Məhkəmə qərarları › İş №2(011)-482/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-482/2021

25.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-482/2021 25.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı Cıraq oğlunun iştirakı ilə, İddiaçı Cıraq oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair" mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cıraq oğlu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 11955 manat məbləğində maddi ziyanın, 3000 manat məbləğində əldən çıxmış faydanın, 3000 manat mənəvi zərərin və 30 manat dövlət rüsumunun özünün xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixdə saat 20:00 radələrində idarə etdiyi “Opel Vectra“ markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri Koroğlu metrostansiyası istiqamətində hərəkət edən zaman 23-cü PB-nin yanında qıraqda dayanmış və ona məxsus olan “Toyota Prado” markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş, bununla da cavabdehlərin günahı ücbatından hadisə zamanı ona maddi ziyan dəymişdir. Cavabdehlərə hüquqlarını pozduğu nəticəsində dəymiş maddi zərər ödənilməsinə dair müraciət etsə də, bunun nəticəsi olmamış bir cox hallarda isə, təhqirə və təsirə məruz qalmışdır. Cavabdeh tərəfindən hüququ pozulduğundan ona külli miqdarda zərər dəymişdir. Belə ki rieltor işləiyir və həmin avtomobili iş fəaliyyətində istifadə etdiyi ücün, fəaliyətində önəmli yer tutur. Faktiki olaraq xx.xx.2020-ci il tarixdən bu günə kimi, həmin avtomobili istifadə etmədiyi ücün əldə etdiyi gəlirdən məhrum olur və bununla bağlı xeyli miqdarda gəlir əldən çıxmışdır. Məhkəmə iclasında İddiaçı Cıraq oğlu iddia tələbini müdafiə etdiyini bildirərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin nömrəli, xx.xx.2020-ci il tarixli, 3(007)- 970/2020 saylı qərarından müəyyən olunur ki, Bakı şəhəri Nizami rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqı materiala əsasən Cavabdeh1 xx.xx.2020-ci il tarixdə saat 22 radələrində idarə etdiyi “Opel Vectra” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 118 ünvanında yerləşən 23-cü PB-nin qarşısında dayanan “Toyota Prado” markalı, **-FZ-*** qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən toqquşmuşdur. Hadisə zamanı “Toyota Prado” markalı, **-FZ-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü İddiaçı və maşına ziyan dəymişdir. Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 334.4-cü maddəsi ilə təqsirli bilinərək 800 manat cərimə olunmuşdur. Əlizadə X1 Mahir Həsən oğluna məxsus “Opel Vectra” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan idarə etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə “Toyota Prado” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyanın dəqiq məbləğinin hesablanması məqsədi ilə mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2021-ci il tarixlı, 9/5217 saylı rəyindən görünür ki, “MY Auto” servis mərkəzinin xx.xx.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2008-ci il buraxılışlı “Toyota Prado” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 10505 manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1 maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 459.1-ci maddəsinə görə zərərin əvəzini ödəməyə borclu olan hal baş verməsəydi, mövcüd olacaq vəziyyəti bərpa etməlidir. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Məhkəmə yüksək təhlükə mənbəyinin sahibini bu Məcəllənin 1116.2 və 1116.3-cü maddələrində nəzərdə tutulan əsaslar üzrə də məsuliyyətdən tamamilə və ya qismən azad edə bilər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 məxsus olan, Cavabdeh1 idarə etdiyi “Opel Vectra” markalı, **-CG-*** dövlət nömrə nişanlı avtomaşının yol-nəqliyyat hadisəsi zamanı İddiaçı Cıraq oğluna məxsus “Toyota Prado” markalı, **-FZ-*** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq ona maddi ziyan yetirməsi, ekspert rəyi ilə dəymiş ziyanın məbləğinin 10505 manat müəyyən edilməsi sübuta yetirimişdir. Ona görə də, iddia tələbi dəymiş ziyanın ödənilməsi hissəsində qismən təmin edilərək ekspert rəyi ilə müəyyən 10505 manat cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddia tələbi mənəvi ziyanın tutulması hissəsində təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli Qərarında göstərilmişdir ki, “Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloci reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 7 saylı Qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, Azərbaycan Respublikası MM-nin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərarda daha sonra qeyd olunmuşdur ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmçinin, həmin Qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər. (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Məhkəmə hesab edir ki, iddia tələbi maddi ziyanın tutulması hissəsində təmin edildiyindən mənəvi ziyan hissəsində təmin olunmamalıdır. Həmçinin, iddia tələbi əldən çıxmış faydanın tutulması hissəsində heç bir mötəbər sübutla təsdiq olunmadığından təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0 və 115.0.1-ci maddələrinə əsasən ekspertlərə verilməli məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikası MPM-nin 119.1 maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan xx.xx.2021-ci il tarixlı, 9/5217 saylı ekspert rəyinə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür kimi, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil etməklə Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təqribən 60 faiz təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumunun 18 manat cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı, ekspertizanın keçirilməsinə xərclənmiş 100 manatın, 60 manatı cavabdehlərə, 40 manatı iddiaçıya aid edilməklə onlardan tutulub dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən də məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 maddi ziyana görə 10505 manat və ödənilmiş dövlət rüsumunun 18 manat hissəsi olmaqla ümumilikdə 10523 (on min beş yüz iyirmi üç) manat pul vəsaiti tutulub İddiaçı Cıraq oğluna ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyərinin 60 (altmış) manat hissəsi cavabdehlərdən, 40 (qırx) manat hissəsi iddiaçıdan tutulub dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar