Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5006/2024 09.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçı Samir qızının, Cavabdeh iştirakları ilə, İddiaçı Samir qızının Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı Samir qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət sənədləri ilə iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, 2 nömrəli Zeytun sovxozu, Zeytun küçəsində yerləşən 2 yaşayış otaqlı, yaşayış sahəsi 42.8 kv.m. köməkçi sahəsi 9.3 kv.m olan 86Q nömrəli yaşayış evindən Cavabdeh və himayəsinə verilmiş yetkinlik yaşına çatmayan 28 yanvar 2016-cı il təvəllüdlü X2 və 12 may 2018-ci il təvəllüdlü X4 mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, 2 nömrəli Zeytun sovxozu, Zeytun küçəsində yerləşən 2 yaşayış otaqlı, yaşayış sahəsi 42.8 kv.m. köməkçi sahəsi 9.3 kv.m olan 86Q nömrəli yaşayış evi Abşeron rayonu 2 saylı Dövlət notariat kontorunun 48-3-442 saylı, 10 avqust 2001-ci il tarixli qararına əsasən iddiaçının adına reyestr kitabı N 21261, invertar işi № 374 qeydiyyata alınmışdır. İddiaçının oğlu X1 Hürü Rafail qızı ilə 02 mart 2013-cü il tarixdə nikaha daxil olmuş və nikahları Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsində nikahın bağlanması akt qeydləri kitabında 255 nömrə ilə qeyd edilmişdir. Onların birgə nikahından 28 yanvar 2016-cı il təvəllüdlü X6 və 12 may 2018-ci il təvəllüdlü X9 dünyaya gəlmişdir. Cavabdeh mülkiyyət sənədləri ilə iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən mənzilə gəlin köçmüş və həmin mənzilə qeydiyyata alınaraq iddiaçı ilə birlikdə orada yaşamışdır. Onun 28 yanvar 2016-cı il təvəllüdlü X6 və 12 may 2018-ci il təvəllüdlü X9 adlı iki övladları da həmin mənzilə qeydiyyata düşmüşlər. Zaqatala Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, e-2(033)-980/2022 saylı qətnəmasi ilə oğlu X5 Cavabdeh ilə 02 mart 2013-cü il tarixdə qeydiyyata alınmış nikah ləğv edilmiş və bu baradə Zaqatala rayon Qeydiyyat şöbəsində 02 oktyabr 2023-cü il tarixdə 23 saylı nikahın pozulması haqqında akt qeydləri kitabında qeyd edilmişdir. Onların birgə nikahdan doğulmuş 28 yanvar 2016-cı il təvəllüdlü X6 və 12 may 2018-ci il təvəllüdlü X9 Cavabdeh himayəsinə verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, cavabdeh övladları ilə birlikdə mülkiyyət sənədləri ilə iddiaçıya məxsus olan Bakı şəhəri, Xətai rayonu, 2 nömrəli Zeytun sovxozu, Zeytun küçəsində yerləşən 2 yaşayış otaqlı, yaşayış sahəsi 42.8 kv.m. köməkçi sahəsi 9.3 kv.m olan 86Q nömrəli yaşayış evində qeydiyyatda qalmışlar. Cavabdehlərin qeydiyyatdan çıxmaması mülkiyyətçi kimi iddiaçının həmin mənzilə sərəncam vermək hüquqlarını məhdudlaşdırır. Cavabdehin tam mülkiyyət hüququ ilə iddiaçıya məxsus mənzildə pasport qeydiyyatında qalması iddiaçıya mülkiyyət üzərində sərbəst sərəncam vermək hüququnu pozmaqla yanaşı, əsassız olaraq kommunal xarclərin artmasına və onların adına olan poçt göndərişlərinin digər çağırış və bildirişlərin cavabdehlərin orada yaşamadığı halda ünvanına gəlməsi iddiaçını narahat edir. Həmin şəxslərlə aralarında hər hansı icarə və kirayə müqaviləsi bağlanmayıb, onların yaşayış sahəsindən istifadə hüququ və mənzildə qeydiyyatda qalması üçün digər heç bir hüququ əsas yoxdur. Nikah ləğv olduqdan sonra cavabdeh burada yaşamamış, övladları ilə birlikdə Rusiya Federasiyasına getmişdir və onların mənzildən istifadə hüququ və qeydiyyatı formal xarakter daşıyır. Mənzilə sahiblik və istifadə hüququ onun barəsində alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq edildiyi andan, sərancam vermək hüququ isə həmin əmlakın müvafiq qeydiyyatı tarixindən əmələ gəlir. Göstərilənlərə əsasən, hesab edir ki, cavabdehin övladları ilə birlikdə iddiaçının mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatda qalması iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırdığından cavabdehin mənzilə olan istifadə hüquqlarına xitam verilməlidir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. O, izahatında bildirdi ki, cavabdeh 11 ilə yaxındır ki, ona məxsus mənzildə yaşamır. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. O, izahatında bildirdi ki, 5-6 ildir iddiaçıya məxsus ünvanda yaşamır. Övladları ilə birlikdə yaşayacaq başqa yeri də yoxdur. İşin faktiki halları: İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, iddiaçının oğlu X8 cavabdehlə 02 mart 2013-cü il tarixdə nikaha daxil olmuşdur. İş materiallarında olan Zaqatala Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli e-2(033)-980/2022 saylı qətnaməsindən görünür ki, X8 ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuş, onların birgə nikahından doğulmuş 28 yanvar 2016-cı il təvəllüdlü X6 və 12 may 2018-ci il təvəllüdlü X9 analarının himayəsinə verilmişlər. İş materiallarında olan qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, 2 nömrəli Zeytun sovxozu, Zeytun küçəsində yerləşən 2 yaşayış otaqlı, yaşayış sahəsi 42.8 kv.m. köməkçi sahəsi 9.3 kv.m olan 86Q nömrəli yaşayış evi Abşeron rayonu 2 saylı Dövlət notariat kontorunun 48-3-442 saylı, 10 avqust 2001-ci il tarixli qararına əsasən iddiaçının adına qeydiyyata alınmışdır. İş materiallarında olan Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışından görünür ki, Cavabdeh, onun yetkinlik yaşına çatmayan övladları 28 yanvar 2016-cı il təvəllüdlü X6 və 12 may 2018-ci il təvəllüdlü X9 ünvan 1 ünvanında qeydiyyatdadırlar. Məhkəmə iclasında tərəflərin verdiyi izahatlara əsasən müəyyən edilir ki, cavabdeh və onun övladları mübahisəli mənzildə yaşamır. Lakin onlar hazırda iddiaçıya məxsus mənzildə qeydiyyatdadırlar. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4-cü maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 16 dekabr 2014-cü il tarixli qərarı: “Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Bununla belə, əgər tərəflər arasında başqa razılaşma olarsa, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə etmək imkanı artıq ailə münasibətlərini tənzimləyən normalara görə deyil, mülki qanunvericilik əsasında davam edər. (Mənzil Məcəlləsinin 30.7-ci maddəsi)”. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur”. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun: 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehin mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Məhkəmənin qeyd etdiyi bu qayda müvafiq dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və müvafiq dövlət orqanına izah edilməsidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının oğlu X8 ilə Cavabdeh 2013-cü ildə nikaha daxil olmuşlar. Onların nikahı 2022-ci ildə pozulmuşdur. İş materiallarından və tərəflərin izahatlarından da görünür ki, cavabdeh iddiaçının keçmiş gəlini olmaqla, iddiaçının ailə üzvü deyildir. Belə olan halda cavabdehin iddiaçıya məxsus mənzilə istifadə hüququ yoxdur. Sadalanan xüsusatlara və qeyd edilən qanunvericilik aktlarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının ailə üzvü olmadığından, həmin mənzildə hazırda yaşamadığından hazırda cavabdehin iddiaçıya aid mənzilə dair istifadə hüququ mövcud deyil. Buna görə də iddia tələbi rədd edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, 28 yanvar 2016-cı il təvəllüdlü X6 və 12 may 2018-ci il təvəllüdlü X9 həmin dövrdə cavabdehin yetkinlik yaşına çatmayan uşaqları olmaqla məhz valideyni mübahisəli mənzildə qeydiyyatda olduğu üçün həmin ünvana qeydiyyata alınmışlar. Beləliklə məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli mənzilə qeydiyyatı icazə xarakteri daşımır və yalnız qanunvericilik ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilərdi. İşin hallarından da göründüyü kimi cavabdehlər mübahisəli mənzildə formal olaraq qeydiyyatdadırlar və faktiki olaraq qeyd edilən mənzildə yaşamırlar. Məhkəmə qeyd edir ki, hazırkı qətnamə cavabdehlərin Bakı şəhəri, Xətai rayonu, 2 nömrəli Zeytun sovxozu, Zeytun küçəsində yerləşən 2 yaşayış otaqlı, yaşayış sahəsi 42.8 kv.m. köməkçi sahəsi 9.3 kv.m olan 86Q nömrəli yaşayış sahəsindən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Cavabdehlərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyatı yalnız qanunvericilik ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilərdi. Hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehin mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Məhkəmənin qeyd etdiyi bu qayda müvafiq dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və müvafiq dövlət orqanına izah edilməsidir. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən, belə nəticəyə gəlir ki, cavabdehlərin mübahisəli mənzilə istifadə hüququ mövcud olmadığından iddia tələbi rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Samir qızının - mülkiyyət sənədləri ilə iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, 2 nömrəli Zeytun sovxozu, Zeytun küçəsində yerləşən 2 yaşayış otaqlı, yaşayış sahəsi 42.8 kv.m. köməkçi sahəsi 9.3 kv.m olan 86Q nömrəli yaşayış evindən Cavabdeh və himayəsinə verilmiş yetkinlik yaşına çatmayan 28 yanvar 2016-cı il təvəllüdlü X2 və 12 may 2018-ci il təvəllüdlü X4 mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə iddia tələbi rədd edilsin. Bu qətnamə cavabdehlər Cavabdeh, X3 və X4 Bakı şəhəri, Xətai rayonu, 2 nömrəli Zeytun sovxozu, Zeytun küçəsində yerləşən 2 yaşayış otaqlı, yaşayış sahəsi 42.8 kv.m. köməkçi sahəsi 9.3 kv.m olan 86Q nömrəli yaşayış evindən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı Samir qızının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-5006/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5006/2024
09.07.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver