Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4893/2022 07.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC və Cavabdeh2 Səmid oğluna qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər "xxxx" MMC və Cavabdeh2 Səmid oğluna qarşı cavabdehlərdən xəstəxanaya ödədiyi 1400 manat məbləğində pulun və mənəvi zərərin əvəzi kimi 10.000 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı İ Qarabağ müharibəsi veteranıdır. 2020-ci ilin noyabr ayında koronavirus xəstəliyinə yoluxmuşdu. Xəstəliyi ilə əlaqədar onu Zığ qəsəbəsində Modul tipli xəstəxanada müalicə edirdilər. Həmin ərəfədə mülaicə olunarkən o yıxılmış. Yıxılan zaman cinsiyyət orqanı bud hissəsiylə çarpayının arasında qalıb zədələndi. 1 neçə gündən sonra hətta cinsiyyət orqanından qan gəlməyə başlamışdır. İddiaçı Covid 19 xəstəliyindən sağalıb xəstəxanadan çıxdıqdan sonra cinsiyyət orqanında yaranmış problemlə bağlı həkim axtarmağa başladı. Yaxın bir həkim ona “Medstyle Hospital“ da prostat cərrahı Cavabdeh2 adlı həkimi tövsiyyə etdi. İddiaçı həmin həkimin qəbulunda olmuşdur. Cavabdeh2 onu müayinə etdikdən sonra əməliyyat tövsiyə etdi və 100% nəticəsi olacağına onu inandırdı. İddiaçı həkimə inanmış və əməliyyata razılıq vermişdir. Cavabdeh2 onu analizləri verməyə göndərdi. İddiaçı analizlərdən keçmək üçün 117 AZN pul ödəmişdir. xx.xx.2021 -ci il tarixdə həkim onu əməliyyat etdi. Əməliyyat üçün 1283 AZN kasaya pul ödəmişdir. 1 gün xəstəxanada qaldıqdan sonra həkim onu evə buraxdı. İddiaçı evə gəldikdən sonra özündə heç bir dəyişiklik his etməmişdir, yəni səhətindəki problem hələ də davam edirdi. İddiaçı dəfələrlə həkimin qəbuluna getmiş. Səhətindəki problemin həll olunmadığını desə də, o İddiaçı hər seyin yaxşı olacağını bildirmişdir. İddiaçı həkimdən pulunu istəsə də, pulu verməkdən imtina etdi. İddiaçı dəfələrlə onunla əlaqə saxladıqdan sonra nəhayət ki, onu növbəti dəfə xx.xx.2021-ci ildə əməliyyat etdi. Lakin yenədə səhətindəki problem düzəlmədi. Həkim isə onu daha hec cürə köməklik edə bilməyəcəyini bildirdi. "xxxx" MMC tibbi personalının səhvi və laqeyidliyi nəticəsində İddiaçı sağlamlığına vurulmuş ziyanın əvəzi həmin xəstəxanadan və həkimdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, xəstəxanaya ödədiyi 1400 (min dörd yüz) manat məbləğində pul, habelə dəymiş mənəvi zərərə görə, birdəfəlik 10000 (on min) manat məbləğində kompenssiya tutulmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatları və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsassız hesab edilərək rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə xarici cinsiyyət üzvündə olan əyrilik, cinsi əlaqə zamanı ağrı və cinsi zəiflikdən şikayətlər ilə "xxxx" MMCyə müraciət etmişdir. İddiaçıya “Peyroni xəstəliyi” diaqnozu qoyulmuş, xəstə ilə “Peyroni düyünün ləğvi” cərrahi əməliyyatının icra edilməsi qərara alınmışdır. xx.xx.2021-ci il tarixdə əməliyyat həkim Cavabdeh2 Səmid oğlu tərəfindən icra edilmişdir. Əməliyyat sonrası ağırlaşmalar olmadı. xx.xx.2021-ci il tarixdə xəstə ambulator müayinə üçün evə yazıldı. xx.xx.2021-ci il tarixdə İddiaçı xarici cinsiyyət üzvündə olan əyrilikdən şikayət ilə "xxxx" MMC-yə müraciət etmişdir. İddiaçıya “Peyroni düyününün ləğvindən sonrakı vəziyyət, Residiv əyrilik” diaqnozu qoyuldu. Xəstə ilə “Residiv əyriliyinin ləğvi” cərrahi əməliyyatının icra edilməsi qərara alındı. xx.xx.2021-ci il tarixdə “Residiv əyriliyin ləğvi” cərrahi əməliyyatı həkim Cavabdeh2 Səmid oğlu tərəfindən icra edildi. Xəstə xx.xx.2021-ci il tarixdə lazımı məsləhətlər verilməklə ambulator müalicə üçün evə yazıldı. ləğvi tərəfindən tərtib edilmiş ******* saylı “Xəstəlik tarixi”nin kserosurətindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə saat 10:09-da penisin sərtləşməsi zamanı əyilməsi, penisin tam sərtləşə bilməməsi şikayətləri ilə Hospitalın Cərrahiyyə şöbəsinə daxil olmuşdur. İş materiallarında olan ödəniş qəbzlərinin surətindən görünür ki, İddiaçı "xxxx" MMCnin hesabına ümumilikdə 1735,66 manat məbləğində ödəniş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X1” X3 tərəfindən verilmiş 577/KEŞ saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, “Medistyle Hospitaf’da İddiaçı adma tərtib edilmiş tibbi sənədlərdən göründüyü kimi, ona “Peyroni xəstəliyi” diaqnozu aparılmış müvafiq müayinələr əsasında düzgün təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq xx.xx.2021 -ci il tarixdə İddiaçı üzərində “Peyroni düyününün ləğvi” cərrahiyyə əməliyyatının aparılmasına tibbi göstəriş olmuşdur. Əməliyyat taktiki və texniki cəhətdən düzgün icra edilmişdir. İddiaçı üzərində icra edilmiş “Peyroni düyününün ləğvi” cərrahiyyə əməliyyatından sonra residiv əyrilik baş vermişdir, bu da orqanizmin fərdi xüsusiyyətindən asılı olaraq həmin nahiyədə fibroz toxumanın əmələ gəlməsi ilə əlaqədar olmuşdur ki, bunun da aparılmış cərrahiyyə əməliyyatı ilə səbəbli əlaqəsi olmamışdır. İddiaçı xx.xx.2021 -ci .1 tarixdə təkrarən “"xxxx" MMC-də daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “Peyroni düyününün ləğvindən sonrakı vəziyyət. Residiv əyrilik” diaqnozu düzgün təyin edilmişdir. Diaqnoz uyğun olaraq təkrarən onun üzərində “Penisin residiv əyriliyinin ləğvi” cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyat taktiki və texniki cəhətdən düzgün icra edilmişdir. Mütəxəssis müayinəsi zamanı İddiaçı hal-hazırki vəziyyətində penis üzərində cərrahi kəsiyə bağlı fibroz toxumalar mövcuddur. “Şəkərli diabet” xəstəliyi ilə əlaqədar yaralarda gec sağalma müşahidə edilir. Hazırda onun yenidən cərrahiyyə əməliyyatına ehtiyacı yoxdur, medikamentoz müalicə alması tövsiyə olunur. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəllənin 1096.1-ci və 1097.1-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1112-ci maddəsinə əsasən, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi MM-in 1096.1-ci, 1097.1-ci və 1112-ci maddələrinin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Beləliklə, mülki hüquq pozuntusundan (o cümlədən tibb müəssisəsinin vurduğu zərərdən) irəli gələn tələblərin təmin edilməsi üçün yuxarıda sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Qeyd edilən ünsürlərdən biri olmadığı halda delikt öhdəliyinin yaranması istisna edilir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC-də İddiaçı üzərində həkim-cərrah Cavabdeh2 tərəfindən icra edilmiş Peyroni düyününün ləğvi” cərrahiyyə əməliyyatı və “Penisin residiv əyriliyinin ləğvi” cərrahiyyə əməliyyatları taktiki və texniki cəhətdən düzgün seçilmişdir. “Peyroni düyününün ləğvi” cərrahiyyə əməliyyatından sonra baş verən residiv əyrilik İddiaçı orqanizminin fərdi xüsusiyyətindən asılı olmuşdur aparılmış cərrahiyyə əməliyyatı ilə səbəbli əlaqəsi olmamışdır. Eyni zamanda “Peyroni düyününün ləğvindən sonrakı vəziyyət. Residiv əyrilik” diaqnozu da düzgün təyin edilmişdir. Onun üzərində “Penisin residiv əyriliyinin ləğvi” cərrahiyyə əməliyyatı həmin diaqnoza uyğun olaraq təkrarən icra edilmişdir. Əməliyyat taktiki və texniki cəhətdən düzgün icra edilmişdir. Hazırda onun yenidən cərrahiyyə əməliyyatına ehtiyacı yoxdur. Göründüyü kimi, İddiaçı səhhətində yaranan və hazırda davam edən narahatlıqlar onun üzərində aparılmış cərrahiyyə əməliyyatı, hər hansı yanlış diaqnozla əlaqədar yaranmamışdır Belə olan halda məhkəmə belə qənaətə gəlir ki, İddiaçı səhhətindəki problemlər "xxxx" MMC-nin tibbi personalının təqsiri üzündən baş vermədiyindən İddiaçı maddi ziyanın ödənilməsi ilə bağlı tələbi əsassız olduğundan rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər "xxxx" MMC və Cavabdeh2 Səmid oğluna qarşı cavabdehlərdən xəstəxanaya ödədiyi 1400 manat məbləğində pulun və mənəvi zərərin əvəzi kimi 10.000 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə iddiası əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 242-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdehlər "xxxx" MMC və Cavabdeh2 Səmid oğluna qarşı cavabdehlərdən xəstəxanaya ödədiyi 1400 manat məbləğində pulun və mənəvi zərərin əvəzi kimi 10.000 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-4893/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4893/2022
07.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver