Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4891/2021 05.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi barədə iddiasına dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı - Cavabdeh 3756 manat maddi, 1500 manat mənəvi zərərin, 3250 manat əldən çıxmış faydanın, 50 manat nöqsan aktına görə və 30 manat dövlət rüsumuna görə - cəmi 8586 manat məbləğində pulun alınıb iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2021-ci ilin aprel ayının 17-də saat 14:30 radələrində iddiaçı özünə məxsus “Hyundai Sonata” markalı **-TT-*** dövlət nömrə nişanlı minik avtomobilini ünvan 1 ünvanda - fərdi evinin qarşısında saxlamış və həyətdə olmuşdur. Birdən möhkəm toqquşma səsi eşitmiş, küçəyə çıxanda Cavabdeh idarə etdiyi “Hyundai Elantra” markalı **-MC-*** dövlət nömrə nişanlı minik avtomobili ilə iddiaçının avtomobilinin arxa sol hissəsini tamamilə əzmiş, zərbənin gücündən avtomobili sürüşərək yol qıranğında olan ağaca dəymiş, nəticədə avtomobilinə arxa sağ qapıdan və damdan da ziyan vurularaq əzilmişdir. "xxxx" Şirkətinin verdiyi 10.05.2021-ci il tarixli AA 041681 saylı aktına əsasən avtomobilinə 3756 manat məbləğində maddi ziyan dəymişdir. Həmin akta görə isə iddiaçı həmin Şirkətə 50 manat məbləğində pul ödəmişdir. Xəzər rayon DYPŞ-nin 20.04.2021-ci il tarixli TP ******* saylı Qərarına əsasən Cavabdeh hadisə yerindən yayındığına görə AR İXM-nin 327.6-cı maddəsinə görə 100 manat cərimə edilmişdir. Avtomobili indiyə kimi təmirsizdir. Bundan əlavə 50 gün avtomobilindən istifadə etməmiş və taksi xidmətindən yararlanmışdır, bunun da məbləği 3250 manat təşkil edir. Cavabdeh avtomobilini vurub əzəndən sonra qaçdığına, avtomobilini indiyə kimi təmir etmədiyinə, eləcə də səmimi peşmançılığını bildirmədiyinə görə iddiaçıya həm də 1500 manat məbləğində mənəvi zərər vurmuşdur. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddiaya etiraz edərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan 20.04.2021-ci il tarixli TP № ******* nömrəli “X2 haqqında Protokol”-un surətindən görünür ki, 17.04.2021-ci il tarixində saat 14:30-da ”Hyundai Elantra minik” markalı **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh Binə qəsəbəsi Atçılıq yaşayış massivi ərazisində yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmışdır və nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə onun barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İş materiallarına olan Xəzər rayon DYPŞ-nin Nəqliyyat vasitələrinin zədələnməsi barədə 042549 nömrəli arayışına əsasən 17.04.2021-ci il tarixdə saat 14:30-da Binə qəsəbəsində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ”Hyundai Elantra minik” markalı **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobil və “Hyundai Sonata minik” markalı **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobil zədələnmişdir. İş materiallarına olan "xxxx" şirkətinin 10.05.2021-ci il tarixli AA041681 nömrəli aktından görünür ki, “Hyundai Sonata” markalı **-TT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər 3756 manat məbləğində müəyyən edilir. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/6343 nömrəli, 06.10.2021ci il tarixli ekspert rəyinə əsasən, nəzəri hesablama yolu ilə iş materialında olan "xxxx" şirkəti tərəfindən tərtib edilmiş 10.05.2021-ci il tarixli AA041681 №-li AKT-a əsasən 2006cı il buraxılışlı mühərrik tutumu 2400 sm3, “Hyundai Sonata” markalı **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyişilməli hissələrinin qiymətinə aşınma tətbiq edilməklə təmir-bərpa xərci təxminən 1720,00 manat, o cümlədən: dəyişilməli hissələrin qiyməti - 660,00 manat; təmir- bərpa işlərinin qiyməti - 1060,00 manat. nəzəri hesablama yolu ilə, iş materialında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş 30.04.2021-ci il tarixli qüsur aktına əsasən 2006-cı il buraxılışlı mühərrik tutumu 2400 sm3, “Hyundai Sonata” markalı **-TT- *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə təmir-bərpa xərci təxminən 1781,00 manat, o cümlədən dəyişilməli hissələrin qiyməti - 671,00 manat; təmir- bərpa işlərinin qiyməti - 1110,00 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 70 manat təşkil edir. İş materiallarında olan "xxxx" ASC-nin 20.05.2021-ci il tarixli Sığorta aktı, 24.05.2021-ci il tarixli ödəniş tapşırığının sürətlərindən görünür ki, 21.05.2020-ci il tarixində sığortalanmış “Hyundai Elantra” markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Hyundai Sonata” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq 1645,00 manat məbləğində ziyan müəyyən edilmiş və həmin məbləğdə pul faydalanan şəxs İddiaçı ödənilmişdir. Beləliklə mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 17.04.2021ci il tarixində saat 14:30-da ”Hyundai Elantra minik” markalı **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh Binə qəsəbəsi Atçılıq yaşayış massivi ərazisində iddiaçıya məxsus “Hyundai Sonata” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş, nəticədə İddiaçı məxsus “Hyundai Sonata” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 1781,0 manat məbləğində ziyan dəymişdir. Avtomobilə dəymiş maddi ziyanın əvəzi olaraq İddiaçı 1645 manat məbləğində pul ödənilmişdir. Yuxarıda göstərilən xüsusatları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddia “Hyundai Sonata” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurduğu ziyana görə 3756 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçılara ödənilməsi tələbi hissəsində qismən əsaslı hesab edilərək, qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin Həmin Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (MM 21.1-ci maddəsi). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (MM 21.2-ci maddəsi). Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, qanunla yüksək təhlükə mənbəyi hesab olunan avtomobil cavabdeh tərəfindən idarə edildiyindən və mülki hüquq pozuntusu (delikt) cavabdeh tərəfindən törədildiyindən İddiaçı ona dəymiş ziyanın Cavabdeh alınaraq ona ödənilməsini tələb etməkdə haqlıdır. Lakin məhkəmə iş üzrə təyin edilmiş ekspertiza üzrə ekspert rəyini sübut qismində qiymətləndirərək hesab edir ki, iddiaçının avtomobilinə dəymiş zərər 1781 manat məbləğində müəyyən edildiyi və İddiaçı avtomobilə dəymiş ziyanın əvəzi olaraq 1645 manat məbləğində pulun ödənildiynə görə, Cavabdeh zədələnmiş avtomobilin mülkiyyətçisi İddiaçı dəymiş maddi ziyana görə 136,0 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbini 3250 manat əldən çıxmış faydanın cavabdehdən tutulması hissəsində araşdıraraq hesab edir ki, iddiaçı avtomobilinə dəymiş zərərin cavabdeh tərəfindən aradan qaldırılmaması nəticəsində ona əlavə zərər dəyməsini, habelə adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) barədə hər hansı sübut məhkəməyə təqdim etmədiyindən, əldən çıxmış fayda formasında ziyanın ödənilməsi ilə bağlı formal olaraq mülahizələrə əsaslanan iddia tələbi əsassız hesab edilərək təmin edilməməlidir Məhkəmə nöqsan aktına görə 50 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbinə qiymət verərək hesab edir ki, qeyd edilən iddia tələbi təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən nöqsan aktına görə 50 manat ödənilməsini təsdiq edən mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçının təqdim etdiyi ödəniş qəbzindən isə 50 manat məbləğin onun tərəfindən və nöqsan aktının alınması məqsədilə ödənildiyi müəyyən edilmir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinadən, məhkəmə qeyd edir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Yuxarıda istinad edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və mülki prosesdə mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə iddianın 1500 manat məbləğində mənəvi zərərin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində araşdıraraq hesab edir ki, iddia həmin hissədə təmin edilməlidir. ”Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində baş vermiş yol qəzasına görə iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və o, bu hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı keçirtdiyi stress vəziyyəti ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Odur ki, cavabdeh tərəfindən iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi olaraq 1500 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin iddianın dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pulun cavabdehdən alınmasına dair hissəsini araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər – ekspertiza tədqiqatının dəyəri də cavabdehdən tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Dəymiş maddi ziyana görə 136,0 (yüz otuz altı) manat, mənəvi zərərə görə 1500 (min beş yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 70 (yetmiş) manat dövlət nəfinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-4891/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4891/2021
05.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver