Məhkəmə qərarları › İş №2(011)-4837/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4837/2022

28.10.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4837/2022 28.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 qarşı “mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair” iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, göstərmişdir ki, ona məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 50, 3 saylı mənzil onun mülkiyyətindədir. Azərbaycan Respublikası Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin seriya MH № ******* saylı çıxarışa əsasən ümumi sahəsi 35.4 kv.m yaşayış sahəsi olan, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 50, 3 saylı mənzil çıxarışa əsasən şəxsi mülkdür. Lakin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus mülkdə yaşamadıqlarına baxmayaraq bu günə kimi hələ də, ona məxsus mənzildə qeydiyyatdadırlar. Məhkəmənin nəzərinə çatdırmışdır ki, Cavabdeh1 MKTB-nin arayışına əsasən 2011-ci ildən ona məxsus Gəncə prospekti, ev 50, 3 saylı mənzildə yaşamır, həmçinin Cavabdeh2 həmin arayışa əsasən ona məxsus mənzildə 2013-cü ildən yaşamır. Hər iki cavabdeh ailəlidir, başqa evdə yaşayırlar. Azərbaycan Respublikasının DİN-nin yaşayış yeri üzrə qeydiyyat arayışından görünür ki, cavabdeh formal olaraq qeyd olunan ona məxsus mənzildə qeydiyyatdadır. Cavabdeh şəxsin ona məxsus olan mənzildə formal şəkildə qeydiyyatda qalması onun üçün ciddi maneələr yaradır. Mənzil üzərində müvafiq sərəncam vermək, ondan istədiyi şəkildə istifadə etmək hüququnu pozur. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, ona məxsus ünvan 1 ünvanından cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, Cavabdeh2, Cavabdeh1, X1 (azyaşlı uşaqları X4 və X5 ilə birlikdə) ünvan 1 ünvanından istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, müvafiq qeyd aparılaraq məhkəməyə geri qaytarılmış, məhkəmə bildirişləri Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə göndərilmişdir. MPM-nin 147-ci maddəsinə əsasən məhkəmə cavabdehlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının çıxışını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 122 saylı MKİS-si tərəfindən verilmiş 08 aprel 2022-ci il tarixli arayışdan görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında qeydiyyatdadırlar. Cavabdeh1 (iddiaçının oğlu) ünvan 1 ünvanında 2011-ci ildən yaşamır, Cavabdeh2 (iddiaçının qızı) isə 2013-cü ildən həmin ünvanda yaşamır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən MH seriyalı, 0048560№-li çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən məlum olur ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospektində istifadədə olan 0.075 ha torpaq sahəsində yerləşən 50 nömrəli, 9 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində 35.4 kv.m ümumi, 24 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 3 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 257 nömrəli reyestr kitabının 25089 nömrəli vərəqində xx.xx.2006-cı il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan 122 saylı MKİS-si tərəfindən verilmiş 01 iyul 2022-ci il tarixli arayışdan görünür ki, həmin arayış verilir vətəndaş İddiaçı ona görə ki, o, həqiqətən ünvan 1 ünvanında yaşayır, həmin mənzildə İddiaçı xx.xx.1990-cı il tarixdən, qızı Cavabdeh2 1990-cı ildən, oğlu Cavabdeh1 1990-cı ildən, gəlini X3, nəvələri X4 2013-cü ildən və X5 2011-ci ildən qeydiyyatdadırlar. İş materiallarında olan Abşeron Rayonu Saray Bələdiyyəsi tərəfindən verilmiş 24 oktyabr 2022-ci il tarixli arayışdan görünür ki, arayış verilir Cavabdeh1 ondan ötrü ki, həqiqətən də ona məxsus torpaq sahəsi və ev Abşeron rayonu, Saray qəsəbəsi, Ömər Xəyyam küçəsində yerləşir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, 1176405№-li çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən məlum olur ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 939 nömrəli reyestr kitabının 72 nömrəli vərəqində xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. Məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2000ci ilədək qeydiyyata alındığı üçün mübahisənin həlli əvvəlki 1964-cü ildən 28 dekabr 1999-cu il tarixədək qüvvədə olan Mülki Məcəllənin, habelə 08 iyul 1982-ci il tarixdən 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan olan Mənzil Məcəlləsinin normaları ilə tənzimlənməlidir. Digər şəxslər 01 sentyabr 2000-ci il tarixdən sonra qeydiyyata alındıqları üçün həmin şəxslərə münasibətdə mübahisənin həlli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin normaları ilə tənzimlənməlidir. Mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədən kənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alqı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Yaşayış sahəsinin mülkiyyətçisi olmayan istifadəçilərin hüquqi statusunu müəyyən edərkən «yaşayış sahəsi üzərində mülkiyyət hüququ» ilə «yaşayış sahəsindən istifadə hüququ» arasında olan fərq nəzərə alınmalıdır. Əvvəlki Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə mülkiyyətçinin özünə məxsus olan evə ailə üzvlərini və qanunvericilikdə onlara bərabər tutulan digər şəxsləri köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, onların mənzildən istifadə etmək hüququ köçürmədən sonra yaranır. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. 53-cü maddəyə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Eyni zamanda 123-cü maddə və ümumiyyətlə Mənzil Məcəlləsi hər hansı bir şəxsə başqasına məxsus olan yaşayış sahəsindən istifadə edərkən həmin yaşayış sahəsinin mülkiyyətçisinin öz əmlakına sərəncam vermək hüququnu məhdudlaşdırmaq səlahiyyəti verən müddəanı nəzərdə tutmur. Əksinə həmin məcəllənin 60-cı maddəsi müəyyən edir ki, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsinin saxlanmasının şərtlərini müəyyən edən 60-cı maddəsi isə müəyyən edir ki, İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Həmin maddədə müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi daha uzun müddət saxlanıldığı hallar da müəyyən edilmişdir. Belə ki, İcarədar və ya onun ailə üzvləri 1) müddətli həqiqi hərbi xidmətə çağırıldıqda;2) işin şəraitinə və xarakterinə görə (gəmi heyətləri, geoloji dəstələri, axtarış dəstələrinin, ekspedisiyaların işçiləri və i.a.) xaricə ezamiyyətə göndərilməklə, yaxud təhsillə əlaqədar (tələbələr, aspirantlar və i.a.) daimi yaşayış yerindən müvəqqəti başqa yerə getdikdə; 3) uşaqlar tərbiyə olunmaq üçün dövlət uşaq müəssisəsinə, qohumlarına və ya qəyyumlarına (himayəçilərinə) verildikdə; 4) qəyyum (himayəçi) vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar olaraq getdikdə; 5) müalicə üçün müalicə-profilaktika müəssisəsinə getdikdə; 6) müalicə-əmək profilaktoriyasına yerləşdirildikdə; 7) həbs olunduqda; habelə 10) cinayət işi üzrə dövlət tərəfindən müdafiə olunan şəxslərin təhlükəsizliyini təmin edən dövlət orqanlarının qərarına əsasən başqa yaşayış yerinə müvəqqəti köçürüldükdə onların yaşayış sahəsi daha uzun müddət saxlanılır. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. MM-in 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: - mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; - həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; - istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Belə qaydaların müəyyən edilməsi ondan irəli gəlir ki, «mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Ayrıca olaraq vurğulanmalıdır ki, mülkiyyət barəsində sərəncam verilməsi əqdlərin bağlanması yolu ilə və ya digər hüquqi aktların qüvvəsinə görə mümkündür» (R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun qərarı). «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsi müəyyən edir ki, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Mülki işdə olan sübutlarla təsdiq edilir ki, mübahisənin predmeti olan mənzil 1990-cı ildə iddiaçıya orderə əsasən verilmiş, 2006-cı ildə özəlləşdirilmişdir. Həmin mənzildə iddiaçının qızı Cavabdeh2 1990-cı ildən, oğlu Cavabdeh1 1990-cı ildən, gəlini X3, nəvələri X4 2013-cü ildən və X5 2011-ci ildən qeydiyyatdadırlar. Bununla yanaşı mülki işdə olan sübutlarla təsdiq edilir ki, iddiaçıya məxsus olan mənzildə oğlu Cavabdeh1 2011-ci ildən, qızı Cavabdeh2 2013-cü ildən həmin mənzildə yaşamırlar, daimi əsaslarla həmin mənzili tərk etmişlər, özlərinə məxsus yaşayış yerləri vardır. Eyni zamanda mülki işdə olan sübutlarla təsdiq edilir ki, digər cavabdeh X3 və onun yetkinik yaşına çatmayan övladları iddiaçının gəlini və nəvələri olmaqla iddiaçıya məxsus mənzildə heç vaxt yaşamamış, formal olaraq qeydiyyata alınmış, iddiaçı ilə X3 arasında mənzildən istifadəyə dair hər hansı müqavilə bağlanmamışdır. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 artıq uzun müddətdir ki, başqa yaşayış sahəsində yaşadıqlarından və onların mübahisəli mənzilə istifadə hüquqlarının qalması mülkiyyətçi olan iddiaçının mülkiyyət hüquqlarını sərbəst surətdə həyata keçirməsinə mane olduğundan, habelə iddiaçı mənzilə dair sərəncam vermək hüququnu sərbəst şəkildə həyata keçirə bilmədiyindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə olan istifadə hüquqlarına xitam verilməlidir. Bununla yanaşı digər cavabdeh X3 (iddiaçının gəlini) azyaşlı uşaqları X4 və X5 mübahisəli mənzildə formal qeydiyyata alınsalar da, həmin mənzildə mülkiyyətçi ilə birgə yaşamadıqlarından və iddiaçı ilə X3 arasında mənzildən istifadəyə dair hər hansı müqavilə bağlanmadığından, onun və azyaşlı uşaqların mübahisəli mənzilə dair istifadə hüquqları yaranmamışdır. Məhkəmə hesab edir ki, X1 azyaşlı uşaqları X4 və X5 ilə mübahisəli mənzilə istifadə hüquqları yaranmadığından iddia tələbi onlara qarşı təmin edilməməli, hazırki mülki iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin həmin cavabdehin və yetkinlik yaşına çatmayan övladlarının müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas olduğu tərəflərə izah edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə olan istifadə hüquqlarına xitam verilsin. İddia tələbi digər cavabdeh X2 qarşı təmin edilməsin. Hazırki qətnamə X1 azyaşlı uşaqları X4 və X5 ilə birlikdə ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən müvafiq dövlət orqanı tərəfindən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar