Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5076/2022 17.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qızına qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ünvan 1 ünvanında yerləşən evdən istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 3A, 4 saylı mənzili keçmiş mülkiyyətçisindən 28 aprel 2022-ci il tarixdə Bakı şəhəri 21 saylı Notariat Kontorunda bağlanmış daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən almışdır. Mənzil iddiaçının adına mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Cavabdehlər yaşayış sahəsini iddiaçıya satdıqdan sonra köçüb getmələrinə baxmayaraq hələ də mənzildə qeydiyyatdadırlar. Bu hal iddiaçının mənzil üzərində mülkiyyət hüquqlarını pozur. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılıb yekun qərar qəbul edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbinə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 aid hissədə etiraz edərək həmin hissədə rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Nümayəndə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 atasıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 69.1-1-ci maddəsinə əsasən, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 19.3-cü maddəsinə əsasən, yaxın qohumlara babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr aiddirlər. Məhkəmə iclasının vaxtı və yeri haqqında digər cavabdehlərin faktiki olduğu yer məlum olmadığından, onlar məlum olan axırıncı yaşayış yeri üzrə xəbərdar edilmiş, lakin cavabdehlərin həmin ünvanda yaşamamalarına dair qeyd yazılmış bildiriş məhkəməyə qaytarılmışdır. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə Cavabdeh2 etibarnamə üzrə nümayəndəsinin izahatlarını, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə ilk öncə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İş materiallarında olan notariat işindən görünür ki, 28 aprel 2022-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən, X1 Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 3A, 4 saylı mənzili İddiaçı satmışdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5 mənzildən qeydiyyatdan çıxmaq barədə notarial qaydada yazılı razılıq vermişlər. Lakin cavabdehlər indiyə qədər həmin evdə qeydiyyatdadırlar. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şəxslər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 3A, 4 saylı mənzili tam olaraq mülkiyyətinə qəbul etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 evdə qeydiyyatda qalsalar da, həmin evdən köçərək başqa yaşayış sahəsinə getmişlər və hazırda orada yaşamırlar. Onlar iddiaçının ailə üzvü deyildirlər. Bunlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi mənzilə cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 istifadə hüquqlarına xitam verilməlidir. Məhkəmə iddia tələbinin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 aid hissəsinə qiymət verərək hesab edir ki, həmin hissədə iddia rədd edilməlidir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı iş üzrə İddiaçı və Cavabdeh2 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən iki fərqli ünvanda yerləşən və tərəflərin mülkiyyətində olan iki fərqli mənzilə dair eyni ünvan verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş cavab məktubundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 3A, 4 saylı mənzil (3 otaq, ümumi sahəsi 114.82 kv.m, yaşayış sahəsi 61.2 kv.m) 30 yanvar 2019-cu il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 3a, 4 saylı mənzil (2 otaq, ümumi sahəsi 62.7 kv.m, yaşayış sahəsi 33.5 kv.m) 07 may 2022-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Məhkəmə hesab edir ki, hər iki tərəfin özünə məxsus evləri olmaqla onlar ayrı-ayrı evlərdə yaşayır və hər birinin özünə məxsus evə dair istifadə hüquqları mövcuddur. Belə olan halda iddia tələbi Cavabdeh2 və Cavabdeh3 aid hissədə təmin edilə bilməz. Məhkəmə əlavə olaraq qeyd edir ki, ünvanla bağlı yanlışlığın aradan qaldırılması üçün tərəflərin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmək hüquqları vardır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 3A, 4 saylı mənzildən istifadə hüquqları itirilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-5076/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5076/2022
17.10.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver