal-hazırda onun mülkiyyətçisidir. Mübahisəli mənzili özgəninkiləşdirərək mənzilə dair keçmiş mülkiyyətçinin hüquqlarına xitam verdiyindən, cavabdehlərin iddiada göstərilən mənzildən istifadə hüquqları aradan qalxmışdır. Beləliklə, məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının xüsusi mülkiyyətində olan ünvan 6ənzil ünvanında yerləşən yaşayış sahəsində qeydiyyatda olsalar da, faktiki olaraq həmin ünvanda yaşamırlar və onların mübahisəli yaşayış sahəsində qeydiyyatları formal xarakter daşımaqla hər hansı bir hüquqi nəticəyə səbəb olmur. Məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli ünvan 6ənzil ünvanında yerləşən yaşayış sahəsində qeydiyyatları formal xarakter daşıdığından, onların həmin mənzildə qeydiyyatda qalmaqla iddiaçının mülkiyyət hüquqları məhdudlaşdırıldığından, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 göstərilən yaşayış sahəsindən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 6ənzilindən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar