Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4956/2025 29.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona vurduğu maddi və mənəvi zərərə görə 5.000 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh şəxslə eyni qəsəbədə yaşayır. Cavabdeh şəxs öz çirkin və qərəzli hərəkətləri ilə demək olar ki, nəinki iddiaçını, digər qonşuları da bezdirmişdir. Beləki o, iddia qaldıraraq ərizədə qeyd olunan ünvanda yəni yaşadığı evdə ona və digərlərinə heç bir maneçiliyi olmadığı bir halda öz maddi vəsaitləri hesabına tikdirdiyi çardağı sökdürmək məqsədilə məhkəmədə iddia qaldırmışdır. Məhkəmənin son qərarını, yəni nəticəni gözləmədən xx.xx.2025-ci il tarixində bir neçə nəfərin köməkliyi və iştirakı ilə iddiaçıya hücum çəkərək nalayiq sözlər, söyüşlər və əxlaqsız cümlələr işlətmişdir, iddiaçı bu barədə polisə də müraciət etmişdir. Onun hüquqa zidd hərəkətləri nəticəsində onun söyüşlərinə və təzyiqinə dözməyərək ağır şəkərli tibbi insulindən aslı olan şəkərli diabet xəstəsi kimi komaya düşmüşdür. Qonşuların və ailə üzvlərinin köməkliyi ilə təcili tibb yardım çağırılmış və iddiaçı Əfəndiyev adına Xəstəxanaya dərhal yerləşdirilmiş və müalicə və müayinə olunmuşdur. Hazıda ev şəraitində ambulator müalicələri davam edir. Ən əsası odur ki, iddiaçı hazırda bir əlil kimi əlillik bülitenində ola-ola cavabdeh şəxs üzərinə hücum çəkdiyindən və təhqir və söyüş ifadələri işlətdiyindən hələ də özünə gələ bilmir. Məhkəməni inandırır ki, artıq iddiaçı bu şəxsin əlindən bezərək özünü inan ki, öldürmək həddinə çatmışdır. Bu şəxs iddiaçıya maddi və mənəvi zərər vurduğu göz önündədir və maddi və mənəvi zərərin ödənilməsi üçün haqqın və dəymiş mənəvi eləcə də maddi zərərin ödənilməsi naminə məhkəməyə müraciət etmək hüququndan istifadə edir. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclas zalında iddia tələbinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 və cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclas zalında iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdirlər. İş materiallarında olan: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş ******* nömrəli müşayiət vərəqindən görünür ki, çağırışa əsasən İddiaçı xx.xx.2025-ci il tarixində saat 21:15-də xərəkdə X4 çatdırılmışdır. BŞT və TTYS-nin diaqnozu şəkərli diabet İ tip, uiper qlikemik vəziyyət olmuşdur. “M.Ə.Əfəndiyev adına X5” PHŞ tərəfindən verilmiş ambulator xəstənin tibbi kartasından arayışdan görünür ki, İddiaçı tibb müəssisəsinə xx.xx.2025-ci il tarixində saat 21:30-da təcili yardım maşını ilə gətirilmişdir. Ambulator şəraitdə xəstə terapevt tərəfindən müayinə edilmiş, tibbi yardım göstərilmiş və iddiaçının vəziyyəti stabilləşdikdən sonra xx.xx.2025-ci il tarixində, saat 00:30-a evə getmişdir. xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 70 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə edilmiş T2494 nömrəli ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, iddiaçı insulindən asılı şəkərli diabet İ tip, çoxsaylı ağırlaşmalar diaqnozu qoyulmuşdur. İddiaçı tərəfindən təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilmiş CD diskdən görünür ki, cavabdeh iddiaçıya hücum etmiş və qeyri-etik ifadələr işlətmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göstərilən Məcəllənin 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 6-cı bəndinə əsasən, iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən “Mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenumun mövqeyinə görə mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuşdur ki, məhkəmə qərarları qanuna və sübutlara əsaslanmalıdır. Ali Məhkəmənin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli 4 nömrəli Qərarında qeyd edilmişdir ki, 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.3-cü maddəsinə əsasən, qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 95.2-ci maddəsinə əsasən, Qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz. Həmin Məcəllənin 175.1-ci maddəsinə əsasən, məhkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməyə, tərəflərin və üçüncü şəxslərin izahatlarını, şahidlərin ifadələrini, ekspertlərin rəylərini öyrənməyə, yazılı sübutlarla tanış olmağa, maddi sübutları müayinə etməyə, səs yazılarına qulaq asmağa, video yazılara baxmağa və işə baxılması ilə əlaqədar digər hərəkətləri etməyə borcludur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı tərəflərin izahatı ilə də təsdiq edilmişdir ki, iddiaçı ilə cavabdeh qonşudur, bir-birlərinə yaxın qalırlar. İddiaçı xx.xx.2025-ci il tarixində cavabdehin ona qarşı etdiyi hərəkətlərə görə sağlamlıq vəziyyətində ağırlaşmalar olduğunu, mənəvi cəhətdən sarsıldığını iddia edir. Buna qarşı məhkəmə iclasında cavabdehin nümayəndəsi cavabdehin iddiaçının hərəkətlərinə görə video-qeyddəki həddə gəldiyini bildirmişdir. Bir sözlə tərəflər arasında münasibətlərin mübahisəli olduğu aydın görünür. Məhkəmə hazırkı mülki işə baxarkən Azərbaycan Respublikası Ali Məhkəməsinin “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Plenum qərarındakı mövqeyi əsas götürür. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. İddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdən onun xx.xx.2025-ci il tarixində cavabdeh ilə münaqişə yaşadığı və həmin tarixdə tibbi yardımın alması məqsədi ilə xəstəxanaya müraciət etməsi aydın görünür. Məhkəmə iclasında iştirakı edən cavabdeh tərəf video-qeyddəkilərin yaşanmadığını mübahisələndirməmişdir. Aydındır ki, tərəflər arasında mütəmadi olaraq mübahisəli vəziyyət mövcuddur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan RespublikasıMülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Plenum Qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulmasınəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə hesab edir ki, iddiaçıya mənəvi zərərin əvəzi olaraq 500 manat məbləğində pul verilməsi ağlabatandır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəf ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdeh tərəfindən ona ödənilməsini tələb etmədiyinindən, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh mənəvi zərərə görə 500 (beş yüz) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-4956/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4956/2025
29.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver