Məhkəmə qərarları › İş №2(011)-4766/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-4766/2022

04.07.2022 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-4766/2022 04.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Rəhimli Lalə Elxan qızı – Ərizəçi ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyənetdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Püsyan ərazisi üzrə nümayəndəliyi tərəfindən verilmiş 03 fevral 2000-ci tarixli 1-AZ 113066 nömrəli doğum haqqında şəhadətnamənin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizənin yolverilməzliyinə görə, ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Ərizəçi ərizəsini xüsusi icraat qaydasında baxılması üçün vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2-ci maddəsində məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlərin siyahısı verilmişdir. Həmin işlərə: şəxslərin qohumluq münasibətlərinin; şəxsin öhdədə olması faktının; doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; bədbəxt hadisə faktının; müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; atalığın etiraf olunması faktının; “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının; qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi daxildir. Göründüyü kimi, qüvvədə olan Mülki Prosessual qanunvericilikdə doğum haqqında şəhadətnamənin ləğv edilməsi barədə xüsusi icraat qaydasında ərizə ilə müraciət edilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizənin yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilməli və ərizəçiyə inzibati orqanın hərəkətlərindən (hərəkətsizliyindən) müdafiəyə dair iddia ilə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası İPM-nin 2.2.1 və 2.2.2-ci maddələrinə əsasən, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Məhkəmə hesab edir ki, ərizəçinin tələbi inzibati orqanın hərəkət və inzibati aktı ilə bağlı olduğundan, yuxarıda qeyd edilən qanunvericilik normasına əsasən bu tələbə mülki deyil, inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Məhkəmə həmçinin hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə qaytarılmalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, ərizəçi tərəfindən 30 manat dövlət rüsumu Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hesabına ödənilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Göründüyü kimi, ərizəçinin iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin icraata götürülməsindən imtina edildiyindən, ödədiyi 100 manat məbləğində dövlət rüsumu onun özünə qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 267ci maddələrini rəhbər tutaraq qəraraaldı: Ərizəçi 03 fevral 2000-ci il tarixli 1-AZ 113066 nömrəli doğum haqqında şəhadətnamənin ləğv edilməsi barədə ərizəsi, ərizənin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. Ərizəçi tərəfindən Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin hesabına ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu özünə qaytarılsın. Qərardad və ərizəyə əlavə olunmuş sənədlər ərizəçiyə rəsmi qaydada verilsin. Ərizəçiyə izah olunsun ki, ərizəni qəbul etməkdən imtina edilməsi həmin predmet barəsində və həmin əsaslarla yenidən ərizə ilə məhkəməyə müraciət etməsinə mane olur. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Lalə Rəhimli İş № 2(011)- 4766/2022 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə PROTOKOL 04 iyul 2022-cu il Bakı şəhəri Bakı şəhəri Xətai rayon Məhkəməsinin hakimi Rəhimli Lalə Elxan qızı, Ərizəçi “03 yanvar 2000-ci il tarixli 1-AZ 113066 nömrəli doğum haqqında şəhadətnamənin ləğv edilməsi” barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. Prosessual hərəkət saat 12:30-da başlandı. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qərardad qəbul etdi. Prosessual hərəkət saat 12:45-də qurtardı. Protokol 04 iyul 2022-ci il tarixdə tərtib edilmişdir. Hakim Lalə Rəhimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar