Məhkəmə qərarları › İş №2(011)-50/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-50/2025

14.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-50/2025 14.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Novruzova Gülsanə Emin qızının katibliyi, İddiaçı, tərcüməçi X2 iştirakları ilə, İddiaçı cavabdeh Nüsrətova (Əkbərova) Rəvanə İbadulla qızına qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələbi: İddiaçı cavabdeh X3 qarşı ona dəymiş 2000 manat maddi ziyanın, 500 manat mənəvi ziyanın və tərəfindən ödənilmiş 45 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi ilə müraciət edərək ona dəymiş 10.000 manat maddi ziyanın, 1.000 manat mənəvi ziyanın və tərəfindən ödənilmiş 45 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsini xahiş etmişdir. İddianın dəlilləri: İddianın dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Gəncə prospekti, ev 54, mənzil 12-də yaşayır. Mənzilinin yuxarı mərtəbəsindəki mənzil (Bakı şəhəri, Gəncə prospekti, ev 54, mənzil 15) cavabdeh X3 məxsusdur. Cavabdeh öz mənzilindən onun mənzilinə dəfələrlə su axıtmışdır. Bu mütəmadi axıntılar nəticəsində mənzilinin mətbəxinə, dəhlizə, vanna otağma xeyli ziyan (divar kağızları atmış, parketlər şişmiş, tavan nəmişlikdən kif atmış, mətbəx mebelinin qapısı şişərək yararsız vəziyyətə düşmüşdür və s.) dəymişdir. Hazırda mənzil kirayəyə verilmişdir və eyni problem kirayəşinlərlə yaşanır. Belə ki, indi də davamlı olaraq, onlar tərəfindən su axıdılması davam etdir. Onun mənzilinə o qədər su axıdılır ki, artıq onda qorxu yaranıb ki, onun mənzilindən də aşağı qonşuya su axa bilər. Daimi su axıdılması nəticəsində artıq tavanda göbələk əmələ gəlir, ev nəmişlikdir. Bu isə onun və ailə üzvlərinin sağlamlığı üçün çox ziyandır. Belə ki, o özü allergiyası olan şəxs kimi müalicə alır. Bu cür şərait onun kimi xəstə, yaşlı qadın və ümumiyyətlə bütün ailə üzvlərinin sağlamlığı üçün çox təhlükəlidir. Buna baxmayaraq, qonşu olduğu üçün o cavabdehə sadəcə bu barədə məlumat verərək, özünün və kirayişinlərinin daha diqqətli olmasını, bunun qarşısının alınmasını və bir daha təkrarlanmasına yol verilməməsini xahiş etmiş və dəfələrlə öz hesabına mənzilində xırda təmir, bərpa işləri (divar kağızlarını yeniləmişəm, tavanı emulsiya ilə ağartmışam və s.) aparmışdır. Ancaq cavabdeh və hazırda mənzildə yaşayan kirayəşinləri bu dediklərini ciddiyə almayaraq, heç bir məsuliyyət hissi keçirmədən, yuxarıdan mənzilinə vaxtaşırı su axıntısına yol vermişdirlər. Mənzilinə su axıdılması davam etdikdə, o yenə də bununla bağlı onlara irad bildirmiş və dəymiş ziyanı ödəmələrini xahiş etmişdir, lakin heç bir nəticə olmamışdır. Sonuncu dəfə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində su axıntısı baş vermişdir. Bununla bağlı 102-yə zəng vurub sahə polisini cağıtdırmışdır. Eyni zamanda, 85 saylı Mənzil Kommunal İstismar Sahəsinin əməkdaşlarını mənzilinə baxış keçirmələri və akt tərtib etmələri üçün dəvət etmiş, onlar 05 sentyabr 2023-cü il tarixli aktla cavabdehin mənzilindən onun mənzilinə su axıdılmasını imzaları ilə təsdiq etmişdilər. O mənzilinin təmirinə bir neçə dəfə başlamaq istəyirdi, ona görə də mənzilində təmir işləri aparılması üçün təmir işləri aparan mütəxəssislərə müraciət edərək, mənzilin təmir edilməsi üçün nə qədər xərc lazım olmasını soruşduqda, onlar evə baxış keçirdikdən sonra aparılan təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri, Gəncə prospekti ünvanında yerləşən 12 saylı mənzilə dəymiş maddi ziyanın bazar dəyəri 2000 manat təşkil edir. Yuxarıda qeyd etdiyi kimi o əvvəlki su axıntılarını, bunun nəticəsində mənzilinə ziyan dəyməsini, maddi ziyana düşməyini, mənəvi sarsıntı keçirməyini dəfələrlə bağışlasa da, cavabdeh bundan dərs götürərək, daha məsuliyyətli olmaq və bu axıntıların qarşısını almaq əvəzinə, onun müraciətlərini ciddiyə almayaraq qanunsuz hərəkətlərini davam etdirmişdir. Bunun nəticəsində də o mənəvi sarsıntı keçirmiş, ailəsi uzun müddət narahatçılıq keçirib, onların yaşayış düzəni pozulub. Qeyd etdiyi kimi o yaşayış üçün lazım olan bərpa işlərini öz hesabına təmin etmişdi və hətta təmir etdirmək belə istəyirdi. Amma mütəmadi olaraq suyun axıdılması onu bu fikrindən yayındırdı. Onlar bu cür şəraitdə yaşamağa məhkum olmaqları, daima başılarına su axması, onların səbri qarşısında cavabdehin ailəsinin onlara hədə qorxu gəlməsi onun sarsıntı keçirməyi ilə nəticələnmişdir ki, o artıq daimi olaraq sakitləşdirici dərmanlar qəbul edir ki, təzyiqini, əsəblərini tənzimləsin. İstənilən şəxs davamlı olaraq qonşunun qanunsuz hərəkətlərinə dözsə, bunun əvəzində isə günahkarın heç bir əməli tədbir gördüyünü görməsə bu əsəb sistemini pozulması ilə nəticələnər. O yaşlı qadındır və bu çağında rahat evində ailəsilə yaşamaq əvəzinə hər gün üzərlərinə su tökülməsi nəticəsində keçirdiy sarsıntı nəticəsində sağlamlığına dəyən ziyanın aradan qaldırılması ilə məşğul olur. Odur ki, o da mənzilinə dəymiş maddi ziyanın, ona və ailə üzvlərinə dəymiş mənəvi ziyanın əvəzi kimi qanunvericilikdə nəzərdə tutulan hüquqlarından istifadə etmək qərarına gəlmişdir. Cavabdehin etirazı: Cavabdeh X1 nümayəndəsi və vəkili məhkəməyə ərizə ilə müraciət edərək ünvan 2 ünvanında yerləşən 15 saylı mənzilin sahibi Cavabdeh olduğundan hazırki mülki iş üzrə cavabdeh X1 əsl Cavabdeh ilə əvəz edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında verdiyi izatında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, o heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasını cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin halları İş materiallarında olan xx.xx.2024-cü il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən 15 saylı mənzil X5 tərəfindən Cavabdeh bağışlanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli akta əsasən Xətai rayon 85 saylı MKİSnin rəisi E.Orucov mühəndisi İ.Ağayev sahə nəzarətçisi M.Abbasovun iştirakı ilə akt tərtib edilmişdir ondan ötrə ki, Gəncə prospekti, ev 54, mənzil 12-də yaşayan İddiaçı ərizə ilə müraciət edərək 15-ci mənzildən su axaraq onun mənzilinə ziyan dəydiyini göstərmişdir. Onlar tərəfindən mənzilə baxış keçirilərkən məlum olmuşdur ki, Gəncə prospekti, ev 54, mənzil 15 X1 şəxsi mülkidir. Mənzildə kirayəşinlər yaşayır. 2023-cü ilin sentyabr ayının 2-si və 3-də 15-ci mənzilin kommunikasiya xəttindən baş vermiş nasazlıq nəticəsində 12-ci mənzilə su axaraq göstərilən dəymiş ziyan müəyyən olundu: mətbəxdə 5 kv.m. divar kağızı islanaraq saralmış, qopmuşdur; hamam və tualetin qarşısında dəhlizin döşəməsində 5 kv.m. parket islanaraq şişmişdir; hamam və tualetin qarşısında dəhlizin tavanı islanaraq saralmışdır; mətbəxdə mətbəx mebeli islanaraq qapısının şişməsi müşahidə olunurdu. İş materiallarında olan xx.xx.2024-cü il tarixli akta əsasən Xətai rayon 85 saylı MKİSnin rəisi E.Orucov mühəndisi İ.Ağayev sahə nəzarətçisi M.Abbasovun iştirakı ilə akt tərtib edilmişdir ondan ötrə ki, Gəncə prospekti, ev 54, mənzil 12-də yaşayan İddiaçı ərizə ilə müraciət edərək 15-ci mənzildən su axaraq onun mənzilinə ziyan dəydiyini göstərmişdir. Onlar tərəfindən mənzilə baxış keçirilərkən məlum olmuşdur ki, xx.xx.2024-cü il tarixdə 15ci mənzilin kommunikasiya xəttindən baş vermiş nasazlıq nəticəsində 12-ci mənzilə su axması baş vermişdir. 15-ci mənzilin sahibinə xəbərdarlıq etmək istəməklərinə baxmayaraq qapını açan olmamışdır. 15-ci mənzilə göstərilən dəymiş ziyan müəyyən olundu: hamamın qarşısında dəhlizdə tavanın islanaraq qaralmış, döşəmənin islanaraq şişməsi müşahidə edilmişdir; dəhlizdə və tavanda işıq nöqtələrində islanaraq qısa qapanma baş vermişdir; mətbəxdə divar kağızları islanaraq qopmuş, 5 kv.m. sahə islanaraq saralmışdır. İş materiallarında olan ******* saylı çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 12 saylı mənzil xx.xx.2010-cu il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan video materiallarında görünür ki, ünvan 2 ünvanında yerləşən 12 saylı mənzilə yuxarı mərtəbədən su axıdılması müəyyən edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-10/2658 nömrəli xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən 12 saylı mənzilinin tavanı və divarları üzərində su sızma ləkələrini, eləcə də mülki iş materiallarında olan 85 saylı MKİS-nin işçiləri tərəfindın xx.xx.2023-cü il tarixli akt tərtib olunmuşdur. Aktın məlumatlarını nəzərə alaraq ünvan 2 ünvanında yerləşən 12 saylı mənzilinə yuxarı mərtəbədəki 15 saylı mənzildən suyun sızması müəyyən olunur. Lakin 15 saylı mənzilin qapısı bağlı olduğundan, həmin mənzilə baxış keçirilməsi mümkün olmamış və bu səbəbdən də 12 saylı mənzilə dəymiş ziyanın texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. ünvan 2 ünvanında yerləşən 12 saylı mənzilinin tikililərində su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir bərpa işlərinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 1371 manat məbləğində olduğu müəyyən edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/3204 nömrəli xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən 12 saylı mənzilin tikililərinin konstruktiv elementləri (divar, tavan) üzərində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, tədqiq olunan mənzillərin planlı yerləşmə vəziyyətini, iddiaçının mənzilin tikililərinin konstruktiv elementləri (divar, tavan) üzərində qüsurlar olduğunu nəzərə alaraq, 12 saylı mənzilə yuxarı mərtəbədə yerləşən 15 saylı mənzildən su axdığı müəyyən edilir. Lakin cavabdehin mənzilinin su və kanalizasiya xətlrinin göz ilə görünə bilən hissələrində heçbir qüsur aşkar olunmadığına görə su sızmanın dəqiq səbəbini müəyyən etmək mümkün olmadı. Məhkəmə tərəfindən keçirilmiş yerində müayinə zamanı müəyyən edilmişdir ki, İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən 12 saylı mənzilinə yuxarı mərtəbədən su sızması müşahidə edilmiş, nəticədə mənzilin divarlarında sarımtıl su ləkələrinin izlərinin olduğu müəyyən edilmişdir. "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli qiymətləndirmə rəyinə əsasən, ünvan 2 ünvanında yerləşən 12 saylı mənzilinə dəyən zərərin aradan qaldırılması məqsədilə təmir işlərinə çəkiləcək xərclərin dəyəri görülməli işlərin və istifadə edilməli materialların dəyəri 1018,60 manat təşkil edir. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarı

1. Məhkəmələrə izah edilsin ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir.

2. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmənin mövqeyi: Məhkəmə tərəfin izahatını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Məhkəmə iddiaya 10.000 manat məbləğində maddi zərərin cavabdeh tərəfdən tutularaq iddiaçıya ödənilməsinə dair iddia tələbinə qiymət verərək belə qənaətə gəlir ki, iddia bu hissədə qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçıya məxsus olan ünvan 2 ünvanında yerləşən 12 saylı mənzilə cavabdehin mülkiyyətində olan həmin yaşayış evinin 15 saylı mənzilindən suyun axıdılması nəticəsində zərər dəymişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən dəymiş zərərin aradan qaldırılması üçün 1371 manat vəsait tələb edilir. Cavabdeh tərəf ekspert rəyi ilə razı olmadığından məhkəmə tərəfindən mülki iş üzrə yenidən ekspertiza təyin edilmiş, lakin qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilməmişdir. Belə olan halda məhkəmə tərəfindən dəymiş zərərin aradan qaldırılması üçün tələb edilən vəsaitin yenidən müəyyən edilməsi üçün iş üzrə qiymətlədirmə aparılması "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC tərəfindən aparılmış qiymətləndirmə nəticəsində müəyyən edilmişdir ki, dəymiş zərərin aradan qaldırılması üçün 1018,60 manat məbləğində vəsait tələb edilir. Yuxarıda göstərilənlərlə bağlı məhkəmə hesab edir ki, mülki iş üzrə ekspertiza 2024cü il tarixdə keçirildiyindən və həmin zamandan sonrada su axıdılması davam etdiyindən faktiki olaraq iddiaçıya dəymiş ziyan artmışdır. Həmin ziyanın dəyərinin müəyyən edilməsi üçün ekspert və mütəxəssis tərəfindən verilmiş rəylər əlaqəli şəkildə müqayisə edilərək hazırki gün üçün mənzilə cavabdehin davamlı olan qanunsuz hərəkət və hərəkətsizlikləri nəticəsində dəymiş zərərin dəyəri müəyyən edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, mülki il üzrə ilk dəfə keçirilmiş ekspertiza tədqiqatı zamanı mövcud olmuş və 3-16-16/2- 10/2658 nömrəli xx.xx.2024-cü il tarixli ekspert rəyində əks olunan iddiaçıya məxsus mənzilə dəymiş zərərin aradan qaldırılması üçün görülməli olan işləri və mal-materialların qiyməti 3-16-16/2-10/2658 nömrəli xx.xx.2024-cü il tarixli ekspert rəyinə uyğun olaraq müəyyən edilməli, həmin tədqiqatdan sonra yaranmış və 3-16-16/2-10/2658 nömrəli xx.xx.2024-cü il tarixli ekspert rəyində əks edilməmiş zərərin aradan qaldırılması ilə bağlı xərclər isə "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli qiymətləndirmə rəyinə uyğun olaraq müəyyən edilməlidir. Odur ki, iddiaçıya məxsus olan ünvan 2 ünvanında yerləşən 12 saylı mənzilə dəymiş zərərin aradan qaldırılması üçün 2014,10 manat məbləğində vəsait tələb edilir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin təqsirli qanuna zidd hərəkət və hərəkətsilikləri nəticəsində iddiaçıya dəymiş maddi zərərin əvəzi olaraq 2014,10 manat məbləğində pul vəsaiti cavabdeh Nüsrətova (Əkbərova) Rəvanə İbadulla qızından tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə 1000 manat məbləğində mənəvi zərərin cavabdeh tərəfdən tutularaq iddiaçıya ödənilməsinə dair iddia tələbinə qiymət verərək belə qənaətə gəlir ki, iddia bu hissədə də qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Göründüyü kimi, şəxsin mənəvi ziyanı ödəmək vəzifəsi o zaman yaranır ki, ziyan şəxsin törətdiyi təqsirli, hüquqa zidd əməli nəticəsində fiziki şəxs mənəvi sarsıntı və iztirab keçirtsin. Məhkəmə hesab edir ki, cavabdeh Nüsrətova (Əkbərova) Rəvanə İbadulla qızının mülkiyyətində olan mənzildən iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən 12 saylı mənzilə su sızması nəticəsində, mənzilin təmirinin və əşyaların yararsız hala düşməsi nəticəsində iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və, iddiaçı keçirtdiyi stress və əziyyətləri ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Lakin, məhkəmə mənəvi zərərin miqdarını müəyyən edərkən mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin təhlükəlilik dərəcəsini, bunun nəticəsində zərərçəkən iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakterini və ağırlığını, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq, hesab edir ki, iddiaçının tələb etdiyi 1.000 manat mənəvi zərər ağlabatan və ədalətli deyildir, ona görə iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Mənəvi zərərin həcmi 1.000 manat məbləğində deyil iddiaçının keçiridiyi stres, narahatlıq, məyusluq, sarsıntı və sair kimi hallar nəzərə alınaraq 500 manat məbləğində müəyyən edilməlidir

Məhkəmə xəcləri: İddiaçı cavabdeh Nüsrətova (Əkbərova) Rəvanə İbadulla qızına qarşı iddiası qismən təmin edildiyinə görə, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, məhkəmə xərclərinə daxil olan ödənilmiş dövlət rüsumu, dövlət rüsumunun kəsiri, ekspertiza və qiymətləndirmə tədqiqatının dəyəri cavabdehə aid edilməlidir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 45 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya, dövlət rüsumunun kəsirinə görə 78 manat məbləğində dövlət rüsumu, ekspertiza tədqiqatının dəyərinə görə 100 manat cavabdehdən tutularaq dövlət büdcəsinə, qiymətləndirmə tədqiqatının dəyərinə görə 200 manat cavabdehdən tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları və tərəflərin izahatlarını məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. Cavabdeh Nüsrətova (Əkbərova) Rəvanə İbadulla qızından dəymiş maddi zərərin əvəzi olaraq 2014,10 (iki min on dörd manat on qəpik) manat, mənəvi zərərin əvəzi olaraq 500 (beş yüz) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 45 (qırx beş) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tətqiqatının dəyərinə görə 100 (yüz) manat, məhkəmədə iddianın qaldırılması üçün ödənilməli olan dövlət rüsumunun kəsiri olaraq 78 (yetmiş səkkiz) manat, ümumilikdə 178 (yüz yetmiş səkkiz) manat məbləğində pul vəsaiti cavabdeh Nüsrətova (Əkbərova) Rəvanə İbadulla qızından tutularaq dövlət büdcəsinə ödənilsin. Qiymətləndirmə tətqiqatının dəyərinə görə 200 (iki yüz) manat məbləğində pul vəsaiti cavabdeh Nüsrətova (Əkbərova) Rəvanə İbadulla qızından tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar