Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4961/2023 29.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin halları:
1. İddiaçı xx.xx.2022-ci ildə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 52.62 kv.metr olan 95 saylı mənzilin alınmasına dair İPKB6169424A105 saylı daşınmaz əmlakın alqı-satqı və ipoteka müqaviləsi bağlamışdır. Həmin əmlaka dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən çıxarış iddiaçıya təqdim edilmişdir.
2. Cavabdeh iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi ev 1b ünvanında yerləşən ümumi sahəsi 52.62 kv,metr olan 95 saylı mənzildə pasport qeydiyyatındadır. Belə ki, Cavabdeh iddiaçıya məxsus mənzilin keçmiş mülkiyyətçisi X1 oğludur. Müqavilə bağlanıldıqdan sonra cavabdeh pasport qeydiyyatından çıxacağına dair öhdəlik götürsə də, bu günədək iddiaçının xüsusi mülkiyyətində olan mənzildə pasport qeydiyyatında qalmaqdadır. Bununla yanaşı Cavabdeh həmin ünvanda qeydiyyatda qalması formal xarakter daşıyır, bu isə bir mülkiyyətçi kimi iddiaçının mülkiyyət hüquqlarını pozur və iddiaçı cavabdehin yerinə əlavə kommunal xərcləri ödəməli olur.
İddiaçının tələbi:
3. Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi ev 1b ünvanında yerləşən ümumi sahəsi 52.62 kv,metr olan 95 saylı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə edilməsi xahiş edilmişdir.
Cavabdehin etirazı:
4. Cavabdeh tərəfindən məhəkəməyə daxil olmuş xx.xx.2023-cü il tarixli ərizəyə əsasən, Cavabdeh iddia tələbini qəbul etdiyini qeyd edərək, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi ev 1b ünvanında yerləşən ümumi sahəsi 52.62 kv,metr olan 95 saylı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsinə etiraz etmədiyini bildirmişdir.
İşdə iştirak edən şəxslərin izahatları:
5. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edən İddiaçı öz izahatında sözügedən mənzili cavabdehin anasından alğı-satqı müqaviləsi ilə aldığını, lakin cavabdehin bu günə qədər həmin mənzildə qeydiyyatda qalmağa davam etdiyini bildirmiş və işin məhkəmə baxışına təyin olunmasını məhkəmədən xahiş etmişdir.
6. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etdiyini qeyd edərək, mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsinə etiraz etmədiyini bildirmişdir.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
7. xx.xx.2023-cü il tarixli 61 saylı məktuba əsasən, Cavabdeh Zığ yolu küçəsi ev 1b mənzil 95 ünvanında daimi pasport qeydiyyatında ola da, həmin ünvanda yaşamır və onun harada yaşaması haqqında məlumat yoxdur, buna görə də bildirişin təqdim edilməsi mümkün olmamışdır.
8. xx.xx.2022-ci il tarixli, İPKB6169424A105 saylı daşınmaz əmlakın alqı-satqı və ipoteka müqaviləsinə əsasən, satıcı X2 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 47.7 kv/m, yaşayış sahəsi 28.82 kv/m olan 2 otaqlı mənzili alıcı İddiaçı tam mülkiyyətinə verməyi, alıcı isə 74500 manat məbləğində evin dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür.
9. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışa əsasən, xx.xx.2022-ci il tarixli ********** saylı qeydiyyat nömrəsi ilə Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi ev 1b ünvanında yerləşən 95 saylı mənzilin ümumi sahəsi 52.62 kv.metr olmaqla, İddiaçı tam paylı mülkiyyətindədir.
10. 027807 saylı vəsiqəyə əsasən, İddiaçı müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir.
11. xx.xx.2023-cü il tarixli, ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi ev 1b ünvanında yerləşən 95 saylı mənzildə Cavabdeh qeydiyyatdadır.
Tətbiq edilən hüquq:
12. Azərbaycan Respublikasının Konstitusiyası: 13.İ.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
13. «İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokol:
1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 158.3 Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 203.1. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5 Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
17. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir. 9.1.20. Məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumunu ödəməkdən azad olunurlar.
Məhkəmənin mövqeyi:
18. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəfin izahını, əlavə edilmiş sənədləri, nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir.
19. İşin mübahisəsiz hallarından göründüyü kimi, İddiaçı ilə X2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İPKB6169424A105 saylı daşınmaz əmlakın alğı-satqı və ipoteka müqaviləsi əsasında ünvan 2 ünvanında yerləşən mənzil iddiaçının mülkiyyətinə keçmiş və mənzilə dair onun mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatından keçmişdir. Cavabdeh əvvəlki mülkiyyətçinin oğludur (keçmiş mülkiyyətçinin ailə üzvü). Ona görə də, məhkəmənin qənaətinə görə həmin cavabdehə AR MM-in 228.5-ci maddəsində qeyd olunmuş müddəlar tətbiq olunmalıdır (§14).
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır(§15) . Göründüyü kimi, mülkiyyətçi ilə bərabər həmin yaşayış sahəsində yaşayan şəxslərin istifadə hüquqlarının yaranması üçün onların mülkiyyətçinin ailə üzvü, yəni arvadı (əri), uşaqları və valideynləri olması və həmin şəxslərin mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşamaları əsas şərtdir. Cavabdeh mənzilin əvvəlki mülkiyyətçisinin ailə üzvü (övladı) olduğundan onun da mənzildən istifadə hüquqları yaranmışdır. Lakin cavabdeh mənzil satıldıqdan sonra əvvəlki mülkiyyətçi ilə birlikdə daimi olaraq köçüb başqa yaşayış yerinə getməklə, mənzildən istifadə hüquqları ilə bağlılıqlarını daimi olaraq kəsmişdir. Eyni zamanda xx.xx.2023-cü il tarixli ərizəyə əsasən, Cavabdeh iddia tələbini qəbul edərək, sözügedən mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsinə etiraz etmədiyini bildirmişdir. (§6) Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir.
21. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı keçmiş mülkiyyətçinin və onun ailə üzvlərinin mənzili ona təhvil vermələrinə və onların qeydiyyatdan çıxmalarına əmin olaraq mənzili əldə etmişdir. Lakin alğı-satqı müqaviləsinin tərəfi olmuş satıcının yaxın qohumu Cavabdeh hal-hazırda həmin ünvanda qeydiyyatdadır. İddiaçı ilə cavabdeh arasında hər hansı yaxın qohumluq əlaqələri mövcud deyil, habelə o iddiaçının ailə üzvü də deyil. Cavabdehin həmin mənzildə qeydiyyatda qalmaqda davam etməsi iddiaçının mülkiyyət hüquqlarını həyata keçirməsinə maneələrə və həmçinin əlavə kommunal xərclərə səbəb olur. Eyni zamanda cavabdehin qeydiyyatı formal xarakter daşıdığından, onun həmin mənzildə qeydiyyatda qalması iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırdığından, həmçinin mənzildən istifadə hüquqlarının yaranması üçün tərəflər arasında hər hansı bir müqavilə olmadığından, cavabdehin həmin mənzildən istifadə hüququna xitam verilməlidir. Belə ki, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (§14).
23. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi ev 1b 95 saylı mənzilə istifadə hüququ itirilmiş hesab edilməlidir.
Məhkəmə xərcləri:
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddiaçı müharibə veteranı olması ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olduğundan qanunvericiliklə qiymətləndirilməyən iddialar üçün müəyyən edilmiş məbləğə mütənasib olaraq, yəni 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır.
25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ:
1. İddia tələbi təmin edilsin.
2. Cavabdehnın ünvan 2 ünvanında yerləşən mənzilə istifadə hüququ itirilmiş hesab edilsin.
3. Cavabdehdən 100 (yüz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin.
4. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Samirə Eyvazova